62
Bu sənət yolunda yollar nahamar,
sən məni nahaqdan yorma, a sarban.
Hər misra üstündə ürəyim qabar,
qısqanıb qəsdimə durma, a sarban.
Mən kiməm? – bu yolda milyondan biri,
qəvvaslar yanında bir naşı fəhlə.
Ancaq şeirə könül verəndən bəri
gedirəm ümidlə, səylə, fərəhlə.
Şeirimdir möhnətim, bəxtiyarlığım,
şeirim idrakımdan, qəlbimdən keçər.
Mənim yazdıqlarım, mənim varlığım,
hələ ki, kağızdan kağıza köçər.
ŞAİRLƏR ÇOXALIR
Haçandır ortada gəzir söz-söhbət,
susur xiridarlar, meyar hardadır?
Şairlər çoxalır, söyləyir xilqət,
şairin çoxluğu təşviş yaradır.
Xalqına tövhədir, hər şair “mən”i,
şairdən elinə gəlməz ki xətər.
Yurdun əsrarəngiz gözəlliyini
kimsə vəsf etməmiş şairlər qədər.
Şairlər həmişə qayğıkeş, öndə,
şair Vətən oğlu, şair bəşəri.
Millətin, dövlətin çətin günündə
şahları mat qoyub şair hünəri.
Şairlər artırsa, çoxalır demək
fikri, əqidəsi, istəyi saflar.
Naqislər Vətənə sahib çıxanda
vətəndaş şairin ürəyi çatlar.
63
Çoxalsın ilbəil, artsın müttəsil
zamanın ruhuna hakim şairlər.
Artsın təbi rəvan, biliyi kamil
müəllim, mühəndis, həkim şairlər.
Sənət çəmənzartək çiçək çələngi,
al-əlvan gülləri gülər qış-bahar.
Burda hər qönçənin öz ətri, rəngi,
burda hər butanın öz ahəngi var.
Gərək qorxutmasın kimsəni bu iş,
daralmaz meydanı, sözə yol verin.
Sənət asimanı səmadan geniş,
sənət kainatı dəryadan dərin.
Şairlik ilahi qüdrətdir, onun
nə əvvəli vardır, nə də ki, sonu.
İstedad binadan fitrətdir, onun
kəsə bilməmişdir kimsə yolunu.
Nə çox aramızda cahil olanlar,
sabirlər onlara “həpənd” deyiblər.
Bilirik, tarixən bu cür insanlar
peyğəmbərlərə də rişxənd ediblər.
Xəyalı göylərdə gəzsə də hərdən,
şair sadə insan, mindən biridir.
Mələklər göylərdə, şairlər yerdə
Tanrının söz deyən elçiləridir.
Min illər, gör, neçə şair söz dedi,
meydan nə kiçildi, nə də ki doldu.
Nə Homer, Hilhameş birinci idi,
nə bizim Şəhriyar sonuncu oldu.
64
Nə zaman, nə məkan meyarı vardır,
ilham bir pəridir ədalı, nazlı.
Öz şah əsərini Puşkin çox erkən,
Firdovsi 60 yaşında yazdı.
Yetər bir söz desin əbədiyaşar,
təki ömrü-günü ötməsin hədər.
Şairə sənətdə həmişə yer var,
cənnətdə möminə yer olan qədər.
MƏMMƏD ARAZ KARANDAŞI
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi
.
Məmməd Araz
Nə yatmısan, qoca vulkan – deyən şair,
qalx ayağa, Azərbaycan – deyən şair,
ömrü boyu qüssə, kədər yeyən şair,
dərdi böyük, qəlbi qübar Məmməd Araz,
Xətainin qılıncını suvar, suvar Məmməd Araz.
Eşitdinmi, Vətən oğlu, at çiyninə yapıncını?
Yuxun qaçsın, çöldə-düzdə səngər qurub
daşdan düzəlt balıncını.
Qoyma bir an korşalmağa öz qınında qılıncını,
ər görəndə, nər görəndə düşmən susar, Məmməd Araz,
Xətainin qılıncını suvar, suvar Məmməd Araz.
Yox haqqımız vəsf etməyə toy-mağarda Qarabağı,
üzümüzə bir sillədir Topxananın hər yarpağı.
Kimlər verdi, kimlər satdı yağılara bu torpağı?
Ürəyimdən daş asılar, qanlar axar, Məmməd Araz,
Xətainin qılıncını suvar, suvar Məmməd Araz.
65
Nə müddətdir Vaqif çəkir cəbri orda,
tükənibdir qız-gəlinin səbri orda.
Ağı deyir Ələsgərin qəbri orda,
hamımızın gözləri kor, qulağı kar, Məmməd Araz,
Xətainin qılıncını suvar, suvar Məmməd Araz.
Yağı düşmən igidləri qollarından kəsir indi,
hiddətindən Qoç Koroğlu at belində əsir indi.
Qarışdırıb yuxusunu, Həzi düşüb əsir indi,
bundan ağır bir dərdmi var, bir günmü var, Məmməd Araz?
Xətainin qılıncını suvar, suvar, Məmməd Araz.
Çox başçılar min fənd ilə meydan açdı söz deməyə,
öz başını qorumaqçün sus deməyə, döz deməyə.
Türk oğlu türk, dar günündə gəlməyəcək yad köməyə!
Yolumuzu tapmayınca olarıq xar, Məmməd Araz,
Xətainin qılıncını suvar, suvar, Məmməd Araz.
Çoxu gedib Həcc yolunda dilər keçsin günahından,
möminləri nicat istər Xudavəndin dərgahından.
Zalımlara xətər yetməz məzlumların yüz ahından,
haqq yolunda, din yolunda olduq biar, Məmməd Araz,
Xətainin qılıncını suvar, suvar Məmməd Araz.
Xalqın yaşar ulusu sən, öndəri sən,
söz mülkündə at oynadan hünəri sən,
hayqır qalxsın çağırışınla Azəri sən!
Zavallı xalq qurtuluşu səndə arar, Məmməd Araz,
Xətainin qılıncını suvar, suvar, Məmməd Araz.
Tariximə abidədir şəhidlərin məzar daşı,
torpağımın daş yaddaşı, taleyimin qan yaddaşı.
Yurdu talan olan şair, neyləyirdin karandaşı?
İndi yalnız silah verər yurda qərar, Məmməd Araz,
Xətainin qılıncını suvar, suvar, Məmməd Araz.
Məmməd Araz karandaşın bir də suvar, Məmməd Araz!
66
ARTAN BƏLAMIZA, AZALAN YAŞIMIZA
Milli tariximizin
yaddaşımıza yazılan
ən güclü insanı,
sağlamı, igidi, pəhləvanı
Qoç Koroğlu:
– İnsan üçün ömür
30 yaşdan yuxarı
üzüaşağıdır – deyib.
Yəni 30 yaşından sonra
qocalmağa başladığına
eyham eyləyib.
O hələ eramızdan əvvəl yaşayıb,
dağ döşündə ömür sürüb,
bulaq suyu içib.
Ekoloji təmiz ərzaq yeyib.
Özü də o dövrdə əksər insanlar
150-200 il yaşayıb.
İndi insanlar nə qədər yaşayır?
Təxminən 65-75 yaş arası.
Bu məntiqlə Koroğlunun
nəzərdə tutduğu qocalığa keçid
30 yaşdan düşməlidir ən azı 25 yaşa.
Hünərin var, indi ömrü sağlam yaşa?
Çünki XX əsrin texniki eybəcərlikləri
zəhərləyir suyu, havanı, torpağı,
pozur əsəbləri.
Bunlar hamısı şərtdir, bəs necə?
İndi insanların əksəriyyəti
mübtəladırsa əgər
erkən ürək ağrısına,
qan xəstəliklərinə,
şəkərə, yaman şişə,
deməli hər il nə qədər insan
doğulur eybəcər –
gözü kor, ağlı kəm,
qoldan, qıçdan şikəst, daxili qüsurlu...
Dostları ilə paylaş: |