hər şey söhbətin şirinliyindən, yaxud mədənin pis-yaxşı həzm etməsindən asılı idi. Qışda yemək otağı az-
az hallarda saat səkkizdən əvvəl boşalardı; odur ki kişilərin çoxluğu sayəsində sükut etməyə məcbur olan
dörd qadın bir tərəfə çəkilib yalqız əyləşərdi. O axşam Votren hara isə getməyə tələsirdi, lakin tələbənin
məyusluğu onu çaşdırdığından getmədi, qaldı, ancaq Ejen onun getdiyini zənn etsin deyə, tələbənin
gözünə görünməməyə çalışdı. Votren kirayənişinlər gedəndən sonra da getmədi, qonşuluqdakı salonun
bir tərəfində gizləndi. O, tələbənin ürəyindəkini kitab kimi oxumuşdu və qəti dönüş yaranacağını
gözləyirdi.
Rastinyakın vəziyyəti, doğrudan da, getdikcə ağırlaşırdı. Ehtimal ki, bu vəziyyətdən bir çox gənc
xəbərdardır. Məhəbbətdənmi, işvəkarlıqdanmı, hər halda, madam de Nusingen Paris qadın
diplomatiyasının bütün vasitələrindən istifadə edərək, Ejeni həqiqi ehtirasın bütün həsrətlərini çəkməyə
məcbur etmişdi. Vikontessa de Boseanın kuzenini mühafizə etmək üçün özünü cəmiyyət qabağında
rüsvay etdikdən sonra Delfina yenə də öz ixtiyarını həqiqətən Ejenə verməkdə tərəddüd göstərirdi.
Halbuki hamı bu ixtiyarın çoxdan onun əlində olduğunu zənn edirdi. Delfina bir ay uzunu Rastinyakın
şəhvətini qızışdırdıqdan sonra artıq onun qəlbinə də təsir etmişdi. Bu dostluğun ilk günlərində Ejen
özünü üstün zənn etsə də, bir az sonra madam de Nusingen, Paris gənclərinin hər birində iki, ya üç kişiyə
kifayət edəcək bütün xeyirli və pis hissləri qızışdırmaqda xüsusi qabiliyyəti olması sayəsində qalib
gəlmişdi. Bəlkə, o, bunu qəsdən edirdi? Xeyr, qadınlar ən həyasız yalanlarında belə təbii hissə
qapıldıqlarından həmişə səmimi olurlar. Kim bilir, bəlkə də, Delfina əvvəlcə Ejenin üstün gəlməsinə
imkan verdikdən və ona qarşı böyük hiss bəslədiyini büruzə verdikdən sonra, artıq öz vüqarını
alçaltmamaq fikrinə tabe olaraq, onları bir müddət təxirə salmalı idi. Ehtiras odunda yanarkən belə öz
süqut dəqiqəsini uzatmaq, öz gələcəyini təslim etdiyi kişinin qəlbini bir daha imtahandan keçirmək Paris
qadınları üçün təbii haldır. Birinci dəfə madam de Nusingenin ümidləri puça çıxmışdı: gənc və xudbin
Marseyə bəslədiyi hiss təhqir edilmişdi. Onun etibar etməməyə əsası vardı. Sürətli müvəffəqiyyət Ejeni
ədabaza döndərmişdi. Çox ola bilsin ki, hər birinin vəziyyətindən asılı olaraq onun hərəkətlərində
duyulan hörmətsizlik Delfinanın da diqqətini cəlb etmişdi. Onu atan məşuq qarşısında uzun müddət
alçaldıqdan sonra o, təbii olaraq gənc pərəstişkarının gözlərində yüksəlmək və özünə qarşı hörmət
oyatmaq istəyirdi. Ejen də Marse ilə onun arasındakı əlaqədən xəbərdardı. Buna görə Delfina istəmirdi
ki, Ejen onun üzərində asanlıqla qələbə çala biləcəyini düşünsün. Bir sözlə, bir gənc əxlaqsızdan, dəhşətli
bir məşuqdan, onun hərarətli şəhvətpərəstliyindən qurtulduqdan sonra Delfina məhəbbətin çiçəklənən
bağçalarında gəzməkdən böyük həzz alır və təsəlli tapırdı; o, təbiət mənzərələrini heyran-heyran seyr
edir, ehtizazına uzun-uzadı qulaq asır, bəkarətli küləyin nəvazişlərinə özünü təslim edirdi. Saxta
məhəbbət intiqamını həqiqi məhəbbətdən alırdı. Təəssüf ki, ilk yalan addımlarının gənc qadın qəlbində
bir çox ətirli çiçəklər tapdadığını kişilər anlamayınca, bu cür mənasız işlər davam edəcəkdir. Lakin
Delfinanın niyyəti nə olur-olsun, o, hər halda; Rastinyakla oyun oynayırdı, həm də sevildiyinə şübhə
etmədiyindən və qadınlıq əzəməti könlü istədiyi zaman öz məşuqunun kədərlərinə son qoyacaq dərmanı
əlində saxladığından həzz alırdı. Rastinyak isə özünə hörmət bəslədiyindən, ilk döyüşünün Delfinanın
qələbəsi ilə nəticələnməsini istəmir və ovçu ov mövsümünün açılışı günündə mütləq kəkliyi vurmaq
istədiyi kimi, o da inadla öz ovunu təqib edirdi. Mənliyinin təhqir edilməsi, qorxu, məyusluq, səmimi,
yaxud uydurma ümidsizlik Rastinyakı bu qadına daha da bağlayırdı. Parisin yüksək cəmiyyəti madam de
Nusingeni ona təslim etdiyi halda, onun müvəffəqiyyətləri tanışlığının birinci günündə müvəffəq
olduğundan irəli getmirdi. Bəzən qadının işvələrində məhəbbətindəki nəşələrdən daha çox sevinc
olduğunu anlamayan Ejen axmaqcasına hiddətlənirdi. Qadının məhəbbətlə çarpışdığı dəqiqələr
Rastinyaka ilk səmərəsini vermişdi: bu meyvə hələ göy və turş idi, baha qiymətə otursa belə, dadı çox xoş
və ləziz idi. Bəzən Ejen cibinin pulsuz, gələcəyinin isə dumanlı olduğunu gördükdə, vicdanına rəğmən,
Votrenin təlqin etdiyi varlanmaq imkanını, yəni madmazel Tayferlə evlənməyi düşünürdü. İndi artıq elə
bir zaman gəlmişdi ki, pulsuzluq gur səslə bağırırdı; odur ki Ejen bəzən Votrenin nüfuzlu baxışlarına
təslim olaraq, istər-istəməz dəhşətli sfinksin hiylələrinin təsiri altına düşməyə başlayırdı.
Nəhayət, Puare ilə madmazel Mişono madam Vokeni və madam Kutürü yalqız qoyaraq, üst qata
qalxdılar. Madam Kutür sobanın yanında mürgüləyə-mürgüləyə yun əlcəklər hörürdü. Rastinyak bu
otaqda arvadlardan başqa kimsə olmadığını zənn edərək, madmazel Tayferə mehriban nəzərlə baxdı. Qız
başını aşağı saldı.
Viktorina az sükutdan sonra soruşdu:
– Nədənsə, qəmgin görünürsünüz, cənab Ejen?
Rastinyak cavab verdi:
– Qəmgin olmayan adam tapılarmı? Biz gənclər, hər zaman hazır olduğumuz fədakarlıqlar qarşısında
güclü, sadiq məhəbbətlə sevildiyimizi bilsəydik, çox mümkündür ki, qəmgin olmazdıq.
Madmazel Tayfer mənalı nəzərlə Ejenə baxdı.
– Məsələn, sizi götürək, madmazel Viktorina. Siz bu gün öz hisslərinizə əmin görünə bilərsiniz, lakin heç
zaman dəyişməyəcəyinizə məsul ola bilərsinizmi?
Zavallı qızın dodaqlarında incə təbəssüm göründü. Sanki qəlbindən doğan bir nur şəfəq kimi onun üzünü
işıqlandırdı. Rastinyakın özü belə qızın qəlbində tüğyan edən hisslərin şiddətindən qorxuya düşdü.
– Bəlkə, siz sabah varlı və xoşbəxt bir qadın oldunuz, bəlkə, göylər sizə böyük sərvət bağışladı, siz hələ
yoxsulluqda bəyəndiyiniz bir gənci yenə əvvəlki kimi sevə bilərdinizmi?
O, sevimli bir əda ilə başını aşağı saldı.
– Çox yoxsul bir gənci?
Viktorina yenə başını aşağı saldı.
Madam Voke bağırdı:
– Orada nə boş-boş danışırsınız?
Ejen dedi:
– Bizi rahat qoyun, bizim öz işimiz var.
Yemək otağının qapısında görünən Votren:
Dostları ilə paylaş: |