65
- Əlimdə vacib işim olmasaydı, camiyə tüpürməyi sənə göstərərdim.
İslam müsəlmandan paklığı tələb edir. Bektaşi isə bədənini kiri ilə özbaşına buraxıb, istədiyini yapırdı.
Sarığı, üst-başı kirli olan Bektaşidən birisi soruşur:
- Baba, niyə sarığını yumursan?
- Yenə kirlənəcək.
- Yenə yuyarsan.
- Yenə kirlənər.
- Yenə yuyarsan.
- Pəki, amma bu dünyaya sarıq yumaq üçün gəlmədim ya-a!
Bu olaylardan biz görürük ki, təsəvvüf əhli cismaniliyi, nəsnəlliyi bütün əyər-əskiyi, konkret görkləri ilə
dini məsələlərə ala bilərdi, təki nəticəsi gülüş, qorxu doğuran əcaiblik olsun.
Başqa bir obrazda İslamın zahirinə uyarsız olan qəribəliyə çatmağı böyük sufi mürşüdü Təbrizli Şəms
verir: - «Əgər Kəbəni birdən-birə aradan götürsəydilər, adamlar görərdi ki, biri-birinin könlünə sitayiş
edirlər».
Bu, təsəvvüfdə sufilərin başqasına, insana necə baxmasına örnəkdir. Sufizmdə ideyaya, məntiqə əsasən
aparılan qəribə düşüncə axtarışları ona gətirib çıxarırdı ki, məsələn, Quranda pislənən, Musa peyğəmbərin
düşməni olan Fironu İbn-Ərəbi mömin kimi doğrultmağa çalışırdı.
Sufizmdə Allaha qovuşmaq
Sufizmdə insanın Allahın əli ilə yaranışını eniş, Allaha can atmasını qalxış adlandırırdılar. Bu qalxış
həqiqətə doğru qəribəliklərlə dolu səyahət idi. İnsanın qalxışı üçün nələr etmək gərək idi? Bunu təsəvvüf
zənginliklə açırdı. Sufizm bilgə olmaq istəyənə belə yol göstərirdi:
a) Bilməlisən ki, bütün olanlar Allahın işidir;
b) bilməlisən ki, bütün əlamətlər (sifətlər) Allahın sifətləridir;
v) bilməlisən ki, hər şey Üstün Varlıqdan var olub.
Bütün bunları bilib, bunun əsasında yaşamaq zikrlə yaşamaqdır. İslamda zikr həmişə Allahı anmaqdır.
Danışığımızdakı «Allah bilir», «inşallah», «bismillah» və s. zikrin dilimizdə formulalarıdır.
Zikr edən insanın ruhunda, ən axırda, Allahın adından, Allahın varlığı haqqında düşüncələrdən savayı
heç nə qalmır. Həmin insanın bilinci bütünlüklə Allah haqqında düşüncələrlə örtülür. Onun üçün də
təsəvvüf tələb edirdi: - «Özündə öl ki, Allahda var olasan», yəni səndə səndən heç nə qalmayanda, səndə
Allah haqqında düşüncələr, duyğulardan savayı heç nə qalmayanda, sənin özlüyün yox olur. Bax, bu
hallarında sufilər «Mən haqqam» (Ən əl-həq, yəni mən Tanrıyam) deyə bilərdilər, çünki məndə özümdən
heç nə qalmayıbsa, məni yalnız Allah bürüyübsə, «mən Allaham» deyəndə «Allah haqqında düşüncələrdən
savayı məndə heç nə yoxdur» demək istəyirəm. Onun üçün də sufi ərənləri (yetkinliyə çatmış kişiləri)
Allaha qovuşmağın üç pilləsini (məqamını, dayanacağını, durağını) sayırdılar:
66
Biliş
Görüş
Oluş
Yəni biliyə vasitə kimi, Allahla görüşə yollayan arac kimi baxırdılar. Yollanandan sonra Görüş gəlirdi və
burada sufi Allahın gözəlliyinə (gözünün qabağına gələn gözəlliyinə) vəcdlə tamaşa edib, bayılırdı. Görüş
Oluşla, yəni əsl varolumla, Allahda dirilməklə sonuclanırdı (ilk Xristianlıqda da əsas ideya bu idi ki,
indiyənəcən suçlara batmış adamlar özlərində ölüb İsusda dirilməliydilər).
Sufi oluş məqamında Allahın sonsuz ümmanında qətrə kimi düşüb, əriyirdi, əsl varlıqda ərimiş olurdu.
Bundan sonra isə o yenidən adamlar arasına qayıdıb, artıq, başqalarına Allah nurunu çatdıra bilərdi (oxşar
qayıdış Buddizmdə də vardı). Və adamlar arasında bu yaşayışında sufi arifləri (ərənləri) yaxşı bilirdilər ki,
«varlığını haqqa vermək, varını xalqa verməkdir». Sufi üçün yaşamaq vəzifəsi «Doğruları haqdan alıb xalqa
vermək idi».
Biz gözdən keçirdiyimiz bütün bu faktlarda, – sufi özünübildirmələrində, sufi özgələrinibilmələrində,
sufi Allahıbilmələrində Əcaibliklərə, gizlilərə, sirlə üzə çıxanların oyununa sufilərin böyük həzzlə, böyük
maraqla, tamahla baxmasını görürük. Belə baxış Dao bilgəsində olmazdı, çünki o çox sakit, boşluğa,
susqunluğa dalmış idi. Belə baxış Buddizm bilgəsində olammazdı, çünki dünyada olanlara o, gözlərini çox
kilidləmişdi. Sufi isə o qədər Allah gözəlliyinə aşiq, cazibəli idi ki, ona cəzb əhli deyirdilər.
Sufi gözünə görünən Allah gözəlliyindən vəcdə gəlib, özünü, hər şeyi unudurdu. Bu vaxt Allahın
sonsuzluğunda yox olurdu. Özünə gələndə isə bu sonsuzluq halından heç nə deyə bilmədiyi üçün, bu
sonsuzluq halından dərin bir xoşbəxtliyi, ruh dincliyini, nəsə zənginliklərə batıb-çıxmış adam duyğusunu
gətirdiyi üçün deyirdi ki, fəna, bəqa halında idim. «Fəna» yoxluğu bildirir, «bəqa» isə fəna vəziyyətinə
düşmüş sufinin əbədiliyə, həmişəliyə düşməsini bildirir. Hər ikisi onu bildirir ki, sufi öz «Mən»indən azad
olmuşdur. Bax, burada sufi Daoya dalmış, Nirvanaya keçmiş müdriki çox andırırdı. Ancaq yenə də sufi
üçün Allah nə Dao idi, nə də Nirvana. O, Allah ümmanına dalanda özünü Daodakı, Nirvanadakı kimi
duyurdu. Başqa durumunda isə Allahı, – gözəlliyi, sonsuz bilinc, duyuş dolğunluğu olan ən Uca Şəxs kimi
görürdü. Və sufi bu Şəxsin vurğunu idi. Öz gizlisində (ürəyində) Onunla söhbət edirdi, Ona eşqini sübut
edirdi. Bu Sevgili Varlığın sevgisinə layiq olmaq üçün özünün də bir az zəngin olmasını hər halda
göstərməyə çalışırdı.
Kişi öz sevgisində özünün dərin olmasını, yaxşı olmasını, sevgiyə bununla layiq olmasını göstərmək
üçün olmazın işlərini edir. O ki qaldı, sevgi Allaha ola. Sufi bütün qəribəlikləri ilə sirli eyləmləri, edimləri
ilə, gizlilərlə oyunları ilə gizlilər gizlilərinin Ümmanı Allaha yaxınlığını göstərirdi (həm özünə, həm
başqalarına).
Sufi yaradıcılıqla yaşayandır
Yaradıcılıq olanın təkrarı deyil, yeniliyi tapmaqdır. Allah yaradıcı Varlığını bu əcaib, paradoksal
dünyanı, insanı yaratmaqla gerçəkləşdirmişdir. Sufi də eləcə yaşayışını yaradıcılıqla yaşayırdı. Bütün ünlü
sufilərin həyatı qəribəliklər zühur edən yaradıcılıqla, Şəriətə uymayan və sığmayan əcaibliklərlə doludur.
Ona görə də Məcnun və sevgilisi uğrunda Xristianlığa keçmiş Şeyx Sənan sufilərə belə doğma idi. Ona görə
də təsəvvüf Nizamiyə, Nəsimiyə, Füzuliyə belə doğma idi.
Təsəvvüf öz fəlsəfəsi ilə insanda aşağıda söyləyəcəklərimizi açmışdı və anlatmışdı ki, səndə bütün
bunlar var və gözlərini bunlara aç!
Fəlsəfə insanda gündəlik şüurun ağlına gəlməyən
tərəfləri açır
Dostları ilə paylaş: |