Hamının tanıdığı Delftli fermer Henri Novakın qızının yanına dəvət edilmiş həkim difteriyadan əziyyət
çəkən qızı ölüm ayağında tapıb. Doktor Erousmit onu qurtarmaq üçün
fədakar bir təşəbbüs göstərib;
dərmanların tam və təzə çeşidini həmişə hazır vəziyyətdə saxlayan Blasnerdən difteriya əleyhinə zərdab
gətirmək üçün özü yollanıb. Həkim ora və geri 79 dəqiqəyə 48 mil qət edərək benzinlə işləyən maşınında
gedib.
Xoşbəxtlikdən, bizim ayıq-sayıq Konstebl Co Kolbi vəzifə başında imiş və doktor Erousmitə cənab
Blasnerin Qırmızı Çay prospektində olan bunqalosunu tapmaqda kömək edib. Və o da əsl centlmen kimi
yatağından qalxaraq həkimi lazım olan zərdabla təmin etməyə tələsib. Amma bədbəxtlikdən,
xəstəlik o
yerə çatmışdı ki, uşağı xilas etmək mümkün olmayıb. Biz qeyd etməyə borcluyuq: elmi biliklərlə yanaşı
belə bir cəsarət və zirəklik həkim sənətinin bəşəriyyətin çox böyük xilaskarına çevrilməsinə səbəb olur".
Qəzetin çapından iki saat sonra miss Aqnes İnqlbled bu məqaləni götürərək bir daha öz mövcud olmayan
xəstəlikləri haqqında danışmaq üçün Martinin yanına gəldi. İki gün sonra isə Henri Novak peyda oldu və
qürurla dedi:
– Hə, dok! Biz zavallı qız üçün nəyi bacarırdıqsa, elədik. Amma mənə elə gəlir ki, sizi çağırmaq fikrinə çox
gec düşdüm. Arvadım çox dərd çəkir. Biz "Qartal"da bu məqaləni oxuduq. Onu keşişə göstərdik. Bilirsiniz
nə var, dok, siz mənim ayağıma baxarsınız? Topuğum yaman ağrıyır, elə bil, revmatizmdir.
XVI FƏSİL
1
Uitsilvaniyada işlədiyi birinci ilin sonuna yaxın Martin artıq təvazökar kənd həkimi kimi tanınırdı;
o qədər
məşhur olmasa da, hər halda, həkim kimi qəbul edilirdi. Yayda onlar Leora ilə birlikdə yaxşı şam etmək,
səs-küyün və dalğaların şappıltısı içində əylənmək, ədəbsiz zarafatların ağuşuna atılmaq üçün Poni-Riverə
getdilər. Payızda isə Martin Bert Tozerlə birlikdə ördək ovuna çıxdı… Gün batmamışdan əvvəl bataqlıq
yolunda pusquda duran Tozerə artıq birtəhər dözmək olurdu. Qışda isə par-par parlayan qar səhralarının
dünyadan təcrid etdiyi kəndin əyləncəsi xizək gəzintiləri, kart oyunları və Vahid Qardaşlıq
Cəmiyyətinin
axşam qonaqlıqları idi.
Pasientlər kömək üçün Martinə müraciət etdikləri vaxt öz əzabları və dözümlü itaətkarlıqları ilə elə gözəl
görünürdülər ki... Amma düz iki dəfə Martini özündən çıxara bilmişdilər. Səbəb isə zarafatcıl kəndlilərin
onun bir həkim üçün lazım olduğundan daha gənc göründüyünü sakit-sakit izah etmələri idi. İki dəfə də
o, kooperativ dükanın arxa otağında poker oynayanda qədərindən artıq içki içmişdi. Amma, hər halda, bu
xırda qüsurlara baxmayaraq, Uitsilvaniyada onu işgüzar və vicdanlı həkim kimi tanıyırdılar… Ümumiyyətlə
götürdükdə isə o, kənddə Alek İnqlbleddən daha az gözə çarpan fiqur idi, bərbər Nils
Kraqdan isə daha az
uğur qazanır və qonşular üçün qaraj sahibi, emiqrant-finndən daha az maraqlı görünürdü.
Sonra bir bədbəxt hadisə və bir səhv onu on iki mil əhatədə əməlli-başlı məşhurlaşdırdı.
Yazda bir dəfə Martin balıq ovlamağa getmişdi. Bir fermanın yanından keçərkən uşağının üskük
udduğunu və boğulduğunu deyən, çığır-bağır salaraq darvazadan bayıra qaçan qadınla rastlaşdı. Martin
cərrah aləti kimi cib bıçağından istifadə etdi. O, bıçağı bülövlə itilədi, çaydanda qaynatdı, uşağın boğazını
kəsdi və onun həyatını xilas etdi.
Poni-River vadisində bütün qəzetlər bu hadisədən yazdı. Və ilk sensasiyanın səsi hələ kəsilməmişdi ki,
Martin Erousmit miss Aqnes İnqlbledi müalicə olunmaq xəstəliyindən xilas etdi.
Bir dəfə bu qadının əlləri soyumuş və qan dövranı zəifləmişdi, buna görə də gecənin bir yarısı Martini
onun yanına çağırdılar. O, isə kələ-kötür yollarla iki xəstənin yanına getdikdən sonra, yaman yorulmuşdu.
Yuxusuzluqdan lap ayaq üstündə ölürdü. Özündə olmayan Martin qadına strixnini həddindən artıq böyük
dozada verdi, dərman isə xəstəni
elə silkələdi ki, o, "müalicə olunmaq" xəstəliyindən birdəfəlik sağalmaq
qərarına gəldi. Canında hiss etdiyi bu heyrət doğuracaq dəyişiklik ona həmişə duyduğu süstlükdən daha
böyük stimul vermişdi. Ümumiyyətlə, insanlar həmişə xəstə olduğundan şikayətlənən qadına qarşı artıq
laqeydləşmişdilər. İnsan axı nə qədər müalicə olunar?!
Amma bu hadisədən sonra Aqnes evdən-evə gəzərək Martini mədh edir və uitsilvaniyalılar bir ağızdan
deyirdilər: "Bir baxın ha! Aqnes kimin yanında müalicə almayıb ?! Amma doktor Erousmit ona həqiqətən
də kömək etdi!"
Martin özü üçün balaca, möhkəm və heç nə ilə təəccüblü görünməyən iş mühiti yaratmışdı. Onlar artıq
Leora ilə birlikdə Tozerlərin yanından öz şəxsi evlərinə köçmüşdülər. Onların yemək otağı vardı; bu otaq
həm də qonaq otağı idi. Orada işıqlı, yeni, xoş ətirli linoleumun üzərində nikellənmiş
peç lovğa-lovğa
yanırdı. Qızılı palıd ağacından hazırlanmış bufet isə lap gözə girirdi. Onun üzərində Minnetonka
gölündən gətirilmiş suvenir kibritqabı qoyulmuşdu. Martin o qədər də böyük olmayan rentgen aparatı
almış və Tozer bankının idarəetmə qrupuna seçilmişdi. O, indi elə məşğul idi ki, elmi iş üçün darıxmağa
vaxtı belə yox idi. Həm də axı onun elmi işi heç vaxt olmamışdı da. Bundan heyifslənən Leora tez-tez köks
ötürürdü:
– Dəhşətə bax ha! Ərdə olmaq! Səninlə birlikdə yollarda veyllənmək, harada gəldi işə girmək, sərgərdan
həyat keçirtmək!... Mən hər şeyə hazır idim,
amma heç gözləməzdim ki, nə vaxtsa cəmiyyətin
dayaqlarından birinə çevrilərik. Eybi yoxdur! Onsuz da təzə ər axtarmağa ərinirəm. Amma xəbərdarlıq
edirəm: sən kilsə məktəbinin qəyyumu olmaq fikrinə düşsən, ümid eləmə ki, mən də orqanda çalacaq və
sənin "əhdi-cədid"i öyrənməyə tənbəllik edən yaramaz Villi ilə bağlı zarafatlarına güləcəyəm.