Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   32   33   34   35   36   37   38   39   ...   161

 
75
Üç gün qabaq – Ovanesin faytonu Xosrov müəllimi o gözəl dağ yolu ilə 
Şuşaya apardığı gün – gecə saat ikidə telefonun həmin gecənin sakitliyində daha 
artıq səksəkə ilə, təşvişlə cingildəyən zəngi professor Zilberi yuxudan oyatdı. 
Professor Zilber yuxulu-yuxulu əlini uzadıb telefonun dəstəyini götürdü və hələ 
zəng edənin səsini eşitmədən sövq-təbii hiss etdi ki, bu, adi telefon zəngi deyil; ona 
görə yox ki, belə bir səksəkə ilə gecənin sakitliyini pozdu, professor Zilber bu cür 
gecə zənglərini az eşitməmişdi; ona görə ki, qara olduğu üçün otağın qaranlığı 
içində görünməyən o telefon dəstəyində elə bir qeyri-təbii ağırlıq, əli ilə duyduğu elə 
bir qeyri-təbii kələ-kötürlük var idi ki, o ağırlıq da, o gözə-görünməz kələ-kötürlük 
də o gecə çağı dünyanın bəd əməllərindən, pis işlərindən xəbər verirdi... 
Həyəcanlı bir kişi səsi heç dəstəyi qaldıranın kim olduğunu belə soruşmadan 
aşkar duyulan azərbaycanlı ləhcəsi ilə, amma təmiz rus dilində dedi: 
– Qovorit sekretar narodnoqo komissara zdravooxraneniya. Narodnıy 
komissar prosit vas nemedlenno priyexat k nemu. Maşina uje vıslana.  
Professor Zilber tələsik geyinib evdən çıxdı, Xalq Səhiyyə komissarının 
göndərdiyi maşına mindi və əslində, bu gözlənilməz Hadrut səfəri də elə o vaxtdan 
başladı.  
Marqolin familyalı bir nəfər hərbi həkim Xalq Səhiyyə Komissarlığına təcili 
teleqram vurmuşdu ki, Hadrutda taun epidemiyası başlamışdır və professor Zilber 
həmin gecə bir neçə saatın içində təşkil etdiyi bakterioloji dəstə ilə birlikdə səhər 
saat 6-da qatarla Bakıdan çıxdı.  
Bakterioloji dəstənin təşkil edilməsində əlindən gələni əsirgəməyən, professor 
Zilberin təcili xahişləri ilə gecəyarısı şəxsən özü məşğul olan Azərbaycan SSR Xalq 
Səhiyyə komissarı, elə bil ki, ətrafındakı adamlara yox, özü özünə təskinlik vermək 
üçün tez-tez deyirdi: «– No, vozmojno, eto i ne çuma. Ne mojet bıt, çtob na naşem 
zameçatelnom zemle zavelas takaya qadost!». Və professor Zilber qatarla Hadruta 
gələ-gələ yol boyu komissarın o sözlərini xatırlayırdı və çox istəyirdi ki, hərbi həkim 
Marqolin yanılmış olsun...  
Təəssüf ki, Marqolin yanılmamışdı və Hadrutda taun epidemiyasının necə 
yayılması professor Zilberə də, həmkarlarına da artıq tamam aydın idi: tauna 
tutulmuş ilk xəstə yaxındakı erməni kəndindən cavan bir oğlan olur və Hadrut 
xəstəxanasının baş həkimi M.N. Xudyakov o cavan oğlanı krupoz iltihabı diaqnozu 
ilə ümumi palataya qoyur və bundan sonra da taun Hadrutda fironluq eləməyə 
başlayır, əvvəlcə o cavan oğlanla bir palatada yatan xəstələr (o cümlədən, dəllək 
Ayrapet) taundan yoluxub bir-birinin ardınca ölürlər, sonra feldşer, sanitar və 
nəhayət, Xudyakovun özü tauna tutulur, amma taun hələ heç kimin ağlına gəlmir.  
Həkim Xudyakov xəstələnəndə xəstəxanadan Hadrutun yaxınlığında yerləşən 
hərbi hissənin həkimi Lev Marqolinə müraciət edirlər və taunu həkim Marqolin 
müəyyən edir, o saat da Bakıya teleqram vurur.  
Professor Zilber Hadruta gələn kimi, telefonla həkim Marqolinin xidmət etdiyi 
hərbi hissəyə zəng çaldı və bütün bunları Marqolin özü telefonla söylədi. Bir neçə 
gündən sonra həkim Marqolin də xəstələndi və professor Zilberin bütün ciddi-
cəhdinə baxmayaraq, taundan həlak oldu.  
Bu adamın – hərbi həkim Marqolinin cəmi iyirmi dörd yaşı var idi və 
xəstəliyini hiss edən kimi, hərbi hissədə yaşadığı otağa heç kimi buraxmır, 
hərbçilərlə bilavasitə təması tamam kəsir, otağından eşiyə çıxmır və iki gündən 


 
76
sonra, xəstəliyin şiddətləndiyini görəndə, gecə otağın qapısını qıfılla bağlayır, hərbi 
hissədən çıxıb qızdırma içində təkbaşına Hadruta, professor Zilberin yanına gəlir.  
Həkim Marqolinin özü ilə bağlı gördüyü tədbirlərin nəticəsində taun hərbi 
hissədə yayılmadı və onun ölümündən bir gün sonra hərbi hissənin komandiri 
professor Zilberə bir zərf göndərdi. Bu zərfin içindəki, həkim Marqolinin yazdığı 
son məktub idi:  
«Əziz yoldaşlar! 
Deyəsən, başlanır. Hərarətim 39,5 dərəcədir. Buradan gedirəm ki, başqalarını 
yoluxdurmayım. Gedirəm ki, sakit ölüm, çünki bilirəm, başqa cürə mümkün deyil. 
Sosialist cəmiyyətinin nikbin və sağlam qurucuları kimi, salamat qalın.  
Əlvida. Lev Marqolin.»  
Professor Zilber heç vaxt yadından çıxmayacaq bu məktubu oxuduqca, həkim 
Marqolinin həyatının son dəqiqələri gözlərinin qabağına gəldi: belə bir adam, bu cür 
məktubu yazmağa (və o yazılanları həyata keçirməyə!) qüdrəti çatan həkim 
Marqolin ölüm anlarında tez-tez gözlərini açıb: «– Ana!.. Ana!..» – deyə qışqırırdı.  
Hadrutda professor Zilberin də, Yelena Ivanovna Vostruxovanın da, professor 
Şirakoqorovun da, professor Suknevin də, bakterioloji dəstənin başqa üzvlərinin də 
qayğısı yalnız taun qayğısı deyildi. Bakterioloji dəstə ilə bərabər, Bakıdan Hadruta 
daha üç nəfər gəlmişdi: bunlardan biri Azərbaycan SSR Xalq Səhiyyə 
Komissarlığının, ikincisi Azərbaycan Mərkəzi Icraiyyə Komitəsinin nümayəndəsi, 
üçüncüsü isə Azərbaycan SSR Baş Siyasi Idarəsinin müvəkkili idi və bunlardan ikisi 
Hadruta gəlməmiş və təxminən on kilometr aralıdakı stansiyada ayrıca vaqonda 
qalmışdı. Baş Siyasi Idarənin müvəkkili isə bakterioloji dəstə ilə birlikdə Hadrutda 
idi.  
Stansiyada qalan nümayəndələr bütün bu müddət ərzində professor Zilberdən 
ardı-arası kəsilməyən cürbəcür arayışlar, cədvəllər, izahatlar tələb edirdilər və bütün 
günü taunlu xəstələrin səhhəti, həmin xəstələrin ev-eşiyinin dezinfeksiyası ilə 
məşğul olan xəstələrlə əlaqə saxlamış adamları qəsəbənin başqa sakinlərindən təcrid 
edən, nə qədər adamın bədəninə tauna qarşı zərdab yeridən, meyitlərin qəsəbədən 
kənarda ayrılmış sahəyə daşınmasına xüsusi nəzarət edən, eyni zamanda, müxtəlif 
bakterioloji tədqiqatlar aparan professor Zilber də, köməkçiləri də həmin 
nümayəndələr üçün izahatlar yazmağa, məlumat vərəqələrini doldurmağa, xəstəliyin 
gedişatına dair mənasız cədvəllər tərtib etməyə məcbur olurdular.  
Stansiyadakı vaqonda yaşayan nümayəndələr bir dəfə də olsun Hadruta ayaq 
basmamışdılar və professor Zilberlə atlı vasitəsilə əlaqə saxlayırdılar: həmin atlı içi 
kağız-kuğuz dolu zərfləri gətirib vaqonun qabağında yerə qoyurdu, özü isə əlli-
altmış metr aralı çəkilirdi, nümayəndələrdən biri əlinə əlcək geyib vaqondan 
düşürdü, zərfi götürürdü, ya qışqırıb həmin atlıya yeni tapşırıqlar verirdi, ya da 
vaqonda yazdıqları əmrləri yerə qoyurdu ki, atlı aparıb professor Zilberə tapşırsın. 
Bütün bu ehtiyat tədbirlərinə baxmayaraq, dezinfeksiya üçün, səhərdən axşama 
kimi, Xankəndindən gətirdikləri gözəl tut arağı içirdilər və əlbəttə, yaxşı da yemək 
lazım idi ki, o yetmiş dərəcəli tut arağı adamı dəli eləməsin...  
Baş Siyasi Idarənin müvəkkili isə – bu adamın adı Murad İldırımlı idi – 
əksinə, bütün günü bakterioloji dəstə ilə olurdu və Hadruta gəldiyi ilk gündən belinə 
mindiyi boz ürgəni çapa-çapa burdan vurub, ordan çıxanda da hamı bilirdi ki, 
«Çeka» taun məsələləri ilə məşğuldu.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə