tam etibar etmirdilər. Məsələn, Göbbels özünün 29 səhifəlik məruzəsində təklif
edirdi ki, bütün şərq xalqlarını bolşevizmdən azad olmaq və onları azad, işıqlı
gələcək uğrunda mübarizədə əməkdaşlığa çağırmaq lazımdır. (254, s. 311)
Alfred Rozenberq isə belə bir ideya ilə çıxış edirdi ki, Ukrayna və
Pribaltika xalqlarını xüsusi olaraq ayırmaq, onlara mədəniyyət mərkəzləri və
universitetlər açmaq, torpağa sahiblik hüququ vermək, kommunistlərə qarşı
könüllü hərbi birliklərini formalaşdırmaq üçün imkan yaratmaq lazımdır. (254, s.
331)
Rozenberq sonradan daha bir təkliflə də çıxış etdi. Belə ki, o, 1942-ci ilin
fevralın 15-də şərq xalqlarının din sitayişini təmin edən qərar layihəsini təqdim
etdi. O, təsdiqləyirdi ki, belə bir addım böyük təlimati effekt verəcək. Lakin
sənədlə tanış olan Borman başqa bir ideya irəli sürdü: bəlkə yeganə bir Şərq kilsəsi
qurub yalnız ümumi bir din yaradaq? Yaradacağımız belə ümumi din müqavimət
hərəkatı üçün güclü mərkəzə çevrilməyəcəkmi?! Ən yaxşısı budur ki, hər xalq öz
Allahına ibadət etsin. Beləliklə, Hitler Rozenberqin yox, Bormanın təklifıni qəbul
etmişdi.
Bundan başqa, Hitler din xadimlərini (rahibləri) ümumiyyətlə sevmirdi.
Hərbçilərin çoxu isə yerli əhaliyə silah verməyin əleyhinə çıxış edirdilər. İşğal
edilmiş bölgələrdəki əhaliyə və əsir düşmüş insanlara münasibətdə Alfred
Rozenberq daha obyektiv mövqe tuta bilirdi. Bəs adı tez-tez hallanan Alfred
Rozenberq kim idi?
Alfred Rozenberq Pribaltika almanı idi və fanatikcəsinə antikommunist,
antisemit mövqedə dayanır və Nasist Partiyasının ideoloqu sayılırdı. (241, s.31) A.
Rozenberq məşhur “XX yüzilliyin mifı” əsərini yazmış və xristian dininə mənfi
münasibət bəsləyirdi. Digər nasional-sosialistlər kimi Rozenberq də protestant
kilsəsinə üstünlük verir və onu öz ideyalarının ifadəçisi sayırdı. (241, s.302) A.
Rozenberq bütün ölkələri və xalqları bolşeviklərə qarşı səlib yürüşünə çağırmaq
niyyətində idi. (372, s.422) Lakin Alfred Rozenberqin təşkilatçılıq bacarığı o qədər
də yüksək deyildi. (268, s.48) Alman-sovet müharibəsindən üç həftə sonra Hitler
Bormanın təklifı ilə Rozenberqi işğal edilmiş Şərq (sovet) torpaqlarının reyxsnaziri
təyin etdi. Bu təyinatın iki səbəbi vardı: birincisi, Rozenberq əslən pribaltikalı idi;
ikincisi, bu vəzifə Rozenberqə vəd olunub verilməyən Xarici İşlər naziri kürsüsünü
əvəz etməli idi.
1941-ci ilin iyulun 16-da almanların qələbəsi hiss olunduqda Hitler
keçirdiyi bir konfransda işğal bölgələrini bölmək planı ilə çıxış etdi. Məlum oldu
ki, barlı-bərəkətli Ukraynaya komissar Şərqi Prussiya qaulyayteri Erix Kox, Krıma
Alfred Froenfeld, Brandenburq Vilhelm isə Moskvaya, yaxud Belorusiyaya təyin
olunacaq, Rozenberqə isə Qafqaz komissarı vəzifəsi veriləcəkdir (lakin məlum
olduğu kimi Qafqazı sovetlərdən azad etmək mümkün olmadı).
Lakin Alfred Rozenberqin Bormanla münasibətinin yaxşı olmaması
həmişə ikincidən zərbələr almaqla nəticələnirdi. Rozenberq şikayətlənirdi ki,
sonuncu dəfə 1941-ci ildə Fürerlə təkbətək görüşmüşdür. 1942-ci ildə isə Hitler
onu üç dəfə qəbul etmiş və hər görüşdə Borman iştirak etmişdir. Həqiqətən də,
artıq Rozenberqə ciddi ehtiyac duyulmurdu, çünki Şərqdəki bölgələrə başqaları
nəzarət edirdi. Rozenberq ölümü ərəfəsində yazırdı: “Şərqdə yeni Avropa qaydaları
yaratmaq istəyirdim, lakin məsul vəzifələrdə olanlar Bormanın və Hitlerin təsiri
altında idilər. Hitler isə onlara qarşı çıxmırdı”. (312, s.316) Hitler özünün
idarəetmə qaydalarında Darvinin “Güclülər zəifləri əritməlidir” təbii prinsipinə
üstünlük verirdi.
İşğal edilmiş bölgələrə münasibətdə Rozenberqin fıkirlərini Göbbels də bu
və ya digər formada dəstəkləyirdi. Məsələn, Göbbels (baxmayaraq ki, onlar köhnə
rəqib idilər) uzun müddət Ukraynaya muxtariyyət verilməsi ideyasını dəstəkləyirdi.
Bununla əlaqədar o, Şərq bölgələrindəki yerli əhalinin ümumi rəğbətini qazanmaq
üçün xüsusi planını təklif edirdi. Lakin bu plan da qəbul edilmədi, çünki Hitler
məğlublarla barışığa getmək istəmirdi. Onun fikrincə, onları yalnız zorla
köçürmək, qovmaq, paylamaq, məhv etmək lazımdır. Sonradan işğal
bölgələrindəki köklü xalqların bəzilərinə alman vətəndaşlığı verilməsi təklifı də
səsləndi. Dansiq qaulyayteri Albert Forsterin məlumatına görə, irq nəzəriyyəsində
nüfuzu olan professor Qyunter Şərqi Prussiyaya səkkizgünlük səfəri zamanı belə
qənaətə gəlib ki, polyaklar alman vətəndaşlığını almağa layiqdirlər. İrqi
yüksəltmək üçün isə əvvəlcədən müəyyən rayonlarda SS-in xüsusi bölmələrini
yerləşdirmək lazımdır. Lakin həm Hitler, həm də Borman belə “qan qarışığına”
qarşı çıxırdılar. Avropada “250 milyonluq Alman” dövləti yaratmaq istəyən Hitler
işğal etdiyi bölgələrdə xalqları hər şeydən məhrum etmək istəyirdi: həm torpaqdan,
həm də azadlıqdan.
Belə olduqda, Rozenberq Pribaltikaya müəyyən məhdudiyyətlərlə
muxtariyyət verilməsi layihəsini təqdim etdi. Borman Rozenberqin layihəsinə
kəskin etirazını bildirdi və göstərdi ki, o heç zaman “Pribaltika Birləşmiş
Ştatları”nın yaradılmasına imkan verməyəcək. Bundan əlavə, bütün bu torpaqlar
üçüncü reyxin ayrılmaz tərkib hissələridir.
Bormanın bu mövqeyinə baxmayaraq Himmler gizlicə eston və latışları
SS hissələrinə cəlb etdi. Himmler bu fikirdə idi: əgər vuruşmaq və həlak olmaq
lazımdırsa, onda bunun irqi ayrı-seçkiliyə aidiyyatı yoxdur. (312, s.369) Eyni
zamanda Himmler tərkibində əlli minə qədər ukraynalı, qazax, tatar və başqa
millətlərin nümayəndələri olan bir neçə tabur yaratdı. SS reyxsfüreri göstərirdi ki,
partizanlara qarşı mübarizə aparmaq üçün onun hissələri kifayət sayda deyildir.
Artıq bu zaman Vermaxtda könüllü dəstələrin – “xivi”lərin yaradılması razılığına
gəlmişdi.
Getdikcə daha çox könüllülər – “xivi”lər alman hərbi hissələrinə xidmətə
cəlb edilirdilər. Yalnız bir piyada diviziyasının təchizat xidmətinə 700-ə qədər
“könüllü köməkçilər” gətirilmişdi. 79-cu piyada diviziyası komandirinin əmri ilə
azad olunmuş hərbi əsirlərə diviziyanın təchizat işinin yarıdan çoxu tapşırılmışdı.
Dostları ilə paylaş: |