BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   47   48   49   50   51   52   53   54   ...   62

________________Milli Kitabxana______________ 
249 
 
Məhəbbət! Həmişə möhtacıq ona,  
Onsuz nə dərk edər, nə duyar insan.  
Məhəbbət bəslərmi başqalarına  
Məhəbbət görməyən başqalarından? 
 
Əgər qəlbimizdə məhəbbət yoxsa,  
Onu balalardan almaq çox çətin!  
Onlardan məhəbbət umacağıqsa,  
Amandır, onlara məhəbbət verin! 
 
Körpələr evinə gəlir arabir  
Uşaq götürməyə sonsuz qadınlar.  
Elə ki körpələr bunu hiss edir,  
Gəl, gör, otaqlarda nə çaxnaşma var. 
 
Çiçi paltrını geyinir o gün,  
Hələ güzgüyə də baxır uşaqlar.  
Bəzənir, düzənir,.. 
Bəyənilməkçün  
Görün nə oyundan çıxır uşaqlar. 
 
Yanaşır qadına... 
Baxır üzünə. 
Baxışda yalvarış, baxışda üsyan. 
Baxır matdım-matdım, 
O, dönə-dönə,  
Baxışlar qışqırır: "Mən sənin balan!" 
 
Ağır... Bu mənzərə nə qədər ağır! 
Ürəklər çırpınır... 
Gözlər intizar. 
Burda özlərinə ana axtarır 
Ana qucağına həsrət balalar. 
 
Qırılır ümidi, tutulur yenə,  
Bir küncə qısılır bəyənilməyən.  
Baş vur o ürəyin dərinliyinə,  
İtərsən, batarsan o ürəkdə sən. 
 
  


________________Milli Kitabxana______________ 
250 
 

 
Körpələr evində bir toy-büsat var,  
Uşaqlar sevinir, əylənir yenə.  
Ürəyi nisgilli körpə balalar  
Toplaşıb qarının yan-yörəsinə,  
Uşaqlar oynayır, atılıb-düşür,  
Qarının qəlbində güllər öpüşür.  
O, çilli körpəni basır bağrına,  
"Cırtdan" nağılım danışır ona: 
- Kim yatıb, kim oyaq? 
Dillənir uşaq: 
- Hamı çoxdan yatıb, tək Cırtdan oyaq. 
Cırtdanın anası yoxmu, ay nənə? 
Onun da anası... 
- Nə deyim sənə? 
Bilirsən, ay bala, Cırtdan... 
-Hə, Cırtdan... 
- İgiddir yaman. 
O divi... 
- Öldürər... Qorxmur heç nədən. 
Böyüyüb Cırtdanla dost olacam mən. 
- Yaxşı, mənim balam... 
Keçdi bir qədər 
Onlar çox danışıb, çox gülüşdülər.  
Əvvəlki mətləbə qayıtdı yenə: 
- Hə, bəs... sənin anan, yoxmu, ay nənə? 
- Mən özüm anayam. 
O, döndü birdən  
Bələkli kuklanı götürdü yerdən.  
Qışqırdı: - Bunun da anasi mənəm.  
Heç kəsə, heç kəsə bunu vermərəm! 
- Di, yaxşı, qoy olsun o, sənin balan. 
Axı, kimdir onu əlindən alan? 
- Bəs sənin evin var? 
Nə desin ana?  
-Var! 
- Məni evinə sən aparsana. 
  


________________Milli Kitabxana______________ 
251 
 
Niyə aparmırsan?.. 
Hə, dillənsənə. 
Ana danışmadı. Susdu. 
- Ay nənə. 
Yaşardıq bir yerdə biz nənə-bala.  
Anaya oxşayan gözəl bir xala  
Apardı özüylə dünən Adili.  
Titrədi ananın dodağı, dili.  
-Adil anasını tapdı... ay nənə...  
Bəs mənim... 
Ardını demədi. 
Yenə  
Susdular... 
Baxışlar danışdı lal-kar,  
Onlar birdən-birə qucaqlaşdılar.  
Söhbətə bu yerdə xitam vuruldu.  
Artıq nə danışım, artıq nə deyim,  
Gizli duyğularla boşaldı, doldu  
Anadan yetimlə, baladan yetim.  
Ana heç bilmir ki, nə duyğudur bu?  
Niyə bu duyğunun əsiri oldu?  
Yenə də qəlbində sonsuz diləklər,  
Niyə bu duyğuya o səcdə qılmış?  
Tapar bir-birini sınıq ürəklər,  
Tapar bir-birini iki atılmış.  
Atılmış! 
Atılmış, həqiqətdi bu – 
Birinin əvvəli, birinin sonu.  
Adını təmizə çıxarmaq üçün  
Körpəsini atan o bədbəxt gəlin,  
İçində göynəyib daim hönkürən  
Analıq hissini axır kiritdi...  
Keçdi bir qədər,  
Gözəl bir insana o ərə getdi...  
Sandı ki, körpədə itirdiyini  
Ərində tapacaq...  
Olmadı ancaq!..  
Olmadı... Asıldı öz diləyindən. 
  


________________Milli Kitabxana______________ 
252 
 
İkinci körpəni gözlədi müdam...  
Demə, öz ilkini atdığı gündən  
Onun analığı olubmuş tamam.  
Davalar, dərmanlar kara gəlmədi,  
Analıq istədi, ala bilmədi. 
 
Küçədə, bayırda o, neçə-neçə 
Qucağı körpəli ana görüncə 
Qısqandı... Həsrətlə süzdü qadını 
Tək özü dinlədi öz fəryadını... 
İtkin körpəsinin doğum günündə 
O, qara geyindi, o yas saxladı. 
Amma bir gümana ümid bağladı. 
Atdığı körpəni o, tapmaq üçün 
Uşaq evlərinə baş vurdu hər gün 
- Bəlkə, o burdadır... xəbərsizəm mən... 
Əgər burdadırsa, hansıdır görən? 
Bəlkə, bu?.. Oxşamır... Amma, bax, bunun 
Yamanca oxşayır mənə göz-qaşı... 
Yox, bu, balacadır... Onunsa bu gün 
Axı, tamam olur düz yeddi yaşı... 
Baxır o, sağına, soluna baxır, 
Doğma balasını tanımır ancaq. 
O, hardan biləydi öz övladıdır, 
Böyründə dayanmış bu çil-çil uşaq. 
 
SON SÖZ 
 
Məhkəmə qurulsun! 
Atılmışların 
Uzaq, gözdənuzaq sığınacağında.  
Vicdanlar əyləşsin o gün hakimin  
Biri sol yanında, biri sağında. 
 
Məhkəmə qurulsun, hökm verilsin,  
Hər kəs haqqını yox, borcunu bilsin!  
Balasını atan analar ilə  
Anasını atan balalar gəlsin. 
 
  


________________Milli Kitabxana______________ 
253 
 
Atsın gülləsini öz cəbhəsindən  
Özünü haqq bilən dillər birbəbir.  
Amma bu atəşin qorxma səsindən,  
Hədəfi yenə də öz cəbhəsidir. 
 
Həyat sınağından çıxan "zirəklər"  
Haqqını istəsin, borcunu dansın.  
Balaya, anaya qıyan ürəklər,  
Məhkəmə önündə niyə utansın? 
 
Xəcalət! Utanmaq! Namusun, arın  
İlkin meyvəsidir... 
Umma sən ondan!  
Vicdan hakimini aldadanların  
Qorxusu olarmı haqq divanından? 
 
Məcəllə hökmüylə xatırlanan borc  
Yaxşıdır min dəfə ödənilməsə.  
Verilən cəzanın kimə nə xeyri,  
Günahkar özündə günah bilməsə? 
 
Zorla borc ödətmək? 
De, kimə gərək? 
Deyirəm hökm də həzin nəğmə tək 
Könüldən-könülə axsın, duyulsun! 
Məhkumun üzünə oxunan hökmün 
Məqsədi - qanmazı qandırmaq olsun! 
 
Qanmaqda cəza da, ədalət də var. 
Qansın! 
Borcundan da bir boy ucalsın! 
Sevgiyə, qayğıya möhtac olanlar 
Ancaq sevgiylə də haqqını alsın! 
 
1976-1978   
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə