73
sinfinin bilincində burjua sinfinin topluma ziyanı haqqında dürlü düşüncələr, ideyalar gəzirdi. Bu
düşüncələri fəhlələrə bağlanmış intellektuallar da söyləyirdilər, gizli dərnəklərdə təzə-təzə savadlanan
işçilər də deyirdilər.
Marksizmə görə, hər hansı bir sinfin içində boya-başa çatmış adam bu və ya başqa dərəcədə öz sinfinin
psixologiyasını, şüurunu alır və onun şəxsiyyəti bu alınanlar əsasında formalaşır.
Marksizmdə lap anlaqlı şəkildə insan problemini göz qabağına gətirmək üçün təsəvvür edin hər gün
cibində yetərincə pulu olan adamın özünü necə duymasını, necə düşünməsini və cibi boş adamın mənəvi
durumunu.
Hər hansı sinfin xarakterik iqtisadi vəziyyəti var və bu, onun psixologiyasına, şüuruna öz etgisini
göstərir. Sonucda həmin iqtisadi durum və həmin şüur yeni yetişən adamların da necəliyinə güclü təsir
göstərir. Bax, bu mənada Marksizm insanı toplumsal ilişgilərdən hörülmüş varlıq sayılır. Sözsüz, belənçi
hörgünün öz içi, öz gizliləri var. Ancaq uzun vaxt Marksist fəlsəfədə həmin gizlilərə maraq az idi. Hesab
olunurdu ki, əgər insanın hansı çağda yaşamasını, hansı sinifdən, hansı ulusdan olmasını bilsək və bu çağı,
bu sinfi, bu ailəni, bu ulusu elmi şəkildə öyrənsək, onun kimliyinin özəlliyini də anlamış olarıq.
İnsanı anlamaqla bağlı Marksizmin belənçi aydın inamı və insandakı gizlilərə maraqsızlığı onun
opponentlərində düşüncə oyatmışdı ki, həmin fəlsəfədə insan problemi xırda yer tutur. Əslində Marksizm
əsasında baş vermiş devrim (inqilab) və Sovet toplumunun qurulması bu fikrin doğru olmasına inamı daha
da artırırdı. Stalin ideologiyası insanı cəmiyyət maşınının vintcikləri sayırdı. Yəni insanda əsas olan
yuxarıdan verilmiş ideyaları gerçəkləşdirmək üçün onun vasitə, təkərcik, vintcik olmasıdır. Vətəndaş
müharibəsində, 38-ci illərdə, İkinci Dünya Savaşında Sovet adamının həyatının dəyərcə aşağı düşməsi də
buna bir örnəkdir. Məsələn, indi bəlli olur ki, Qızıl Ordunun bir çox sərkərdələri üçün əsgərləri havayı yerə
ölümə göndərmək adi bir şey idi.
Baxaq sosialist realizmi sənətinə. Uzun sürə (müddət) kim insanın içinin dərinlikləri, gizliləri ilə məşğul
olurdusa, ona damğa vururdular ki, burjua fərdiyyətçiliyi il məşğuldur və bu, sənətkarın mənəvi
xəstəliyidir. Yalnız 50-70-ci illərdə vəziyyət başqalaşır. Sənət daha insan gizliləri ilə məşğul olmaqdan
çəkinmir. Marksist filosoflar isə çalışırlar, sübut etsinlər ki, Marksın, Engelsin, Leninin düşüncələrində
insanın kimliyi yetərincə dərindən açılır. Hərçənd indiki zamanda Sovet qanunçuluğunun tənqidi aydın
edir ki, insan həyatının dəyərini ucuz götürmək 50-70-ci illərdə də var idi, ancaq başqa planda. Məsələn,
bütün azad cəmiyyətlərin qanunçuluğunda, suçsuzluq, günahsızlıq prezumpsiyası (latınca «güman etmək»
deməkdir) var. Həmin prezumpsiya bildirir ki, tutulan adam suçsuzluğunu sübut etmək üçün əlləşməsə də
olar. Tutan çalışmalıdır, cinayəti sübut etsin. Və tutan nəyi sübut edə bilmirsə, bu, həməncə tutulanın
suçsuzluğunun xeyrinə sayılır.
Bizdə isə o çağlar tutan nəyisə sübut edə bilməyəndə yenə şübhə qalırdı və bu şübhə tutulana qarşı az
qala sübut gücünü daşıyırdı. Düşünürlərdi ki, od olmayan yerdən tüstü çıxmaz.
Qanunçuluqda günahsızlıq prezumpsiyasının olmaması insan azadlığına sayğının aşağı səviyyədə
qaldığını göstərir. Ancaq insaf üçün onu da deyək ki, Marksizmə tərəfkeşlik edənlər hesab edirlər ki, Sovet
toplumunda uzun illərdən bəri insana belə sayğısızlıq Marksizmin pozulması bahasına olmuşdur və
ideyaya görə sosialist devriminin (inqilabının) məqsədi insan olmalıydı.
Doğrudan da, Marksizmin klassiklərində insanın azadlığı, dəyəri haqqında çoxlu gözəl düşüncələrə rast
gəlmək olar.
Marksizmdə insan azadlığı
Biz diqqət etsək, görərik ki, Marksizm insanı tam səbəb-nəticə zəncirində götürür və hesab edir ki, insan
tamamilə toplumdakı səbəblərin sonucudur. Düzdür, sonra da artırır: istedadı, bacarığı sayəsində insan
toplumda «onsuz da nəyin olacağını» tapıb cəmiyyətə təsir göstərə bilər, sosial gerçəklikdə olmalı olanın
dolaşıqsız, vaxtında olmasına çalışa bilər.
74
Buradan da Marksizmin azadlıq anlayışını anlamaq olar. Buddizm üçün azadlıq gerçəkliyin səbəb-nəticə
cərgəsindən çıxanda əldə edilirdi. Kant da təxminən belə sayırdı, özü də artırırdı ki, insanın istəmi bu
azadlığın buyurduqlarını təbiətə «yedirdə» bilər. Yəni ac olanda səni təbiətin səbəb-nəticə əlaqəsi oğurluğa
itələyəndə içindəki azadlığın oğurluq etməyə qoymur, deməli, aclıq səbəbinin nəticəsi oğurluq olan yerdə
azadlıq həmin səbəbin qarşısına əngəl qoyur, nəticə kimi oğurluğun baş verməsinə imkan vermir.
Marksizmsə azadlığın tamam başqa anlamına söykənir. Deyir ki, azadlıq dərk olunmuş zərurət,
gərəkcədir. Zərurət nədir? Olmalı olandır, yəni «onsuz da olacaqdır». Bəs zərurəti dərk etmək nədir? Odur
ki, sən anlayıb, bilirsən, nə olmalıdır, nə olacaq. Və bunu biləndən sonra olmalı olana qulluq göstərirsənsə,
onun yolunda çalışırsansa, bu çalışmanda azad olursan. Göründüyü kimi, Marksizmin azadlıq anlayışında
insan «öz»ündən bir şey istənilir. Bil və tabe ol, tabe olduğun üçün çalış-vuruş.
Həmin məntiqə görə sosialist devriminin onsuz da olacağını bilən və bu zərurəti tarixin irəliləməsi sayan
adam onun uğrunda çalışması ilə özünü azadlığa çıxarır. Ancaq sosialist inqilabının onsuz da olacağını bilə-
bilə bu zərurət qarşısında əyilməyən, hətta ölümə gedən adam isə heç cürə azad deyil.
Göründüyü kimi, bu iki adamdan hansının azad olması əslində çox mübahisəlidir, hərçənd Marksizmin
azadlıq anlayışı birincini azad adlandırır. Ancaq soruşmaq olar: niyə belə hesab etməliyik ki, azad yalnız
ikisindən biri olmalıdır? Bəlkə onların ikisini də azad saymaq olar?!
Marksizmdə özgürlük anlayışı bir sorunu da doğurur. İş burasındadır ki, tarixlə bağlı zərurini bilmək
qorxunc dərəcədə çətindir. Müsəlman deyir ki, «olan oldu, olacağa çarə yox», marksist isə olana belə
barışqan yanaşmır. Tarixdə olanlara sual verir: sənin olmağın zərurətdən doğub, yoxsa zərurətə
əngəllərdən?
Ancaq iş burasındadır ki, belə sualın doğru cavabını vermək çox çətindir. Kim zərurəti gerçəkləşdirmək
üçün çalışanlardan olub? Bolşevik Lenin, yoxsa Menşevik Martov? 70 illik Sovet tarixi zərurətin
gerçəkləşməsi olub, yoxsa dünya inkişafının zərurətinin 70 il ləngiməsi olub? İndiyənəcən də bu sualın
cavabsız olduğunu söyləyən ağıllı adamlar var.
Bəs yaxşı, zərurəti, olmalı olanı bilmək belə çətindirsə, daha düzü, çox vaxt mümkün deyilsə və yaman
az adama onu bilmək qismət olursa, ikinci yandan, nəyin zəruri olduğunu çox vaxt uzun illər keçəndən
sonra bilmək olursa, onda deməli, biz azadlığın arxasına kölgə kimi əllə tutulmaz əsaslar qoyuruq. Kimsə
nələrisə edir və yalnız filan qədər vaxt keçəndən sonra bilmək olur, azad idi o, yoxsa, yox. Deməli, mən
nəyisə edəndə edimimdə güc qazanmaq üçün, öyünməyim üçün öz özgürlüyümü duymalıyam,
yaşamalıyam. İkinci yandan, düşünəndə ki, bəlkə zərurət kimi bildiyim zərurət deyil, deməli, özümü azad
saymağım aldanışdır və sonra da bu sualların cavabını uzun illərdən o taya qoymağa məcbur olanda,
mənim azadlıq duyğum da şübhələrlə darmadağın olur. Və belədirsə, davranışım azadlıq duyğusundan
aldığı təpəri itirmirmi?!
Marksizmdə insan və cəmiyyət
Marksizmin insan anlayışı bir sual da doğurur. Sözsüz, insanın toplumsal ilişgilərin düyünü olması
düşüncəsi güclü ideyadır. Özü də bu ideya Marksizmdən qat-qat öncə də, sonra da dürlü fəlsəfi sistemlərdə
cürbəcür dərinlikdə işlənmişdir və işlənməkdədir. Məsələn, Aristotel deyəndə ki, insan siyasi heyvandır
(canlıdır), bunun mənası nə idi? O idi ki, insan da heyvanlar kimi ürəyi, ciyərləri olan varlıqdır. Bir sözlə,
bioloji varlıqdır. Ancaq bir əsas özəlliyinə görə onlardan fərqlənir. Bu fərq odur ki, insan deyilən canlı, siyasi
sistemi, yəni dövlət qurumunu yaradıb, onun içində yaşayır. Dövlət qurumu isə toplumsal əlaqələr
şəbəkəsindən biridir.
Marksizm topluma da materialist baxımdan yanaşır. Yəni deyir ki, cəmiyyətdə hansı səviyyədə istehsal
vasitələrinin olması – bu isə bərabərdir toplumun maddi təməlinə – iqtisadi əlaqələrin necəliyinə gətirib
çıxarır. Siniflər isə içindəki adamların necə olmasının başlanğıcını verir. Bu adamlar incəsənətlə, dinlə,
fəlsəfə ilə, əxlaqla məşğul olurlar və onların necə olması fəlsəfənin, incəsənətin, əxlaqın, dinin necə olmasını
Dostları ilə paylaş: |