Press-reliZ 5 Aprel 2012-ci IL Bakı, Azərbaycan



Yüklə 27,72 Kb.
tarix15.07.2018
ölçüsü27,72 Kb.

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
5 Aprel 2012-ci il

Bakı, Azərbaycan


  • ELAN!

  • RATİ-NİN JURNALİSTLƏRİN NAXÇIVAN GÖMRÜYÜNDƏ AVADANLIQLARININ MÜSADİRƏ EDİLMƏSİNƏ DAİR BƏYANATI

  • NAXÇIVAN GÖMRÜYÜ JURNALİSTLƏRİN VİDEO, FOTO KAMERASINI VƏ DİKTOFONUNU ƏLLƏRİNDƏN ALIB

  • XƏYAL” TV-nin ƏMƏKDAŞLARI HƏLƏ DƏ DİN MCMİ-DƏ TƏZYİQ ALTINDA SAXLANILIRLAR

  • QHT VƏ KİV TƏMSİLÇİLƏRİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT ETDİLƏR


ELAN!

6 aprel saat 14.00-da İnsan Hüquqları Klubu 1998-ci ilə qədər həbs edilərək ölüm cəzasına məhkum olunan, sonradan cəzaları ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilən məhbusların, o cümlədən bəzi digər ömürlük məhbusların hüquqlarının müdafiəsinə həsr edilmiş ictimai kampaniyanın təqdimatı keçiriləcək. Tədbirdə hüquq
müdafiəçiləri, vəkillər, ömürlük məhbusların yaxınları iştirak edəcək.

Maraqlanan bütün şəxslər dəvətlidir.



RATİ-NİN JURNALİSTLƏRİN NAXÇIVAN GÖMRÜYÜNDƏ AVADANLIQLARININ MÜSADİRƏ EDİLMƏSİNƏ DAİR BƏYANATI

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) aprelin 4-də Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük keçid məntəqəsində araşdırma apararkən RATİ bölgə müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasovun diktofon, fotoaparat və videokamerasını əllərindən alınmalarını qətiyyətlə pisləyir və jurnalistlərin avadanlıqların özlərinə qaytarılmasını tələb edir.  

Belə ki, son zamanlar Muxtar Respublika sakinləri gömrükçülərin hərəkətlərindən çoxsaylı şikayət ediblər. Jurnalistlər vəziyyəti yerində öyrənmək məqsədilə şikayətləri yoxlamaq üçün sərhədi keçmək qərarına gəliblər. Jurnalistlər Türkiyə tərəfə keçib yenidən geri dönəndə gömrükçülər fotoaparat videokamera və diktofonlarını əllərindən alıb. Gömrükçülər bu addımı avadanlıqların deklarasiyada göstərilmədiyi bəhanə edərək bu addımı atıblar.

RATİ qeyd edir ki, Azərbaycan qanunvericiliyinə görə, jurnalistlərin çoxdan istifadə etdikləri və dəyəri min manatdan az olan avadanlıqları deklarasiyada göstərməyə ehtiyac olmayıb. Heç sərhədi keçəndə də bunu jurnalistlərdən tələb edən olmayıb və jurnalist Azərbaycan tərəfindən Türkiyəyə keçəndə də avadanlıqlar əllərində olub və bunu Görük Keçid Məntəqəsinin təhlükəsizlik kameralarının da qeyd etməsi labüddür.

RATİ hesab edir ki, əslində jurnalistlərin avadanlıqlarının müsadirəsi onların qanuni peşə fəaliyyətinə mane olmaqdan başqa bir şey deyil. Naxçıvan Muxtar Respublikası hakimiyyəti uzun illərdir ki, müstəqil və tənqidçi jurnalistlərin Naxçıvanda fəaliyyətinə müxtəlif yollarla maneçiliklər yaradır. Dəfələrlə Muxtar Respublikada yerli və əcnəbi jurnalistlər təqib edilib, işgəncəyə məruz qoyulub və ya Naxçıvandan deportasiya edilib. RATİhesab edir ki, bu son addım da jurnalistlərə qarşı Muxtar Respublikada davam edən təqib və təzyiqlərin tərkib hissəsidir.

Bu səbəbdən də RATİ üzünü Muxtar Respublika və Azərbaycan Respublikası rəhbərliyinə tutaraq, baş vermiş son hadisə ilə bağlı tədbirlər görməyi, jurnalistlərin avadanlıqlarının tezliklə onlara qaytarılmasını və jurnalistlərin hüquqlarını pozan şəxslərin cəzalandırılmasına görə çağırış edir.



NAXÇIVAN GÖMRÜYÜ JURNALİSTLƏRİN VİDEO, FOTO KAMERASINI VƏ DİKTOFONUNU ƏLLƏRİNDƏN ALIB

Aprelin 4-də Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük keçid məntəqəsində Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) bölgə müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasovun diktofon, fotoaparat və videokamerasını əllərindən alıblar. Hadisə jurnalistlər Türkiyədən ezamiyyətdən qayıdarkən baş verib.  

“Son zamanlar vətəndaşlar gömrükçülərin hərəkətlərindən şikayət edirlər. Hadisəni yerində öyrənmək məqsədilə şikayətləri yoxlamaq üçün sərhədi keçmək qərarına gəldik. Gedəndə bizi saxladılar və 20 manat “rüsum” tələb etdilər, halbuki, Culfa gömrük məntəqəsində bunu istəmirlər. Gömrük əməkdaşları öz dediklərinin üstündə durdular və biz də xidməti məqsədimizin naminə pulu verdik”, - deyə H.Mehdiyev qeyd edib. 

Jurnalistlər geri qayıdarkən onları bir neçə dəfə yoxlayıblar, lakin onların yükü qanun normalarına uyğun olub. Bununla belə, qaçaqmalçılıq şöbəsinin rəisinin iştirakı ilə diktofon, fotoaparat və videokameranı əllərindən alıblar, onları həmin əşyaların deklarasiyada göstərilməməsində ittiham ediblər. 

E.Abbasov deyib ki, bu, qanunsuzdur, çünki aparatura təzə deyil. Bundan əlavə, gömrükçülərdən heç kim həmin əşyaların deklarasiyada göstərilməsini tələb etməyib. Nəhayət, 1000 dollara kimi dəyəri olan əşyalar deklarasiyada göstərilmir.

Sonra gömrükçülər gömrük haqqındakı tənqidi yazıları jurnalistlərin yadına salıblar. Bu gün jurnalistlər NMR Dövlət Gömrük Komitəsinə gediblər, Daxili Təhlükəsizlik İdarəsinin müfəttişi Rasim Əliyevlə görüşüblər.  Lakin aparaturanı jurnalistlərə qaytarmayıblar, bildiriblər ki, onların müraciətinə baxılacaq.

NMR DGK-nın rəhbəri Məhəmməd Seyidov jurnalistləri gömrükçülərin korrupsiya faktlarından şikayət edən iş adamı Məhəmməd Qurbanovun hüquqlarını müdafiə etməkdə ittiham edib.

H. Mehdiyev və E. Abbasov həmçinin bildiriblər ki, son vaxtlar vətəndaş cəmiyyəti fəallarının ətrafında dözülməz vəziyyət yaranıb. “Məktəblərdə uşaqlarımızı rahat buraxmırlar. Qohumlarımıza, tanışlarımıza təzyiq göstərirlər ki, bizimlə ünsiyyət qurmasınlar”, - E.Abbasov vurğulayıb.

XƏYAL” TV-nin ƏMƏKDAŞLARI HƏLƏ DƏ DİN MCMİ-DƏ TƏZYİQ ALTINDA SAXLANILIRLAR
“Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev və "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) müvəqqəti saxlama kamerasında saxlanılır. Bu barədə vəkil Elçin Sadıqov “Turan” informasiya agentliyinə məlumat verib.

“ Bu, ciddi qanun pozuntusudur. Təqsirləndirilən şəxs 72 saatdan artıq saxlama kamerasında saxlanıla bilməz”, - deyə Elçin Sadıqov bildirib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Z.Quliyevlə görüşə də buraxılmır. “Vəkilin müdafiə etdiyi şəxslə görüşə buraxılmaması da ciddi hüquq pozuntusudur”, - o bildirib.

 Qeyd edək ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R.Həbibovun evini  yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb. 13 mart tarixində "Xəyal TV"-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev həbs ediliblər və hər iki jurnalist barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Hal-hazırda jurnalistlər DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş idarəsində saxlanılırlar.

Onu da qeyd edək ki, Vüqar Qonaqov istintaqın təhriki ilə vəkili Elçin Sadıqovdan imtina edib.

QHT VƏ KİV TƏMSİLÇİLƏRİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞ ÜÇÜN MÜRACİƏT ETDİLƏR

Aprelin 4-də bir qrup hüquq müdafiəçiləri və jurnalistlər hazırda Bakı İstintaq Təcridxanasında həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşmək üçün Ədliyyə naziri Fikrət Məmmədova,  Penitensiar Xidmətin rəisi Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, İnsan haqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanovaya müraciət ediblər. Bu barədə “xural.com” saytı məlumat yayıb.

Biz aşağıda imza atanlar, ötən ilin oktyabr ayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən deputat Gülər Əhmədovanın bir ərizəsi və sübut kimi dəyərləndirilməsi mümkün olmayan “disk yazısı” əsasında “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbs olunmasını qanunsuz hesab edirik. Artıq 5 aydır ki, baş redaktorla ictimaiyyət nümayəndələrinin görüşünə icazə verilmir və bu istintaqın gedişinə təsir göstərən amil kimi qiymətləndirilir. Lakin ötən 5 ayda aparılan jurnalist araşdırmaları da belə qənaətə gəlib ki, Əvəz Zeynallı heç bir əsas olmadan, qanunsuz olaraq həbs edilib və bu amillər də ictimaiyyət nümayəndələrinin jurnalistlə görüşünün qarşısını almaq üçün bəhanədir. Jurnalistin hüquqlarının müdafiəsində birbaşa iştirak edən qurum və təşkilat nümayəndələri hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan baş redaktorla görüşmək və mətbuata qaranlıq qalan bir-sıra suallara cavab almaq niyyətindədir”, - deyə müraciətdə bildirilir.

Müraciəti Mehman Əliyev (“Turan” İA-nin direktoru), Emin Hüseynov - (RATİ-nin sədri), Novella Cəfəroğlu (Azərbaycan İnsan Hüquqlarının Müdafiə Mərkəzinin rəhbəri), Səadət Bənənyarlı (Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli qrupu), Səidə Qocamanlı (İnsan Hüquqları və qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri), Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun rəhbəri), Anar Mahmudoğlu (jurnalist), Əfqan Muxtarlı (müstəqil jurnalist), Şahvələd Çobanoğlu (jurnalist), Xədicə İsmayılova (“Azadlıq” radiosunun Azərbaycan Bürosunun əməkdaşı), Nemət Hüseynli (“Bizim Yol” qəzetinin əməkdaşı), İradə Cəfərova (İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri), Arzu Abdullayeva (Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinə), Şirin Cəfərli (“Gündəm Xəbər” qəzetinin təsisçisi), Anar Məmmədli (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri), Azər Həsrət (jurnalist), Qənimət Zahid ( “Azadlıq” qəzetinin baş redaktoru), Səyyarə Heydərova (hüquq müdafiəçisi), Rəşid Hacılı (Media Hüququ İnstitutunun rəhbəri) və. Məlahət Zeynallı ( “Xural” qəzetinin əməkdaşı) imzalayıb.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19

QAYNAR XƏTT + 994 12 408 75 30



e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə