İndiki Şəki ərazisində məskunlaşmış qədim türk tayfalarının biliciləri bir çox şəfaverici otları
(yovşan, yarpız, çobanyastığı, dazıotu və s.) tanıyır və onlardan müalicə məqsədi ilə istifadə
edirdilər. Acıyovşan ən məşhur dərman bitkilərindən biri idi. Onu mədə-bağırsaq, xəstəliklərini
sağaltmaq və qarından qurdları qovmaq üçün işlədirdilər. Qədim türklərin yaşıllıq ilahəsi Öləng tanrı
həkimlərin hamisi və Göy Tanrının arvadı sayılırdı.
Süd məhsulları (qımız, qatıq və ayran) güclü müalicə vasitələri hesab olunurdu. Qımız vərəmin,
astma və bronxitin, qatıq isə mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün istifadə olunurdu. İsti
madyan südü öskürəyi götürmək və qızdırmanı salmaq, ayran isə ürək yanğısını dəf etmək üçün
işlənirdi. Daha sonrakı dövrlərdə Azərbaycanda türk xalq təbabətinə türkəçarə deməyə başladılar.
Çin mənbələrindən məlum olduğu kimi, göytürklər müalicə məqsədi ilə müxtəlif bitkilərdən istifadə
edirdilər. Bu bitkilərin xüsusiyyətini həm dini ritualları keçirən şamanlar, həm də otaçılar deyilən
xalq həkimləri bilirdilər. Əslində otaçılar bitkilərdən dərman da hazırlayırdılar. Keçmişdə olduğu
kimi bu gün də türk xalqlarından çoxu, xüsusən də Sibir, Altay-Sayan türkləri şaman müalicə sis-
temini dirçəltməklə ənənəni qorumağa çalışırlar. Bir sözlə, türk türkəçarəliyinin nəzəri və praktik
əsası şamanlığa dayanır. Bu əlaqə zəifləsə də, heç bir zaman qırılmamış, türk xalqlarının
müstəqilliyindən sonra daha da irəliləmiş və yeni formalar almışdır.
Ancaq türkəçarələr də insan vücudunu, mövsümü, xəstə orqanı nəzərə almaqla, banka atmaq, hacamat
(qan almaq), tüstüyə vermək, nüsxə yazdırmaq, psixoloji xəstəliklərdə su və ya quş səsi dinlətmək
kimi metodlardan istifadə edirdilər. Buraya geniş yayılan bitkilərdən, mineral sulardan istifadəni də
əlavə etmək lazımdır. Türkəçarə adlanan türk həkimləri əslində anatomiyanı, bakteriologiyanı,
mikrobiologiyanı yaxşı bilən, tibbin oftalmoloji, patoloji, farmakoloji, fizioloji, psixoloji, cərrahi
kimi sahələrini də yaxşı bilən, müalicədə bu sadalanan sahələrdə fəaliyyət göstərən xalq təbibləri
idilər. Sonradan İslam dinini qəbul edən türklər başqa xalqların dilindən tərcümə edilmiş tibb
əsərlərini də öyrənməklə türkəçarəlikdə yeni bir dövr açdılar. Ancaq türkəçarəlik yenilənsə də, onda
dəyişməyən bir qayda vardır. O da ruhla bədənin vəhdəti, müalicədə ruhla bədəni eyni anda
sağaltmağa çalışmaqdır.
Bir sözlə, xalq arasında daha çox növü olan sağaltma yolları əsasən ustadan şagirdə keçməklə –
ənənə vasitəsilə yaşadılır. Türkəçarələrin öyrətdikləri insanlar daha çox onların öz övladları, yaxın
qohumları, bəzən də xalq içərisindən çıxmış, ancaq qohumluq əlaqəsi olmayan qabiliyyətli biri olur-
du.
Şəki ərazisində yaşayan tayfalarda mövcud olmuş arxaik inama əsasən, ruh ölümdən sonra daşa keçir.
İndi də xalq arasında “öldü, yəni daşa döndü” ifadəsi “ölmək” mənasında işlənir. Burada əzabla
ölənin əlinə daş qoyardılar ki, ruhu daşa keçib rahatlansın. Mahiyyətcə çox qədim olan başqa bir
mərasimdə ölünü evdən yola salanda arxasınca daş atırlar. Bu adət hələ də şəhərimizdə yas
mərasimlərində icra olunur. Xalq arasında birinə ölüm arzulayanda belə bir ifadə də işlənir:
“Dalınca bir qara daş”.
Adətən ölən adam üçün qəbir qazılır, başdaşı qoyulur. Bu, unudulmuş qədim baxışlarla bağlıdır və
islam dini tərəfindən də qəbul edilmişdir. Arxaik təsəvvürə əsasən, ölənin ruhu stel daşına keçir. Stel
torpağa basdırılmış menqir daşların qalıq formasıdır. Çox vaxt stellər yıxılmış və ya şaquli
basdırılan yonulmuş daş abidələrə oxşayır.
Daşla bağlı inanclar şəkililərin məişətində xüsusi yer tutur. Qədim ənənəyə görə, yeni evin inşasında
bünövrəyə qoyulan daş müqəddəs sayılır. Xalq arasında bu daş “bünövrə daşı” adlanır. Əbədi tikinti
rəmzi hesab olunan belə daş adətən ağsaqqallar tərəfindən qoyulur. Azərbaycanlıların, o cümlədən
şəkililərin məişətində “dərdin dağa-daşa”, “mənim daşım sənin başına düşsün”, “sən mənim daşımı
atmısan” kimi daşla bağlı ifadə və diləklər geniş yayılmışdır. Ər arvadını boşayanda isə onun dalınca
daş atar və deyərdi: “Daşını atdım”. Qədim təsəvvürlərə görə, daşın təsir qüvvəsi “sərhədsizdir” və
buna görə də belə inamlar insanların məişətində qorunub saxlanmışdır.
Qədim insanlar daşı şəfa, nicat, bərəkət rəmzi kimi qəbul etmişlər. Kiçik daşların un, yağ saxlanılan
qablara atılması ibtidai dini təsəvvürlərin nəticəsidir. Qədim inama görə, daşlar müalicəvi
xüsusiyyətlərə də malik idi. “Dalaq daşı”, “Yeri daş”, “Öskürək daşı” müasir dövrdə də pir hesab
olunur.
Sonralar ruhlar haqqında təsəvvürlər inkişaf edir. Qədim dini təsəvvürlərdə ruhların qeyri-adi
qüvvəsinə inam xüsusi yer tutmaqda davam edir. Belə ruhlar şeytanlar, cinlər, qulyabanı və hal anası
kimi xeyirxah və şər ruhlara bölünürdü. Cinlər xalqın mifik təsəvvüründə onlara zərər vuran şeytana
bənzədilirdi. Ona görə də qaynar suyu yerə və oda tökmək, cinlər üçün paltar hesab edilən soğan və
sarımsaq qabığını yandırmaq olmazdı.
İnsanın ruhsal durumunda baş verən bir çox xoşagəlməz dəyişikliklər bilavasitə ruhlar dünyası və
daha çox şər ruhlarla bağlıdır. Yəni əksər xəstəliklər ruhların – əyələrin müdaxiləsi nəticəsində yara-
nır və bu halda “ruhi xəstəliklər” deyildikdə təkcə psixi pozuntular deyil, həm də digər, yəni həm də
sırf fizioloji və bakterioloji xəstəliklər nəzərdə tutulur. Yəni bu termin türk inanclar sistemində
tibdəki anlamından daha geniş anlam ifadə edir. Belə hesab edilir ki, şər ruhların müdaxiləsi ilə
yaranan xəstəlikləri, o cümlədən həm nevroloji, həm də fizioloji pozuntuları yalnız qam-şamanlar və
ya da emçilər aradan qaldırmaq gücündədirlər. Bunun üçün onlar ilk növbədə bu və ya digər xəs-
təliyə rəvac verən şər ruhları qovmalıdırlar. Ümumiyyətlə, əski təsəvvürlərə görə, insanlara dərd-
bəla gətirən şər ruhlardan başqa, onları dəf etməkdə şamanlara kömək edən xeyirxah ruhların
varlığına inam da türk mifologiyasında geniş yayılmışdır. Əski təsəvvürlərə görə, ruhlarla insan
arasında əlaqə yaradanlar qəbilənin göylər tərəfindən xüsusi seçilmiş üzvləri, cadugərlər və ya
şamanlardır.
Bir vaxtlar Azərbaycanda “hər bir şeyin, ağacın, suyun əyəsi var”, “gecə ağac altına getməzlər, əyəsi
səni vurar” kimi inamlar mövcud olub. İndi də Şəkidə bu kimi inanclar qalıb. Məsələn, əncir və ya
digər ağacı kəsəndə “ruhu səni tutacaq” sözlərini mən çox eşitmişəm. Əcdadlarımız inanmışlar ki,
“ölənlərin ruhu ağaclara keçir və belə ağaclar pirlərə çevrilir”. Təsadüfi deyil ki, Azərbaycanın
bütün bölgələrində ağac pirləri geniş yayılmışdır. Burada qoz, dəmirağacı, dağdağan, palıd, əncir, tut,
çinar və b. ağaclar müqəddəs sayılırdı. Həmin ağacları qırmaq, kəsmək, yandırmaq olmaz. Xalq
arasında belə deyirlər: “Pir odunlarını gətirib evində yandıran adamın yuvası dağılar”. Dağdağan
ağacı o vaxtlar (elə indi də) müqəddəs sayılmış və ona sitayiş edilmişdir. İnsanlar bu ağacdan
müxtəlif həmaillər düzəldərək gözmuncuğu və başqa muncuqlarla birlikdə amulet kimi istifadə
edirdilər. Belə həmailləri uşağın beşiyindən, atların boynundan, südlük və ətlik mal-qaranın boğazın-
dan, hətta nehrələrdən asırdılar. Dağdağan ağacını kəsmək olmaz. Şəkililər dağdağan ağacına qədim-
dən xüsusi pərəstiş edirdilər.
Şəkidə dağlar qədimdən ruhlar, allahlar məskəni sayılırdı və insanlar tərəfindən müqəddəs hesab
olunurdu. Dağların hələ midiyalılar arasında müqəddəs sayılması haqqında Herodot da məlumat
verirdi. Qədim inama görə, dağlara bu və ya digər övliyanın ruhu keçərək məskən salır və o gündən
həmin dağa ruh məskəni kimi sitayiş edilirdi. O zaman mövcud olmuş inama görə:
Dağın üstündə böyük bir ağac var, o ağac pirdir. Gərək ona yaxın getməyəsən. On beş metr aralıda
Dostları ilə paylaş: |