1. Qloballaşma: tərəddüdlər və perspektivlər
Baş verən və həqiqətən dünyanın, mövcudsivilizasiyanın gələcəyi üçün həyati əhəmiyyət daşıyan qloballaşma prosesinin bilavasitə təsiri altına düşən coğrafi ərazilərin genişlənməsi nəticəsində “sürət” və “dəyişiklik” məfhumları tamamilə yeni məna daşımağa başlamışdır. Təbii ki, məzmun və keyfiyyət baxımından fərqli səviyyə kəsb edən informasiyaya adekvat münasibətin formalaşması və onun həyatda tətbiqi texnoloji inkişafın hərəkətverici qüvvəsinə çevrilməsi müsbət haldır. Həmçinin elmi‐texniki yeniliklərin insan həyatına bir‐birindən fərqli səviyyə qazandırması, fərdlərin mənsub olduqları cəmiyyətlərdə də dəyişikliklərin getdikcə sürətlənməsi tədqirəlayiqdir. Lakin kifayət qədər çoxcəhətli zahiri əlamətlərə malik olan qloballaşmanın mahiyyət etibarı ilə mürəkkəb və ziddiyyətlərlə dolu bir proses olması da şübhə doğurmur. Xüsusilə, son onilliklərin acı təcrübəsi göstərir ki, qloballaşma daha çox əvvəllər bazar iqtisadiyyatının birbaşa təsir dairəsinə daxil olmayan təbii sərvətlərin artıq bu prosesə cəlb edilməsində, ekoloji böhrandan təbii sərvətlərə və ekoloji risklərə birbaşa nəzarət edən beynəlxalq texnokratiyanın təşəkkülü üçün istifadə olunmasında özünü büruzə verir. Hətta sosial münasibətlər də bazar iqtisadiyyatının kölgəsində qalmağa, humanizm, həmrəylik, ədalət və mənəviyyat kimi məfhumlar tədricən aşınmağa başlamışdır. Sadəcə ekoloji standartların tənzimlənməsi və bərqərar olması deyil, ümumiyyətlə hava, su, torpaq da daxil olmaqla ümumi evimiz olan yer kürəsinin təbii ehtiyatlarına nəzarət uğrunda amansız mübarizə gedir. Bunun da məntiqi nəticəsi olaraq, inteqrasiya adı altında insanların həyat tərzində, şüur və davranışlarında, təhsil sahəsində standartlaşdırılmanın artmasında özünü göstərən qloballaşma milli dövlətçilik institutlarının rolunun zəifləməsini və transmilli strukturların fəaliyyətinin güclənməsini qaçılmaz edir. Bu da öz növbəsində çoxşaxəli qloballaşma prosesi nəticəsində dünya birliyinə daxil olan və nisbətən az inkişaf etmiş millətlərin, dövlətlərin iradəsinin nəzərə alınmayacağı bir dünya sisteminin bərqərar olacağına dair ehtimalları artırır. Digər tərəfdən, Qərbin bəzi dairələri fərqlilikləri zənginlik kimi qəbul etmək əvəzinə, bir çox halda milli və dini müxtəlifliklərdən regional münaqişə ocaqları yaratmağa və bundan da öz mənafeləri üçün faydalanmağa çalışırlar. Beləliklə, qeyri‐qərb ölkələrindəki fərqlilikər münaqişələrə çevrilincə böyük dövlətlərin mənafeyinə təhlükə törədə biləcək bir güc mərkəzinin varlığının, başqa coğrafiyadakı potensialın sərmayə şəklində iqtisadi inkişafa yönəlməsinin, güclü bir alternativin meydana çıxmasının qarşısı alınmış olur. Bununla belə, hələ də tarixi zərurət olması və ya müəyyən dairələr tərəfindən düşünülmüş şəkildə ortaya atılması ətrafında mübahisələrin davam etdiyi qloballaşmanın qarşısıalınmaz bir proses olduğunu etiraf etmək lazımdır. Bu səbəbdən, gerçəkləri ilə birlikdə ortaya çıxan dəyişiklik amilini inkar etmədən inkişafdan uzaq bir fərd və ya cəmiyyət olmaq yerinə, ehtimal olunan proseslərin nəticələrini əvvəlcədən nəzərə alaraq yeni şəraitə uyğunlaşmağı bacaran fərdlərin yetişdirilməsi əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, həyatın siyasi, iqtisadi və mədəni sahələrində müşahidə olunan inteqrasiya meyllərinin təhsilə təsiri artıq günümüzün reallığına çevrilmişdir. Belə olan halda, dəyişikliklərə birinci növbədə təhsil sistemində və müəssisələrində başlanılmalıdır. Çünkü nüfuzlu tədqiqatçıların da fikrinə görə, qloballaşma daha çox keyfiyyətli insan amilinə istinad edir. Təsadüfi deyildir ki, XXI əsrin sürətlə dəyişən informasiya cəmiyyətində yaşamaq fərdlərə yeni bilik və bacarıqların, həyatı boyunca öyrənmək və daha yüksək səviyyə əldə etmək vərdişlərinin qazandırılması ilə mümkün olacaqdır. Bilgi texnologiyalarının sürətli inkişafı, informasiya mübadiləsinin artması fərqli mədəniyyətlərlə təması asanlaşdırmaqla birlikdə informasiyanı əldə etməyi, mövcud variantlar arasından ən uyğun olanını seçməyi və başqaları ilə paylaşmağı bacaran fərdlərin yetişdirilməsinə olan ehtiyacı da gündəmə gətirir. Çünki gələcəkdə demokratik dəyərlərin bərqərar olduğu sülh və əmin‐amanlıq şəraitində yaşamağın yeganə yolu fərqli irq, etnik, din, cinsiyyət, dil, və s. kimliklərə sahib olan qrupların bir‐birilərinə qarşı davranışlarında tolerantlıq prinsiplərinə nə dərəcədə əməl etmələrindən asılı olacaqdır. Bütün bunları nəzərə aldığımızda, qloballaşma prosesinə qarşı çıxmaq, özünü dünyadan təcrid etməyə çalışmaq yerinə, baş verən proseslərin mahiyyətini dərk etmək, kimə və hansı məqsədə xidmət etdiyini təsbit etmək, imkan daxilində gedişata müdaxilə etmək, milli maraqları qorumaq məqsədilə alternativ ideyalar irəli sürmək lazımdır. Bir sözlə, qloballaşma prosesinin özündən daha çox onun doğuracağı nəticələr barədə düşünmək, onları təhlil
etmək, faydalı cəhətlərindən bəhrələnməyin, mümkün fəsadlarından sığortalanmağın yollarını axtarıb tapmaq daha məqsədəuyğundur. Xüsusilə, bu proses çərçivəsində bir çox yeniliklərin, innovasiyaların həyata keçirildiyi milli təhsil sistemi daha ciddi və dərin təhlilə cəlb olunmalıdır. Daha doğrusu, qloballaşma amilinin ümumən təhsil siyasətinə, təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsinə, maliyyələşdirilməsinə, idarə olunmasına, forma və məzmununa mümkün təsirləri araşdırılmalıdır. Bununla belə, təhsilin qeyd‐şərtsiz qloballaşmanın diktəsi altına düşəcəyini də iddia etmək doğru deyildir, çünki qloballaşmanı həyata keçirən insanlar özləri bilavasitə təhsilin süzgəcindən keçdiklərinə görə təhsildə baş verən prosesləri öz məqsədlərinə uyğunlaşdırmaq imkanına malikdir. Deməli, təhsil sadəcə yeniləşən dünyaya inteqrasiya məqsədinə deyil, eyni zamanda qloballaşmanın meydana gətirdiyi problemlərin həllinə xidmət edən təsiredici bir vasitə kimi çıxış edə bilər. Nəhayət, hal-hazırda müasir sivilizasiyasının mənəvi dəyərlər sahəsində böhran yaşaması qloballaşmanın insan həyatına artan müdaxiləsi müəyyən narahatlıqlar doğurmaya bilməz. Təbii ki, bilavasitə qloballaşmanın baş verdiyi belə bir zaman kəsiyində hər bir dövlətin və millətin gələcəyi baxımından həyati əhəmiyyət kəsb edən ali təhsil sisteminin gələcək taleyi ilə bağlı narahatçılıq məsələnin aktuallığını daha da artırır.
Dostları ilə paylaş: |