tədarükçülərinə yalvarırlar ki, saxta hesab yazsınlar, bəziləri də ərlərindən oğurlamağa məcbur olurlar.
Bəzi kişilər belə fikirləşirlər ki, beş yüz franklıq şalın qiyməti iki mindir, bəziləri də iki min franklıq şalın
qiymətinin yalnız beş yüz olduğunu zənn edir. Elə qadınlar da vardır ki, təzə paltar almaq üçün bir az pul
qırpmaq məqsədi ilə öz uşaqlarını acından öldürürlər. Mən özümü belə alçaq yalanlarla ləkələmədim.
Artıq əzablarıma son verildi. Qoy başqa qadınlar ağalıq etmək üçün öz ərlərinə satılsınlar, mən ki
azadam! Mən istəsəydim, Nusingen başımdan qızıl tökərdi, lakin mənim üçün hörmət
bəslədiyim bir
kişinin qoynuna qısılıb ağlamaq daha yaxşıdır. Ah, bu axşam de Marsenin mənə satın aldığı bir qadın
nəzəri ilə baxmağa haqqı olmayacaqdır.
Delfina göz yaşlarını gizlətmək üçün əlləri ilə üzünü örtdü, lakin Ejen onun üzünü görmək üçün əllərini
ayırdı: bu anda onun üzündə ayrı bir gözəllik vardı.
– Hissləri pulla bağlamaq dəhşətli şeydir, deyilmi? Yox, siz məni sevməyəcəksiniz, – dedi.
Qadını yüksəklərə qaldıran gözəl hisslərin müasir cəmiyyət quruluşunun yaratdığı qəbahətlərlə qarışması
Ejeni mütəəssir etmiş, sarsıtmışdı. O, öz kədərlərini bu qədər ehtiyatsızlıq və sadədilliklə büruzə verən bu
gözəl qadına valeh olaraq mehriban sözlər söyləyir, Delfinaya təsəlli verirdi.
Delfina dedi:
– Vəd edin ki, mənim bu etirafımdan mənim əleyhimə bir silah kimi istifadə etməyəcəksiniz!
Ejen cavab verdi:
– Yox, yox, siz nə danışırsınız! Mən elə adam deyiləm.
Delfina onun əlini öz əlinə alıb, dərin minnətdarlıq və mehriban bir nəvazişlə ürəyinin üstünə qoydu.
– Mən sizin sayənizdə yenə azad və şadam. Mənim həyatımı dəmir bir əl əzirdi. Mən artıq özümə heç bir
şey sərf etmədən, sadə həyat sürmək istəyirəm. Dostum, mən sizin üçün necə varamsa, elə yaxşıyam,
deyilmi? – Sonra yalnız altı min frank götürərək: – Artığı sizdə qalsın, – dedi. – Vicdanla söyləsəm, mən
sizə üç min borclu qalıram, çünki mən sizinlə şərik oynayırdım.
Ejen həyalı qız kimi pulu rədd etdi. Lakin baronessa israr edirdi: “Əgər siz mənim şərikim olmasanız, mən
sizə düşmən nəzəri ilə baxmağa məcburam”. Ejen pulu götürməli oldu.
– Qoy bu pul, gələcəkdə uduzsaq, maya olaraq qalsın, – dedi.
Baronessa sapsarı saraldı:
– Amandır! – dedi. – Mən elə bundan qorxurdum. Əgər siz mənimlə dost olmaq istəyirsinizsə, and için ki,
bir daha qumar oynamayacaqsınız. Aman, yarəb! Mən sizi yoldan çıxara bilmərəm! İnanın ki, belə olarsa,
dərd məni öldürər.
Onlar evə qayıtdılar. Onun ehtiyacı ilə sərvət arasındakı təzad Rastinyakı sarsıtmışdı. Qulaqlarında yenə
Votrenin məşum sözləri cingildəyirdi.