82
Əvvəlcə yük maşınının səsi gəldi, sonra özü göründü və səs sala-sala asfalta
gəlib Baladadaşın yanından ötdü, iyirmi-iyirmi beş metr aralıda dayandı.
Maşının banında yekə bir dəst yorğan-döşək, miz, taxta kətillər, böyük paltar
dolabı, qab-qacaq, qazan, samovar var idi və belə məlum olurdu ki, təzə köç gəlib.
Sürücü motoru söndürüb aşağı düşdü, o tərəf-bu tərəfə boylanıb dedi:
– Hə, bude, bax, buradır.
Kök bir qadın hıqqana-hıqqana kabinədən düşüb sürücünün göstərdiyi taxta
qapıya baxdı, sonra ətrafa nəzər saldı, sonra dənizi əməlli-başlı süzüb:
– Allah Muradın canını sağ eləsin, – dedi. – Lap əntiqə yerdə götürüb bağı.
Sürücü cibindən çıxartdığı açarla taxta qapının ağzındakı yekə qıfılı açdı və
qapını itələyib içəri boylandı. Əncir, heyva və nar ağacları bu balaca həyəti başdan-
başa kölgəlik eləmişdi. Artırmalı, birmərtəbəli binanın arxa tərəfi meynəlik idi.
Həyətin aşağı başında kiçik bir bostan var idi, bostanın yanında isə ikimərtəbəli
talvar və bu saat bir dəstə sığırçın həmin talvarın alt mərtəbəsindəki kölgəlikdə
civildəşə-cəvildəşə kefə baxırdı.
Kök qadın bu xudmani həyətin səliqəsindən, kölgəsindən xeyli feyziyab
olmuşdu və bir müddət beləcə dayandı qapının ağzında, sonra yəqin yadına düşdü
ki, qapının ağzında dayanıb tamaşa eləməyə gəlməyiblər bura, şeyləri evə daşımaq
lazımdır və görünür, bu da yadına düşdü ki, on səkkiz yaşında qəşəng bir qızı var və
qız hələ bu xudmani həyətə baxmayıb.
– Seva, bir gəl, bax gör nə aləmdi!.. – Kök qadın ətrafına nəzər saldı və yalnız
indi hiss elədi ki, Seva səhərdən bəri gözə dəymir, balaca bir təşvişlə sürücüyə
baxdı. Sürücü də gözlərini ətrafa dolandırıb təəccüblə çiyinlərini çəkdi, yəni gözə
dəymir Seva xanım.
Kök qadın get-gedə artan bir təşvişlə yük maşınının dörd tərəfini dolandı, o
tərəf-bu tərəfə boylandı:
– Sevil! Hardasan, Seva!..
Kök qadının təşvişi yavaş-yavaş sürücüyə də sirayət edirdi:
– Seva xanım!
Sürücü pəncələri üstə qalxıb maşının banına boylandı – heç kim yox idi.
Doğrudan da, hardadı görəsən bu qız?
Səhərdən bəri tut ağacının dibində oturub şumaqədər yonmaqla məşğul olan
Baladadaş başını qaldırıb yük maşınına tərəf baxdı və sonra yenə də başını aşağı
salıb cidd-cəhdlə işinə davam etdi.
Kök qadın sürücüyə yaxınlaşıb özü öz sözlərindən qorxurmuş kimi:
– Birdən yolda uşaq maşından düşər a?.. – dedi.
Sürücü onsuz da başını itirmişdi. Yenə pəncələri üstə qalxıb maşının banına
boylandı və dedi:
– Murad yoldaş bilsə ki, Seva xanım kuzovda gəlib, mənim qanım getdi!..
Kök qadın daha sürücüyə təskinlik vermək halında deyildi, əməlli-başlı qorxuya
düşmüşdü:
– Sevil! Sevil!
Birdən Sevilin səsi gəldi:
– Nə var maması?..
Kök qadın duruxdu və sürücüyə baxdı. Sürücü yenə də çiyinlərini çəkdi və bu
dəfə əyilib maşının altına baxdı, guya ki, Sevil maşının altında olacaqdı.
Kök qadın yenə çağırdı:
– Seva!
83
– Bəli!...
Sürücü də, kök qadın da çaşbaş qalmışdı və bu zaman maşının başındakı yekə
paltar dolabının qapısı açıldı və əynindəki ağ donuyla elə bil ki, göyün yeddinci
qatından uçub gəlmiş Sevil adlı məlakə reverans etdi, yəni ki, buyurun zati-aliləri,
qulluğunuzda müntəzirəm.
Kök qadın əlini sinəsinə aparıb:
– Bir də ürəyimi partladacaqsan, – dedi, amma gülümsədi, çünki məlum
olmuşdu ki, onun gözəl-göyçək qızı yolda maşının banından yerə düşməyib və
başına başqa bir iş də gəlməyib, elə beləcə, həmişəki zarafatındadı.
Sürücü, elə bil, ancaq indi başa düşdü ki, adamın atasını yandıran günün altında
dayanıb, cibindən yekə dəsmalını çıxardıb üz-gözünün tərini sildi.
Sevil pinq-ponq topu kimi bir göz qırpımında maşının banından yerə atıldı və
səhərdən bəri gözünü ondan çəkməyən Baladadaş da günün istisini hiss etdi,
yerindən qalxıb şalvarının dalını çırpdı və bu dəfə keçib tutun qotur kölgəsində
oturdu.
Sevil taxta qapıdan boylanıb baxdı və əlini əlinə vurub:
– Oy!.. Kakaya krasata!.. – dedi. – Prosto prelest!..
Kök qadın bütün yayı qalacaqları bu xudmani həyəti bir də gözdən keçirib
gülümsədi – həm öz yerinə sevinirdi, həm də qızının yerinə – və dedi:
– Yaxşı, şey-meyi düşürdək ki, rahatlanaq.
Sürücü banın yan sürahisini açıb aşağı sallatdı və yükü bir-bir boşaldıb evə
aparmağa başladı. Sevil də, anası da xırda-xuruş şeylərdən götürüb sürücüyə kömək
edirdi və artıq qan-tərə batmış kök qadın hərdənbir yenə də heç nəyi vecinə almayıb
tutun kölgəsində şumaqədər yonmaqla məşğul olan Baladadaşa tərs nəzərlər salırdı,
yəni görmürsən təzə qonşular gəlib, kömək eləməkdənsə, kölgədə avaralanırsan.
Baladadaş kök qadının, sonra da sürücünün tərs nəzərlərini öz üzərində hiss
edirdi, amma Baladadaş da ona görə Baladadaş idi ki, öz bildiyini atasına da
verməzdi, necə lazım bilərdi, elə də edərdi.
Kök qadın lap birtəhər olmuşdu, hərçənd hərdənbir yük daşımaq ona ziyan
eləməzdi. Sevil isə ding-ding dingildəyə-dingildəyə gəlib bir kitab götürürdü, ya lap
kiçik bir bağlama götürürdü, aparırdı evə, təzədən qayıdıb yenisini götürürdü və elə
bilirdi ki, əməlli-başlı iş görür.
Axırda sürücü maşının banına qalxıb yekə paltar dolabını yerindən dəbərtməyə
başladı və kök qadın da daha özünü saxlaya bilməyib üzünü Baladadaşa tutdu:
– Ay oğlan, – dedi, – gəl kömək elə də bir az, görmürsən gücümüz çatmır?...
Baladadaş başını qaldırıb bir müddət kök qadına baxdı və ondan soruşdu:
– Mənimləsiz?
– Hə... Bəs, kiminləyəm?
Baladadaş yenə də bir müddət kök qadına baxdı və dedi:
– Hambal gətirəydiniz də özünüzlə.
Kök qadın başa düşə bilmədi ki, Baladadaş bu sözləri onları lağa qoymaq üçün
deyir, ya elə, doğrudan da, bu fikirdədir və onlar gərək hambal gətirəydilər
özləriylə?