Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   31   32   33   34   35   36   37   38   ...   161

 
73
Xosrov müəllim rus dilinin əhəmiyyətini çox böyük hesab edirdi və 
Azərbaycan məktəblərində rus dilinin tədrisinə xüsusi fikir verilməli idi, xüsusi 
dərsliklər yazılmalı idi, gələcəkdə rus dilini bilməyən adam şikəst olacaqdı, elm, 
mədəniyyət, sənaye ki, bu cür inkişaf edirdi, rus dili Azərbaycan üçün bütün 
dünyaya açılan bir pəncərə olacaqdı və buna görə də Azərbaycan məktəblərində rus 
dilinin tədrisini elə bir səviyyəyə qaldırmaq lazım idi ki, valideynlər gələcəkdə 
uşaqlarını rus dilini yaxşı öyrənməkdən ötrü rus məktəblərinə verməyəydilər; o biri 
tərəfdən də rus məktəblərində Azərbaycan dilinin tədrisinə eyni dərəcədə ciddi fikir 
vermək lazım idi və bu dil öyrənmə qarşılıqlı əlaqədə olmalı idi – ağacın ucunu 
yalnız bir tərəfə əysəydilər, gələcəkdə o ağac sına bilərdi, elə eləmək lazım idi ki, o 
ağac təbii ucalsın, təbii qol-budaq atsın... Özü də bütün bunların bünövrəsi indi necə 
qoyulacaqdısa, gələcəkdə elə də olacaqdı və məsələ burasında idi ki, indiki o 
bünövrənin hazırlanması Xosrov müəllimin xoşuna gəlmirdi və bu barədə Şuşa 
seminarında danışacaqdı. V.I.Lenin «Oxumaq, oxumaq və yenə də oxumaq!» – 
demişdi, amma «Necə oxumaq?» – məsələsi indi naşı əllərə düşmüşdü... 
Xosrov müəllim əsrin yaşıdı idi və Azərbaycanda Sovet hakimiyyəti 
qurulanda, yəni 1920-ci ildə artıq cavan bir müəllim idi, Qazaxda seminariyanı 
bitirmişdi və o vaxtdan bəri də Hadrutdakı məktəbdə rus dilindən dərs deyirdi. Cəmi 
29 yaşı olmağına baxmayaraq, təcrübəli müəllim hesab olunurdu; təhsilini davam 
etdirmək, Azərbaycan Dövlət Universitetinə daxil olmaq istəyirdi və ümumiyyətlə, 
bu adam təbiəti etibarilə çox sadə və mülayim olsa da maarif məsələlərində 
təşəbbüskar, işgüzar idi, mərkəzi mətbuata kiçik məqalələr yazır, maariflə, xüsusən, 
rus dilinin tədrisi ilə bağlı cürbəcür məsələlər qaldırırdı və həmin məsələlər çox 
zaman rayon rəhbərlərinin xoşuna gəlmirdi... 
Hadrutun yaşıl ağacları, qırmızı kirəmit damları arxada qaldı. 
Ovanes başını arxaya çevirdi: 
– Uçitel, – dedi. – Ayrapet yazıq da öldü də, bildin? 
Xosrov müəllim diksindi və sonralar Bakıda, Sibirdə, təzədən Bakıda hər dəfə 
faytondakı o söhbəti xatırlayanda Xosrov müəllim həmin diksintini hiss edirdi, o 
yüngül diksintidəki nigarançılıq anını elə o vaxt – 1929-cu ilin o yaz çağında, o Şuşa 
yolunda olduğu kimi yaşayırdı.  
– Dəllək Ayrapet? 
– Ha!..  
– Nə vaxt? 
– Dünən geca...  
Sonralar Ovaneslə olan o söhbəti xatırlayanda Xosrov müəllimə elə gəlirdi ki, 
həmin dəm, yəni dəllək Ayrapetin – yanaqlarından qan daman o sağlam adamın 
ölüm xəbərini eşidəndə, elə bil, yol boyu, o gözəl güllərin-çiçəklərin də üstünə 
birdən-birə nəsə qara bir kölgə çökdü, Şirinin gözlərindəki o qara nigarançılığın 
kölgəsi...  
– Ara, sağlam adamıydı, ayağı sınmışdı da, damı padçinit eləyəndə yıxıldı da, 
balnisada yatdığı heç bir xafta olmadı... Xudyakov doxtur yaman nerviçat eləyir, 
uçitel!.. Mənnən qonşudu da evi! Bütün günü balnisadadı, Ayrapet uje dördüncü 
adamdı öldü balnisada, özü də sappasağ! Xudyakov doxtur çox nerviçat eləyir!.. 
M.N.Xudyakov Hadrut xəstəxanasının baş həkimiydi və Xosrov müəllim 
dünən məktəbdə də xəstəxanayla bağlı nəsə narahat bir söhbət eşitmişdi:bir palatada 


 
74
dalbadal üç cavan adam ölmüşdü... Bu da, deməli, dördüncüsü... Bayaq həyətdəki o 
nigarançılıq, elə bil, təzədən Xosrov müəllimin içinə doldu və bu gözəl təbiət ilə, o 
sərin yaz səhəri Şuşaya qalxan dağ yolunun o səfası ilə həmin nigarançılıq heç cürə 
uyuşmurdu.  
Ovanesin faytonu Xosrov müəllimi o nigarançılıqla birlikdə eləcə Şuşaya 
apardı və düz üç gündən sonra, Hadrutun girəcəyində qara bir bayraq asıldı, Hadrut 
bağlandı, gediş-gəliş kəsildi (Ovanes də faytonu ilə birlikdə Hadrutda qaldı), 
Hadrutun küçələri bomboş boşaldı, evlərin pəncərələri, qapıları kip qapandı.  
Uzaqdan görünən dağların isə başı qardan ağappaq idi və o dağlar Hadrutun 
girəcəyində asılmış o qara bayrağın müqabilində dünyanın təmiz işlərindən, gözəl 
yerlərindən və əbədiliyindən xəbər verirdi. Əlbəttə, Hadrutda tapılmış taun 
epidemiyası o əbədiliyin yanında zərrənin heç milyardda biri də deyildi, bir heç idi, 
amma o «heç»də yüzlərlə, minlərlə insan həyatının müqəddaratı həll olunurdu.  
Professor Lev Aleksandroviç Zilberin başçılığı ilə Bakıdan Hadruta gəlmiş və 
taunla gecə-gündüz ölüm-dirim mübarizəsinə başlamış bakterioloji dəstə hər axşam 
Hadrut məktəbinin (məktəbdə dərslər kəsilmişdi) binasındakı ən böyük sinif 
otağında yığışırdı, gün ərzində görülən işlərə yekun vururdu, sabahkı günün tədbirlər 
planını hazırlayırdı, professor Zilber də, onun təcrübəli köməkçisi Yelena Ivanovna 
Vostruxova da, patoloqanatom professor Şirokoqorov da, Moskvadan xüsusi gəlmiş 
bakterioloq həkim Vera Nikolayevna da, Saratovdan professor Zilberin dəstəsinə 
köməyə gəlmiş professor Suknev də, Rostovdan gəlmiş həkim Tinker də, 
bakterioloji dəstənin başqa üzvləri də müşahidələrini bir-birləri ilə bölüşürdülər. 
Taun qəddar, hiyləgər bir düşmən idi, yorulub əldən düşmüş, gecə-gündüz işləyən, 
işləyən və işləyən bu adamlar isə o adamcıl düşməni vəhşi bir heyvan kimi tutub 
dəmir qəfəsə salmaq, zərərsizləşdirmək istəyirdilər.  
Həmin sinif otağında əvvəllər hərbi dərs keçilirdi, divardan cürbəcür tüfəng, 
tapança sxemləri asılmışdı, bir küncə əleyhqazlar yığılmışdı, boş güllə gilizləri əyani 
dərs vəsaiti kimi, pəncərənin taxta sürahısına düzülmüşdü və professor Zilber 
həmkarlarının mülahizələrinə qulaq asa-asa hərdən bu sxemlərə, əleyhqazlara, 
güllələrə baxırdı. Bu dəm bütün bu silah qorxulu yox, acınaqlı idi və insan 
xislətindəki anormallıqdan – bu söz professor Zilberin beynində xüsusi vurğu ilə 
ötüb keçirdi – xəbər verirdi: bir tərəfdən taun (vəba! xərçəng! cüzam!..) insanı, bax, 
beləcə məhv edirdi, bir tərəfdən də insanlar özləri bir-birini məhv etmək üçün beləcə 
tüfənglər, tapancalar icad edirdi, zəhərli qazlar hazırlayırdı, öldürücü bakteriyalar 
yetişdirirdi; bir tərəfdən bütün bunlardan necə istifadə etmək öyrədilirdi, bir tərəfdən 
də bunlardan necə qorunmaq öyrədilirdi. Əlbəttə, professor Lev Aleksandroviç 
Zilber, hər şeydən əvvəl, həkim idi, həmişə qırğının, silahın əleyhinə olmuşdu, 
amma insanın bir-birini öldürməsi, silah hazırlaması və silahın özü heç zaman – 
hətta Hadrut hadisəsindən çox-çox illər keçəndən sonra da – ona Hadrutdakı məktəb 
binasının o otağındakı kimi miskin görünməmişdi.  
Moskvada SSRI Xalq Səhiyyə Komissarlığının Mikrobiologiya Institutunda 
şöbə müdiri işləyən professor Zilber bir neçə ay bundan əvvəl Azərbaycan SSR Xalq 
Səhiyyə Komissarlığının dəvəti ilə Azərbaycana gəlmişdi və indi Bakıda 
Mikrobiologiya Institutunun direktoru vəzifəsində işləyirdi, eyni zamanda, 
Azərbaycan Tibb Institutunda mikrobiologiya kafedrasına müdir seçilmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə