NüBÜVVƏTİn sonunun siRRİ



Yüklə 347,33 Kb.
səhifə1/8
tarix23.10.2017
ölçüsü347,33 Kb.
  1   2   3   4   5   6   7   8

NÜBÜVVƏTİN SONUNUN SİRRİ


İslam dininin gəlişi ilə onun əbədiliyi və nübüvvət kitabının sona yetməsi elan olunmuşdur. Müsəlmanlar nübüvvətin sona yetməsini həyata keçmiş bir məsələ kimi mənimsəmişlər. Onlar üçün həzrət Muhəmməddən sonra yeni bir peyğəmbərin gəlib-gəlməməsi sual doğurmamışdır. Qurani-kərim peyğəmbərliyin sona yetməsini açıq şəkildə elan etmiş və Peyğəmbər (s) onu dəfələrlə vurğulamışdır. Yeni bir peyğəmbərin gəlməsi ideyası, müsəlmanlar arasında Allahın təkliyini, yaxud qiyaməti inkar etmək kimi, İslam inancları ilə müxalif sayılmışdır.

İslam alimləri tərəfindən bu zəmində aparılan tədqiqatlar yalnız bu ideyanın dərinliyinə varmaq və nübüvvətin sonunun sirrini kəşf etmək məqsədi daşımışdır.

Vəhy və nübüvvətin mahiyyəti bəhsinə girişmirik. Minimum bunu bilmək lazımdır ki, vəhy, batinin qeyb və mələkut aləmi ilə təmasda olaraq hidayəti mənimsəməsidir. "Nəbi" digər insanlarla özgə bir aləm arasında əlaqə vasitəsi və həqiqətdə insan aləmi ilə qeyb aləmi arasında bir körpüdür.

Fərdi və şəxsi baxımdan nübüvvət bir insan fərdinin ruhi şəxsiyyətinin genişlənmə və yüksəliş rəmzi, ümumi baxımdan isə, insanları hidayət etmək üçün bir fərd vasitəsilə digərlərinə çatdırılan ilahi xəbərdir.

Məhz buradadır ki, xatəmiyyət ideyası bizi bir sıra suallarla üzləşdirir. O cümlədən: Görəsən peyğəmbərliyin sonu və Xatəm ən-nəbiyyindən (sonuncu Peyğəmbər) sonra yeni bir peyğəmbərin gəlməməsi, bəşəriyyətin mənəvi istedadlarının azalması və ruhi yönlərdə tənəzzülüdürmü? Görəsən zəmanə artıq qeyb və mələkut aləmi ilə təmasda ola biləcək mələkut sifətli övladlar doğmaqdan aciz olmuşmu və peyğəmbərliyin sona çatmasını elan etmək, belə bir övladları doğmaqda təbiətin sonsuz olmasınımı çatdırmaqdır?

Bundan əlavə, nübüvvət bəşərin ilahi xəbərə ehtiyaclı olması deməkdir və bu xəbər keçmişdə dövr və zamanlardan asılı olaraq dəyişmişdir. Peyğəmbərlərin davamlı olaraq gəlişi, şəriətin daimi dəyişməsi, səmavi kitabların sürəkli nəsx olmaları bütün bunlar bəşərin ehtiyaclarının zamanbazaman dəyişməsi və hər bir dövrdə yeni xəbər və xəbərgətirənə ehtiyaclı olması səbəbindəndir. Bununla belə, nübüvvətin sonunu elan etməklə bu rabitənin birdəfəlik qırılmasını, insan aləmi ilə qeyb aləmini bir-birinə birləşdirən körpünün dağılmasını və bir daha insana heç bir xəbərin çatmamasını və bəşəriyyətin mükələfiyyətsiz qalacağını zənn etmək olarmı?

Bütün bunlardan əlavə, bildiyimiz kimi Nuh, İbrahim, Musa və İsa kimi şəriət sahibi olan peyğəmbərlərin arasındakı fasilə dövründə, əvvəlki şəriətin təbliğatçısı sayılan bir sıra peyğəmbərlər də gəlmişlər. Nuhdan sonra Nuhun şəriətini yayan, təbliğ edən minlərlə nəbi gəlmişdir; eləcə də İbrahim və başqalarından sonra. Təşrii1 nübüvvətin kəsildiyini qəbul edərək İslam şəriəti ilə bütün şəriətlərə son qoyulduğunu desək də, niyə təbliğ xarakterli peyğəmbərliklər İslamdan sonra kəsildi? Niyə hər peyğəmbərdən sonra bu qədər peyğəmbər gəlmiş, lakin İslamdan sonra hətta bir nəfər də olsa belə bir peyğəmbər gəlməmişdir?

Bütün bunlar peyğəmbərliyin sona yetməsi əqidəsindən qaynaqlanan suallardır?

Bu əqidəni təqdim edən İslam bütün bu sualları cavablandırmışdır. İslam nübüvvətin sonu ideyasını elə tərzdə canlandırmışdır ki, nəinki insanda şübhə və tərəddüdə yer qoymur, hətta onu böyük bir fəlsəfə kimi formalaşdırdır. İslam nəzərindən, nübüvvətin sonu ideyası bəşəriyyətin tənəzzülü, bəşəri istedadların azalması, zəmanənin sonsuzluğu, bəşərin ilahi xəbərə ehtiyacsızlığı və bəşərin dəyişkən müxtəlif zaman və dövrlərdə ehtiyaclarına cavab verməklə ziddiyyət təşkil etmir, əslində özgə bir səbəb və fəlsəfəsi vardır.

Hər şeydən öncə xatəmiyyət ideyası ilə İslam təqdim etdiyi kimi tanış olaq, onu araşdıraq və daha sonra öz suallarımızın cavabını eşidək.

Əhzab surəsinin 40-cı ayəsində buyurulur:

﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ﴾

"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur."2

Bu ayə rəsmi şəkildə həzrət Muhəmmədi (s) "xatəm ən-nəbiyyin" (peyğəmbərlərin sonuncusu) ləqəbi ilə yad edir.

"Xatəm" sözü ərəb dilində hərfi mənada, nəyisə sona çatdırmaq üçün istifadə olunan şey mənasını ifadə edir. Məktubu bağladıqdan sonra üzərinə vurulan möhür də məhz bu baxımdan "xatəm" adlanır. Çünki adətən üzüyün qaşının üzərinə xüsusi ad və əlamət yazılırdı ki, elə bu şəkildə məktubların üzərinə vurulduğundan, üzüyə də "xatəm" deyirdilər.

"Xatəm" sözü ilə bir kökdən olan bütün sözlər Quranda hər yerdə sona yetirmək, yaxud bağlamaq mənasını ifadə edir. Məsələn Yasin surəsinin 65-ci ayəsində belə oxuyuruq:



﴿الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ﴾

"Bu gün onların ağızlarını möhürləyirik və onların əlləri Bizimlə danışar və etdikləri əməllər barəsində ayaqları şəhadət verər."

Əhzab surəsinin 40-cı ayəsinin deyiliş tərzi özü bunu çatdırır ki, bu ayə nazil olmazdan əvvəl də İslam Peyğəmbəri vasitəsilə, peyğəmbərliyin sona çatması müsəlmanlar arasında tanınmış bir məsələ idi. Müsəlmanlar Muhəmmədi "Rəsulullah" olaraq tanıdıqları kimi, "Xatəm ən-nəbiyyin" kimi də tanıyırdılar. Bu ayə sadəcə xatırladır ki onu, filan şəxsin atalığı kimi deyil, Rəsulullah və Xatəm ən-nəbiyyin kimi səsləyin.

Bu ayə təkcə peyğəmbərliyin sonu əqidəsinin özəyinə işarə edir və ona yeni bir şey artırmır.

Hicr surəsi 9-cu ayədə belə gəlmişdir:



﴿إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ﴾

"Şübhəsiz ki, bu kitabı Biz nazil etdik və sözsüz ki, Biz də onun qoruyucusuyuq!"

Bu ayədə misilsiz qətiyyətlə Quranın təhrif və dəyişiklikdən kənarda qalmasından söz açılmışdır.

İlahi missiyanın (risalətin) dəyişməsinin və yeni peyğəmbərlərin gəlişinin səbəblərindən biri də, peyğəmbərlərin təlimlərində və müqəddəs kitablarında baş verən dəyişikliklərdir. Bu cəhətdən artıq o kitablar və təlimlər xalqın hidayəti üçün öz səlahiyyətini əldən vermişdir. Çox vaxt peyğəmbərlər unudulmuş adətlərin dirçəldicisi və qabaqkıların dəyişdirilmiş təlimlərinin islahedicisi olmuşlar.

Bundan əlavə, bir çox peyğəmbərlər kitab, şəriət-qanun sahibi olmayıb, yalnız kitab və şəriətə sahib olan bir peyğəmbərin davamçısı olmuşlar. Nümunə olaraq, İbrahimdən Musanın zamanına qədər və Musadan İsaya qədər gəlmiş peyğəmbərləri göstərmək olar. Qanun və şəriət sahibi olan peyğəmbərlər də əsasən, öncəki peyğəmbərlərin qanunlarını təsdiqləyirdilər. Peyğəmbərlərin davamlı gəlişi təkcə həyat tərzinin dəyişkənliyi, təkamülü və bəşərin yeni xəbərə və yeni hidayətçiyə ehtiyacından deyil, əsasən, səmavi kitabların, təlimlərin məhv olması, təhrifi və dəyişdirilməsindən qaynaqlanır.

Neçə min il öncə bəşər elmi və dini irsini qoruyub saxlamaqda aciz idi. Bundan artıq da ondan nəsə gözlənilmirdi. Bəşər öz dini irsinin orijinallığını qoruyub saxlaya biləcək qədər təkamülə yetişdikdə yeni bir sözün və sözçünün (yeni bir xəbərin və peyğəmbərin) gəlməsinin başlıca səbəbi aradan gedir və bir dinin əbədiliyi üçün lazım olan zəruri şərtlərdən biri artıq yaranmış olur.

Yuxarıdakı ayə Quranın nazil olması tarixindən bu yana, nübüvvət və risalətin yeniləşməsinin başlıca amilinin aradan getməsinə toxunmaqla, həqiqətdə nübüvvətin sonunun sütunlarından birinin əmələ gəlməsini elan edir.

Hamımızın bildiyi kimi, dünyanın səmavi kitabları arasında, zərrə qədər də dəyişikliyə uğramayan və tam olaraq orijinallığını saxlayan yeganə kitab Qurandır. Bundan əlavə, hz. Rəsulun xeyli miqdarda sünnəsi, zəmanənin şərindən uzaq olaraq qəti və danılmaz şəkildə əlimizə yetişmişdir. Xatırladaq ki, bir qədər sonra izah edəcəyik ki, müsəlmanların səmavi kitabını təhrifdən qoruyan ilahi vasitə bu zamanın bəşərinin tərəqqisi və qabiliyyətidir ki, bu da öz növbəsində, bu dövrün insanının ictimai şüurunun yetkinləşməsinin göstəricisidir.

Əslində, xatəmiyyətin rüknlərindən biri, bəşərin ictimai şüurunun, öz elmi və dini irsini qoruyb özü onu nəşr, təbliğ, təlim və təfsir edə biləcək qədər yetişməsi, inkişaf etməsidir. Bu mətləb ətrafında daha sonra söz açacağıq.

Quranı büsbütün əhatə etmiş ayələrdə dünyanın əvvəlindən sonuna qədər dinin vahid olması və bütün peyğəmbərlərin bəşəriyyəti bir olan dinə tərəf çağırmaları haqda heyrətamiz sirrlər var. Şura surəsi 13-cü ayədə oxuyuruq:

﴿شَرَعَ لَكُم مِّنَ الدِّينِ مَا وَصَّى بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى﴾

"Allah: "Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi (bir din olaraq təyinləşdirdi)".

Quran hər yerdə Adəmdən Muhəmmədə (s) qədər insanları ona tərəf dəvət etdiyi bu qanunun, dinin adını "İslam" adlandırır. Məqsəd isə, hər bir dövrdə bu adla tanınması demək deyil. Məqsəd budur ki, din elə bir həqiqətə, mahiyyətə malikdir ki, onu ən gözəl tanıtdıran "İslam" kəlməsidir. Ali-İmran surəsi 67-ci ayədə İbrahim haqda buyurur:



﴿مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلاَ نَصْرَانِيًّا وَلَكِن كَانَ حَنِيفًا مُّسْلِمًا﴾

"İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O haqqa yönəlmiş olan müsəlman idi."

Bəqərə surəsi 132-ci ayədə isə, Yəqub və onun övladları haqda belə deyir:



﴿وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللّهَ اصْطَفَى لَكُمُ الدِّينَ فَلاَ تَمُوتُنَّ إَلاَّ وَأَنتُم مُّسْلِمُونَ﴾

"İbrahim və Yəqub öz oğlanlarına belə vəsiyyət etdilər: Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"

Bu barədə Quran ayələri xeylidir, bütün bu ayələri qeyd etməyə lüzum yoxdur.

Şübhəsiz ki, peyğəmbərlərin bəzi qanunlarda və şəriətlərdə bir-birləri ilə müəyyən fərqləri olmuşdur. Quran dini vahid bilməsinə baxmayaraq, eyni zamanda şəriətlərin, qanunların fərqliliyini də qəbul edir. Bu haqda Maidə surəsi, ayə 48-də deyilir:

﴿لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا﴾

"Sizin hər biriniz (hər qövm, hər ümmət) üçün bir şəriət və bir yol tə’yin etdik".

Lakin, peyğəmbərlərin dəvətindəki nəzəri və praktiki prinsiplər eyni olduğu və onların insanları bir magistral yola yönəltdikləri üçün cüzi qanunların-şəriətlərin müxtəlifliyi, Quranın məntiqində "İslam" adlandırılan bu yolun mahiyyətində-cövhərində təsir bağışlamamışdır. Peyğəmbərlərin təlimlərinin bir-biri ilə fərqliliyi, bir ölkənin vahid konstitusiyadan ilham alaraq, dəyişkən zamanlarda icraya qoyulan proqramlarına bənzəyir. Peyğəmbərlərin təlimləri bir sıra fərqliliklər ilə yanaşı, eyni zamanda bir-birlərinin təkmilləşdiricisi və tamamlayıcısıdırlar.

Peyğəmbərlərin səmavi təlimlərindəki müxtəliflik ziddiyyətli təfəkkürə sahib olan fəlsəfi, siyasi, ictimai və ya iqtisadi məktəblərin ixtilafı kimi olmamışdır; peyğəmbərlər, vahid bir məktəbin və tezisin davamçısı olmuşlar.

Peyğəmbərlərin təlimlərindəki fərqlilik ya ali siniflərlə aşağı səviyyəli siniflər arasındakı fərqin və ya bir prinsipin ayrı-ayrı şərait və durumlarda fərqli çeşiddə icraya qoyulmasının tipindəndir.

Bidiyimiz kimi, şagird yuxarı siniflərdə elə məsələlərlə qarşılaşır ki, əvvəllər buna rast gəlməməsi ilə yanaşı, bəzən öncədən öyrəndiyi, uşaq zehni ilə canlandırdığı bir sıra məsələlər alt-üst olur. Peyğəmbərlərin təlimləri də belədir.

Tovhid, peyğəmbərlərin ucaltdığı binanın bünövrəsini təşkil edir; lakin tovhidin özü dərəcə və mərtəbələrə bölünür. Bir avamın vahid Allah haqda zehnində olan təsəvvürü, bir arifin qəlbində keçənlərlə eyni deyil. "Əgər Əbuzərr Səlmanın qəlbindəkiləri bilsəydi, onu kafir sanar və onu öldürmək fikrinə düşərdi".3

Şübhəsiz, Hədid surəsinin ilk və Həşr və "Qul huvəllahu əhəd" surəsinin son ayələri neçə min il öncəki insanlar üçün (hətta min il əvvəlin insanları üçün) dərk olunası deyildi. Bu ayələr tovhid əhlindən yalnız az sayda fərdləri öz dərinliyinə cəzb edirdi. İslam ədəbiyyatında qeyd edilmişdir ki: "Allah, sonralar dərin düşüncəli insanların dünyaya gələcəyini bildiyinə görə "Qul huvəllahu əhəd" surəsini və Hədid surəsinin ilk beş ayəsini nazil etdi".4

Ümumi bir prinsipin ayrı-ayrı şəraitdə icra forması da fərqli çeşiddədir. Peyğəmbərlərin metodundakı təfavüt qanunun ruhundan deyil, onun icra formasısı baxımından olmuşdur. Bu, sonralar barəsində danışacağımız bir mətləbdir.

Qurani-kərim heç vaxt "din" sözünü cəm şəklində (ədyan) gətirməmişdir. Din sözü Quranda hər yerdə tək şəkildə gəlmişdir, çünki, var olmuş və var olan dinlər deyil, dindir.

Bundan əlavə, Quran açıq-aydın buyurur ki, din, insan fitrətinin istəyi və bəşərin ruhi təbiətinin nidasıdır.



﴿فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا﴾

"Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut."5

Məgər bəşər neçə cür fitrət, təbiət və yaradılışa sahib ola bilər?! Dinin əvvəldən sonadək vahid olması və bəşər fitrəti ilə bağlılığı (o da öz növbəsində birdən artıq ola bilməz) böyük bir sirrə, fəlsəfəyə malik olub, təkamülün hikmətinə dair bizə spesifik bir baxış bəxş edir. "Təkamül" sözü ilə hamı tanışdır; hər yerdə təkamüldən söz açılır: dünyanın təkamülü, canlıların təkamülü, insanın və toplumun təkamülü.

Bu təkamül nədir və necə baş verir? Görəsən bir sıra təsadüfi səbəblərdirmi ki, təkamüllə nəticələnir, yoxsa, təkamülə doğru gedən varlığın təbiətində təkamülə doğru meyl mövcuddur ki, o öncədən öz yolunu seçmişdir?

Quran baxımından, dünyanın, insanın və cəmiyyətin təkamül prosesi əvvəlcədən məqsədyönlü şəkildə "Sirat əl-Mustəqim" xətti üzərində istiqamətləndirilmiş və onun başlanğıcı, trayektoriyası və sonu müəyyən edilmişdir:



﴿وَأَنَّ هَذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ﴾

"Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın.!"6

İnsanın təkamülü bir sıra faktorların (o cümlədən sənaye, ictimai və iqtisadi amillərin) təsiri altında daima istiqamətini dəyişən və hər bir dövrdə ayrı bir yol üzərində hərəkət edən prosses deyil.

Quranın israrla dini vahid bilməsi, ancaq bir magistral yolu tanıması və qanunların, şəriətlərin müxtəlifliyini bu magistralın içərisindəki xəttlərə aid etməsi sözügedən fəlsəfi prinsipə əsaslanır.

Bəşər öz təkamül yolunda, müəyyən məqsədə tərəf hərəkət edən, lakin yolu tanımayan karvana bənzəyir; müəyyən məsafədən bir, yolu tanıyan biriylə rastlaşır və ondan aldığı nişanələrlə onlarla kilometr yolu qət edərək, bir daha yeni bələdçiyə ehtiyaclı olduğu yerə yetişir; ondan nişanə almaqla qarşısında yeni üfüq açılır və bu əlamətlərlə əlavə onlarla kilometr yolu qət edir; bu minvalla tədricən özü öyrənmək qabiliyyəti əldə edərək yolun ümumi xəritəsini sahibindən əxz edir və bu xəritəni əldə tutaraq birdəfəlik yeni bir bələdçiyə ehtiyacı kəsilir.

Quran bəşər yolunun konkret, düz bir yol olmasını və bütün peyğəmbərlərin insanlara yol göstərərkən zaman və məkan şəraiti baxımından fərqlilikləri ilə ilə yanaşı, eyni məqsədə, eyni yola hidayət etmələrini bildirərək xatəmiyyət ideyası üçün zəmin hazırlayır və onun digər rüknlərindən birini izah edir; çünki xatəmiyyət o zaman məntiqli olacaqdır ki, təkamüldə olan dəyişkən bəşərin hərəkət yolu düz və onun müəyyən edilməsi mümkün olsun; lakin bəşərin özü qeyri-sabit, hər an bir nöqtədə olduğu kimi, onun hərəkət xətti də daima dəyişikliyə məruz qalsa və onun sonda məqsəd bilinməsə və zamanın hər bir parçasında başqa-başqa yollarda hərəkət etsə, aydındır ki, nübüvvətin sonu (yəni ümumi, daimi bir xəritənin, proqramın mənimsənilməsi) ağlabatan və məntiqi olmayacaqdır.

Bəqərə surəsi 143-cü ayədə belə gəlmişdir:



﴿وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا﴾

"Beləliklə də, sizi mötədil bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.

Qurana görə həqiqi İslam ümməti, mötədil və orta bir ümmətdir. Aydındır ki, mötədil və orta bir ümmət, öz növbəsində mötədil və orta bir təlimlərin yetişdirməsidir. Məlum ayə, son ümmətin və son təlimin məziyyət və xüsusiyyətini bir kəlmədə bildirir: Mötədillik, orta olmaq (ifrat və təfritə varmamaq).

Burada bir sualla qarşılaşırıq. Məgər digər peyğəmbərlər, mötədil təlimlərə malik deyildirlərmi? Bu sualın cavabında aşağıdakı mətləbə işarə etməyimiz labüddür:

İnsan yer kürəsində yaşayan və ictimai həyat sürən yeganə canlı deyil. Bir sıra qanun-qayda, nizam-intizam və dəqiq təşkilatla ictimai həyat sürən digər canlılar da mövcuddur. Onların həyatı, bəşərin əksinə olaraq, meşə dövrü, daş dövrü, dəmir dövrü, və atom əsri və s. dövrləri meydana gətirməmişdir; Növlərinin ilk yaradılışından hazırda olduqları təşkilata və qanun-qaydaya malikdirlər. Yalnız insandır ki,



﴿وَخُلِقَ الإِنسَانُ ضَعِيفًا﴾

"İnsan zəif yaradılmışdır"7 ayəsinin hökmünə əsasən, həyatı sıfırdan başlayaraq, sonsuzluğa qədər irəliləyir. İnsan, təbiətin yetkin oğludur, elə bu cəhətdən də, azaddır, ixtiyarlıdır, qəyyumluğa və instinkt adlı gizli bir qüvvənin vasitəsilə hidayət olmağa ehtiyacı yoxdur. Sair canlıların, qaçılmaz instinkt qüvvəsilə həyata keçirdiklərini o (insan), əqlin və təyin edilmiş qanunların azad mühitində həyata keçirir:

﴿إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا﴾

"Biz ona haqq yolu göstərdik. İstər şakir olsun (minnətdar olsun), istər kafir (nankor) (bu onun azad seçimidir)".8

Sapqınliq, süqut və durğunluğun başqa canlılarda deyil, yalnız insanda olmasının sirri də elə buradadır. İnsan başqa canlılardan fərqli olaraq (belə ki digər canlılar, öz yerlərində sabitdirlər, özlərini tərəqqiyə və ya geriyə doğru aparmağa, sağa-sola əyilməyə və ya iti ya ləng getməyə qadir deyillər), öz ixtiyarı ilə özünü həm irəliyə və həm də geriyə doğru aparması, düz yoldan çıxaraq həm sola və həm də sağa sapınması mümkündür. Həm sürətli və həm də asta gedə bilər və bir sözlə, həm "şakir" (minnətdar) bir bəndə ola bilər və həm də "kafir" (nankor) bir boyunqaçıran; bu baxımdan daima ifratla təfrit arasında get-gəllərin əlində əsirdir.

Bəşər cəmiyyəti bəzən elə durğunlaşır və adətlərin əsirinə çevrilir ki, buxovları qıraraq ona hərəkət verə biləcək bir qüvvəyə ehtiyac duyur, bəzən də nəfsani meyllərə elə tərzdə qapılır ki, xalqın qeyrət və namusunu unudur; bəzən qürur, təkəbbür və eqoistliyə qapılır, bu zaman onu zöhd, riyazət, xudpəsəndliyi tərk etmə, özünün və başqalarının haqlarını riayət etmə istiqamətində təkan verəcək bir qüvvənin mövcudluğu zərurətə çevrilir, bəzən isə, elə süstlüyə, laqeydliyə və zülmkarlığa adət edir ki, "mənliyini", şəxsiyyətini və məsuliyyət hissini ayıltmaqdan başqa çarə tapılmır. Aydındır ki, ifrat ya təfrit, sağa ya sola əyilmə hər biri özünə məxsus proqram tələb edir. Sağ tərəfə sapınmış cəmiyyət üçün, islahatçı qüvvə sola meylli olmalıdır. Eynilə də əksinə.

Odur ki, hər hansı bir dövrün, qövmün dərmanı başqa zaman və qövm üçün dərd və bəlaya çevrilir. Risalətlərin müxtəlif və bəzən zahirən təzadlı cilvələnməsinin səbəbi də elə budur: biri müharibə, başqa birisi sülh peyğəmbəri olur, biri məhəbbət, digəri isə, qəzəb peyğəmbəri olur, biri inqilabi, o biri isə mühafizəkar, biri ağlar peyğəmbər, digəri isə gülərüz olur. Bu peyğəmbərlərin təlimlərinin müvəqqəti olmasının səbəbi məhz budur. Şübhəsiz bu risalətlər, metod baxımından yaranan bütün bu təzadları ilə yanaşı, hədəf baxımından ixtilafsız, təzadsızdırlar; hədəf vahiddir: müvazinət halına qayıdaraq ana xəttə düşmək.

Qurani-kərim peyğəmbərlərin əhvalatlarını nəql edərkən göstərir ki, onların hər biri yaranışın başlanğıc və sonu ilə ilgili müştərək təlimlərlə yanaşı, hərəsi xüsusi, spesifik bir məsələni vurğulamış və xüsusi bir proqramı həyata keçirməyə təhkim edilmişlər. Bu mətləb Quran əhvalatlarını oxumaqla tam aydın olur.

Bəzən ictimai islahatçıların yaratdığı təhlükə də elə buradan qaynaqlanır ki, ifratçı və ya təfritçi, sağa, yaxud sola meylli bir toplumda meydana çıxaraq müqəddəs bir mübarizəyə əl atırlar, lakin müəyyən bir proqramın icrasının yalnız məhdud zamanda mümkün olmasını unudurlar. İfratçı və ya təfritçi, sağçı ya solçu cəmiyyətlə mötədil vəziyyət yaranana qədər mübarizə aparmaq lazımdır. Bundan artıq mübarizə isə özü başqa bir tərəfdən cəmiyyətin süqut və sapqınlığının amilidir.

Bu açıqlamadan sonra, barəsində söz açdığımız ayənin mənasına yaxınlaşa bilərik.

İslam peyğəmbərinin risaləti başqa bütün risalətlərlə bununla fərqlənir ki, proqram deyil, qanun tipindəndir; bu risalət bəşəriyyətin əsas qanunu, konstitusiyasıdır; ifratçı və ya təfritçi, sağçı və ya solçu bir topluma xas deyil.

İslam, bütün sahələrdə xırda və aktiv planları, platformaları ehtiva edən, ümumi, hərtərəfli, mötədil bir platformadır. Müəyyən bir toplum üçün, Allah tərəfindən xüsusi bir proqramın göndərilməsi kimi işləri keçmişdə peyğəmbərlərin öhdəsinə idisə, İslam dönəmində, bu işi ümmətin alimləri və rəhbərləri həyata keçirməlidirlər, bu fərqlə ki, alimlər və islahatçılar islami vəhyin tükənməz qaynaqlarından istifadə edərək, xüsusi bir proqramlar tənzim edir və onu icraya qoyurlar.

Quran, müxtəlif azgınlıqlarla mübarizə və balansa qayıtmadan ibarət olan digər səmavi kitabların müvəqqəti və məhdud təlimlərinin ruhunu əhatə etmişdir. Bu baxımdandır ki, Quran özünü, digər kitabların hafizi, qoruyucusu ("muhəymin") adlandırır:



﴿ وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ﴾

Biz bu kitabı sənə haqq olaraq, özündən əvvəlki bütün ilahi kitabları təsdiq edən və onu qoruyan olaraq endirdik.9

İslamın əsas qaynaqlarından belə anlaşılır ki, bütün peyğəmbərlər, bütöv, son bir nübüvvətin və Allahın yeganə konstitusiyasının gəlişinin müqəddiməsi olduqlarına görə, son nübüvvət dövründə dinin kamil olma və tamamlanmasının müjdəsini öz ümmətlərinə vermişlər. Allah bütün peyğəmbərlərdən belə bir əhd almışdır. Nəhcülbəlagənin ilk xütbəsində, bu barədə maraqlı bəyana rast gəlirik:



و لم يُخلِ سُبحانَهُ خَلقَهُ مِن نَبِيٍّ مُرسَلٍ أَو کِتابٍ مُنزَلٍ أَو حُجَّةٍ لازِمَةٍ أَو مَحَجَّةٍ قائِمَةٍ، رُسُلٌ لا تقَصِّرُ بِهِم قِلَّةُ عَدَدِهِم و لا کَثرَةُ المُکَذِّبينَ لَهُم، مِن سابِقٍ سمّي لَهُ مَن بَعدَهُ أو غابِرٍ عَرَّفَهُ مَن قَبلَه، عَلَی ذلِکَ نُسِلَت القُرُونُ و مَضَت الدُهُورُ و سَلَفَت الآباء وَ خََلَفَت الأبناءُ إِلی أَن بَعَثَ اللهُ مُحَمَّداً رَسُولَ اللهُ صَلَّی اللهُ عَليهِ و آلِهِ لِإِنجازِ عِدَتِهِ و تَمامِ ثُبُوتِهِ، مَأخُوذاً عَلَی النَّبِيّينَ مِيثاقُهُ، مَشهُورَةً سِماتُهُ، کَريماً ميلادُهُ.

"Allah-taala heç vaxt xalqı göndərilmiş peyğəmbərlərdən, ya nazil edilmiş kitabdan, ya ya qəti dəlillərdən və ya möhkəm yoldan məhrum etmədi; (və peyğəmbərlər) elə elçilər idilər ki, dostlarının azlığı və onlara qarşı çıxanların çoxluğu onları (risalətin təbligindən) çəkindirmədi. Elə peyğəmbərlər idilər ki, gələcək peyğəmbərin adı qabaqcadan onlara deyilmiş və ya əvvəlki peyğəmbər onu tanıtdırmışdı. Beləliklə də əsrlər yarandı, ruzgarlar ötüşdü, atalar vəfat etdi və övladları onların yerinə keçdi. Nöqsan sifətlərdən münəzzəh olan Allah Öz vədini yerinə yetirmək, peyğəmbərliyi o Həzrətlə yekunlaşdırmaq üçün Allahın Rəsulu Mühəmmədi (Allahın salamı və ona və onun əhli-beytinə olsun) peyğəmbərliyə seçdi. Peyğəmbərlərdən əhd-peyman almışdı, onun əlamət və nişanələri məşhurlaşdı. Anadan olduğu vaxt əziz və bəyənilmiş idi..."

Bu barədə İslam peyğəmbərindən iki incə cümlə nəql edilmişdir:

"Biz dünyaya bütün peyğəmbərlərdən və ümmətlərdən sonra gəlmişik, amma axirətdə bizlər ön cərgədə olacaq və digərləri isə bizim arxamızda duracaqlar".

Başqa bir bir hədis isə:

"Bütün peyğəmbərlər, qiyamətdə mənim bayrağım altında yerləşəcəklər" – deyə buyurur.

Qiyamətdə bu öncüllüyün və digər bütün peyğəmbərlərin o aləmdə bu peyğəmbərin bayrağı altına sığınmasının səbəbi budur ki, bütün onlar müqəddimədir, bu isə nəticə; onlar başlanğıc, bu isə sonuçdur; onların vəhyi müvəqqəti bir proqram çərçivəsində idisə, bu peyğəmbərin vəhyi əbədi, qlobal, ümumi bir konstitusiya səviyyəsindədir. İslam alimləri bu iki cümləyə diqqət yetirərək və İslam təlimlərinin: "o aləmdə təzahür edən hər bir şey, bu dünya həqiqətlərinin mələkuti görüntüləridir", - kimi digər bir prinsipindən ilham alaraq, bu barədə könül oxşayan sözlər söyləmişlər. İbn Fariz Misri bu iki hədisin məzmununa işarə edərək deyir:



وَ إنِّي وَ إِن کُنتُ ابنَ آدمَ صورَةً فَلِي فِيهِ مَعنیً شاهِدٌ بِأُبُوَّتِي

وَ کُلُّهُم عَن سَبقِ مَعنايَ دائرٌ بِدائرَتِي أَو وارِدٌ مِن شَريعتِي

وَ ما مِنهُم إِلا و قَد کانَ داعياً بِهِ قَومَهُ لِلحَقِّ عَن تَبَعِيَّتي

وَ قَبلَ فِصالِي دونَ تَکلِيفِ ظاهِرِي خَتَمتُ بِشَرعِي الموضِحِي کُلُّ شِرعةٍ.10

Mövlana Cəlaləddin Rumi həmin məzmunda deyir:



ظاهراً آن شاخ اصل ميوه است باطناً بهر ثمر شد شاخ هست

گر نبودی ميل و اميد ثمر کی نشاندی باغبان بيخ شجر

پس به معنی آن شجر از ميوه زاد گر به صورت از شجر بودش نهاد

مصطفی زين گفت "کادم و انبيا خلف من باشند در زير لوا"

بهر اين فرموده است آن ذو فنون رمز "نَحنُ الآخِرونَ السّابِقونَ"

گر به صورت من آدم زاده ام من به معنی جدّ جدّ افتاده ام

پس زمن زاييد در معنی پدر پس زميوه زاد در معنی شجر

Şəbüstəri yazır:



يکی خطّ است از اوّل تا به آخر بر او خلق خدا جمله مسافر

در اين راه انبيا چون ساربان اند دليل و رهنامی کاروان اند

وزيشان سيّد ما ما گشته سالار "هم او اوّل هم او آخر در اين کار"

احد در ميم احمد گشت ظاهر "در اين دور اوّل آمد عين آخر"

ز احمد تا احد يک ميم فرق است جهانی اندرين يک ميم غرق است"

بر او ختم آمده پايان اين راه بدو مُنزَل شده "اُدعُوا إلی الله"

مقام دلگشايش جمع جمع است جمال جانفزايش شمع جمع است

شده او پيش و دلها جمله در پی گرفته دست جانها دامن وی

Qurani-Kərimdə buyurulur ki, öncəki peyğəmbərlər sonrakı peyğəmbərlər haqda (ən başlıcası nəbilərin xatəmi barədə) müjdə vermiş, onlara iman gətirib təslim olmuş, öz ümmətlərinə bu barədə təblig edib onları sonrakı peyğəmbərlərin təlimlərinə hazırlamaq vəzifəsini daşımış, sonrakı peyğəmbərlər də öncəki peyğəmbərləri təsdiq etmiş və Allah bu müjdələr, təslimlər və təsdiqetmələr üçün peyğəmbərlərdən əhd almışdır:



﴿وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُواْ أَقْرَرْنَا قَالَ فَاشْهَدُواْ وَ أَنَا مَعَكُم مِّنَ الشَّاهِدِينَ﴾

"O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. (Bu zaman) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm", - deyə buyurmuşdu!11

Peyğəmbərliklərin fasiləsiz olaraq bir-birinin ardınca gəlməsi onu göstərir ki, nübüvvət, təkamülə doğru tədrici-zəncirvari bir hərəkətdə olmuş və nübüvvətin son halqası, onun ən uca zirvəsidir. İslam arifləri deyir: "əl-Xatəmu mən xətəməl-məratibə biəsriha" yəni, xatəm o peyğəmbərdir ki, bütün mərhələləri qət etmiş və vəhy baxımından gedilməmiş yol və kəşf edilməmiş nöqtə qoymamışdır. Fərz etsək ki, hər hansı bir elmlə bağlı bütün məsələlər kəşf olarsa, artıq yeni araşdırmaya və tədqiqə yer qalmayacaqdır. Vəhyin öhdəsinə olan məsələlər də eynilədir; son ilahi göstərişlərin kəşf edilməsi ilə, yeni bir kəşf, yeni bir peyğəmbər üçün yer qalmır. Peyğəmbərimizin mukaşifəsi12, bir insanın imkanı əhatəsində olan ən kamil mukaşifə və onun ən son mərhələsidir. Aydındır ki, bundan sonrakı bütün mükaşıfələr yeni bir mükaşıfə olmayacaqdır; qət edilmiş yolu bir daha getmək kimi, yeni mətləbə malik olmayacaq və son söz həmin mükaşifədə özünə yer almış söz olacaqdır:



﴿و َتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاً لاَّ مُبَدِّلِ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ﴾

Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu (kamil oldu). Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir!13

Mərhum Feyz Kaşani "Elm əl-Yəqin" əsərinin 105-ci səhifəsində, alimlərin birindən belə nəql edir:

"Bəşər fitrətində hədəf, məqsəd Allaha qovuşma məqamına çatmaqdır. Bu isə peyğəmbərlərin bələdçiliyi, yol göstərməsi olmadan reallaşan deyil. Bu üzdən peyğəmbərlik varlıq sisteminin bir hissəsinə çevrilir. Şübhəsiz ki, burada peyğəmbərliyin ilk dərəcəsi deyil, onun ən ali və son mərtəbəsi nəzərdə tutulur. İlahi ənənəyə görə, bir binanın tədricən ucaldığı kimi nübüvvət də tədricən kamilləşir. Binanın tikilməsində məqsədin sütunlar və divarlar deyil, tikilinin tam forması olduğu kimi, nübüvvət də eynilə belədir; hədəf onun tam, kamil formasıdır və buradadır ki, nübüvvət sona yetərək əlavəlik qəbul etmir, çünki kamilliyə nəyisə əlavə etmə kamillik üçün nöqsan sayılır, bu insanın əlindəki artıq barmağa bənzəyir. Hz. Peyğəmbər öz məşhur hədisində bu mənaya toxunaraq buyurur: Nübüvvət tikilmiş, lakin bir kərpicin (son kərpicin) yeri boş qaldığı evə bənzəyir. Mən o son kərpicin yerindəyəm, yaxud mən o son kərpici yerinə qoyan şəxsəm."14

Qeyd edilən bəyanlar, islami təfəkkürlər arasında nübüvvətin sonu düşüncəsinin uzaqdan görüntüsünü rəsm edə və onun rüknlarını, bazisini təqdim edə bilər.

Demək, bəlli oldu ki, nübüvvətin sonu ideyası bu bazis üzərində qurulmuşdur ki, əvvəla, dinin özəyi bütün bəşərin fitrətində qoyulmuşdur, bütün bəşərin fitrəti eynidir, bəşərin təkamülü prossesi məqsədyönlü bir prosses olub, bəlli və düz xətt üzərindədir; bu baxımdan fitri istəkləri bəyan etməkdən və bəşəri düzgün yola istiqamətləndirmək, hidayət etməkdən ibarət olan dinin həqiqəti vahiddir.

İkinci bir tərəfdən hər hansı bir layihə yalnız fitri, universal və ümumi olarsa, təhrifə uğramazsa, icra mərhələsində gözəl şəkildə müəyyənləşdirilib tətbiq edilərsə, həmişəlik olaraq istiqamətləndirici, faydalı və bütün kiçik layihələrin, planların, qanunların anası sayıla bilər. Gələcək bəhslər, bu mətləbi daha da aydınıaşdıracaqdır. İndisə, sözümüzün əvvəlində işarə etdiyimiz suallar ətrafında araşdırma və cavablara başlayırıq.





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə