Mədəniyyət haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci
bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və
prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində
hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması,
toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir.
1-Cİ FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. mədəniyyət - ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların
maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat
tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin
məcmusu;
1.0.2. mədəniyyət fəaliyyəti (mədəniyyət sahəsində fəaliyyət) - mədəni sərvətlərinin
yaradılması, yayılması, qorunması, bərpası, mənimsənilməsi və təşviqi, həmçinin mədəniyyət
xidmətlərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət;
1.0.3. mədəniyyət sahəsində dövlət siyasəti - mədəni irsin və mədəni sərvətlərin
yaradılması, müəyyən edilməsi, qorunması, inkişafı və təbliği sahəsində həyata keçirilən
tədbirlərdə dövlətin rəhbər tutduğu məqsədlər, prinsiplər, normalar, konsepsiya, strategiya və
dövlət proqramlarının məcmusu;
1.0.4. mədəniyyət məhsulları - kommersiya dəyərindən asılı olmayaraq, səciyyəvi
xüsusiyyətləri, istifadə növləri və ya məqsədləri baxımından mədəni özünüifadə formalarını
ehtiva edən insan fəaliyyətinin nəticələri;
1.0.5. mədəniyyət xidmətləri - şəxslərin mədəni-mənəvi-estetik ehtiyaclarının ödənilməsi
məqsədilə göstərilən xidmətlər və yaradılan şərait;
1.0.6. mədəniyyət məkanı - mədəni sərvətlərin və ənənələrin yaranma və yayılma dairəsi;
1.0.7. mədəni məzmun - mədəni özünəməxsusluqdan yaranan və ifadə olunan ənənələr və
mədəni dəyərlər;
1.0.8. mədəniyyət sənayesi - mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və
realizə edilməsini təmin edən fəaliyyət sahəsi;
1.0.9. bədii dəyər - bədii yaradıcılıq fəaliyyətinin nəticəsi olan mədəniyyət, ədəbiyyat və
incəsənət əsərlərinin estetik əhəmiyyətini formalaşdıran xüsusiyyətlər;
1.0.10. milli mədəni irs - Azərbaycan xalqına məxsus, ümumazərbaycan əhəmiyyəti kəsb
edən, universal dəyərlərə malik mədəniyyət nümunələrinin məcmusu;
1.0.11. qeyri-maddi mədəni irs - şəxslərin, qrupların və cəmiyyətin özünün mədəni irs
nümunələri kimi qəbul etdikləri ənənələr, təsvir və ifadə formaları, bilik və bacarıqlar, onların
yaradılmasında istifadə olunan alətlər, əşyalar, artefaktlar və mədəniyyət məkanları;
1.0.12. maddi mədəni irs - daşınmaz və daşınar mədəni irs;
1.0.13. daşınmaz mədəni irs - daşınmaz arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə
abidələri, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii,
etnoqrafiya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji
komplekslər, memarlıq ansamblları, dini ocaqlar və etnoparklar;
1.0.14. daşınar mədəni irs - tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-
tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya,
epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu;
1.0.15. mədəni irs nümunələri - özündə bir xalqın, milli azlığın maddi və qeyri-maddi
mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu. Bura yeraltı, yerüstü və sualtı
mədəni irs nümunələri aiddir;
1.0.16. sualtı mədəni irs - insan varlığının bütövlükdə və ya qismən, daimi və ya vaxtaşırı
su altında qalan mədəni, tarixi və ya arxeoloji izləri;
1.0.17. təbii irs - universal dəyərə malik fiziki və bioloji birləşmələrdən ibarət təbiət
abidələri, geoloji və fizioqrafik birləşmələr, heyvan və bitki arealı olan zonalar, təbii zonalar;
1.0.18. dekorativ-tətbiqi sənət - müxtəlif məmulatlar üzərində bədii əsərlərin yaradılmasına
yönəlmiş maddi mədəni irs yaradıcılığı sahəsi;
1.0.19. mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik) - ayrı-ayrı qrupların və
cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı, qruplar və cəmiyyətlər arasında və onların
daxilində ötürülən müxtəlif formalar. Mədəni müxtəliflik yalnız dünya mədəni irsinin ifadə
olunduğu, artırıldığı və ötürüldüyü müxtəlif mədəni özünüifadə vasitələrinin tətbiqi ilə deyil,
həmçinin hansı vəsaitlərdən və texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq, bədii
yaradıcılığın müxtəlif növlərinin, mədəni özünüifadə məhsullarının istehsalının, yayılmasının və
onlara yiyələnmənin köməyi ilə meydana gəlir;
1.0.20. mədəni özünüifadə - ayrı-ayrı şəxslərin, qrupların və ya cəmiyyətlərin
yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan ifadə forması;
1.0.21. mədəni sərvətlər - mənəvi və estetik ideallar, əxlaq normaları və nümunələri, dillər,
dialektlər və ləhcələr, milli adət və ənənələr, tarixi toponimlər, folklor, bədii sənət və peşələr,
mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət əsərləri, nəşriyyat məhsulları, mədəniyyət
sahəsində elmi tədqiqatların nəticələri və metodları, tarixi-mədəni əhəmiyyətə malik binalar,
tikililər, əşyalar, tarixi-mədəni əhəmiyyətli unikal təbii ərazilər və obyektlər, məqbərələr,
qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;
1.0.22. milli kulinariya nümunələri - bir millətin mədəniyyətinə məxsus texnoloji, forma,
naxış, əşya, avadanlıq və resept komplekslərini özündə birləşdirən ərzaq, içki və qida
məhsullarının hazırlanmasına yönəlmiş insan fəaliyyətinin nəticələri;
1.0.23. sosial əhəmiyyətli tədbirlər - mədəniyyət günləri, festivallar, baxış, müsabiqə,
təqdimat, yubiley və xatirə tədbirləri, eləcə də mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin
əbədiləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbirləri;
1.0.24. yaradıcılıq fəaliyyəti - mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyət;
1.0.25. yaradıcı şəxs - mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində
pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
Maddə 2. Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Mədəniyyət
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu qanundan, bu qanunun 20.2-ci maddəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikasının qanunlarından və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2-Cİ FƏSİL
MƏDƏNİYYƏT SİYASƏTİNİN
DÖVLƏT TƏNZİMLƏNMƏSİ
Maddə 3. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri
3.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasəti Azərbaycan
Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.
3.2. Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinin əsas istiqamətləri
aşağıdakılardan ibarətdir:
3.2.1. dövlət mədəniyyət sisteminin idarə olunması və bu sahədə fəaliyyətin
əlaqələndirilməsi;