Dişlərinin arasındakı siqaretin tüstüsü içində (istənilən adam bu cür tüstüdən çoxdan kor olmuşdu)
Qotlib preparata diqqətlə baxdı.
O, odluğun alovunu dörddə bir düym azaltdı və yenidən Martinə qaytardı:
– Çox yaxşı! Sizin əməlli-başlı bacarığınız var! O-o-o, bir para adamlar üçün elmdə böyük ustalıq tələb
olunur. Siz amerikalılar,
daha doğrusu, sizin böyük hissəniz ideyalarla aşıb-daşırsınız, amma səbriniz
yoxdur, uzun sürən məşğələlərin nəşəli sıxıntısı sizi qorxudur. Çoxdandır laboratoriyada sizi müşahidə
edirəm; məncə, artıq yuxu xəstəliyinin triponoslarına girişə bilərsiniz. Çox maraqlıdırlar; həm də onlarla
işləmək böyük incəlik tələb edir. Bu, çox qəribə xəstəlikdir. Afrika kəndlərində əhalinin əlli faizi ona
tutulub, nəticə isə adətən ölümcül olur. Bəli, düşünürəm ki, siz bu triponoslarla işləyə bilərsiniz.
Martin üçün bu, döyüşdə briqada komandiri vəzifəsini əldə etmək kimi bir şey idi.
– Adətən saat on ikidə, – Qotlib sözünə davam etdi, – mənim üçün buterbrod gətirirlər. O
vaxta qədər
qalsanız, bir tikə çörək kəsmək üçün yanıma gələrsiniz.
Saat on ikidə Martin tərəddüdlə Qotlibin tərtəmiz laboratoriyasına doğru getdi. Artıq stolun üstündə
qəhvə, qeyri adi dərəcədə balaca və gözəl buterbrodlar düzülmüşdü. Tələbə yeməkxanasının yeməyinə
alışmış Martin "ah, əcnəbilər, əcnəbilər", – deyə fikirləşdi.
Qotlib danışırdı, artıq Klif yaddan çıxmışdı, Dyuer isə ona gülünc vəzifəpərəst kimi görünməyə başlamışdı.
O, London laboratoriyalarını, Stokholmun şaxtalı axşamlarında verilən qonaqılqları, müqəddəs Pyotr
günbəzinin arxasında par-par parlayan Monte-Pinçoda qürub gəzintilərini xatırlayırdı; Marselin yoluxucu
xəstəliklərlə dolu baraklarında ifrazata bulaşmış paltarlardakı qorxunc təhlükəni və qarşısıalınmaz
iyrəncliyi yada salırdı. Təmkini bir kənara atıb özü və ailəsi haqqında danışırdı, elə bil, Martin onun
həmyaşıdı idi.
Söhbət əsnasında məlum oldu ki, Qotlibin bir əmioğlusu Uruqvayda polkovnik olmuş, başqa birisi,
Rusiyada yəhudi qırğını zamanı əziyyət çəkmişdi. Arvadı xəstədir – çox güman ki, xərçəngdir. Üç uşağı var
– kiçiyi qızdır, Miriyam, yaxşı musiqiçidir; amma on dörd yaşlı
oğlu valideynlərini məyus edir, ədəbsizdir,
oxumaq istəmir. Özü isə uzun illərdir anticisimlərin sintezi üzərində işləyir. İndi artıq çətin vəziyyətə
düşüb; çünki Moqalisdə onun işi ilə maraqlanan bir adam belə yoxdur; ya da heç olmasa, ona təkan
verən; bununla belə, opsonin nəzəriyyəsinin öhdəsindən gələndə o xeyli
nəşəli saatlar keçirib və bu, onu
əməlli-başlı həvəsləndirib.
– Yox, mən heç nə eləməmişəm, amma öz iddialarımla insanları yaxşıca təngə gətirmişəm. Mən, sadəcə,
gələcəkdə edəcəyim əsl kəşflər haqqında xəyal qururam. Yox. Heç beş ildə peşə vərdişinin, gümanlarda
dəqiqliyin, üstəgəl cəsarətli təxəyyülün nə olduğunu başa düşən beş tələbəylə belə qarşılaşmamışam.
Mənə elə gəlir ki, sizdə bu xüsusiyyətlər var. Sizə kömək edə bilsəm… Belə!..
Mənə elə gəlir ki, siz yaxşı həkim ola bilməyəcəksiniz. Yaxşı həkim olmaq pis şey deyil, onların arasında
da əsl sənətkarlar var; amma onların sənəti bizə – laboratoriya guşənişinlərinə görə deyil. Bir dəfə
yaxamdan "D.M." yarlıkı asmışdım. Bu, Heydelberqdə olmuşdu… Allah yaddaş versin! Min səkkiz yüz
yetmiş beşinci ildə! Amma kiminsə topuğunu bintlə sarımaq, ya da dilini diqqətlə nəzərdən keçirmək
mənim üçün maraqlı olmadı. Helmqoltsun məsləkdaşı oldum – bax, o, əsl insan idi! Şən, fədakar!…
Orada akustika sahəsində tədqiqat aparmağa çalışırdım – çox pis işləyirdim, çox pis;
amma bir şeyi
öyrəndim: öyrəndim ki, bu məşəqqətli həyatda kəmiyyət analizi metodundan başqa gerçək heç nə
yoxdur. Kimyaya girişdim, amma bu sahədə ən son cızma-qaraçı oldum. Kimyadan biologiyaya keçdim –
əngəlli iş olduğunu anladım. Amma vaxtımı boş yerə itirmədim. Bəzi şeylər kəşf etdim. Düzdü, özümü
hərdən sürgün olunmuş adam kimi hiss edirəm, soyuqluq duyuram… amma…
Bilirsinizmi, bir vaxtlar mən "Die Cacht am Rhein" oxumaqdan imtina etdiyim və bir süvari zabiti
öldürməyə çalışdığım üçün Almaniyadan qovulmuşam… Zabit çox nəhəng idi,
amma az qala, onu
boğmuşdum… Gör bir ha… özümü necə təriflədim! Hmm… Belə!
Filosofluq etmək fikrinə düşəndə bakterioloqu ancaq bir şey pərt edə bilər: niyə biz bu sevimli patogen
bakteriyaları məhv etməliyik? Məgər GİXA-ya daxil olan, zəhlətökən psalomlar oxuyan, astarı yazılı
şlyapalar gəzdirən bu maraqsız gənc tələbələri yaraşıqlı bığları olan yatalaq basilindən qorumaq üçün bu
qədər zaman sərf etməyə dəyər? Bilirsinizmi, bir dəfə dekan Silvadan soruşdum ki, "patogen
bakteriyaları azadlığa buraxmaq və bu yolla bütün iqtisadi problemlərə son qoymaq yaxşı olmazmı?"
Amma mənim metodum onun xoşuna gəlmədi. Düzdür, o, yaşca məndən böyükdür; özü də eşitdiyimə
görə, hərdənbir yaxşı geyinmiş kilsə keşişlərini və hakimləri dəvət edərək ziyafətlər də verir. O, əlbəttə
ki,
qoca Nitsşeni, qoca Şopenhaueri, qoca Koxu, qoca Pasteri və qoca olmayan Jak Lebi və Arreniusu
sevən alman yəhudisindən daha dərin fikirləşə bilər. Hərçənd, Şopenhauer – lənət şeytana – teleoloji
nəzəriyyəyə meyil edirdi… Boş-boş danışıram! Gedək sizin şüşə qırıntılarınıza tamaşa edək… Sonra da
bir-birimizə xeyirli gecələr arzulayaq!
Qotlibi qəhvəyi rəngli yöndəmsiz evinə yola salıb sağollaşanda Martin onun adamayovuşmaz sifətinə bir
daha nəzər saldı. Sanki, gecəyarı şam yeməyi və rabitəsiz söhbətlər,
ümumiyyətlə, heç olmamışdı da...
Martin öz evinə üz tutanda isə, elə bil, sərxoş idi...
V FƏSİL
1
Düzdü, bakteriologiya Martinin bütün həyatını zəbt etmişdi, amma universitetdə elə hesab edirdilər ki, o,
patologiyanı, gigiyenanı, topoqrafik anatomiyanı və dahilərin belə içində itib batdığı bir çox digər fənləri
dərindən öyrənir.
Martin və Klif Kloson güllü-çiçəkli divar kağızı olan, başdan-başa çirkli paltarlarla dolu, dəmir çarpayılı və
tüpürcəkqablı böyük bir otaqda yaşayırdılar. Onlar səhər yeməyini özləri hazırlayır, günorta yeməyini
ayaqüstu "Səyyar yeməkxana"da, ya da "Şeh damcısı" qəlyanaltısında edirdilər. Düzdü,
Klif yenə də
aradabir Martinin əsəblərinə toxunurdu. O, açıq pəncərələrə nifrət edir, çirkli corablar haqqında danışır,