______________________________________________________ Poetika.izm
143
müəllif sovet erasının sabitlik və sakitliyinin xaosla əvəzləndiyi keçid
dövrünün insanının ifadəsini verməyə çalışmışdır. Bunun üçün ən uyğun
məkan kimi ev və həyət seçilmişdir. Çünki insanın əsl siması, niyyət və
düşüncələri, ümumiyyətlə, kimliyi ailə şəraitində meydana çıxır. İctimai
yerlərə isə o, adətən, maskalanaraq çıxır. Odur ki, müasir insanı rasşif-
rovka etmək istəyən dramaturqun o biri pyeslərində də tez-tez ev məkan
olaraq əsərə daxil olmuşdur.
Ancaq müasir Azərbaycan dramaturgiyasında yaşayış yerləri yega-
nə məkan deyildir, əslində ümumi dramaturji prosesə nəzər salsaq, müx-
təlif, hətta həbsxana, dəlixana, heyvanxana kimi ekstermal məkanlar da
görərik. Müasir Azərbaycan dramaturgiyası insanı bədii tədqiqə yalnız
özünün görünən və bəlli tərəfləri ilə gətirmir, normal həyat şəraitinin
parametrlərində obrazlaşmır. Bugünkü dünyanın məna, məzmunu getdik-
cə qəlizləşməkdədir və bu qəlizliyin çözümü yalnız normal həyat şəraitin-
də tapıla bilməz. Odur ki, dramaturgiyamızda hadisələr cəmiyyətdən
təcrid olunmuş həbsxana, dəlixana, heyvanxana kimi məkanlarda cərəyan
edir.
Məlumdur ki, məkan dramaturji strukturda elə bir komponentdir ki,
klassik dramaturgiyadan bu yana müəllif ilk olaraq oxucuda onun haqqın-
da təsəvvür yaradır və bu təsəvvür artıq gələcək hadisələr üçün bir siqnala
çevrilir. Əgər əsərin girişində məkan olaraq ekstermal şərait göstərilirsə,
bu siqnal daha artıq dramatik gərginlik üçün uğurlu başlanğıca çevrilir.
Çünki səhnənin normal həyat şəraitinə açılan pərdəsi tamaşaçının sakit
vəziyyətini hərəkətə gətirə bilmirsə, qeyri-normal bir şərait artıq onu gər-
gin bir vəziyyətə kökləyir.
Elçinin “Şekspir” pyesində də belədir. Pərdənin Ruhi
xəstəliklər kli-
nikasına açılan səhnəsi Elçin dramaturgiyasında bədii çözümünü ailə
içində, redaksiyada axtaran dəlilik mövzusu bu dəfə öz dəqiq ünvanın-
dadır. Bu pyesdə məkan artıq mövzu-problemin bədii həlli üçün aktiv bir
başlanğıc olur. Və onun təsvirində əsər boyu tez-tez pəncərə bədii detala
çevrilir. Ümumiyyətlə, təcridxanaların bədii təsvirində, adətən, pəncərə-
dən məkan interyerini tamamlayan komponent kimi istifadə olunur. Çünki
pəncərə bədii bir detal kimi bu məkanın açıq dünyaya qapalı olmasını
şiddətləndirir. Elçinin “Şekspir” pyesində isə pəncərə yalnız qapalılığı
deyil, həm də gözləntini, ümidi ifadə edir. Belə ki, pəncərəni gözətləyən
yalnız uzaq planetdən bir ün gözləyən, özünün veneralı olduğunu iddia
edən Ruhi xəstəliklər klinikasının pasiyenti deyil, həm də bu klinikanın
baş həkimidir. Bu məqam oxucuya belə bir mesaj ötürür ki, nəinki bu
klinika, elə əslində Yer kürəsi bütövlükdə bir təcridxanadır.
Sonda veneralının ümidlə, Baş həkimin isə ümidsizcəsinə gözətlə-
diyi bu pəncərə birincinin ümidini doğruldur, ikincini isə çaşqınlıq və
heyrət içərisində buraxır. Pəncərənin qarşısına keçən Baş həkim Yer