yaşamış inqilablar beşiyi qoca Təbrizin tarixini vərəqləməklə başlayır və ağır
illərin hadisələrini ardıcıl olaraq sıralayır.
Nəhayət, şair qoca Təbrizin səmasında 1946-cı ildə parlayan azadlıq
günəşini, xoşbəxt, firavan insanlarını, tükənmək bilməyən gözəlliklərini,
yamyaşıl bağlarını, cənnət məkanlarını təsvir edir, ancaq bu parlaq günəşin
qüruba endiyi məqamları da unutmur:
Miladdan yeddi əsr əvvəldən
Yeddi əsir keçənə qədər,
Yad ellərin, xain əllərin
İşğal vəsvəsəsinə,
Qara illərin sel və zəlzələsinə
Giriftar idi.
Ürəklərə qəm doldu
Təbriz, bir kor kənd oldu... (8, 139).
Nəhayət, əsərin sonuna doğru şair böyük ruh və inadkarlıqla oxucunu
inqilabi mübarizələrin əhəmiyyətinə inandırmağa çalışır, Təbrizin 1979-cu
ildə baş vermiş növbəti inqilabda – 29 Bəhməndə nisbi azadlığa çıxdığını
nəzmə çəkir.
Əsər son dərəcə düşündürücü notlarla köklənib və oxucu poema
ilə tanışlıqdan sonra Təbrizin hansı əzab-əziyyətlərə sinə gərdiyini
asanlıqla dərk edir. “Təbriz” poeması H.Nitqinin müasirlərinə tutarlı
bir ismarıcıdır. Şair bəlalı yurdunun və xalqının əsrlər boyu başına
gətirilmiş faciələrdən və buraxılan səhvlərdən nəticə çıxarmağı, örnək
götürməyi tövsiyə edir. Çünki “İnsan üçün böyük dərslərdən biri də
tariхdir. Aç qabağına tariхin səhifələrini və əgər gördün ki, bir vaхt
İnsanlar bir para işlərdə səhv еdiblər, dəхi sən həmin səhvi еtmə” (9,
288).
XX əsrin 40-cı illərində Güney Azərbaycanda baş verən ictimai-siyasi
canlanma dövrün ədəbi hərəkatının güclənməsinə təkan oldu. Həmin illərdə
Cənubda ədəbi hərəkatın ümumi cəhətləri, mahiyyət və xüsusiyyətləri geniş
tədqiq olunmuş və bu, sonrakı mərhələlər üçün bir növ, aparıcılıq rolunu
oynamışdır. Tədricən formalaşan və inkişaf edən ədəbi hərəkat ciddi maraq
doğurmuşdur. Bu maraq ədəbiyyat tənqidçilərini də qələmə sarılaraq o
dövrün ədəbiyyatını təhlil və tədqiq etməyə ruhlandırmış və onlar təxminən
60 illik ədəbi hərəkatın elmi-nəzəri və ədəbi tədqiqi ilə məşğul olmuşlar.
Çağdaş dövr Güney şairlərindən Sönməzin “Babam özü
gələcək”, “Böyük dərd”, “Ağır illər”, Şəhriyarın “Stalinqrad qəhrə-
manları”, “Gecənin əfsanəsi”, Biriyanın “Ərk qalası” və “Azərbaycan
əsgəri”, Haşım Tərlanın “21 Azər və Pişəvəri”, “Araz gülür”, Sə-
həndin “Araz”, “Xatirə”, Hilal Nasirinin “Qəhrəmanlar”, Mənuçöhr
Əzizi Harayın “Yandırılan sazlar”, “Tarçı Şulan”, Qaflantının “Bizim
kəndin bir illik tarixi”, Həmid Nitqinin “Təbriz”, “Günəş”, “Dastan
ölməz” və s. kimi poemalarında tarixilik prinsipləri gözlənilmişdir.
Tarixilik və müasirliyin ədəbi xassə kimi səciyyələndirildiyini, həyatın
ağır sınaq və çətinliklərinin tarixi perspektivdə dərk edildiyini Səhəndin
(1926-1979) “Araz”, “Xatirə”, “Fərhad”, “Sazımın sözü” poemalarında da
izləyirik. Bu poemalardakı bədii dilin təmizliyi və səlisliyi, ifadələrin
rəvanlığı, tarixi faktların bədii təcəssümü böyük maraq doğurur. “Sazımın
sözü” poemasını Azərbaycan folklorunun klassik nümunələrindən olan
“Kitabi-Dədə Qorqud” dastanlarının boyları əsasında yazan şairin qüdrəti
ondadır ki, o, sadəcə boyların məzmunlarını şeir ilə nəql etməmiş, süjet və
kompozisiya baxımından da təkrarçılığa yol verməmiş, oğuzların tarixən
keçdiyi inkişaf yolunu orijinal təhkiyə ilə qələmə almışdır.
Şəhriyar, Səhənd, Sönməz, Sahir və b. sadiq qaldıqları tarixilik-
ənənəçilik və çağdaşlıq prinsipləri Güney ədəbiyyatında yeni canlanmanın
yaranmasına güclü təkan olmuşdur.
Sönməz “Böyük dərd” poemasında
yazırdı: “İranda inqilabdan sonra zahirdə cinayətkar Savak təşkilatının
şöbələrinin birindən ələ düşmüş bir siyahının əsasında hazırlanmış bir
kitab nəşr olundu. 8000 cinayətkar Savak üzvləri! Kitabda çoxlu
Savak adamlarının adı, familiyası, rəmzi nömrəsi, ləqəbi yazılmaqla
bərabər, bir çox adamların da təkcə adları yazılmışdır. Bu adamların
çoxu Savak tərəfindən təqib, həbs, işgəncə və bir neçəsi də edam olun-
muşdur. İnqilabın məsul adamları tərəfindən kitabın xaləti nəfiy
olarkən bu günə kimi siyahının haqqında bir aydın və qəti nəzər bura-
xılmamışdır. Kitabda adı yazılan adamların özlərinə yox, ancaq
onların işlədiyi yerlərdə qurulan “Təfsiyyə Komitələri” tərəfindən
soruşulanda, o komitənin ünvanına lazımi cavablar verilir və
adamların əlinə heç nə verilmir
(10,
157).
“Böyük dərd” poemasının preambulasını olduğu kimi verməkdə
məqsədimiz Güney şairlərinin necə ağır bir şəraitdə yazıb-yaratdığına,
taleyin gözlənilməzliklərinə qalib gələn insan ruhunun nələrə qadir
olduğuna diqqəti yönəltməkdir. Sanki bu əsər taleyə, qəzavü-qədərə,
dərdə meydan oxuyan insan ruhunun yenilməzliyinə şairin heyranlığı
nəticəsində yaranıb. “Böyük dərd” adlandırdığı bu poemada insanların
gündəlik və mənəvi həyatını cəhənnəmə döndərən diktatura rejimin-
dən, mənsub olduqları xalqı məhv edən hadisələrdən, bu hadisələrin
verdiyi dərdin əlində gündə min dəfə ölüb-dirildiyindən söhbət açır.
Şair oxucuya sətiraltı mənada çatdırır ki, islah olunmuş insan fiziki
əziyyət çəksə də, istismara qarşı çıxır və ruhən, mənən əzilməməyə
çalışır:
Cahanda ruhuyla insan diridir!
Ruh onun izzəti şərafətidir.
İnsanın kimliyi tək adı deyil,
Onun mənliyidir, heysiyyətidir
(10
,
162).
Haşım Tərlanın (1923-2014) yaradıcılığını izlədikdə 1945-46-cı
illərdə baş verən hadisələrin, geniş vüsət alan xalq hərəkatının şairə yeni
ilham qaynağı olduğunu görür və “21 Azər və Pişəvəri”, eləcə də “Araz
gülür” poemalarının həmin hadisənin güclü təsirilə qələmə alındığını
anlayırıq. “21 Azər və Pişəvəri” poemasında şair yaşadığı illərin inqilabi
mübarizə ruhunu, məğlubiyyətin ağrı-acılarını aydın ifadə etmiş, ictimai-
siyasi motivləri daha çox qabartmışdır. O, Milli Hökumətin qurucusu, xalq
qəhrəmanı S.C.Pişəvərinin qaranlıqlara, zülm və əsarətə qarşı üsyan etdiyini,
fironluğa düşmən kəsildiyini, apardığı mübarizənin gücündən şahların belə
qorxub əl-ayağa düşdüyünü obrazlı şəkildə canlandıraraq, tarixilik və
müasirlik müstəvisindən təqdim edir:
İnsan var ki, ömür deyə günün saydı,
İnsan da var, döyüşlərə səngər oldu.
Bu insana döyüş yolu olmasaydı,
Deyərdi ki, ömrüm-günüm hədər oldu (11, 16).
Güney şairləri içərisində öz dəsti-xəttilə seçilən, vətənsevər, milli
təəssübkeş, zorakılığa qarşı mübarizə amalı və duyğuları ilə yaşayıb yaradan
Mənuçöhr Əzizi Haray (1937) “Yandırılan sazlar” və “Tarçı Şulan”
mənzumələrində Azərbaycan milli mədəniyyətinin, xalqın zəngin keçmişinin
düşmənlərini, İİR dövlətinin daşürəkli məmurlarını bütün xalqa, dünyaya
tanıdır, Azərbaycan türklərinə qarşı yeridilən anti-insani, zorakı assimil-
yasiya siyasətini lənətləyir. Onun hər iki poemasını oxuduqda “Haray”
təxəllüsü ilə Tarçı Şulanın harayı, fəryadı, eləcə də “Yandırılan sazlar”ın
ərşə dirənən ahları arasında qəribə bir bağlılıq görünür. Mənuçöhr Əzizi
sanki Tarçı Şulanın-Azərbaycan musiqisinin və qədim musiqi alətlərimizin
bu fədaisinin yaşadığı ağrıları yaşayıb, yanğısını duyub, göz yaşlarının
acısını dadıb. Həyatı, canı qədər sevdiyi tarını əlindən alıb sındıran – hakim
rejimin hissiz-duyğusuz, qəlbinə daş bağlamış cəllad məmurunun həmin
tarla onun başına vura-vura öldürdüyü qoca sənətkarla birlikdə ölüb-dirilib.
Belə ki, İran İslam İnqilabının qələbəsindən sonra, 1980-81-ci illərdə dini
əsaslar üzərində qurulmuş yeni dövlətin ilk illərində tar və saz kimi Azər-
baycan türklərinə məxsus bütün qədim milli musiqi alətləri İranda “Şeytan
işidir” bəhanəsi ilə yasaqlanır. Şəriətə görə, musiqi insanı nəşələndirərək
cilvələndirir və onda eyşi-nuş halları yaradır ki, bu üzdən də haram buyrul-
muşdur. Bu qadağanı heç cür “anlayamayan” Marağanın məşhur tar ustadı,
muğamların istedadlı ifaçısı Şulan heç bir qadağaya məhəl qoymadan tarını
Dostları ilə paylaş: |