Ə.Cəmilin uzun illər üzərində xüsusi səylə çalışdığı yaradıcılıq işi gözəl
bəhrəsini vermişdir: Azərbaycan oxucusu öz “Faust”na malik olmuşdur.Bu gün tam
məsuliyyətlə deyə bilərik ki, əlimizdə S. Vurğunun “Yevgeni Onegin” ilə yanaşı dura
biləcək bir səviyyədə fundamental tərcümə əsəri var. Bir filosof-şairin, mütəfəkkir
sənətkarın yarıməsrlik zəhmətinin bəhrəsi olub, dünya klassikasının insan azadlığını
tərənnüm edən əsərləri içərisində ölməz yer tutan “Faust” bu gün Azərbaycan dilində
də qürurla səslənir. Təəssüf ki, müqayisələrimiz əsərin almancasına əsaslanmır.
Lakin almancanı əla bilən yoldaşların (xüsusən professor Nəzakət xanım
Ağayevanın) mülahizələri bu əsərin ruscası ilə azəraycancasını qarşılaşdırmaqdan
aldığımız gözəl qənaəti tamamlayır. Tərcümənin ən mühüm keyfiyyəti kimi qeyd
etmək lazımdır ki, əsərdəki dərin bəşəri məzmun, müxtəlif həyatı və əfsanəvi
hadisələr, əhvalatlar Azərbaycan dilində təbii səslənir və rəvan oxunur. Ə. Cəmil bu
faciə əsərinin qəhrəmanlarının hər biri üçün onların birbəbir obraz kimi
səciyyələnməsinə müvafiq ahəng tapmağa müvəffəq olmuşdur. “Faust” un dilindən
verdiyi nümunə buna yaxşı misaldır:
Mən bir tora salıb saf qəlbimizi,
Yaltaq təriflərlə gətirib bizi.
Bu boş mağaraya çıxaran məlum,
Məşum qüvvələrə min lənət olsun!
Lənət ilk addımda bizi çaşdıran
Lovğa təkəbbürə, bədgümanlığa,
Lənət zahirliyə, göz qamaşdıran.
Gözəllik önündə kor heyranlara!
Şirin röyalarda bizi aldadan,
Şərəf də, Şöhrət da yalandır, yalan!
Min bir lənət olsun mülkiyyətə,
Qəlbə fərəh vara – dövlətə
Arvada , uşağa, kənizə, qula
Bütün ev – eşiyə, torpağa, pula!
Böyük xəzinələr vədi ilə hərdən
Cəsur əməllərə bizi sövq edən
O qızıl allahı Mammona lənət!
Bizi əyyaşlığa, qayğısızlığa
Odur şirnikləndirən,bax, ona lənət!
Lənət məhəbbətin səfasına da.
Üzüm şirəsinin şəfasına da.
Ey ümid, ey inam, lənətlər sizə,
Lənətlər ən əvvəl öz əsrimizə!
20
Ə. Cəmil fikri dəqiqliklə yanaşı orijinalın bədii xüsusiyyətlərini mühafizə etmək
üçün də, yaradıcılıq zəhmətinə qatlaşmışdır. Mütərcim yeri gəldikcə hecanın demək
olar ki, bütün bölgülərindən istifadə etmişdir; Faustun ağır, fikirli bəzi
monoloqlarının 14-lüklə, Yelenanın oynaq müraciətlərinin 5-liklə, xor mətninin 7-
liklə və s. verilməsi bu mürəkkəb quruluşlu əsərin Azərbaycancasına yaxşı mənada
bir əlvanlıq aşılamışdır. Ə. Kürçaylı da “İlahi komediya”nın bir sıra rus tərcümələri
ilə tanış olmuş, lakin əsas fikrini o, Dante poemasının M. Lozinski tərəfindən
tərcümə olunmuş son variantına verməyi qət etmişdir. Əsərin rus dilində ən mötəbər
və mükamməl variantı olan bu tərcümə ilə M. Lozinski SSRİ dövlət mükafatına layiq
görülmüşdür. Respublikamızın partiya mətbuatında haqlı olaraq təqdir edilmiş
Azərbaycan tərcüməsində irəlidəki rus tərcümələrinə məxsus bəzi qüsurlar nəzərə
alınıb islah edilmişdir. Bir mütərcim kimi Ə.Kürçaylının işi ona görə mürəkkəb
olmuşdur ki, o, Dante poemasının məzmun dəqiqliyinə nail olmamağa çalışmaqla
yanaşı, əsərin bədii quruluşunu da saxlamış, onun 3–lük bəndlərindəki misraların
sayını, hətta xeyli çətin olan qafiyyələnmə qaydasını da orijinaldakı kimi bərpa
etməyə böyük zəhmət sərf etmişdir.
Belçika
ədəbiyyatının bütün dünyada tanınan nümunəsi – “Ulenşpigel əfsanəsi”
üzərində işlərkən Beydulla Musayev də müəyyən çətinliklərlə qarşılaşmışdır. Bu əsər
tədqiqatçıların yazdığına görə, Belçika ədəbiyyatının özünün də digər
nümunələrindən janr, dili, üslubu, təsvir və ifadə vasitələrinin xüsusiyyətləri ilə
fərqlənir. Burada “tarixi hadisələr də təsvir olunur lakin bu əsər adi mənada tarixi
roman deyil; romanda material xüsusi bir üslubda işlənmiş, həm folklor motivlərin,
həm də yazıçının öz fantaziyasının məhsulu olan bədii uydurma ilə birləşmiş,
nəticədə sənədli bir əfsanə adlandırıla biləcək bir roman yaranmışdır”. Belə bir əsərin
yeri gəldikcə xalq danışıq dilinin canlı ahəngindən, oynaq yumorundan istifadə yolu
ilə Azərbaycan ədəbi dilinə tərcüməsi Beydulla Musyevin növbəti yaradıcılıq
nailiyyəti kimi qiymətləndirilməlidir.
Rus
və Avropa ədəbiyyatından tərcümə sahəsində qocaman yazıçı və mütərcim
M.Rzaquluzadənin də xidmətləri böyükdür. Öz xələflərinə müraciətlə “Tabutumun
üzərinə qılnc qoyun, çünki mən bəşəriyyətin azadlığı uğrunda mübarizədə cəsur bir
əsgər olmuşam”deyən alman şairi Henrix Heyneni Azərbaycan oxucusu üçün məhz
M.Rzaquluzadə açmışdır desək, əsla yanılmarıq. Onun təqribən iyirmi illik
zəhmətinin barı olan Heynenin “Seçilmiş əsərləri” klassik alman poeziyasından
Azərbaycan dilində çap olunmuş ən mükəmməl nümunədir. Biz yalnız ona görə belə
demirik ki, həmin kitabın 300-dən artıq səhifəsi vardır. Bir də ona görə belə deyirik ki,
kitab xüsusi qayğı ilə, şövqlə tərtib edilmiş, Heynenin gənclik iztirablarının,
məhəbbət duyğularının ifadəsi olan lirikasından başlamış, ağalar-qullar dünyasının
alnına mıxladığı kəskin siyasi ittihamlarına, qiymətli poemalarına qədər
yaradıcılığının bütün sahələrindən zövqlə seçilmiş nümunələr müvəffəqiyyətlə
tərcümə edilmişdir. Seçmə və tərtib işinin özünün həcmini təsvir etmək üçün göstərək
21
ki, həmin kitabdakı şer və poemaları mütərcim Heyne əsərlərinin on cildindən seçib
ayırmışdır.
Azərbaycan şair və yazıçılarının rus ədəbiyyatından tərcümələri bu dilin
vasitəsilə digər ədəbiyyatlardan tərcümələrə nisbətən əsasən ona görə qənaətbəxşdir
ki, qələm yoldaşlarımızın çoxu rus dilini yaxşı bilir və müntəzəm olaraq bu sahədə
vərdişlərini təkmilləşdirir, biliklərini zənginləşdirirlər. Vladimir Qafarovun
bayatılarımızdan, Abram Plavnikin Qasım bəy Zakirdən rus dilinə, Samvel
Qriqoryanın Sabirdən, Oleq Xaçunsun Aşıq Ələsgərdən erməni dilinə, Li Sepperin
Rəsul Rzadan və İ.Əfəndiyevdən eston dilinə, Leyla Eradzenin Azərbaycan
nasirlərindən gürcü dilinə, Vaqif Arzumanovun Nigər Rəfibəylidən, Fikrət Qocadan
Litva dilinə tərcümələrinin müvəffəqiyyət qazanıb dönə-dönə çap olunması, Li
Sepperin isə Rəsul Rzanın “Tükənməzlik” kitabının tərcüməsinə görə Yuxan Smuul
adına respublika mükafatına layiq görülməsi həmin yoldaşların mütərcim kimi başqa
keyfiyyətlərlə yanaşı məhz yuxarıdakı tələblərə də cavab verməsilə əlaqədardır.
Mübariz,Məmmədaga Sultanov, Qulamhüseyn Beqdeli, Əbülfəz Hüseyni və
Abbasəli Sarovlunun farsdilli poeziyadan, Dilarə Əliyevanin gürcü ədəbiyyatından,
Abbas Abdullanın Ukrayna dilindən, Abdulla Dağçaylının avarcadan, Xəlil Rzanın
özbəkcədən, tərcümələri də buna görə rəğbətlə qarşılanmışdır. X.Rza çoxdandır ki,
özbək ədəbiyyatını öyrənir; o, dəfələrlə, həm də uzun müddət Özbəkistanda olmuş,
yazıçı, alim, naşir və mütərcimlərlə görüşmüş, fəhlə və kolxozçuların söz-söhbətində
iştirak etmiş, xalq danışıq dilinin ahəngini qavramış, özbək dilini öyrənmişdir. İki
xalqın övladı, görkəmli özbək şairi Maqsud Şeyxzadə haqqında onun bütün
yaradıcılığını orijinaldan oxumaq əsasında yazdığı monoqrafiya X.Rzaya bu sahədə
çox kömək etmişdir.
Estoniyada
hazırda 70 xalqın ədəbiyyatından tərcümə edilmişdir. Bunun
mühüm bir qismi sətri tərcüməsiz, birbaşa orijinaldan icra olunub. Son vaxtlada
Estoniyada “Sasunlu Davud” erməni dilindən, K. Qamsaxurdiya və N. Dumbadzenin
əsərləri gürcü dilindən, Rudəki tacik dilindən , Bir sıra məcmuələr isə özbək, belorus
və Ukrayna dillərindən tərcümə edilmişdir. Eston qardaşlarımız buna necə müvəffəq
olmuşlar? Orada ali məktəbdə təhsil alan poetik istedada malik gənclərin bəzilərinin
şəxsi arzularını və meyllərini nəzərə alıb Ukrayna, Belorusiya, Zaqafqaziya və Orta
Asiya ali məktəblərinin filoloji fakültələrinə ezam edirlər. Təbiətən şair olasan, dil
öyrənməyə həvəsin ola, özü də bir neçə milli respublikanın dilində təhsil alıb, onun
adamlarının arasında yaşayasan. Bu dildən tərcümə etmək üçün bunlardan da gözəl,
ilkin şərtlər təsəvvür etmək çətindir. Yazıçılar İttifaqımızın tərcümə bölməsi
Azərbaycan Dövlət Universitetinin və Respublika pedaqoji institutlarının rəhbərləri
ilə birlikdə bu təcrübəni bizdə də geniş tətbiq etsələr daha faydalı olardı.
Mərhum professor Əli Sultanlının antik ədəbiyyata dair müntəxəbat hazırlamaq
sahəsində nəcib fəaliyyətini də burada qeyd etmək istərdik. Vaxtilə o, klassik yunan
və Roma sənətkarlarının bizim ali məktəb proqramına daxil olan əsərlərindən ibarət
iki müntəxəbat tərtib etmişdi. Roma ədəbiyyatına həsr olunmuş müntəxəbatdakı
22
Dostları ilə paylaş: |