27
bərpası üzrə iş tam sürətlə gedirdi. İsgəndər efeslilerə təklif etdi ki, o, əvvəllər
çəkilmiş xərcləri və işin tamamlanmasını öz hesabına ödəyir, bir şərtlə - məbədin
üzərində onun adına yazı olsun. Amma efeslilər onun təklifini rədd etdilər və
Artemisionu Makedoniya hökmdarının yardımı olmadan tikib qurtardılar.
Artemisionun çox böyük sahəsi (110 x 55 m) var idi. Məbədi hündürlüyü 18 m
olan 127 mərmər sütun əhatə edirdi. Yenidən relyeflərlə bəzədilmiş daha 30 sütun
inşa olunmuşdu. Bu sütunlar Artemisionun gözəlliklərindən biri idi. Məbədin içəri
hissəsinə mərmər plitələr döşənmişdi. Məbədin əsas geniş salonunda isə ilahənin
15 m hündürlüyü olan heykəli var idi. İlahənin üzü, əllərinin və ayaqlarının pəncəsi
taxtadan düzəldilmişdi. Qalan üst təbəqə bütövlükdə qızıl bərbəzək və daş-qaşla
örtülmüşdü. Məbəd yenidən tikilərkən bir çox məşhur rəssam və heykəltəraşlar onu
öz əsərləri ilə bəzəmişdilər. Artemision qədim dövrün ən məşhur muzeylərindən
biri, habelə xəzinə və bank olmuşdur. Məbədin kahinləri faizlə pul verirdilər.
Məbədin torpaqları da var idi. Romalıların dövründə məbəd əvvəllərdə olduğu
kimi yenə də varlandı. E.ə. 263-cü ildə qotlar Artemidanın adına olan müqəddəs
məbədi tutub talan etdilər. Sonra xristian din xadimləri dəfələrlə fanatik kütlələri
bütpərəstlik ilahəsinin məbədi üzərinə hücuma təhrik etmişdilər. Bizans dövründə
dağıdılmış Artemisionun yerində xristian kilsəsi inşa edilmişdir. Digər tikinti
işlərinin aparılması zamanı müqəddəs Artemisionun mərmər örtüyündən də inşaat
materialı kimi istifadə olunmuşdur. Dağıdılmış məbədin xarabalıqları tədricən
bataqlığa çökmüşdür. XIX - XX əsrlərdə ingilis arxeoloqları Efes şəhərinin olduğu
yerdə qazıntı işləri aparmışlar. Qazıntı materiallarını öyrənən rəssam və memarlar
Artemisionun yalnız planını bərpa edə bilmişlər.
Arşakilər
- Parfiyada hökmdar sülaləsi (e.ə. 250 - eramızın 224-cü ili);
ənənəyə görə, mənşəyini dövlətin banisi və ilk Parfiya hökmdarı olan Arşakdan
götürmüşdür. Eramızın əvvəllərində Parfiya Arşaki sülaləsinin kiçik (yan) qolu
Parfiyadan asılı olan Hindistan, Persida, Elimaida, Atropatena, Hirkaniya,
Ermənistan, İberiya və Qafqaz Albaniyasında hakimiyyətə gəlmişdi.
Asparux
- VII əsrin ortalarında xəzərlər tərəfindən Azov sahillərindən
Bessarabiyaya sıxışdırılan türk bulqar tayfasının xanı. Bulqar tayfaları buradan
Bizans imperiyası tabeliyində olan Dunayın sağ sahil torpaqlarına köçdülər.
Cənubi slavyanların yerli tayfalarını 681-ci ildə tabe edən Asparux burada Bulqar
xanlığını yaratdı. O, 701-ci ilədək Bulqariyanı idarə etdi.
Asiya
- planetimizdə ən böyük qitə, ərazisi təqribən 43,4 mln. km
2
.
Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya ilə Avropa arasında
sərhəd şərti olaraq Ural dağlarının şərq ətəkləri, Emba çayı (Xəzər dənizinə qədər),
Kuma-Manıç çökəkliyi, Azov dənizi, Qara və Mərmərə dənizləri, Bosfor və
Dardanel boğazları və Egey dənizindən keçir. Şimali Amerikadan Berinq boğazı
ilə ayrılır. Afrika ilə Süveyş bərzəxi vasitəsilə birləşir. Şimal Buzlu, Sakit və Hind
okeanları və onların dənizləri ilə əhatə olunub.
28
assimilyasiya
(lat. "oxşatma", "uyğunlaşdırma") - bir xalqın digər xalqla
öz dilini. mədəniyyətini və s.-ni itirmək yolu ilə qarışması. Təbii və zorakı
assimilyasiya mövcuddur. Təbii assimilyasiya heç bir məcburiyyət edilmədən milli
azlıqların uzun müddət aralarında yaşadıqları daha böyük millətlə tədricən
qovuşması yolu ilə gedir. İmperiyalarda, o cümlədən Rusiya imperiyasında
tabelikdə olan xalqların zorakı, məcburi assimilyasiyasından (ruslaşdırmadan)
geniş istifadə edilirdi.
Assuriya
- Şimali Mesopotamiyada qədim dövlət (e.ə. XIV - VII əsrlər).
E.ə. IX əsrədək Assuriyanın yeganə paytaxtı Aşşur şəhəri idi, e.ə. 689-cu ildən isə
Nineviya (Neynəva) oldu. E.ə. VIII - VII əsrlərdə Assuriya
Ön Asiyanın ən qüdrətli dövləti idi. Assurlar bütün
Mesopotamiyanı,
Suriyanı,
Finikiyanı,
Cənubi
Azərbaycanda Manna və Midiyanın bir sıra vilayətlərini və
qısa müddətə Misiri fəth etdilər. E.ə. 714-cü ildə Assuriya
hökmdarı II Sarqon Urartuya dağıdıcı zərbə endirdi.
Aramsız mühahbələr Assuriyanın qüdrətini sarsıdırdı. E.ə.
612-ci ildə müttəfiqlər - başda hökmdar Kiaksar olmaqla
Midiya qoşunları və başda hökmdar Nabopalassar olmaqla
Babil qoşunları hücumla Nineviyanı tutub dağıtdılar. E.ə. 605-ci ildə sonuncu assur
qalası olan Karxemiş süqut etdi və Assuriyanın varlığına son qoyuldu. Midiya və
Babilistan Assuriyanın keçmiş torpaqlarını öz aralarında bölüşdürdülər.
Astarta
- fınikiyalıların və xaldeylərin dinində məhsuldarlıq və məhəbbət
ilahəsi (Finikiya dilində - Aştart). Astartaya sitayiş Suriyada, Fələstində, Misirdə,
Kiçik Asiyada, Babilistanda (burada - İştar), Kiprdə yayılmışdı. Ellinizm dövründə
bütün Aralıq dənizi ətrafında Astartaya sitayiş edilirdi.
Astiaq
- Kiaksarın oğlu, sonuncu Midiya hökmdarı (e.ə. 585 - 550).
Astiaq Babilistan şahlığını tutmaq istəyirdi. Onun dövründə Midiyanın daxili
vəziyyəti gərginləşdi. Astiaq əyanların hüququnu məhdudlaşdırmaq istəyirdi və bu
zaman başda Harpaq olmaqla Midiya əyanlarının bir qismi Midiyadan asılı olan
fars hökmdarı Kirlə gizli sövdələşməyə başladı. Herodotun verdiyi məlumata görə,
Kir Astiaqın qızının oğlu imiş. Rəvayətə görə, haçansa Astiaqa söyləyiblərmiş ki,
onun nəvəsi taxt-tacını əlindən alacaq və bütün Asiyanı fəth edəcək. Bundan
qorxan Astiaq taleyi aldatmaq məqsədi ilə qızını midiyalıya deyil, ondan asılı olan
fars hökmdarına ərə verir. Qızının oğlu olduqda isə maqlar bildirirlər ki, o,
hökmdar olacaq. Astiaq əmr edir ki, nəvəsini öldürsünlər, lakin bu əmri alan saray
adamının körpəyə yazığı gəlir və onu tərbiyə edilmək üçün bir çobana verir. Kir
böyüyür və Midiyanın tabeliyində olan Fars dövlətinin hökmdarı olur.
E.ə. 553 - 550-ci illərdə Astiaqa qarşı aparılan müharibədə döyüş zamanı
Midiya əyanlarının rəhbərlik etdikləri Midiya qoşunlarının bir hissəsinin onun
tərəfinə keçməsi sayəsində Kir qələbə çalır və Midiyada hakimiyyəti ələ keçirir.