106
aparmaqdan savayı bir şey qalmırdı. Plutarxın yazdığına görə, Aleksandr onunla
ilk dəfə görüşəndə soruşmuşdur:
- İndi səninlə necə davranmaq lazımdır?
Por belə cavab vermişdir:
- Çar kimi.
Aleksandr daha nə əlavə etmək istədiyini soruşduqda Por yenə demişdi:
- Hər şey bir sözdə ifadə olur: çar kimi.
Cavab Aleksandrın xoşuna gəlmiş və çar onu satrap təyin etmişdi. Hind
racasının xarici görünüşü, igidliyi və sərkərdə sənəti onunla şəxsən ünsiyyətdə
olanda Aleksandra güclü təsir etmişdi. Por ilk siyasi xadim idi ki, Aleksandr onu
ciddi qəbul edirdi. Onun xarakteri raca haqqında Aleksandrın verdiyi qərarda
mühüm rol oynamışdı.
Qurban verdikdən və şənliklər keçirildikdən sonra Aleksandr iki şəhər saldı:
biri çayın qərb sahilindəki Butsefal, bu şəhər Hidaspda həlak olmuş çarın sevimli
atının şərəfinə belə adlanmışdı, digəri şərq sahilində - Nikeya idi. Çar bir ay
istirahət etdi, bu vaxt onun Poru tanımağa və qiymətləndirməyə imkanı oldu və ona
etibar etməyə başladı. Por təkcə Aleksandra kömək etmirdi, ona qiymətli
məsləhətlər verirdi, həm də onun üçün bütün Hindistanın təcəssümü idi. Məhz
Porun hesabına çar yerli əhalinin qeyri-adiliyini, onların ona indiyədək tabe olmuş
xalqlardan nə qədər fərqli olduğunu başa düşdü. Artıq Taksildə o, raca
hakimiyyətini tanımışdı, lakin imperiyanın mənafeləri naminə ora satrap da təyin
etmişdi. Burada isə Poru raca kimi təsdiq edib, onu həm də imperiyanın
nümayəndəsi etdi. Aleksandr buraya nə makedoniyalı, nə də digər hökmran təyin
etmədi. Qonşu kiçik knyazlıqlar da Porun hakimiyyətinə verildi. Lakin
qonşularının çoxu Porun belə yüksəldilməsini qəzəblə qarşıladı.
Taksillə Aleksandr
özü razılaşdı. Paurava nəslindən olan raca isə sadəcə olaraq Pora tabe olmaqdan
imtina etdi. Əvvəlcə Aleksandrı tanımağa hazır olan digər knyazlar və tayfalar indi
mübarizəyə qalxdılar. İstirahətdən sonra çar yürüşünü davam etdirdi. O, Himalay
dağlarının ətəyi ilə hərəkət edirdi. Tezliklə o, digər böyük hind çayı – gur Akesinə
çatdı. Burada ilk dəfə olaraq Hindistanın işğal planının bütün faciəviliyi aşkar oldu.