21
I HİSSƏ
ÜMUMİ EKOLOGİYA
22
II FƏSİL
HƏYAT (YAŞAYIŞ) MÜHİTİ VƏ
EKOLOJİ FAKTORLAR
Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub onlarla bilavasitə qarşılıqlı
əlaqədədir. Mühitin tərkib hissələri və xassələri çox müxtəlif və dəyişkəndir. Hər bir canlı, daim mürəkkəb və
dəyişkən həyatına uyğunlaşır və onun dəyişkənliyinə uyğun olaraq həyat tərzini nizamlayır.
Planetimizdə canlı, ona xas olan şərait ilə bir-birindən fərqlənən orqanizmlər 4 əsas yaşayış mühitini
mənimsəmişlər. İlk dəfə həyat su mühitində baş vermiş və yaylmışdır. Sonralar canlı orqanizmlər yer səthi-
hava mühitinə yiyələnərək torpaq əmələ gətirmiş və orada məskən salmışlar. Dördüncü spesifik həyat mühiti
isə canlı orqanizmlərin özü olmuşdur. Onların hər biri özündə məskunlaşan parazit və simbiontlar üçün tam
həyat mühiti hesab olunur.
Orqanizmlərin mühitə uyğunlaşması adaptasiya adlanır. Adaptasiya qabiliyyəti həyatın əsas
xassələrindən biridir, belə ki, həyatın mövcudluğunun mümkünlüyünü, orqanizmlərin çoxalıb artmasını təmin
edir. Adaptasiya növlərin təkamülü gedişində baş verir və dəyişir.
Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri ekoloji faktorlar adlanır. Mühit
faktorları olduqca müxtəlifdir. Onlar canlı qruplaşmalar üçün vacib və ya əksinə, zərərli ola bilər, onların
yaşamasına və çoxalmasına səbəb və ya mane ola bilər. Ekoloji faktorlar üç əsas qrupa bölünür: abiotik,
biotik və antropogen.
Abiotik faktorlar bütün qeyri-üzvi mühit faktorların məcmusunu təşkil edib bitki və heyvanların həyatına
və yayılmasına təsir göstərir. Onlar fiziki, kimyəvi və edafik faktorlara bölünür.
Fiziki faktorların mənbəyi fiziki vəziyyət və ya hadisə (mexaniki, dalğalı və s.) sayılır. Məsələn,
temperatur, əgər o, çox yüksəkdirsə, yanma (yanıq), çox aşağı olduqda isə donma (donuşluq) baş verir.
Temperaturun təsirinə digər faktorlar da təsir göstərə bilər, məsələn, suda-axın, quruda isə külək, rütubətlilik
və s.
Kimyəvi faktorlar - mühitin kimyəvi tərkibi ilə əlaqədar təsir göstərir. Məsələn, suyun duzluluğu çox
olarsa, su hövzəsində həyat olmaya bilər (Ölü dəniz), bununla belə saf suda dəniz orqanizmlərinin əksəriyyəti
yaşaya bilmir. Quruda və suda heyvanların həyatı kifayət qədər oksigenin miqdarından asılıdır.
Edafik və ya torpaq faktorları – torpaqda yaşayan orqanizmlərə təsir göstərən torpağın və dağ
süxurlarının kimyəvi, fiziki və mexaniki xassələrinin məcmusu. Torpaq kimyəvi komponentlərinin (biogen
elementlərin), temperaturunun, rütubətliliyinin, strukturunun, humusun miqdarının və s.-in, bitkinin böyümə
və inkişafına təsiri yaxşı məlumdur.
Lakin orqanizmlərə yalnız abiotik faktorlar təsir göstərmir. Orqanizmlər qruplaşmalar əmələ gətirir. Burada
onlar qida resursları, ərazi uğrunda mübarizə edir, yəni bir-birlərilə rəqabət mübarizəsinə girir. Bu zaman
növdaxili, həm də xüsusilə növarası səviyyələrdə yırtıcılıq, parazitlik və digər mürrəkəb qarşılıqlı əlaqələr
yaranır. Bu isə canlı aləmin faktorları və ya biotik faktorlar hesab olunur.
Biotik faktorlar canlı orqanizmlərin bir-birinə təsir formasıdır. Hər bir orqanizm daim bilavasitə və
dolayısı ilə (bilvasitə) digər canlının təsirinə məruz qalır, özünün və digər növlərin nümayəndələri ilə (bitki,
heyvan, mikroorqanizm) əlaqəyə girir, onlardan asılı olur və onlara təsir göstərir. Orqanizmlərin qarşılıqlı
əlaqələri biosenozların və populyasiyaların mövcudluğunun əsası hesab olunur.
Y.P.Xrustalyev və Q.Q.Matişeva (1996) görə biotik faktorlar bir orqanizmlərin həyat fəaliyyətinin digər
orqanizmlərin həyat fəaliyyətinə təsirlərinin məcmusu olmaqla bərabər, həm də cansız mühit məkanına
təsiridir. Cansız mühitə təsir dedikdə, orqanizmlərin özlərinin müəyyən dərəcədə mövcud olduğu şəraitə təsir
qabiliyyəti başa düşülür. Məsələn, meşədə bitki örtüyünün təsiri altında xüsusi mikroiqlim və ya mikromühit
yaranır, bura açıq sahəyə nisbətən özünəməxsus temperatur- rütubətlilik rejiminə malikdir: qışda burada
havanın temperaturu bir neçə dərəcə isti, yayda isə sərin və rütubətli olur. Ağacın koğuşunda, yuvalarda,
mağaralarda da xüsusi mikromühit yaranır.
Qarın altındakı mikromühiti xüsusi qeyd etmək lazımdır, buranın mühiti sırf abiotik təbiətə malikdir. 50-70
sm qalınlığından az olmayan qarın istiləşdirmə təsiri nəticəsində, onun əsasında (dibində), təxminən 5 sm
qatda qışda xırda heyvanlar – gəmiricilər yaşayır, belə ki, temperatur şəraiti (0…2
0
C) onlar üçün əlverişli
sayılır. Elə belə effektə görə də qarın altında payızlıq taxılların cücərtiləri qalır. Güclü şaxtalardan qarın altında
iri heyvanlar (maral, sığın) da qorunur.
23
Eyni növün fərdləri arasında növdaxili qarşılıqlı əlaqələr qrup və kütləvi effektlə və növdaxili rəqabətlə
yaranır. Qrup və kütləvi effekt dedikdə eyni növ heyvanların iki və ya daha çox fərdlərinin birləşməsi
(toplanması) və mühitdə yerləşərək effekt yaratması başa düşülür. Hazırda belə effektlər demoqrafik faktor
adlanır. Onlar populyasiya səviyyəsində orqanizm qruplarının say dinamikasını və sıxlığını səciyyələndirir,
bunun əsasında növdaxili rəqabət durur və növarası rəqabətdən kökündən fərqlənir. Növarası əlaqələr olduqca
müxtəlifdir. İki yanaşı yaşayan ayrı-ayrı növlər bir-birinə heç bir təsir göstərməyə də bilər, yaxud bir-birinə
əlverişli (müsbət) və ya əlverişsiz (mənfi) təsir göstərir. Mümkün kombinasiya tipləri qarşılıqlı əlaqələrin
müxtəlif növlərini əks etdirir:
- neytralizm – hər iki növ müstəqildir (sərbəstdir) və bir-birinə heç bir təsir göstərmir;
- rəqabət – növlərdən hər biri digər növə əlverişsiz (mənfi, pis) təsir göstərir;
- mutalizm – növlər bir-birindən ayrıldıqda yaşaya (mövcud ola) bilməz;
- protokooperasiya (həmrəylik) – hər iki növ qruplaşma əmələ gətirir, qruplaşma onlar üçün faydalı
olsa da, onlar ayrıldıqda da yaşaya (mövcud ola) bilər;
- kommensalizm – növün biri kommensal olub, bir yerdə yaşadığı başqa növdən fayda alır, digər növ
isə sahib olub, heç bir fayda götürmür (qarşılıqlı dözüm);
- amensalizm – növün biri amensal olub digər növ onun böyümə və çoxalmasına təzyiq göstərir;
- parazitlik – parazit növ öz sahibinin böyümə və çoxalmasını ləngidir və hətta onu məhv edə bilər;
- yırtıcılıq – yırtıcı növ öz «qurbanına» (şikarına) hücum edir və onunla qidalanır.
Növarası əlaqələr biotik qruplaşmaların (biosenozların) mövcudluğu əsasında yaranır.
Antropogen faktorlar. İnsan cəmiyyətinin fəaliyyət forması olub, orqanizmlərin həyatına birbaşa təsir
göstərir və ya dolayısı ilə yaşayış mühitinə bilavasitə təsir göstərməklə. Bəşəriyyət tarixi gedişində ilk əvvəl
ovçuluğun inkişafı, sonralar isə kənd təsərrüfatı, sənaye, nəqliyyat planetimizin təbiətini güclü dəyişmişdir.
Canlı aləmə və bütvölükdə biosferə antropogen faktorların təsiri sürətlə artmaqda davam edir və hazırkı
şəraitdə çox vaxt hakimlik edir. İndiki dövrdə Yerin canlı aləmi və orqanizmlərin bütün növlərinin taleyi praktiki
olaraq insan cəmiyyətinin əlində olub antropogen amillərin təbiətə təsirindən asılıdır.
Ekoloji faktorların əksəriyyəti vaxta görə keyfiyyətcə və kəmiyyətcə dəyişir. Məsələn, iqlim faktorları
(temperatur, işıqlandırma dərəcəsi və s.) sutka, mövsüm, il ərzində dəyişir.
Vaxta görə müntəzəm olaraq təkrarən dəyişən faktorlar dövri faktorlar adlanır. Bura iqlim faktorlarından
başqa bəzi hidroloji faktorlar (qabarma və çəkilmələr, bəzi okean axınları) da aiddir. Gözlənilməz baş verən
faktorlar (vulkan püskürməsi, yırtıcıların hücumu və s.) qeyri dövri faktorlar adlanır.
Dövri və qeyri dövri faktorların ayrılması orqanizmlərin həyat şəraitinə uyğunlaşmasının öyrənilməsində
mühüm əhəmiyyət kəsb edir.
2.1. Limitləşdirici faktorlar, optimum qanunlar
Hər bir faktorun orqanizmə müsbət təsiri yalnız müəyyən həddə (dozada) olur. Dəyişkən faktorun təsirinin
nəticəsi hər şeydən əvvəl onun təzahür gücündən asılıdır. Faktorun həm çatışmayan (az), həm də artıq
miqdarda təsiri fərdlərin həyat fəaliyyətinə mənfi təsir göstərir. Faktorun əlverişli təsir gücü (dozası) müəyyən
növün orqanizmi üçün ekoloji faktorun optimum zonası və ya sadəcə olaraq optimumu adlanır.
Optimumdan kənara çıxma (sapma) güclü olduqca həmin faktorun orqainizmə məhvedici gücü yüksək olur
(pessimum zonası). Ekoloji faktorun maksimum və minimum dözümlülük rolu kritik nöqtə sayılır və bu
nöqtədən kənarda artıq yaşayış (həyat) mümkün olmayıb ölüm başlayır. Kritik nöqtələr arasındakı dözümlülük
həddi hər hansı bir konkret faktora görə canlı orqanizmin ekoloji valentliyi adlanır. Müxtəlif növlərin
nümayəndələri həm optimum vəziyyətinə, həm də ekoloji valentliyinə görə bir-birindən kəskin fərqlənir.
Mühitin abiotik faktorlara münasibəti baxımından geniş ekoloji valentliyi göstərmək üçün faktorun adına
«evri» önşəkilçisi əlavə edilir. Evriterm növlər – temperaturun böyük tərəddüdünə davam gətirən, evriqal
orqanizmlər – mühitin duzluluğunun və kimyəvi tərkibinin çox dəyişməsinə dözən, evrioksibiontlar – suda
oksigenin çox dəyişməsinə davam gətirən, evrion növlər – PH mühitinin çox dəyişməsinə davam gətirən
növlər, əksinə, faktorun böyük dəyişməsinə davam gətirə bilməyən və ya dar ekoloji valentlik «steno»
önşəkilçisi ilə qeyd edilir. Məs., stenoterm, stenoqal, stenotop, stenooksibiont orqanizmlər.
Ekoloji faktorlar arasında həmçinin limitləşdirici faktorlar ayrılır. Bu faktorlar müəyyən növ üçün
ekstremal hesab olunan şəraitdə yaşamaq imkanını məhdudlaşdırır.
Limitləşdirici faktorların əhəmiyyəti haqqında fikri ilk dəfə XIX əsrin ortalarında alman aqrokimyaçısı
Y.Libix irəli sürmüşdür. O, göstərmişdir ki, limitləşdirilmiş faktorlar (məsələn, istilik, işıq, su) yalnız faktorun
azlığı (çatışmazlığı) deyil, həm də onun bolluğu (izafiliyi) ola bilər. Y.Libix «minimum» qanununu müəyyən
Dostları ilə paylaş: |