351
– Eşşək oğlu, eşşək! Düş, yeri, canın çıxsın, nətər qoymusan orda, elə də tap,
gətir!
Və o oğlan gözlərini, biri qaloşlu, o biri yalın ayaqlarının altına zilləyib palçığa
bata-bata və tez-tez də nazik belindən sürüşüb düşən şalvarını yuxarı çəkə-çəkə
araba yolu ilə geriyə gedirdi və bir azdan araba çənin içində tamam gözdən itdi,
bütün dünyada hər tərəfi basmış o çəndən-dumandan başqa heç nə yox idi və o
çənin, dumanın içində altı yaşlı o oğlan palçığa batıb-çıxan ayaqlarının altına baxa-
baxa qaloşunu axtarırdı, hərdən çönüb arxaya – arabaya tərəf baxırdı, amma heç nə
görmürdü və o zaman o çəndən, elə bil, bir topa ayrılıb bir nigarançılıq oldu, təşvişə
çevrildi və o uşağın içinə doldu, ürəyi həyəcanla tez-tez döyünməyə, o təşviş içini
oymağa başladı.
Əlbəttə, o uşaq kəndlə meşə arasındakı o araba yolunu yaxşı tanıyırdı və bu
yolla üzüaşağı gedib bir azdan kəndə çıxmaq onun üçün elə çətin bir şey deyildi və
oğlan da bunu bilirdi, amma hər tərəfi bürümüş o çənin içində, o dəm, elə bil,
nağıllardakı tilsimlər aləminin xofuna oxşayan və adamı üşüdən nəsə bir şey var idi.
O qaloşları atası üç-dörd ay bundan qabaq rayon mərkəzindən onun üçün
hədiyyə alıb gətirmişdi və par-par parıldayan o qaloşlar o zaman onu çox
sevindirmişdi, bir müddət ürək eləyib qaloşları geyməmişdi ki, palçığa, torpağa
bulaşacaq, amma elə ki, qaloşları geydi, o qaloşlar da evləri kimi, həyətləri kimi,
kəndləri kimi, o eşşək arabası kimi adi bir şeyə çevrildi.
Oğlan isə, özü də gözləmədən ağlayırdı və tez-tez burnunun suyunu darta-darta
nəhayət ki, palçığa batıb qalmış o qaloş tayını tapdı və o biri ayağındakı qaloşu da
çıxartdı, hər əlində bir qaloş tutub, yalın ayaqları ilə palçığa bata-bata geriyə
qaçmağa başladı. Hərdən şalvarı belindən sürüşüb düşürdü və oğlan bir anlıq
dayanırdı, qaloş tutduğu yumruqları ilə şalvarını yuxarı dartıb, təzədən üzüaşağı
qaçırdı.
Çən get-gedə sıxlaşırdı, ona görə də, araba, elə bil, birdən-birə yerin içindən
çıxıb, oğlanın qarşısında peyda oldu və oğlan tövşüyə-tövşüyə qaloşların ikisini də
bir əlinə alıb, o biri əli ilə arabanın arxasından yapışdı, dərindən rahat bir nəfəs aldı
və təqsirkar olduğu üçün, odunların təpəsindəki gözəl yerinə dırmaşmağa cürət
etməyib, eləcə, bir əlində iki qaloş, o biri əli də arabanın arxasında addımlamağa
başladı.
Bir az beləcə getdilər və birdən atası eşşəyin ipini dartıb arabanı saxladı, başını
geri çevirib tez-tez burnunun suyunu dartan oğlana:
– Qalx yuxarı!..– dedi.
Elə bil ki, əlli səkkiz-əlli doqquz il bundan əvvəlki o çənin-çiskinin içindəki o
«qalx yuxarı!»nın istisi-ilığı, birdən-birə şairin, bir-birinə qarışmış fikirlərilə,
hisslərilə, yuxu və real həyat arasındakı görümləriylə dolu olan, amma soyuq,
qurumuş beyninə yüngül bir hərarət gətirdi...
... ilıq və xoş bir meh əsdi...
* * *
... kəpənək zərifliyi ilə pəncərənin qabağında dayanmış o penuarlı qız o zaman
ruhlar dünyasının sorağında idi...
* * *
352
Pensiyaya çıxmış (göndərilmiş!) KQB polkovniki Məmməd müəllim qoğala
oxşayırdı: gödəkboylu, kök, girdəsifət, hamar yanaqları qırmızı, yumru başı da daz –
bir sözlə, görkəmi bir az gülməli idi, amma Məmməd müəllimin xasiyyəti, xarakteri
görkəmi kimi gülməli deyildi və Məmməd müəllimin pişik gözlərinə oxşayan və
həmişə də işım-işım işıldayan yaşıl gözlərinə baxanda, hərdən, adam xoflanırdı və
Məmməd müəllimin bir xüsusiyyəti də ondan ibarət idi ki, danışanda adamın üzünə
baxmırdı, başının üstündə naməlum bir nöqtə qaralayıb, o nöqtəyə baxırdı.
Məmməd müəllim Bakıda hamını tanıyırdı, amma Məmməd müəllimin özünü
çox az adam tanıyırdı və toyda da, yasda da, kimdən söz düşürdüsə, bir küncdə
oturmuş Məmməd müəllim mənalı-mənalı gülümsəyirdi, bir söz demirdi, amma
söhbətə qulaq asırdı və bəzən bir kəlmə ilə kiminsə səhvini (texniki səhvini)
düzəldirdi, məsələn, kimdənsə söhbət əsnasında deyirdilər ki, filankəsin yaşı da
altmışı keçib, Məmməd müəllim eləcə mənalı-mənalı gülümsəyib dəqiqləşdirirdi: «–
Əlli yeddi yaşı var», yaxud deyirdilər ki, filankəs, deyəsən, salyanlıdı, Məmməd
müəllim yenə də gülümsəyib: «– Atasının əsli Irandandı, anası şamaxılıdı» – deyirdi
və sairə.
Məmməd müəllim şairlə quda olana qədər, bu adamlar bir-birilərini tanımırdılar,
daha doğrusu, şair Məmməd müəllimi tanımırdı, amma hərdən, şair öz həyatı,
yaradıcılığı ilə bağlı nəsə danışanda, Məmməd müəllim onun da səhvini düzəldirdi,
elə söz deyirdi, elə replika verirdi ki, şair mat qalırdı, «– Əşşi,– deyirdi,– sən mənə
məndən yaxşı bələdsən ki!..»
Şair məclis xoşlayan adam idi və qohum olandan sonra, məclislərinə, məcbur
olub, Məmməd müəllimi də dəvət edirdi və Məmməd müəllim bütün məclis boyu
susub, hərdən eləcə mənalı-mənalı gülümsəyirdi və hərdən kiminsə kim haqqındasa
dediyi texniki səhvini düzəldirdi.
Evdə, ancaq özləri olanda, kiçik qız Məmməd müəllimə «Santexnik» deyirdi və
böyük bacısını acıqlandırmaq istəyirdi:
– Nu, kak tvoy santexnik pojivayet?
Böyük qız:
– Tı sama santexnik!– deyirdi, amma özünü gülməkdən saxlaya bilmirdi.
Əminə xanım:
– Xvatit!– deyirdi.– Bəsdirin! Gedib kişinin qulağına çatar, yaxşı deyil...
Və Əminə xanımın bu «gedib kişinin qulağına çatar»ı bəzən şairin yadına
düşərdi və ona ləzət eləyərdi, şair «santexnik» sözünün top kimi dığırlana-dığırlana
gedib Məmməd müəllimin qulağına girməyini bir cizgi filmi kimi gözlərinin
qabağına gətirərdi, gülərdi və kefi kökələrdi.
Amma bir dəfə Məmməd müəllim şairə bir söz dedi, o söz heç «santexnik»in
dediyi sözə oxşamırdı və «santexnik» sözünün ləzzətinə, nəsə, xoşa gəlməyən bir
şey qatırdı.
Növbəti bir məclisdən əvvəl (gərək ki, Əminə xanımla evlənməklərinin növbəti
ildönümü idi), şairin iş otağında oturub, ikilikdə söhbət zamanı (Məmməd müəllim
həmişə məclislərə vaxtından əvvəl gələrdi ) Məmməd müəllim gülümsəyib, şairin
başının üstündə naməlum nöqtəyə baxa-baxa, həmişəki ahəstə səsi ilə:
– Axır vaxtlar çox millətçi şerlər yazırsan... – dedi. – Bir az ehtiyatlı ol... Düzdü
e, indi kanyuktura belənçinədi, ancaq... – Daha artıq mənalı-mənalı güldü. – Sən
ehtiyatlı ol... Türkiyəyə də çox aludə olma... Hə? – Bu dəfə Məmməd müəllimin
təbəssümü bütün sifətinə yayıldı və yaşıl gözləri də daha çox işıldadı.– Elə bilirsən,
day Sovet hökuməti qayıtmayacaq? Hə?