Namiq musali



Yüklə 109,6 Kb.

tarix08.07.2018
ölçüsü109,6 Kb.


Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               297 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

 



NAMIQ MUSALI 

tarix üzrə fəlsəfə doktoru, 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 

E-mail: namiq.musali@gmail.com 

 

 



XVI ƏSR AZƏRBAYCAN ALİMİ ƏHMƏD İBN MƏHƏMMƏD ƏRDƏBİLİ 

VƏ ONUN “ƏQAİDÜL-İSLAM”ADLI TÜRKCƏ RİSALƏSİ 

 

Açar sözlər: Əhməd Ərdəbili, “Əqaidül-islam”, Azərbaycan, Səfəvilər 



Ключевые слова: Ахмед Ардебили, «Акаид ал-ислам», Азербайджан, Сефевиды 

Key words: Ahmad Ardabili, “Aqaidu’l-Islam”, Azerbaijan, Safavids 

 

Səfəvilər sülaləsinin iki əsrdən artıq davam etmiş hakimiyyət dövrü türkdilli  Azərbay-



can ədəbiyyatının tərəqqisi ilə əlamətdar olmuşdur. Bu dövrdə ana dilimizdə təkcə ədəbi sahə-

də deyil, həm də tarixi, dini-fəlsəfi, tibbi və s. elmi mövzularda dəyərli əsərlər qələmə alınmış-

dır. AMEA kitabxanasının Şərq ədəbiyyatı şöbəsində Əhməd Ərdəbili adlı azərbaycanlı müəl-

lif  tərəfindən  Səfəvilər  zamanında  əski  Azərbaycan  türkcəsində  yazılmış  “Əqaidül-islam” 

(“İslam əqidələri”) adlı risalənin XIX əsrdə litoqrafik üsulla Təbrizdə nəşr olunmuş iki nüsxəsi 

saxlanmaqdadır [3; 4]. Qəribədir ki, bu kitablar nədənsə Azərbaycan və ya türk dilində yazıl-

mış əsərlər kataloqunda deyil, fars kataloqunda yerləşdirilmişlər. 183 səhifədən ibarət birinci 

nəşr  h.  1272-ci  (1855)  ilə  (şifrəsi:  F-1743),  170  səhifədən  ibarət  ikinci  nəşr  isə  h.  1304-cü 

(1886)  ilə  aiddir  (şifrəsi:  F-956).  Bu  kitabların  təsvirinə  müəyyən  qüsurlarla  “Azərbaycan 

kitabı” biblioqrafiyasının I cildində də yer verilmişdir [1, s.6,21].  

Əsərin  müəllifi  olan  XVI  əsrin  ilahiyyatçı  alimi  Əhməd  ibn  Məhəmməd  Mühəqqiq 

Ərdəbili  haqqında  Məhəmmədəli  Tərbiyət,  Fəxrəddin  Musəvi,  Əliəkbər  Zəmaninəjad,  Sadiq 

Həsənzadə,  Mirzə  Rəsul  İsmayılzadə  kimi  İran  alimlərinin  tədqiqatları  vasitəsilə  məlumat 

alırıq [12; 10; 14; 7; 6]. Haqqında bəhs etdiyimiz ilahiyyatçı alim Ərdəbildə bağban Məhəm-

mədin  ailəsində  dünyaya  gəlmişdir  [6,  s.III].  F.Musəvi  “Ərdəbilin  tarixi  və  onun  ziyalıları” 

adlı əsərinin I cildində Əllamə Məclisi, Mühəqqiq Şüştəri, Seyid Xansari, Hürr Amoli, Bəhrül-

ülum ləqəbi ilə tanınan Əllamə Seyid Məhəmməd Sadiq, Seyid Nemətulla Cəzairi, Amir Mə-

həmməd Saleh Xatunabadi və b. müəlliflər tərəfindən fars və ərəb dillərində yazılmış müxtəlif 

məxəzlərə  istinad  edərək,  Əhməd  Ərdəbili  haqqında  ətraflı  məlumat  verir.  Seyid  Xansarinin 

“Rövzatül-cənnat” əsərindən aydın olur ki, bu şəxs müsəlman dünyasında həm də “Əhməd ibn 

Məhəmməd  Azərbaycani”  kimi  tanınmışdır.  Mənbələrin  məlumatlarında  o,  yüksək  dərəcədə 

savadlı və əxlaqlı bir şəxs, böyük elm və fəzilət sahibi kimi xarakterizə olunur. Əhməd Ərdə-

bili  öz  dayısı  Əllamə  İlyas  Ərdəbilidən,  məşhur  ilahiyyatçı  Xoca  Cəlaləddin  Məhəmməd 

Dəvvaninin  tələbəsi  Xoca  Cəmaləddin  Mahmud  Şirazidən  və  b.  alimlərdən  dərs  almışdır. 

Ömrünün ortalarında İraqın Nəcəf şəhərinə getmiş, oradakı məşhur mədrəsədə tədris işləri ilə 

məşğul  olmuşdur.  Həyatı  boyunca  çoxlu  tələbələr  yetişdirmişdir.  Şiəliyin  Cəfəri  məzhəbinin 

ardıcılı olsa da, müəyyən qədər sufiliyə də meyil göstərmişdir.  

F.Musəvi ilkin qaynaqlar əsasında onun həyatı ilə əlaqədar bəzi maraqlı hadisələri nəql 

edir.  Bu  məlumatlardan  aydın  olur  ki,  o,  qəhətlik  zamanı  öz  malını  fəqir-füqəraya  paylamış, 

əliaçıq və səxavətli, eyni zamanda son dərəcə təvazökar bir insan olmuş, həm sadə xalq, həm 

də  Səfəvilər  dövlətinin  hakim  təbəqəsi  arasında  böyük  hörmət  və  ehtirama  malik  olmuşdur. 



298                                                          

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Onun  I  Şah  Təhmasib  və  I  Şah  Abbasla  yazışmaları  mövcuddur.  I  Şah  Abbas  hələ  Xorasan 



hakimi  olarkən  onun  tərəfindən  cəzalandırılmaqdan  qorxan  bir  təqsirkar  qaçıb  Məşhəddə 

gizlənir  və  oradan  Əhməd  Ərdəbiliyə  xəbər  göndərərək,  Şah  Abbasın  onu  bağışlaması  üçün 

kömək  göstərməsini  xahiş  edir.  Ona  yazığı  gələn  Ərdəbili  bu  xahişi  yerinə  yetirərək,  Şah 

Abbasa  kiçik  bir  məktub  ünvanlayır.  Şeyxin  bu  müraciəti  kifayət  edir  ki,  Şah  Abbas  həmin 

şəxsi bağışlasın. O, hətta bu barədə şeyxə cavab məktubu da göndərir.  

Türk dilində yazdığı  “Əqaidül-islam” risaləsi ilə yanaşı, ilahiyyat, fəlsəfə, əxlaq, tarix 

və s. sahələrə dair ərəb  və fars dillərində çox  sayda əsərlərin, haşiyələrin, risalələrin  müəllifi 

olan Əhməd Ərdəbili h. 993-cü ilin səfər (1585-ci ilin fevral) ayında  İraqın Nəcəf şəhərində 

vəfat  etmiş  və  orada  torpağa  tapşırılmışdır[10,  s.48-72;  7).  Bəzi  məlumatlara  görə,  22  əsərin 

müəllifi sayılsa da, İran alimi Ə.Zəmaninəjad, Əhməd Ərdəbili tərəfindən yazılmış və ya ona 

aid olduğu ehtimal edilən 58 kitabın siyahısını dərc etmişdir [14, s.93-122].  

Səfəvi dövrünün görkəmli din xadimi və müctəhidi Əllamə Məclisinin onun barəsində 

məlumatı  xüsusi  maraq  doğurur:  “Əhməd  Ərdəbili  möminlik,  zahidlik  və  paklıqda,  eləcə  də 

elm  və  bilikdə  ən  yüksək  zirvəyə  yüksəlmişdir.  Mən  istər  keçmiş,  istərsə  də  müasirlər 

içərisində onun misli-bərabərini eşitməmişəm. Başqa sözlə, Əhməd ibn Məhəmməd Ərdəbili 

böyüklükdə, iman və əmanətdə o qədər məşhurdur ki, bu barədə danışmağa ehtiyac yoxdur və 

onun  tərifini  sözlə  əhatə  etmək  olmaz”.  M.Tərbiyətin  dəyərləndirməsinə  əsasən,  “Əhməd 

Ərdəbili islam fəlsəfəsində və fiqh elmində yüksək bilikli şəxsiyyətlərdən və öz dövrünün ən 

dindar və pak adamlarından olmuşdur” [12, s.142].  

Burada bir haşiyəyə çıxaraq qeyd etmək istərdik ki, 1501-ci ildə Şah İsmayıl Təbrizdə 

özünü şah elan edib Azərbaycan Səfəvilər dövlətini qurarkən xütbə oxumağı “şiə böyüklərin-

dən  olan”  Mövlana  Əhməd  Ərdəbiliyə  həvalə  etmişdi.  Bu  şəxs  həm  də  Şah  İsmayılla  Taclı 

bəyimin  kəbinini  kəsmiş,  Azərbaycan  Səfəvilər  dövlətinin  şeyxülislamı  olmuşdur  [9, 

s.137,327]. Lakin onu öz adaşı və həmyerlisi olan “Əqaidül-islam” əsərinin müəllifi ilə qarış-

dırmağın xronoloji baxımdan uyğun olmadığını düşünürük. Çünki birinci şəxs XVI əsrin baş-

lanğıcında şeyxülislam olduğu halda, ikinci şəxsin fəaliyyəti XVI əsrin ortalarına və sonlarına 

təsadüf etmişdir. 

“Əqaidül-islam” bir girişdən, iki müqəddimədən, “bab” adlanan beş fəsildən və bir xa-

timədən  ibarətdir.  Biz  əsərin  hər  iki  daşbasma  çapını  gözdən  keçirsək  də,  məqaləmizdə  h. 

1304-cü ilə aid olan ikinci nəşrə istinad edəcəyik. Kitabın sonundakı qeydlərdən bəlli olur ki, 

bu  nəşr  istanbullu  tacir  (“taciri-İslanbulçi”)  Ağa  Məşhədi  Məhəmməd  Rəsulun  və  seyidlərin 

ən şərəflilərindən olan mərhum kaşanlı tacir Hacı Seyid İbrahimin oğlu Ağa Mir Məhəmməd 

Əlinin təşəbbüsü ilə Ustadi-kamil Abdullanın mətbəəsində çap olunmuşdur. Kitabın mühərriri 

isə Ustad Məhəmməd Bənna Təbrizinin oğlu İsmayıldır [4, s.170]. 

 “Əqaidül-islam”  əsəri  klassik  şərq  mətnlərində  adət  olduğu  kimi  Allahın  mədhi  ilə 

başlanır: “Şükri-bi-hədd ol vacibül-vücudə kim, isbati-üluhiyyəti əş-şəms fi kəbədis-səma kibi 

zahir və peydadur və sübuti-vəhdaniyyəti vən-nəharü iza təcəlla kibi bahir və hüveydadur. Və 

sənayi-bi-hədd ol qadiri-muxtarə və müəyyid sahibi-ixtiyarə kim, səməreyi-qüdrətinin şəcərəsi 

aləm  və  şəcəreyi-iradətinin  səmərəsi  adəmdür”.  Daha  sonra  islam  peyğəmbərinin  və  şiə 

imamlarının şəninə dualar qeyd olunmuşdur: “Sələvati-namiyyat ol məhrəmi-hicleyi-əfafə və 

şəfiyyi-zümreyi-sükkani-məxafə və müafə, əni Məhəmməd bin Abdullah bin Əbdül-Mütəllib 

bin Haşim bin Əbdül-Mənafə və tühəfü təhiyyat ol tacdari-məsnədi-qul-kəfayə və şəhsuvari-

meydani-la-fəta  ibni-əmmi-Mustəfayə,  yəni  imami-bərhəqq  və  vəsiyyi-mütləq  Əmirülmö-

minin Əliyyül-Mürtəzayə və on bir oğlına kim, hüffazi-dini-mübin və xüzzani-seyyidül-mür-

səlindürlər. Sələvatullahi əleyhim-əcməin” [4, s.2-3].  



Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               299 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

Müəllif  əsərin  yazılmasında  məqsədini  bu  cür  açıqlayır:  “Və  bə’d  bilmək  gərək  kim, 



murad  bu  vücudi-aləmdən  və  məqsəd  xəlqi-bəni-Adəmdən  və  ənbiyanun  təşrifi-risalət 

bulmağı və kəlami-şərifi-məliki-mənnanın gögdən yerə nazil olmağı və təklifi-imanü islamdan 

və bəyani-həlalü həramdan və tələbi-məaşü fikri-məhşər və əmr be-məruf və nəhy əz-münkər 

və  vədeyi-səvab  möminlərə  və  vəidi-əzab  kafirlərə, həzrəti-vacibül-vücudın zati-qüdsiyyəsini 

və  sifati-sübutiyyə  və  səlbiyyəsini  dəlili-əqliylə  və  bürhani-nəqliylə  isbat  qılmaq  və  yəqin 

xalis  etiqad  ilə  onı  tanımaqdur”.  Azərbaycanlı  ruhani  əsərini  doğma  türk  dilində  yazdığını 

xüsusi qabardır: “Əgərçi bu babdə risaleyi-ərəbi və farsi çok idi və amma türki dilincə kitabi-

əqaid  isbati-zati-vacibül-vücuddə  yok  idi,  fil-həza  bu  bəndeyi-bi-bəzaət  və  xati  Əhməd 

Ərdəbili  (əfiyullah  ən  cəraiməhü)  xatirinə  böylə  fariz  oldı  kim,  iman  və  islam  qardaşları  və 

dinü məzhəb yoldaşları içün kitabi-əqaid türki dilincə isbati-zati-vacibül-vücuddə yazayım ki, 

nəfi am və faidəsi tam olsun” [4, s.3]. 

 Əsərin  girişinə  əlavə  olunmuş  bir  cümlə  litoqrafik  nəşrin  əsaslandığı  nüsxənin  II  Şah 

Abbas  (1642-1666)  üçün  hazırlandığını  söyləməyə  əsas  verir.  Katib  tərəfindən  əlavə  edilmiş 

həmin  cümlədə  bu  kitabın  savabının  “fərasət  çırağının  şöleyi-qabili  və  rəşadət  ocağının 

mürşidi-kamili… Şah Abbas Saniyi-cəmcah”a aid olduğu göstərilir [4, s.3]. Ə.Zəmaninəjad və 

S.Həsənzadə  kimi  bəzi  İran  alimləri  kitabın  litoqrafik  nəşrində  II  Şah  Abbasın  adının 

çəkilməsini əsas gətirərək, bu əsərin Əhməd Ərdəbiliyə aid olmadığını və ya bu risalənin onun 

hansısa  bir  əsərinin  II  Abbas  dövründə  türkcə  tərcümə  edilmiş  variantı  olduğunu  iddia 

etmişlər.  Halbuki  yuxarıdakı  abzasda  “Əqaidül-islam”ın  orijinal  mətnindən  iqtibas  etdiyimiz 

cümlədə  bu  əsərin  birbaşa  olaraq  Əhməd  Ərdəbilinin  özü  tərəfindən  türkcə  yazıldığı  açıq-

aydın bəyan edilmişdir. II Şah Abbasın adının çəkilməsinə gəldikdə isə, bu məsələni litoqrafik 

nəşrin sözügedən hökmdarın sifarişi ilə köçürülmüş  və hazırlanmış əlyazma nüsxəsi əsasında 

həyata  keçirilməsi  ilə  izah  etmək  lazımdır.  Fikrimizcə,  II  Şah  Abbas  haqqındakı  qeydlər, 

əlbəttə  ki,  Ərdəbilinin  öz  qeydləri  deyil,  nüsxəni  II  Şah  Abbasın  əmri  ilə  köçürmüş  katibin 

qeydləridir.  

F.Musəvinin,  M.R.İsmayılzadənin,  Ə.Nəcəfin  və  B.Cavanşirin  tədqiqatları  nəticəsində 

“Əqaidül-islam”ın  Əhməd  Ərdəbiliyə  aid  olması  birmənalı  şəkildə  sübuta  yetirilmişdir  [10, 

s.52; 6, s.X; 8, s.321; 11, s.117]. 

Ərdəbili  “Əqaidül-islam”da  özünün  giriş  xarakterli  yazısını  bu  sözlərlə  tamamlayır: 

“Pəs  imdi  ol  dəlilləri  ki,  isbati-zati-vacibül-vücud  babində  ərbabi-əqldən  və  əshabi-nəqldən 

məzkur  və  xasü  əvam  arasında  məruf  və  məşhur  idi,  qələmi-türki  zəban  şərhü  bəstilə  bu 

risalədə  bəyan  oldı,  ta  kim  ol  qardaşlar  əqlləri  yetişdükcə  andan  müstəfiz  olalar  və  Həqqi-

təalanın vəhdaniyyətini dəlillə bilələr və etiqadi-kamil ilə namazların qılalar, ol padişahi-din-

pənahın  iqbali-dövlətinə  və  şiələrinin  fürsət  və  nüsrətinə  dua  eyliyələr  və  düşmənlərinin 

fənasinə təkbiri-fəna söyliyələr. Pəs bu risalənin tərtibi və məqalələrinin təlifi müştəməldür bir 

neçə müqəddiməyə və beş bab və xatiməyə. Vallahul-müvəffəq” [4, s.3]. 

Əsərin birinci müqəddiməsində müəllif elm oxumağın və öyrənməyin böyük əhəmiyyət 

kəsb  etməsindən  söz  açır:  “Bildün  kim,  məqsudi-əsli  bu  dünyayi-faniyə  gəlməkdən  vacibül-

vücudi  cəmi  sifatü  kəmal  ilə  bilmək  və  tanımaqdur  və  anın  pərvərdigarlığına  və  göndərdigi 

peyğəmbərlərinə  və  anların  belə  gətürdügi  kitablarına  və  kitablarında  olan  əmr  və  nəhyin 

xitablarına  təsdiq  eyləyüb  təslim  olmaqdur.  Pəs  hər  baliğü  aqilə  vacib  və  lazımdur  kim, 

məzkur  olan  məsaili  qüvvəti  yetişdükcə  və  qüdrəti  irişdükcə,  xah  oxumaq  ilə  olsun  və  xah 

xəbərləşmək ilə, cəhd eyləyüb ögrənə  və bilə, ta kim imanı  kamil və ibadəti dərəceyi-qəbulə 

şamil ola” [4, s.3-4].  




300                                                          

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Ərdəbili  həmin  müqəddimədə  dəlillərini  sadalayır  və  bunların  arasında  əqli  və  nəqli 



dəlillər  üzərində  xüsusi  dayanır:  “İsbati-vacibül-vücud  babində  əhli-elmin  dəlilləri  iki 

qismdür: bürhani və vicdani. Və bürhani dəxi iki qismdür: əqli və nəqli. Amma dəlili-əqli iki 

təriqlədür,  zira  kim  ya  məxluqdan  xaliqə  istidlal  olunur,  ya  xaliqdən  məxluqə.  Amma  əvvəl 

kim,  məxluqdan  istidlal  olunur,  məsələn,  bir  saray,  ya  bir  giyisi  görəndə,  yəqin  və  cəzm 

bilirüz  kim,  anı  bənna  salıbdur  və  bunı  xəyyat  tikibdür.  Zira  kim  bənna  ilə  xəyyatın  vücudi 

olmıyeydi,  hərgiz  bunlar  mövcud  olmaz  idi.  Pəs  sarayın  vücudi  dəlili-qatedür  bənnanın 

vücudinə, belə kim, giyisi dəlalət eylər xəyyatın vücudinə. Pəs bu dəlillə bilirüz kim, yerin və 

gögin vücudi dəlalət eylər pərvərdigari-aləmin vücudinə və hal o kim yer və gög mövcuddur, 

pəs  vacibül-vücud  dəxi  mövcuddur…  Amma  ol  kim  xaliqdən  məxluqə  istidlal  olunur, 

məsələn, derüz kim, gün doğubdur, zira kim gündüz mövcud olubdur və əgər gün doğmıyeydi, 

əsla gündüz mövcud olmaz idi və hal o kim, gün mövcuddur, pəs gündüz dəxi mövcuddur. Pəs 

bu  dəlil  ilə  günin  vücudi  dəlili-qatedür  gündüzin  vücudinə.  Pəs  buna  misal  imdi  derüz  kim, 

pərvərdigari-aləm mövcuddur gün kimi, zira kim xəlqi-aləm mövcuddur gündüz kimi. Əl-iyaz 

billah,  əgər  pərvərdigar  olmıyeydi,  heç  bir  xəlq  mövcud  olmazdı  və  hal  o  kim  pərvərdigari-

aləm mövcuddur, pəs xəlqi-aləm dəxi mövcuddur. Pəs bu dəlil ilə pərvərdigari-aləmin vücudi 

dəlili-qatedür  xəlayiqin  vücudinə”  [4,  s.4-5].  Müəllif  hesab  edir  ki,  “dəlili-nəqli  məxsusdur 

peyğəmbərə və anın canibindən  vəsi və canişin olan kimsəyə” [4, s.5]. Peyğəmbərin vəsiləri 

və canişinləri dedikdə o, şiə imamlarını nəzərdə tutmuşdur. Ərdəbili peyğəmbərlik dərəcəsinin 

imamət  dərəcəsindən,  imamət  dərəcəsinin  isə  övliyalıq  dərəcəsindən  üstünlüyünü  ifadə  edir: 

“Nübüvvət  dərəcəsi  ucadur  imamət  dərəcəsindən  və  imamət  dərəcəsi  ucadur  vilayət 

dərəcəsindən” [4, s.5-6]. 

Əsərin birinci babı Allahın sabit və şəriksiz olması, ikinci bab yalnız  Allaha xas olan 

cəhətlər (“sifati-sübutiyyə”), üçüncü bab Allahdan kənar olan xüsusiyyətlər (“sifati-səlbiyyə”), 

dördüncü  bab  peyğəmbərlik  (“nübüvvət”),  beşinci  və  ən  iri  həcmli  bab  imamət  və  nəhayət, 

xatimə qiyamət (“miad”) məsələlərinin şərhinə həsr edilmişdir. 

Müəllif  əsərin  türk  oxucu  üçün  anlaşılan  olması  yönündə  səy  göstərir  və  bəzi 

terminlərin izahatı üzərində dayanır: “Bu müqəddimədə bəzi istilahların kim ərbabi-əqldən və 

əshabi-nəqldən  məzkurdur, bilmək  gərək, zira kim isbati-vacib babində anlara ehtiyac çokca 

vaqe olur. Biz hər birisini rövşən-misal ilə bəyan edəlüm, ta kim asan məlum ola. Əvvəl vücud 

bəyanındadur.  Bil  kim,  türk  istilahində  vücud  və  mövcud  var  olmağa  derlər.  Məsələn,  söz 

gəlişində  derlər  filanın  vücudi  qənimətdür”  [4,  s.6].  Yaxud  digər  bir  yerdə:  “Həqqi-təalanın 

şəriki olmaq məhaldur, pəs mümtəniyyül-vücud dəxi məhaldur və məhal ana derlər kim, feyzi-

fəyyazdan bi-bəhrə ola, yəni mövcud olmağa qabil olmıya. Məsələn, yer və gög bir yumurtaya 

sığmaq  kimi  və  dəvə  ignə  yulduzından  keçmək  kimi  və  gecə  yüzi  gündüz  olmaq  kimi  və 

gündüz yüzi gecə olmaq kimi” [4, s.7]. 

Alim öz əsərinin bir sıra yerlərində oxucu ilə səmimi dialoq qurmağa çalışır: “İmdi ol 

dəlillər  kim  ərbabi-nəql  “Qurani-məcid”  və  “Fürqani-həmid”  yüzündən  bəyan  eyləyübdürlər, 

müxtəsər  və  müfid  təqrir  olunur.  Yaxşı  qulaq  dut  kim,  qəflət  vaqe  olmasun”  [4,  s.12].  Sadə 

xalqın anlaya bilməsi üçün Ərdəbili  müxtəlif  hekayətləri öz əsərinə daxil etmişdir:  “Və dəxi 

məşhurdur  ol  qarı  övrətin  hekayəti  kim,  önündə  cəhrə  var  idi.  Andan  sual  eylədilər  kim, 

pərvərdigari-aləmi nə dəlil ilə bilürsən? Filhal əlini cəhrədən götürdi, pəs cəhrə məəttəl qaldı. 

İşarət  eylədi  kim,  nəuzü-billah,  əgər  vacibül-vücud  olmıyeydi,  çərxi-fələk  və  ay  və  gün  və 

gecə  və  gündüz  və  yaz  və  yay  və  payız  və  qış  və  doğmaq  və  ölmək  kim  həmişə  gərdəşdə-

dürlər, bu cəhrə kimi məəttəl qalurlardı” [4, s.13].  




Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               301 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

Müəllif  əsərinin  II  və  III  fəsillərini  həsr  etdiyi  sifati-sübutiyyə  və  sifati-səlbiyyə  ter-



minlərini  belə  izah  edir:  “Məzkur  olan  ayətlərdən  böylə  məlum  olundı  kim,  vacibül-vücudın 

sifətləri  iki  qismdür:  birisinə  sifati-sübutiyyə  derlər.  Zira  əql  yanında  sabit  olubdur  kim,  bu 

sifətlər vacibül-vücudda olmaq gərəkdür. Yoksa lazım  gəlür kim,  vacibül-vücud naqis ola  və 

hal o kim ana nöqsan caiz degül. Və birisinə dəxi sifati-səlbiyyə derlər və ol bir neçə sifətlər-

dür kim, vacibül-vücudda olmamaq gərəkdür. Yoksa lazım gəlür kim, vacibül-vücud möhtac 

ola  və  hal  o  kim  ana  ehtiyac  caiz  degül.  Və  hər  birisi  öz  məhəllində  rövşən  dəlil  ilə  bəyan 

olunur, inşaallah-təala” [4, s.14-15]. 

Əsərin  IV  fəslində  peyğəmbərlik  missiyasından  və  peyğəmbərlər  tarixindən  söz 

açılmışdır. Burada müəllif dini-fəlsəfi əsərlərlə yanaşı, “kütübi-siyər” adlandırdığı tarixi qay-

naqlara  və  tərcümeyi-hal  kitablarına  da  müraciət  edir  [4,  s.41].  Ərdəbili  bir  müsəlman  alimi 

kimi yəhudi  və xristian ilahiyyatçıları ilə polemikaya  girərək, islamiyyətin haqq din  və bəşə-

riyyət üçün ən doğru yol olduğunu isbat etməyə çalışır: “Bu ayəti-kərimə rədd eylər yəhudilər 

və  nəsranilər  məzhəbini.  Zira  yəhudilər  Üzeyir  peyğəmbəri  və  nəsranilər  İsa  peyğəmbəri 

Allah-təalanın oğlı bilürlər və bu dəxi işarətdür ol dəlili-əqliyə kim, hər mövcud, yəni doğulan 

nəstə cismdür əlbəttə və hər cism dəxi mürəkkəbdür. Bəyan oldı kim, hər mürəkkəb həddi-za-

tında möhtacdur öz əczalarına və hər möhtac bizzat mümkünül-vücuddur və ol yaradılmışdur, 

vacibül-vücud degül” [4, s.15].  

V  fəsil  imamət  məsələsinə  həsr  edilmişdir.  Nəzərə  çarpır  ki,  öz  əsərində  əvvəlcə  din-

sizlərə və ateistlərə qarşı Allahın varlığını sübut etməyə çalışan müəllif daha sonra dinlər ara-

sında islamın ən doğru din olduğunu isbat etməyə çalışmış, bundan sonra da islam məzhəbləri 

arasında şiəliyə simpatiyasını ifadə etmişdir. Bu yöndə alim çoxsaylı hədislər nəql edir. Mə-

həmməd peyğəmbərin aşağıdakı hədisinin tərcüməsi də bu qəbildəndir: “Mənim Əhli-beytim 

qissəsi Həzrəti-Nuh gəmisinin qissəsi kimidür. Pəs hər kim ki ol gəmiyə, yəni gəmi içinə daxil 

oldı,  ğərqabi-tufandan  xilas  buldı  və  hər  kim  ki  təxəllüf  eylədi,  girdabi-zəlalətə  düşüb  həlak 

oldı” [4, s.64]. 

Əsərin xatimə hissəsi qiyamət və axirət mövzularına ayrılmışdır və “Miadi-cismani və 

ruhani” adını daşıyır. Əsərin bir çox yerlərində “Qurani-Kərim”dən ayələrin türkcə tərcüməsi 

və  ya  sadə  dildə  geniş  təfsiri  verilir  [4,  s.14-15,17,40-43,48-49  və  s.].  Bu  baxımdan  “İxlas” 

surəsinin təfsiri xüsusilə maraq doğurur [4, s.14-15]. 

Məhəmməd peyğəmbərin, Həzrət Əlinin, İmam Cəfər əs-Sadiqin və digər şiə imamları-

nın hədisləri “Əqaidül-islam”ın önəmli mənbələri sırasındadır [4, s.12,17,18,19 və s.]. Müəllif 

bir çox hədis kitablarından, xüsusən də şiə ilahiyyatçısı Küleyninin “Üsuli-kafi” adlı əsərindən 

bəhrələnmişdir.  Bəzi  hallarda  o,  hədisləri  hansı  mənbədən  götürdüyünü  də  açıq-aydın  bəyan 

edir: “Və amma əhadisi-şərifə beğayət çokdur. Ol cümlədən, “Üsuli-Küleyni” kim məşhurdur 

və  anın  ikinci  kitabının  əvvəlki  babində  kim  hədusi-aləm  bəyan  olunur…”  [4,  s.17].  Müəllif 

öz müasiri olmuş məşhur Azərbaycan şairi Füzulinin adını hörmətlə çəkir və onun beytlərinə 

müraciət edir. Məsələn, əsərin beşinci babında “nə yaxşı deyibdür arifi-Bağdadi (bağdadlı arif 

– N.M.) Füzuli” qeyd edən alim, Füzulinin aşağıdakı beytini örnək gətirir: 

“Verməyən canın sana bulmaz həyati-cavidan, 

Zindeyi-cavid ana derlər ki, qurbandır sana” [6, s.179]. 

Əhməd  Ərdəbili  həm  də  türkcə  dini-fəlsəfi  mahiyyətli  şeirlər  yazan  bir  Azərbaycan 

şairi  olmuşdur.  “Əqaidül-islam”ın  müxtəlif  yerlərində  onun  şeirlərinə  və  ya  ayrı-ayrı 

beytlərinə təsadüf edirik [4, s.6, 8-9, 13 və s.]. O, şeirlərdən öz fikirlərini qüvvətləndirmək və 

onları daha təsirli etmək üçün yararlanmışdır. Məsələn: 

“Qorxma,keç nəfsi-vücudindən, özin vəslə yetür, 



302                                                          

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Yetdi sultanına hər bəndə ki, çok məhrəm idi. 



Yeri, bu mərifəti xacəsəradən ögrən, 

Məhrəm etdi özini, andaki, naməhrəm idi” [4, s.6]. 

Sufilik  ideallarının  güclü  təsiri  ilə  yazılmış  bu  misralarda  müəllif,  insanları  fani 

dünyanın  ləzzətlərindən  imtina  etməklə  Allaha  yaxın  olmağa  çağırır.  Əhməd  Ərdəbili  özü 

təsəvvüfə meyil etsə də, bəzi radikal sufi cərəyanlarının Allahın insanlarda hülul edə biləcəyi 

fikri  ilə  razılaşmır:  “Bəzi  sufiyyə  təvəhhüm  eyləyibdür  kim,  vacibül-vücud  cəllə-şanühü 

ariflərə hülul eylər. Bunlar cəmi batil və ləğvdür, bil kim, məhaldur” [4, s.34].  

Onun “Əqaidül-islam”da əksini tapmış digər bir şeiri fəlsəfi mahiyyətlidir: 

“Hər nə mövcudati-nəfsül-əmrdə var, ey əziz, 

İki əslə cümləsi bürhan ilə məqsum olur. 

Birisi vacibdür anın, dəxi mümkün ol biri, 

Leyk vacib birdürü mümkün iki məfhum olur. 

Birinə cövhər deyərlər, ol biri ərəz ola, 

Dəxi cövhər münqisim beş ismilə mövsüm olur. 

Biri əqlü biri nəfsü birisi cism anların, 

Dəxi surətdə həyula hər biri məlum olur. 

Pəs ərəz dedikləri əqlilə doqquz qismidür, 

Cümləsi tərtib ilə bu nəzmidə mənzum olur. 

Keyf deyərlər mütləqa hər eybü əlvan cinsinə, 

Kəm deyərlər hər nə kim miqdaridən məfhum olur. 

Vəz ol həyatdurur ki, şirkəti-əzailə, 

Yatmaqu durmaq kimi, mövcud olur, mədum olur. 

Mülk ol həyatdurur kim, hasil olur cism içün, 

Don ilə qurşaq kimi mənqul olur, məlzum olur. 

İki nisbətdür mətavü eyn hasil cism içün, 

Ki, zəman ilə məkanda sailə məfhum olur. 

Münfəildür daima ol kim qəbul eylər əsər, 

Dəxi nəfil ol əsərdür kim, ona mənzum olur. 

Pəs izafətdür biri dəxi əruzi-tisənün, 

Kim atasıyla oğultək lazimü məlzum olur. 

Yok idi bunlar təmami, varidi Həqqi-müdam, 

Pəs qədim oldur, qalan mövcud olur, mədum olur” [4, s.8-9]. 

Bu qitəyə bir qədər dəyişikliklərlə F.Musəvi də yer vermişdir [10, s.58-59]. 

Tarixi  mənbələrin  verdikləri  məlumata  görə,  Səfəvilər  hakimiyyətə  gəldikləri  zaman 

islamın  şiə  cərəyanını  rəsmi  dövlət  ideologiyası  elan  etsələr  də,  şiə  təlimi  ilə  bağlı  yazılmış 

əsərlər  tapmaqda  çətinliklərlə  üzləşmişdilər  [2,  s.56].  Məsələyə  bu  baxımdan  yanaşdıqda, 

“Əqaidül-islam”ın  ortaya  çıxmasının  heç  də  təsadüfi  bir  hadisə  olmadığını  görürük. 

Sözügedən əsər bu sahədə boşluqların doldurulmasına xidmət etməli  və şiə ilahiyyatçılığının 

təbliğinə  dair  vəsait  kimi  istifadə  olunmalı  idi.  Əsərin  məhz  türkcə  yazılması  Səfəvilərin  bu 

dilə önəm vermələri və onu dövlət dili səviyyəsinə yüksəltmələri ilə əlaqədar olmuşdur. 

Hal-hazırda  əsərin  bir  neçə  əlyazma  nüsxəsi  mövcuddur.  Bu  nüsxələrdən  biri  İranda 

Ayətullahul-üzma  Gülpayəqani  Mədrəsəsinin  kitabxanasında  mühafizə  olunur  və  118  səhifə-

dən  ibarətdir  (şifrəsi:  80/4).  93  səhifədən  ibarət  digər  bir  nüsxə  isə  İraqın  Nəcəf  şəhərindəki 

Əmirülmöminin  kitabxanasında  saxlanır  (şifrə:  897)  [6,  s.XXV].  “Əqaidül-islam”ın  daha  bir 

nüsxəsi İranın Qum şəhərində yerləşən Feyziyyə Mədrəsəsinin kitabxanasında 1070 şifrəsi ilə 



Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               303 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

qorunur.  Bu  nüsxə  darülirşad  Ərdəbil  şəhərində  nəstəliq  xətti  ilə  köçürülmüşdür,  həcmi  77 



vərəq,  ölçüsü  22  X  17  sm  olub,  hər  səhifəsi  19  sətirdən  ibarətdir  [13,  s.4].  M.R.İsmayılzadə 

sonuncu nüsxənin “Əqaidül-islam”ın farsca tərcüməsi olduğunu bildirir [6, s.XXV]. F.Musə-

vinin  məlumatına  görə,  “Əqaidül-islam”ın  türkcə  mətnini  digər  bir  azərbaycanlı  müəllif 

Əbdürrəhim Həzin  Şirvani  “Siracül-qülub”  (“Qəlblərin çırağı”) adı alında  farsca tərcümə et-

mişdir  və  hal-hazırda  bu  əsərin  əlyazması  Tehran  Universitetinin  kitabxanasında  mühafizə 

olunur. Bundan əlavə, “Əqaidül-islam”ın Əli ibn Nəqi tərəfindən həyata keçirilmiş ərəbcə tər-

cüməsi də mövcuddur [10, s.52].  

XVI  əsrdə  yazılmış  “Əqaidül-islam”  əsərinin  XIX  əsrdə  Təbrizdə  bir  neçə  dəfə  çap 

olunması və başqa dillərə tərcümə edilməsi onun böyük uğur qazanmasından və yüzillər bo-

yunca  populyarlığını  qoruyub  saxlamasından  irəli  gəlmişdir.  Hətta  h.  1322-ci  (1904)  ildə 

İsmayıl  ibn  əl-Hüseyn  ət-Təbrizi  bu  əsəri  farscaya  çevirərək  nəşr  etdirmişdir.  O,  tərcümənin 

əvvəlində  “Əhməd  Ərdəbilinin  qədim  türk  dilində  yazdığı  bu  əsəri  ərəb  və  fars  ziyalılarının 

əksəriyyətinin  bəhrələnə  bilmədikləri  və  onun  feyzlərindən  məhrum  qaldıqları  üçün  tərcümə 

etdiyini” xüsusi vurğulayır [5, s.1]. 

Ərdəbilinin “Əqaidül-islam” əsəri son olaraq h.ş. 1380-ci (2001) ildə Tehranda Mirzə 

Rəsul  İsmayılzadə  tərəfindən  nəşr  edilmişdir  [6].  Məlum  olmuşdur  ki,  “Əqaidül-islam”dan 

savayı, Əhməd Ərdəbili “Risalətül-əxlaq” adlı başqa bir türkcə əsərin də müəllifidir [6, s.X; 8, 

s.321; 11, s.117]. 

“Əqaidül-islam” bir neçə baxımdan elmi əhəmiyyət kəsb edir: 

1.

 



Bu əsər Azərbaycan fəlsəfi fikir tarixini öyrənmək üçün dəyərli materiallar verir.  

2.

 



Doğma  dilimizdə  nəsrlə  yazılmış  “Əqaidül-islam”  XVI  əsr  Azərbaycan  türk  ədəbi 

dilinin tədqiqatçıları üçün əvəzsiz mənbə rolunu oynaya bilər. 

3.

 

Risalə müəllifinin həm də şair olmasını, öz əsərində türkcə şeirlərə, atalar sözlərinə, 



xalq rəvayətlərinə yer verməsi Azərbaycan ədəbiyyatı tarixi baxımından da böyük maraq kəsb 

edir. 


4.

 

Haqqında bəhs etdiyimiz əsər eyni zamanda Səfəvilər dövlətinin rəsmi ideologiya-



sının öyrənilməsinə yardımçı ola bilər. 

Bütün  bunları  nəzərə  alaraq,  Əhməd  Ərdəbilinin  “Əqaidül-islam”  əsərinin  mövcud 

əlyazma  və  çap  nüsxələri  əsasında  transfoneliterasiya  və  nəşr  edilməsinin  gərəkli  olduğunu 

düşünürük.  Sonda,  uzun  illər  ərzində  respublikamızın  hüdudlarından  kənarda  Azərbaycan 

tarixinin və ədəbiyyatının təbliği ilə məşğul olan həmkarımız Əkbər Nəcəfə “Əqaidül-islam”ın 

M.R.İsmayılzadə  tərəfindən  hazırlanmış  nəşrini  böyük  lütfkarlıqla  bizə  təqdim  etdiyinə  görə 

öz dərin minnətdarlığımızı bildiririk. 

 

Ədəbiyyat: 

1.

 



Azərbaycan  kitabı  (biblioqrafiya).  Üç  cilddə.  I  cild  (1780-1920).  Bakı:  Azərb. 

SSR Kitab Palatası, 1963, 220 s. 

2.

 

Əfəndiyev O. Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb, 2007, 344+8 s. 



3.

 

Əhməd Ərdəbili. Əqaidül-islam. Təbriz: Darüttəbəeyi-Təbriz, 1272 h.q., 183 s. 



4.

 

Əhməd Ərdəbili. Əqaidül-islam. Təbriz: Ustad Abdullanın mətbəəsi, 1304 h.q., 



170 s. 

5.

 



Əhməd  Ərdəbili.  Əqaidül-islam  (tərcümə:  İsmayıl  ibn  əl-Hüseyn  ət-Təbrizi). 

Təbriz: Məşhədi Əsəd ağanın mətbəəsi, 1322 h.q., 329 s. 

6.

 

Əhməd  Ərdəbili.  Əqaidül-islam  (türki  dilində).  Hazırlayan:  M.R.İsmayılzadə. 



Tehran: əl-Hüda, 1380 h.ş., XXX+341 s.  


304                                                          

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

7.



 

Həsənzadə  S.  Negahi  be  həyat  o  asar-e  Mohəqqeq  Ərdəbili  qoddesə  serroho  // 

“Pəyam-e hovze”, payiz-e 1374 h.ş., şomare-ye VII, 56 s;  

http://www.hawzah.net/fa/magazine/magart/4210/4264/27410 

8.

 

Javanshir B. İran’daki Türk boyları ve boy mensubu kişiler (Safevî dönemi – I 



Şah  Tahmasp  hâkimiyetinin  sonuna  kadar  /  1576).  Yayınlanmamış  Doktora  Tezi.  İstanbul: 

Mimar Sinan Güzel Sanatlar Üniversitesi, 2007, XI+XIX+897 s. 

9.

 

Musalı N. S. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri 



əsasında). Bakı: Elm və təhsil, 2011, 482 s. 

10.


 

Musəvi F. Tarix-e Ərdəbil və daneşməndan. Celd-e I. Nəcəful-əşrəf: Mətbəətul-

adab, 1347 h.ş., 415 s. 

11.


 

Şah  İsmail  Hatai  külliyatı  (giriş  ve  eklerle  yayına  hazırlayanlar:  B.Cavanşir, 

E.N.Necef). İstanbul: Kaknüs, 2006, 728 s. 

12.


 

Tərbiyət  M.  Danişməndani-Azərbaycan:  Azərbaycanın  görkəmli  elm,  sənət 

adamları (fars dilindən tərcümə edənlər: İ.Şəms, Q.Kəndli). Bakı: Azərnəşr, 1987, 464 s. 

13.


 

Ustadi  R.  Fehrest-e  nosxeha-ye  xətti-ye  ketabxane-ye  Mədrəse-ye  Feyziyye-ye 

Qum. Qum: Çapxane-ye Mehr, 1354 h.ş., celd-e II, 120+208 s. 

14.


 

Zəmaninəjad Ə. Ketabşenasi-ye Mohəqqeq Ərdəbili // “Ayine-ye pəjuheş”, 1375 

h.ş. (mordad-şəhrivər), şomare-ye 39, s. 93-122; 

http://www.ensani.ir/fa/content/51045/default.aspx 



 

НАМИГ МУСАЛЫ 

 

АЗЕРБАЙДЖАНСКИЙ УЧЁНЫЙ XVI ВЕКА АХМЕД ИБН МУХАММЕД 

АРДЕБИЛИ И ЕГО ТРАКТАТ НА ТЮРКСКОМ ЯЗЫКЕ «АКАИД АЛ-ИСЛАМ» 

Еще  в  годы  аспирантуры,  когда  мы  вели  исследование  над  темой  своей  диссер-

тации в Восточной Коллекции Центральной Библиотеке Национальной Академии Наук 

Азербайджана,  мы  нашли  «Акаид  ал-ислам»  («Исламские  веровании»)  написанный 

Ахмедом Ардебили. Интересным был тот факт, что, несмотря на то, что это сочинение 

было  написано  на  тюркском  (азербайджанском)  языке,  в  библиотечном  каталоге  оно 

было размешено среди персоязычных книг. Мы, рассмотрев разные источники для того, 

что  бы  найти  сведения  о  личности  автора,  выяснили,  что  Ахмед  Ардебили  жил  в  XVI 

веке, был одним из шиитских учѐных периода правления Сефевидов и умер в 1585 г. 

Среди  старых  книг  Восточной  Коллекции  мы  обнаружили  две  литографические 

публикации данного сочинения, которые были опубликованы в городе Тебриз. Первая 

из них, состоявшая из 183 страниц, была опубликована в 1272 г. хиджры (т.е. в 1855 г.). 

Другая  –  состоявшая  из  170  страниц,  была  издана  в  1304  г.  хиджры  (т.е.  в.  1886  г.). 

«Акаид  ал-ислам»  содержит  одно  введение,  два  предисловия,  пять  разделов  и  одно 

заключение. В нашей статье мы постарались исследовать и подчеркнуть значение этого 

труда Ахмеда Ардебили. 

 

NAMIG MUSALI 

 

AN AZERI SCHOLAR OF THE XVI CENTURY AHMAD B. MUHAMMAD 

AL-ARDABILI AND HIS TURKISH TREATIES NAMED “AQAIDU’L-ISLAM” 

During  the  post  graduate  course  when  we  carried  out  research  on  our  thesis  in  the 

Oriental  Collection  of  Central  Library  of  Azerbaijan  National  Academy  of  Sciences  we  got 



Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               305 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

acquainted  with  “Aqaidu’l-Islam”  (“The  Faiths  of  Islam”)  by  Ahmad  Ardabili.  It  was 



interesting that inspite of the work was in  Azeri Turkish, it was placed among Persian books 

in the catalogue of library. We looked at different sources for defining author’s personality. It 

was  known  that  Ahmad  Ardabili  lived  in  XVI  century;  he  was  a  Shiite  scholar  of  Safavid 

period and died in 1585.  

Among the old books in Oriental Collection we found two lithographic publications of 

“Aqaidu’l-Islam”  which  were  printed  in  Tabriz.  One  of  them  was  183  pages  and  was 

published  in  1272  A.H.  /  1855  A.D.  The  another  one  was  170  pages  and  was  published  in 

1304 A.H. / 1886 A.D.“Aqaidu’l-Islam” consists of a preface, two introductions, fife chapters 

and a conclusion. In our article we tried to research and state the value of Ahmad Ardablisi’s 

“Aqaidu’l-Islam”. 



 

Rəyçilər:t.e.n. R.Məmmədova t.e.d.A.C.İsgəndərov 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şuranın 1 mart 2013-cü 

il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№08). 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə