91
“Sən hara, bura hara, cavan oğlan?” – Yusif Vəzir bu
təsadüfdən təəccüblənmişdi.
“Qayıdandan sonra Qafqaz İslam Ordusunda topçu alayı-
nın kiçik zabiti kimi xidmət elədim, sonra Darülfünunun
şərqşünaslıq fakültəsinə daxil oldum, indi də İstanbul Darül-
fünunda oxumaq, terkolojini öyrənmək arzusundayam”.
“Xoş gəldin, səfa gətirdin. İnşallah, arzuna qovuşarsan”.
Əhməd Cəfəroğlu yanındakı cavanı təqdim elədi:
“Əmin Əhmədov, bakılıdı, Gültəkin təxəllüsüylə şeirlər
yazır, məcmuələrdə dərc olunub. Darülmüəllimində oxumaq
istəyir”.
Sonra növbə o biri cavanlara çatdı: Məmmədzəki
Dursunzadə Tiflisdən, Sədi Hacı Həsən oğlu Ucardan, Ab-
dulla Tahirzadə Şəki tərəfdən gəlmişdi.
“Çox şadam, – Yusif Vəzir riqqətlə çavanları süzdü, –
sizlər millətimizin işıqlı gələcəyisiniz”.
...İstanbulda qalan altı nəfərin və yeni gələn beş cavanın
təhsil məsələsini yoluna qoyandan sonra bir qədər dinclik
tapdı. Amma nə qədər qənaət eləsə də, bu gəliş-gediş səfarətin
büdcəsinə təsir göstərmişdi. Abdulla bəyi yola salandan son-
ra oturub haqq-hesab apardılar: məvaciblər, zəruri xərclər
nəzərə alınsa, vəziyyət o qədər də xoşagələn deyildi.
“Fətəli xana məktub yazmağınız məsləhətdi, – Cahangir
bəy fikrini bildirdi, – hər halda çətinliyimiz barədə xəbəri
olar”.
“Hökumətin sıxıntılarını da nəzərə almalıyıq”, – Zeynal
bəy bir qədər ehtiyatla danışdı.
Daha Mirzə Qədirdən bu cür məsələlərdə mövqe
gözləmirdi.
“Bir qədər də gözləyək, Fətəli xan özünə gəlsin, yəqin,
indi Parisdən aldığı xoş xəbərlə əlaqədar işləri çoxdu.
...Həmin məktubu fevralın 18-də maddi vəziyyət böhran
həddinə yaxınlaşanda yazdı, həm də Bakıya qayıtmaq arzu-
sunu dilə gətirdi:
92
“Möhtərəm əfəndim!
“Ukrayna və Krımda hökuməti-mətbuəmi təmsil edərkən nə
qədər maddi sıxıntılar çəkdiyimi və cümhuriyyətin şərəfinə toxuna-
caq dərəcədə gülünc vəziyyətlərdə qaldığımı Bakıda təqdim etdiyim
raportlarımda qeyd etmişdim. İstanbul səfarətini alarkən artıq bu
dəfə hökumətim kəndisini təmsil edən bir müəssisəyə qarşı laqeyd
bulunmaz zənnində idim. Təəssüflə yenə aldandım (cəsarətimdən
dolayı məni əfv ediniz). Dəfələrlə rəsmi raportlar göndərdiyinə
rəğmən səfarət yenə parasız buraxılır.
Zənn etmirəm ki, göndərdiyiniz əlli min franklıq çek ilə səfarətin
idarə olunacağına qanesiniz. Halbuki yalnız səfarət binasına ayda
dörd yüz səksən lirə icarə haqqı verilir. Səfir, müstəşar, iki katib,
əməkdaşlar və Bakı ilə İstanbul arasında rabitəmizi təmin edən
kuryerdən ibarət təşkilat əzalarının maaşları və ilaxır.
Təfsilata hacət varmı? Rəsmi raportlarımda uzun-uzadı bəhs
olunur. Yalnız sizdən bir ricam vardır. Hökumətimizin xətaları
üzündən üzərimə düşən bu ağır məsuliyyətdən məni qurtarınız və
müsaidə ediniz ki, səfarəti müstəşarıma tərk edərək geri gəlim.
Əminəm ki, bu dəfə artıq kuryer Bakıda ləngiməyəcək və cavabınızı
alar-almaz bu ağır məsuliyyətdən qurtaracağam”.
Yazdı, kuryeri öz məvacibindən artırdığı pulla Bakıya
yola saldı, amma hökumətin onu geri çağıracağına əmin de-
yildi. Yeni elçiyə də maaş vermək lazım idi, üstəlik, Bakıdan
müəyyən məbləğlə yola salınmalıydı, həmin məbləğ tapılsay-
dı, elə Yusif Vəzirə göndərərdilər. Qəlbinin lap dərinliklərində
Fətəli xanın vəziyyəti başa düşəcəyinə, bir çıxış yolu tapaca-
ğına olan inamı hələ tamam ölməmişdi, kuryerin yolunu
səbirsizliklə gözləyirdi.
Kuryer Məmmədağasa gəlib çıxmırdı. Fevral başa çatdı,
mart girdi, Novruz oldu, kuryerdən səs-soraq ala bilmədilər.
Novruzu kasıb süfrənin, hələ tamam tükənməmiş
ümidlərindən yandırdıqları şamın ətrafında keçirdilər,
gözlərini Qızılbuynuz limanı tərəfdən, qulaqlarını qapı
taqqıltısından çəkmədilər. Hərdən Zeynal bəylə limana gedir,
93
cürbəcür qayıqlara, gəmilərə, bərələrə tamaşa eləyir, narahat-
lığını, əsəbini yatırmağa çalışırdı. Axır vaxtlar yazmağa başla-
dığı yazılar indi ləng irəliləyirdi, səfarətdə gün ərzində
məşğul olduğu yazışmalar, özgə dərdlərinə əlac tapmaq
cəhdi, hər atılan addımın maddi imkansızlığa tuş gəlməsi
gücünü-taqətini əlindən alırdı. Bir neçə dəfə qəsddəndi ki,
hər şeyi Cahangir bəyin öhdəsinə buraxıb Bakıya getsin,
vəziyyəti aydınlaşdırsın, amma məsləhət görmədilər: elçinin
özbaşına geri qayıtması fövqəladə vəziyyət demək idi.
Bayramdan bir neçə gün sonra çəkdiyi əzablar özünü
göstərdi: xəstələnib yatağa düşdü. Xeyriyyə xanım oğlu Süb-
hini Zeynal bəyin arxasınca göndərdi, onun gətirdiyi həkim
də müayinədən sonra məlum həqiqəti söylədi:
“Əsəb gərginliyindən zəif düşüb. – Bunu mətbəxdə asta-
dan Zeynala və Xeyriyyə xanıma dedi. – Tam sakitlik, rahatlıq
lazımdı, əsəbinə toxunan bir şeyə müsaidə eləməyin, uzağı
bir həftəyə keçər”.
Əlbəttə, bunu demək asan idi, səfarətin işinin bu cür
vəziyyətində, üstəlik, yazı-pozudan uzaq qaldığı məqamda
könül rahatlığı tapmağın necə çətin olacağını özü də bilirdi.
“İş sarıdan narahatlığınız olmasın, Yusif bəy, – Cahangir
bəy onu arxayın salmağa çalışırdı. – Onsuz da Osmanlı sara-
yının başı elə qarışıqdı ki, Babi-Alidə bizə fikir verəcək halları
yoxdu. Tələbələrin vəziyyətilə ötən həftə maraqlandım,
təhsillərinə davam eləyirlər. Gürcüstan nümayəndəsilə hələ
bir həftə sonraya görüş nəzərdə tutulub. Ötən həftə gələn
ailəni də Batuma gedən gəmiyə mindirdik...”
“Əhməd bəyə göndərdiyimiz bayram sovqatı çatdımı,
görəsən, – nəzərlərini pəncərənin əl boyda aralığından
süzülən yaz günəşinin şüalarına dikdi. – Heç olmasa, biz
azadlıqdayıq, o...” sözünü bitirmədi.
“Yusif əfəndi, – Xeyriyyə xanım aradakı havanı yumşalt-
maq üçün fürsətdən istifadə elədi, – qəhvə dəmlədim, yastığı
bir azca dikəldək, müsafirinizlə için”.