30
Və ya tərsinə. Yoqalardan bilirik ki, insan öz psixi enerjisini, şüurunu, özünü inandırma gücünü yığıb,
bədənə göndərərək ona təsir edir, onda yaranı sağaldır və s. Belə çıxır ki, bilinc içində olduğu bədənin
molekulalarına da etgi (təsir) göstərə bilir (məsələn, hirslənəndə qanımızda gedən dəyişmə). Bəs körpü
yoxdursa, psixi təsir harada, necə maddi etgiyə çevrilir?
Fəlsəfədə psixofizioloji paralelizm ideyası var. Burada psixi ideal olanı bildirir, fizioloji isə sinirdə gedən
proseslərin adıdır. Psixofizioloji paralelizm onu bildirir ki, onlar ikisi heç vaxt kəsişməyən, biri-birinə
toxunmayan taylardır və aralarında keçilməz uçurum var. Bu fikrin məntiqini elə-belə danmaq olmaz.
Ancaq, o biri yandan, bu məntiqə uyuşmaz faktlar da var. Məsələn, üzün mimikası maddi tərəfdir, sevinc ,
şadlıq isə psixolojidir. Di gəl ki, psixoloqların göstərdikləri kimi, əgər insan qaşqabağını sallayıb içəridə
sevinmək, gülmək istəyəcəksə, bir şey alınmayacaq. Oxucu bunu özündə yaxşı yoxlaya bilər.
Və ya başqa bir vəziyyət. Kefiniz olmayan vaxt başlayın üzdə, üzünüzlə gülməyə. Bir azdan görəcəksiniz
ki, ruhunuz işıqlanıb. Onun üçün də bəzi təbiblər gündə tez-tez yalandan da olsa, gülməyi faydalı sayırlar.
Bizimsə sualımız yenə öncəki qalır: necə olur ki, ruh sevinci, sevinməyi üzə ötürür və tərsinə, üzün
gülüşü ruha xoş əhval gətirir?
Bilincdən gövdəyə, gövdədən bilincə keçməyin yolları hələ də fəlsəfə üçün anlaqsızdır.
Marksizmə görə, bilinc biliyimizə çevrilmiş gerçəklikdən başqa bir şey deyil. Şüur gerçəkliyin başın içinə
qoyulub, orada dəyişilməsidir (Marks). Yəni ideal «vərəqə» yazılmasıdır. Leninsə deyirdi: şüur obyektiv
gerçəkliyin subyektiv obrazıdır.
Bütün bu deyilənlərdə əsas olanı biz, artıq, açmışıq: şüur dünyadakıların insanın içində görünməsidir.
Şüur dünyanın şəklidir. Ancaq bu şəkil kətandakı kimi eni, uzunu, hündürlüyü, qalınlığı olan şəkil deyil,
subyektiv obrazdır. Hərçənd düzü, bu «subyektiv obraz» bilincin təbiəti ilə bağlı heç nə anlatmır.
Nə deməkdir «subyektiv obraz?» Yəni məndə olan, necəliyi bir az da mənim necəliyimdən asılı olan
obraz?
Əsas sirr nədir? Odur ki, şüur özü görünmədən göstərir. Nəsnəl olanı güzgü də göstərir, ancaq biz
güzgünün özünü görə bilirik. Necə görürük? Məsələn, güzgünün çərçivəsinə görə, şüşəsindəki əyri-üyrüyə
, toza və s.-yə görə güzgüdə görünənlə yanaşı bir az güzgünü də görürük. Güzgü hətta ideal təmizlikdə,
hamarlıqda olsa belə, əlimizlə yoxlayıb güzgü olduğunu tapa bilərik.
Bilincə gəldikdə isə biz onun göstərdiyi görkləri görürük. Di gəl, bir məsələ var. Əgər göstərilən varsa,
göstərən də var. Şüur görklərdə, anlayışlarda, düşüncələrdə iştirak etsə də onların özü deyil. Şüur elə bir
«ekrandır» ki, düşüncələr onun üstündə baş verir. Ancaq di gəl ki, həmin ekranı heç vaxt görmək olmur.
Göstərdiklərinə baxanda göstərdiklərini görürsən. Göstərdiklərini götürüb arxasına baxanda isə heç nə
görmürsən, «ekran» yox olur. Marksın, Leninin şüur anlatımında bu tərəf deyilməyib.
Ancaq fəlsəfədə «şüuru öyrənmək, «tutmaq» olmaz» inamında olanlar elə bu məsələni də qoyublar.
Dyubua-Raymon deyərmiş ki, öz şüurunu anlamaq pəncərədən baxıb özünün harasa getdiyini görmək
qədər ola bilməzdir.
Bu, məsələnin obrazlı deyilişidir. Məntiqlə, anlayışlarla deyilişi də var. Götürək şüurun bir qatı olan
düşünüşü (ağılın fəaliyyətini, eyləmini). Mənim düşünməyim bilincimin işləməsidir. Düşünməyim
ruhumun hərəkəti, axımıdır. Birdən mən istəyirəm ki, düşünüşümün özünün necəliyinə baxam. İstəyirəm
düşünüşümün gətirib-çıxardığı görkə, anlayışa yox, onun özünə baxam. Və baxanda... Mən elə bil, bir
addım qırağa çıxıram ki, qıraqdan düşünüşümə, onun necə baş verməsinə baxım. Ancaq qırağa çıxanda
düşünüşüm də mənimlə birlikdə qırağa çıxır, axı, qıraqdan baxanda da düşünürəm, məndə iki şüur yoxdur
ki, birini «burada» qoyum, o birisini isə özümlə qırağa çıxartıb, oradan birincini düşünüm.
Beləliklə, necə düşündüyümə baxmaq üçün qırağa çıxanda «baxışımın» qarşısında duran, artıq,
düşünüşüm yox, düşünüşümün daşlaşmış tör-töküntüləri və ya görklər, anlayışlar, donmuş düşüncələr
olur.
Düşünüş anlamağı işə salandır. Ona görə də həmişə anlamağın üz tutduğu hədəfdə yox, anlamağın
çıxdığı başlanğıcda olur.
31
Biz bilincimizi anlamaq üçün «çönüb ona baxanda» bilincimizdə göstərilənləri görürük, göstərəni yox.
Bax, bu göstərənin görünməməsi də bir çox sirləri, gizliləri törədir.
Lenin deyəndə ki, şüur obyektiv gerçəkliyin subyektiv inikasıdır, obrazıdır, bəlkə də bununla anlatmaq
istəyirdi ki, şüurda göstərən özü «Mən» (subyekt) duyumunda, bilimindədir. Görünənlər isə «Mən»in bilib,
duyub, anlayıb-düşündükləridədir. Leninin fikrini əsaslandırmaq istəsək, söyləyə bilərik ki, «Mən»
güzgüdə, başqa bir nəsnənin üzündə şəklini görməsə, özünü bütövlükdə görə bilməz, yalnız özünə baxıb,
əllərini, ayağını və s.-ni görər. Deməli, şüur göstərdiklərini yox, özünü, göstərəni «görmək» üçün
«güzgülər» axtarmalıdır. Belə güzgülərin axtarılması fəlsəfə, psixologiya üçün önəmli bir problemdir.
Ancaq biz yenə qayıdaq «subyektiv obraz»da subyektiv tərəfə.
Sözsüz, insanda adi psixikanın (sadəcə, görmənin, eşitmənin, alıb duymanın və s.,-nin) sayəsində
yaranan görklərin üstündə yeni ruh faktının, yəni şüurun yaranmasında özünübilmə çox önəmlidir. Uşaq
«Mən» əvəzliyini işlətməyə başlayanda, özünü başqalarından ayırıb-seçməyə başlayanda onun şüuru açılıb
gəlişməyə başlayır.
Hegel fərdlə şəxsiyyəti fərqləndirirdi. Deyirdi ki, fərd ibtidai toplumların adamıdır. O hələ özünü
toplumdan, başqalarından kəskin ayırmır. Ona elə gəlir ki, hamı eyni cürdür, hərə hamının biridir,
ayrılmalar boyca, güccə, adına görə ayrılmalardır.
O zaman ki, fərd özünün iç dünyasının dərinliklərinə gözünü açır, öz dünyasının bənzərsizliyini,
bircəliyini duyur, öz istəkləri, öz canatımlarıyla başqalarına uyuşmadığını görür, bax, o zaman da o,
şəxsiyyətə çevrilir. Bu da özünü bilməyin bir dürüdür və bilincin inkişafının səbəbidir.
Özünübilmə və «Mən» duyğusu... «subyektiv obraz» olan şüurda da «subyektiv» sözü özünübilməyi və
«Mən»i anladır. Di gəl ki, bu məsələdə də hər şey qaydasında deyil. «Mən» şüurda müəllifliyi bildirir.
Ancaq tarixdən bizə elə bilinc (şüur) tipləri bəllidir ki, şüurda görünənləri göstərəni «Mən» kimi qəbul
etmir. Məhəmməd peyğəmbər şüurunda peyda olan Quran ayələrini öz «Mən»inin dedikləri saymırdı.
İnanırdı, ya bilirdi ki, onlar onun bilincinə Allah qatından göndərilir. Düzdür, sonralar bəzi psixoloqlar
dedilər: elə mistik adamlar var ki, içlərində peyda olan hikmətli düşüncələri özlərinki saymırlar. Hesab
edirlər ki, bu düşüncələr onlara qeyb aləmindən, İlahi dünyadan gəlir..
Daha kobud açıqlamalar da var: guya peyğəmbərlər öz sözlərini Tanrı sözləri adlandırmaqla adamlara
kələk gəlib, özlərini hörmətə mindiriblər.
Hər halda psixoloqlar gərək öncə sübut etsinlər ki, Tanrı gerçəkliyi bürümüş Ruh deyil. Ondan sonra
deyə bilərlər ki, bu adamın şüurundakı hikmətli deyimlər onun özününküdür, ancaq psixi sapıntıya görə
elə düşünür ki, ona qıraqdan göndərilib.
Avanqard musiqinin ünlü bəstəkarı Qubaydullina bir intervyüsündə söyləmişdi: - «Musiqini mən
yazmıram. Musiqi özü-özlüyündə məndən qıraqda yaşayır və bir dəfə mənim qulağıma eşidiləndə
eşitdiklərimi nota köçürürəm».
Bütün Ortaçağ sufiləri «Allah onun ürəyinə bir nida atdı» deyirdilər və sözsüz, bu inam başqa şüur
konsepsiyasına söykənirdi.
İndi isə şüur probleminin başqa dolaşığından danışaq. Hegelin təsiri ilə Marksizm bilincin bir tanıdıcı
özəlliyi kimi şüurun sosial (toplumsal) hadisə, olay olduğunu göstərirdi.
Şüur sosial hadisə kimi...
Bu o deməkdir ki, şüur toplumda formalaşır. Doğrulducu faktlar çoxdur. Məsələn, uşaqlıqdan
canavarlar arasına düşmüş oğlan... onun psixikası olur, yəni gördükləri, qoxuladıqları onun içində görklər,
obrazlar yaradır, ancaq biz demirik ki, onun şüuru da var. Nəyə görə?
Açaq görək toplum psixikaya nə verir ki, onun bir kəsimi şüura çevrilir. Toplumda əxlaqi ilişgilər
formalaşır: məsələn, dostluqda sədaqət, yaxşılıq etmək və s. Cəmiyyətdə estetik təsəvvürlər formalaşır,
məsələn, bu xalqın gözəllik, faciəvilik, komiklik təsəvvürləri. Toplumda dini ilişgilər, siyasi baxışlar və s.
Dostları ilə paylaş: |