Ordubad şƏHƏRİNİn türk-islam məDƏNİYYƏTİ abiDƏLƏRİ



Yüklə 57,11 Kb.

tarix19.07.2018
ölçüsü57,11 Kb.


 

ASƏF ORUCOV 

AMEA Naxçıvan Bölməsi 

Email: aseforucov@yahoo.com.tr 



 

ORDUBAD ŞƏHƏRİNİN TÜRK-İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİ 

 

 

Ordubad  türk-islam  mədəniyyəti  abidələrini  özündə  əks  etdirən  qədim  Azərbaycan 



şəhərlərindən  biridir. 

Orduba  şəhərinin  türk-islam  abidələri  öz  üzərlərində  əsrlər  boyu  tarixə, 

mədəniyyətə,  milli  kökə  bağlılığını  qoruyub  saxlamışdır.  Ordubad  elə  bir  şəhərdir  ki,  tarixən 

buraya  yolu  düşən  səyyahların,  coğrafiyaşünasların  marağına  səbəb  olmuş,  onun  haqqında 

müxtəlif  sözlər  deyilmişdir.  Məsələn,  Hacı  Zeynalabdin  Şirvani  “Bustanüs-səyahə”  kitabında 

yazır:  “Ordubad  ürəkaçan  gözəl  bir  şəhərdir.  Ora  adama  fərəh  verən  yerdir.  Onun  möhkəm 

qalası,  bol  suyu  və  çoxlu  bağları  vardır.  Meyvəsi  bol  və  dadlıdır.  Havası  insana  sağlıq  verir. 

İnsanlarının  siması  gözəldir”.  Yaxud  XX  əsrin  əvvəllərində  buranı  ziyarət  etmiş  Nefodov  adlı 

səyyah  yazıb:  “Ordubad  öz  daş-qaşı  ilə  parıldayan  qənirsiz  gözələ  bənzəyir.  Ordubad  çinarları 

təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi 

qədimdir” (4). 

Türk-


islam  abidələri  içərisində  xüsusi  yerlərdən  birini  məscidlər  tutur. 

Məscidlər  dini 

ibadətgah olmaqla yanaşı həm də mühüm təhsil mərkəzləri rolunu oynamışdırlar. 

Məlumatçıların 

verdiyi  məlumata  görə  Ordubad  şəhərində  36  məhəllə  36  məscid  vardır.  XIX-XX  əsrin 

araşdırıcısı  etnoqraf  alim  A.Paşayev  mənbələrə  əsaslanaraq  yazır  ki,  Ordubad  şəhərində  bir 

Came məscidinin 63 məhəllə məscidi vardır (11, s. 71). V.Qriqoryev 1833-cü ildə nəşr etdirdiyi 

kitabında  bildirir  ki,  şəhərin 

bütün  küçələrində  xüsusi  məscidlər  yerləşir,  ancaq  onlardan  ikisi 

böyükdür.  Bu  məscidlərdən  biri  saraya  bənzəyir  (

10,  s.  194).

 

XIX  əsrin  birinci  yarısında 



Naxçıvan  ərazisində  olan  İ.Şopen  isə  Ordubad  şəhərində  6  böyük,  25  kiçik  məscid  olduğunu 

qeyd  edir  (12,  s.  482).  AMEA-nın  müxbir  üzvü  H.Səfərli  yazır  ki,  məscidlərin  çoxluğuna  görə 

Ordubad  şəhəri  Şimali  Azərbaycanın  digər  şəhərlərini  qabaqlayır  (9,  s.  179).  Bütün  bunlar 

göstərir ki, tarixin bütün dövrlərində Ordubad şəhəri türk-islam mədəniyyətinin bir parçası olan 

məscidlərlə  zəngin  olmuşdur.  Bir  məsələni  də  vurğulamaq  istərdik  ki, 

Ordubad  şəhər 

məscidlərinin heç birində minarələr yoxdur. Minarəni məscidin damında yerləşən səki əvəz edir. 

Topladığımız  etnoqrafik  məlumatlardan  aydın  olur  ki,  minarə  qoyulmamasını  belə  izah  edirlər 

ki,  Ordubad  şəhəri  dağlıq  ərazidə  yuxarıdan  aşağı  maili  şəkildə  yerləşir.  Bu  vəziyyət  səsin 

asanlıqla yayılmasına səbəb olur. 

 



 

Ordubad  şəhər  məscidlərindən 



Came  məscidi,  Mingis  məscidi,  Təkeşiyi  (Yəhya  bəy) 

məscidi,  Kürdətal  məscidi,  Yuxarı,  Aşağı  Anbaras  məscidləri,  Sərşəhər  məscidi,  Əngəc(ş) 

məscidi,  Dilbər məscidi və s. qeyd etmək olar. 

Bu  yazıda  biz  təkcə  Came  məscidi  haqqında  məlumat  vermək  istərdik.  Came  məscidi 

Ordubad  şəhərinin  əsas  məscidlərindən  biri  və  ya  birincisi  olmuşdur.

 

Ordubad  şəhər  Came 



məscidinin  tikilməsi  haqqında  belə  bir  rəvayət  mövcuddur.  Rəvayətə  görə  Ordubad  şəhərində 

varlı  bir  qadın  yaşayırmış.  O,  mal-mülkünün  çoxluğundan  şikayət  edir  və  mülkünün  azalması 

üçün  dua  edirmiş.  Ona  məsləhət  görürlər  ki,  o,  çörəyi  insanların  ayağı  altına  töksün.  Bu 

hərəkətinə  görə  Allahın  qəzəbinə  düçar  olacaq  və  Allah    onun  mülkünü  əlindən  alacaqdır.  Bu 

məsləhətə  əməl  etmək  üçün  qadın  yaxınlıqdakı  dağa  çıxır.  Burada  qadın  düşünür  ki,  çörəyi 

insanların ayağının altına tökməklə varının azalmasına nail olmaqdansa, həmin sərvətlə əhalinin 

istifadəsi üçün böyük  bir  məscid tikdirsə daha  yaxşı olar. Həmçinin,  məlumatçılar qeyd edirlər  

ki,  qadın  məscidin  tikintisinə  qoyduğu  vəsait  qədər  pulu  da  məscidin  sütunlarının  birinin 

içərisinə  qoyur  ki,  məscid  hər  hansı  bir  səbəbdən  dağılarsa  və  ya  onun  təmirinə  ehtiyac 

yaranarsa,  həmin  puldan  istifadə  olunsun.  Çünki  Ordubad  şəhər  came  məscidi  şəhərin  baş 

məscidi  olmaqla  əhalinin  həyatında  önəmli  yer  tutmuşdur.  Məhz  bu  səbəbdən  onun  ətrafında 

fəxri  dəfnlər  keçirilmiş,  zamənəsinin  görkəmli  şəxsiyyətləri  orada  dəfn  olunmuşdur.  Nəticədə 

məscidin  ətrafında  qəbrstanlıq  yaranmışdır

 

(6,  s.  116).  Məscid  şəhərin  əsasən  baş  meydanında 



yerləşir. Came məscidinin  qapısı üzərində I Şah Abbasın nəsx xəttilə farsca beş sətrlik fərmanı 

həkk  edilmişdir.  Bu  yazıda  Ordubadın  bütün  əhalisinin  vergidən  azad  olunduğu  haqqında 

məlumat verilib. Məscidin  plan quruluşu, bəzi elementləri  və  bədii tərtibatı onun  ilkin əsasının 

daha  qədim  olduğu  göstərilir.  1901-1902-ci  ildə  məsciddə  təmir  işləri  aparılarkən  tapılmış  bir 

kərpic üzərindəki yazıdan onun əsasının hicri 111 ( miladi 729-cu il) ildə qoyulduğu aydın olur. 

Əgər  bu  sübut  olunsa  onda  Ordubad  Came  məscidi  Azərbaycanda  ilk  məscidlərdən  birincisi 

sayılır. Sübuta yetrilə  bilməməsinin səbəbi  isə  bu kitabənin  indiyədək gəlib çatmamasıdır.  Onu 

da  qeyd  edək  ki,  məscid  həmin  dövrdə  bərpa  olunarkən  ona  qərb  tərəfindən  bir  salon  əlavə 

edilmişdir.  Uzunu  təxminən  25  metr,  eni  6,5  metr  bu  salonun  ayrıca  mehrabı  vardır.  Salon 

qadınlar  üçün  ayrıca  nəzərdə  tutulmuşdur.  Məscidin  yeni  tikilən,  qadınlar  üçün  salonun  qərb 

divarında  zanbaq  təsviri  içərisində  rənglə  yazılan  kitabə  isə  xəbər  verir  ki,  məsciddə  aparılan 

tikinti  və  bərpa  işləri  ordubadlı  Ağa  Mirzə  Babanın  oğlu  Hacıməhəmmədqulu  ağa  tərəfindən 

yerinə  yetirilmişdir  (7,  s.  277).  Hazırda  məscidin  şimal-şərq  hissəsində  mədrəsə,  qərbində  isə 

zorxana  binaları  yerləşir. (3, s.  54). Etnoqraf alim  A.Paşayev öz tədqiqatlarında  Came  məscidi 

haqqında  yazır  ki,  bu  məscid  şəhərin  dini  və  inzibati  mərkəzi  sayılmışdır.  Dini  məqsədlə 



 

tikilməsinə  baxmayaraq  bəhs  olunan  məscid  şəhər  camaatının  ən  çox  toplaşdığı  sosial-siyasi 



mərkəz funksiyasını da yerinə yetirmişdir (11, s. 71).

 

Ölkəmiz  müstəqillik  əldə  etdikdən  sonra  Came  məscidi  də  daxil  olmaqla  bir  çox  tarixi 



abidələrdə,  o  cümlədən  "Əngəc",  "Qırxpillə",  "Meyrəmçə"  və  "Yetim"  məhəllə  məscidlərində 

təmir-bərpa işləri aparılmışdır. 2005-ci ildə "Yuxarı Ambaras" və "Sultan Murad" məscidi əsaslı 

təmir olunmuşdu.  

Ordubad  şəhər  hamamı.  Ordubad  şəhərində  yerləşən  türk-islam  abidələrindən  biri  də 

Ordubad şəhər hamamıdır. 

Hamamın ümumi sahəsi 483 m

2

,



 

divarlarının qalınlığı

 

1 metrdir (8, s. 



154).  Şərq  hamamları  üslubunda  tikilən  Ordubad  şəhər  hamamı  giriş,  çayxana,  soyunma  və 

yuyunma  zallarından,  çarhovuzlu  çimərlik,  xəzinə  (su  çəni)  və  ocaqxanadan  ibarətdir.  8  əsas 

xidmət  sahəsi  olmuşdur.  Ümumiyyətlə,  hamamlarda  yuyunma  salonlarında  soyuq  və  isti  su 

tutarlar-xəzinələr  yerləşirdi.  Yuyunma  salonu  döşəmənin  altında  quraşdırılmış  xüsusi  kanallar 

vasitəsilə  isidilirdi.

  Suyu  isitmək  üçün  “külxan”,  “ocaqxana”  adlanan  yer,  kamera  mövcud 

olurdu.  Elə  hamamlar  da  var  idi  ki,  onların  iki  “ocaqxana”sı  olurdu  ki,  bunlardan  biri  ilə  suyu, 

digəri ilə hamamın özünü qızdırırdılar. Ocaq xəzinənin altında yerləşirdi.  

Ordubad  şəhər  hamamının  zalının  divarlarında  hamama  gələnlərin  əşyalarını  qoymaq 

üçün  4  ədəd  dərin  taxça  düzəldilmişdir.  Məlumatçıların  qeyd  etdiyinə  görə  hamamda  qadın 

heykəli olmuşdur. Ancaq o sonralar aradan qaldırılmışdır. 

Hamamları  tikərkən  yerin  seçilməsinə  xüsusi  önəm  verilirdi.  Bu  yer  suyun  tutduğu  yer 

olmalı idi. Hamamlar kəhriz, çay suları vasitəsilə işləyirdi. Hamamda istifadə edilən sular təmiz 

olardı,  ora  çirkab  sular  axıdılmazdı.  Ordubad  hamamının  suyu  Qarahovuz  çeşməsindən 

götürülmüşdür.  Hamam  günlərinə  gəldikdə  isə  həftənin  bəzi  günləri  qadınlar,  bəzi  günləri  isə 

kişilər  hamama  gedərdilər.  Topladığımız  çöl-etnoqrafik  materiallara  görə  Ordubad  şəhər 

hamamında  2,  5,  7  günlər  kişi  hamam  günləri,  qalan  günlər  isə  qadın  hama  günləri  olmuşdur. 

Hamam binası XX əsrdə təmir edilib və yenidən qurulmuşdur. Memarlıq quruluşuna görə XVIII-

XIX əsrə aid edilir.   

Qeysəriyyə Ordubad  şəhərində  yerləşən 

XVII  əsrə  aid  ölkə  əhəmiyyətli  Azərbaycan 

memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzində yerləşir. Qeysəriyyə orta əsrlər zamanı şəhər 

ticarətində  mühüm  əhəmiyyət  kəsb  edən  bazarlar  qurupuna  aiddir.  AMEA-nın  müxbir  üzvü, 

professor  H.Səfərli  yazır  ki,  bu  cür  bazarlar  bəzən  “Bədistan”  da  adlanır  və  bu  bazarlar 

üstüörtülü bazarlar tipinə aiddir (8, s. 158).  

Ümumi  sahəsi  540  m

2

-dir.  Abidə  10x10  m  olan  mərkəzi  səkkizbucaqlı  zaldan  və  onun 



üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan  mürəkkəb quruluşlu dörd ədəd 


 

dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən (eni 3,4 m) ibarətdir. 



Dayağın divarlarındakı taxçaların ölçüləri 1,4x1, 45x2,2 m-dir. Dayaq taxçalarından fərqli olaraq 

kənar  divar  taxçaları  çatmatağ  konstruksiyalı  olub  ölçüsü  3,4x1,  37x3  m-dir.  Keçidlərin  tavanı 

16 ədəd kiçik günbəzlərlə qapanıb. Abidə bişmiş kərpicdən inşa olunmuş, divarının qalınlığı 80 

sm-dir. Abidənin mərkəzi, günbəzi də daxil olmaqla, ümumi hündürlüyü 8,5 m-dir. 

Qeysəriyyə  sözünün  mənası  keçmiş  zamanlarda  şahlara  məxsus  daş-qaş,  ləl-cəvahirat 

satılması  məqsədilə  tikilmiş  örtülü  Şərq  bazarı  deməkdir.  Belə  bazarlara  xalq  arasında  “Şah 

bazarı”  da  deyilir.  Belə  tikililərə  dünyanın  üç  yerində  rast  gəlmək  olar:  Səmərqənd,  Təbriz  və 

Ordubad şəhərlərində. Hazırda ən görkəmlisi və abadı Ordubad şəhərində yerləşir (1). 

Orta əsrlər 

dövründə  buradan  Zərbxana  kimi  istifadə  edilmişdir.  Xalq  arasında  “Torpaq  qala”  kimi  də 

işlənmişdir.  Torpaq  qala  adlanması  ilə  bağlı  bir  rəvayyətdə  vardır.  Ordubad  qız  gəlinlərinin 

düşmənin  əlinə  keçməsin  deyə  Ordubadın  başçılarından  biri  olan  Yaqub  xan  onları  doldurur 

Qeysəriyyəyə,  üstünü  isə  torpaqlayır,  bundan  sonar  buranın  adı  qalır  Torpaq  qala.  Sonrakı 

dövrlərdə  bu  abidədən  “Zorxana”  kimi  istifadə  edilmişdir.  Aparılan  tədqiqatlardan  məlum  olur 

ki, həmin abidə (Zorxana abidəsi-A.O) bir 

zamanlar geniş yayılmış bu tip binaların Azərbaycan 

SSR-də  qalmış  yeganə 

nümunəsidir  (5,  s.  19). 

Hətta  Sovet  hakimiyyəti  illərində  cənubda  giriş 

qapısının  yanında  “Zorxana”  binası  olduğunu  və  tarixi-mədəniyyət  abidəsi  kimi  qorunduğunu 

bildirən löhvə vurulmuşdur. Ancaq belə güman etmək olar ki, sonradan bu binadan Zorxana kimi 

istifadə  edilmişdir.  Belə  ki,  zalının  döşəməsi  nisbətən  binanın  döşəməsindən  aşağılıq  olduğu 

üçün  döşək  əvəzinə  dağlardan  yığılmış  gəvən  kollarını  buraya  doldurub  üstünə  narın  torpaq 

tökərmişlər. İrandan, Türkiyədən, Həmədandan və  başqa yerlərdən gələn pəhləvanlar burada öz 

güclərini  sınayarmışlar.  Kim  qalib  gəlirdisə,  hücrələrdə  əyləşən  xandan  mükafat  kimi  bir  kisə 

qızıl alarmış. 

XIX  əsrin  ortalarına  yaxın  Ordubadda  yaradılmış  “Əncüməni-şüəra”  ədəbi  məclisinin 

yığıncaqları burda keçirilirdi. Belə ki, “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri Hacıağa Fəqir 

Ordubadi, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi, Aşıq Abbas Dəhri, Usta Zeynal Nəqqaş, Hacı 

Əhməd  Bikəs  və  başqaları  bu  binaya  yığışıb  öz  yazdıqları  əsərləri  oxuyaraq  kimin  daha  güclü 

yazdığını bəyan edərmişlər. 

Qeysəriyyə  binası  çar  Rusiyasının  hakimiyyəti  dövründə  feldşer  Qasımın  və  pinəçi 

İbrahimin babaları və dayıları tərəfindən qızıl pulla alınaraq ipək sarıyan sexə çevrilmişdir. Sovet 

hakimiyyəti  dövründə  binanın  bir  tərəfi  mağaza  və  anbar,  digər  tərəfi  isə  aşxana  kimi  istifadə 

edilmişdir.  1978-ci  ildə  ordubadlı  memar  Zakir  Haşım  oğlu  Babyev  tərəfindən  abidə  yenidən 

bərpa edilmişdir. 




 

Qeysəriyyə  binası  1981-ci  ildən  Ordubad  rayon  Tarix-Diyarşünaslıq  muzeyi  kimi 



fəaliyyət göstərir.  14  yanvar 2011-ci  il tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 

yerləşdiyi  Qeysəriyyə  tarixi  abidəsinin  bərpa  işlərindən  sonra  açılışı  olub.  Açılış  tədbirində 

iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: 

“Azərbaycanın  incisi  olan  Ordubadda  tarixi  abidələr  bərpa  olunur,  onların  gələcək  nəsillərə 

çatdırılması  təmin  edilir.  Hər  bir  yerin  tarixi  yalnız  kitablarda  deyil,  onun  torpağında, 

tikililərində,  abidələrində  yaşayır.  Tarixini,  Vətənini  sevən  insanlar  abidələri  qoruyub  gələcək 

nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik 

ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar” (13). 

Ordubad  şəhərinin  türk-islam  abidələrindən  danışarkən  şəhərin  Mingis  məhəlləsində 

yerləşən  səqqaxananı  da  qeyd  etmək  lazımdır.  Professor  H.Səfərli  abidənin  belə  adlanması 

haqqında  yazır:  “Ərəbcə səqqa su satan, su paylayan, su  verən, su çəkən və  farsca ev  sözünün 

birləşməsindən  yaranmışdır” 

(8,  s.  160). 

Deməli,  səqqaxana  su  satılan  yer  anlamındadır. 

Səqqaxanalar dini xarakterli tikililər qurupuna daxildir. Etnoqraf alim İ.Məmmədova yazır ki, bu 

məkanların  əksəriyyəti  yaşıl  rəngə  boyanır  və  ya  üzəri  yeddi  rəngdə  kaşı  ilə  örtülürdü.  Kaşı 

işləmələrində  Kərbəla  müsibəti,  Həzrəti  Əbülfəz  və  Həzrəti  Abbas  at  belində,  yaxud  piyada, 

əynində  zireh,  sağ  əlində  nizə,  sol  çiynindən  asılmış  su  tuluğu  və  s.  təsvir  olunurdu.  Bundan 

başqa  səqqaxananın  daxili  divarlarında  imamların  və  dini  ziyarətgahların  çərçivəyə  salınmış 

şəkili  vurulur,  ələm  və  qıfıllar  asılır,  həmçinin  buraya  müxtəlif  rəngli  parçalar  niyyət  edib 

düyünlənirdi. Bu şəkillər ona tamaşa edən hər kəsin dini hisslərini coşdururdu (2, s. 

241). 


İnanca 

görə  kim  səqqaxanadan  su  içsə,  həmin  xəstə  şəfa  tapar  və  o  bir  daha    xəstələnməzdi. 

Ümumiyyətlə, burdan su içmək savab sayılırdı. Naxçıvan bölgəsində bu qəbil abidə demək olar 

ki, yox dərəcəsindədir, ancaq Ordubad şəhərində mövcuddur.  

Ordubad  şəhərinin  türk-islam  abidələri  sırasına  Ordubad  şəhər  mədrəsəsi,  Malik  ibn 

İbrahim piri və Qara pir adlanan abidələri də daxil etmək olar. 

Son  olaraq  qeyd  edək  ki,  Ordubad  şəhərində  mövcud  olan  abidələr  türk-islam 

mədəniyyətli  abidələri  sırasına  daxildirlər.  Belə  abidələr  əhalinin  ictimai-siyasi,  sosial-mədəni 

həyatlarında mühüm rol oynamışlar.  

 

ƏDƏBİYYAT 

1.

 

Məmmədov M. Ordubadın memarlıq inciləri. “



Azərbaycan” qəzeti,  2011, 20 mart.

 

2.



 

Məmmədova İ. Təbriz şəhərinin madda mədəniyyəti. Bakı: Çaşıoğlu, 2016Ş 500 s. 

3.

 

Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008, 522 s. 




 

4.



 

Ordubad əsrarəngiz Şərq şəhəri. “Şərq qapısı” qəzeti, 2015, 6 mart 

5.

 

Salamzadə Ə, Məmmədzadə K. Arazboyu abidələr. Bakı: Elm, 1979 s.72 



6.

 

Səfərli H. Ordubad şəhərinin müsəlman epiqrafikası abidələri. Bakı: MBM, 2009, s. 192 



7.

 

Səfərli H. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: Elm, 2003, 392 s. 



8.

 

Səfərli H. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: Əcəmi, 2017, 216 s. 



9.

 

Səfərli H. Ordubad şəhərinin məscidləri (I məqalə) // Axtarışlar, 2017, №2, s. 179-186 



10.

 

Григорьев  В.  Статистическое  описание  Нахичеванской  провинции.  Санкт-



Петербург: Типографиу Департамента Внешней Торговли, 1833, 264 с. 

11.


 

Пашаев А. Город Ордубад в ХIX- начале XX вв. Баку: Элм, 1998, 200 с. 

12.

 

Шопен  И.  Исторический  памятник  состояния  Армянской  области  в  эпоху  ее 



присоединения к российской империи. СПб, 1852, 1231 с.  

13.


 

https://az.wikipedia.org/wiki/Qeysəriyyə-abidəsi 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə