O dövrün uşaq doğulması adəti çox maraqlı idi:
“Xanımların yerikləri 40 gün sürür. Gərək boylu xanımları 4 ay bərk qoruyasan. Boylu xanımları
qoymazdılar ki, bir əxlaqı fasid adamdan tikə alsın, deyirdilər əgər pis adamdan tikə alsa, uşaq o
cəhətdən həmin şəxsə oxşayar. Həm əxlaqi cəhətdən, həm də zahiri cəhətdən. Əks sürətdə, əgər tikə
verən şəxs yaxşı adam olsa, uşaq ona oxşayar. Mamaçalar təcrübəli olurdular. Deyirlər, əgər
yerikləyən zaman narı dənələyib aynanın üstünə töksən və üzüqoylu düşüb əlin köməyi olmadan onu
dodaqlarla yesən, uşaq gözəl olar. Nar qırmızı alma qabığı ilə yeyilsə, uşaq imanlı olar. Boylunu
heyvanlara baxmaqdan çəkindirərdilər, deyirdilər, baxan surətdə uşaq onlara bənzəyər. Əgər uşaq
sağlam olsa, üçüncü aydan boylu xanımın ürəyinin çırpıntısı artar... 9 aydan sonra doğum zamanı
çatanda əlli-altmış nəfər yaxın adamları nahara, ya da şama çağırardılar. Mamanı da çağırardılar. O
gələndə özü ilə bir qalın sap gətirib, ülgücü o sapa salıb boynundan asardı. Bir şam, kəllə qənd də
əlində olduğu halda içəri girərdi. Mama bu işi xanımların ilk uşaqları olduğu zaman edirdi. O, şamı
işıq üçün və şirnini şirinlik, təbrik üçün gətirərdi. Sonra zahının dalına bir yumruq vurub deyərdi:
“Oba köçdü, sən də köç”. Beləliklə, xanımın qarnındakı uşağa sifariş edərdi ki, oba köçdü, sən də bu
işıqlı dünyaya köç. Qonaqlar bir böyük evə yığışardılar. Bir cecim gətirib evin ortasına salardılar.
Bir məcməyini də onun üstünə qoyardılar. Bir miqdar da kül onun içinə tökərdilər. Bir kərmə zahının
sağ ayağının altına, birini də sol ayağının altına qoyardılar. Kərmələrin üstünə parça çəkərdilər.
Zahının ən yaxşı paltarlarını geydirərdilər. Bir qırmızı çadra da başına örtərdilər. Gəlinlik gecəsinin
kələsini də üzünə salardılar. Zahı gərək özünü möhkəm tutaydı. İki qız uşağı əllərində şam onun sağ-
solunda dayanardılar. Qonaqlarla zahının arasına bir çadra çəkərdilər. Uşaq dünyaya qədəm qoyan
kimi mama bir dənə böyük soğan gətirərdi. Zahı gərək dişini qabıqlı soğana basaydı, amma
qopartmamalıydı. Soğanı bir kabab şişinə çəkirdilər. Zahı onu əlində tutub yavaş-yavaş qabaqca
saldıqları yorğan-döşəyə sarı gedirdi. Sonra şişə çəkilmiş soğanı onun başının altına qoyurdular. Bu
vaxt hamı zahının adını Məryəm çağırardı. Zahını yerinə sarı aparan zaman biri ona deyirdi:
“Məryəm”, o da deyirdi “bəli”. “Dön daluva bax”. Zahı dönüb dalına baxar və üç dəfə bu sözləri
təkrar edərdi. Bu sözlərin mənası budur ki, zahı gələcəkdə yenə də uşaq sahibi olsun. Zahını yerinə
salandan sonra şamları söndürərdilər. Əlbəttə, şam yandırmaq, qırmızı paltar geydirmək ilk uşaq
dünyaya gələn zaman edilərdi, sonrakı uşaqlarda bunu etməzdilər. Sonra mama əlinə bir kabab şişi
götürüb otağın divarlarına cızıq çəkərdi. O bu işi görən zaman bir nəfər ondan soruşardı: “Niyə cızıq
çəkirsən?” O deyərdi: “Məryəm hasarı çəkirəm”. Onlar 3 dəfə bu işi təkrar edərdilər. Sonra bir
miqdar kəklikotu həm zahının üstünə, həm də yerinə və otağa səpərdilər. Uşaq sahibi olan kişi uşağı
üçgünlük olan kimi bir qurban kəsərdi. Qurbanı kəsmədən əvvəl onun gözünə sürmə çəkərdilər. Elə
haman mil ilə də uşağın gözünə sürmə çəkərdilər. Qurbanın qanından da uşağın qaşlarının arasına
sürtərdilər. Qurbanın ətini isə yoxsullara pay yollayardılar”.
Bundan başqa, cift və göbəklə bağlı da xüsusi ritualların icra edildiyi, daha dəqiq desək, cift və
göbəyin basdırılması adətinin mövcud olduğu barədə də maraqlı məlumatlar vardır. Bu ayinin icrası
da mamaçanın vəzifələri sırasına daxil idi. Doğuşdan sonra mamaça cifti təmiz suda yuyub onu əsgiyə
bükər, evin bünövrəsinin və ya döşəməsinin altında basdırardı. Dəsmal və göbəyi son dərəcə
ehtiyatla qoruyar, onlara bəd ruhların toxunmasına imkan verməmək üçün dəsmalı yaxşı-yaxşı quru-
dardılar. Belə hesab edilirdi ki, bu, uşağın sağlamlığı üçün vacibdir. Bəzi hallarda göbəkdən magik
ayinlərdə qoruyucu vasitə kimi istifadə edilirdi. Bu ayini də mamaça icra edirdi.
Görünən budur ki, şəkililər cift və göbəyin ayrıldıqdan sonra da insanın vücudu ilə astral bağlılığının
davam etdiyinə inanırlarmış. Bunu başqa cür izah edənlər də var. Onlardan bir qismi hesab edirdi ki,
uşağın ruhunun bir hissəsi cift və göbəkdə yaşayır. Digərləri onlara sonrakı uşaqların müjdəçisi və
təşviqçisi, başqa sözlə, yol açanı kimi baxırdılar. Başqa biriləri isə hesab edirdilər ki, körpəni
himayə edən xeyirxah ruh cift və göbəkdə yaşayır.
Cift və göbəyin basdırılması adəti ölünün basdırılması adətinə bənzəyirdi və türklər həmin ayini, yəni
göbəyin yuyularaq əskiyə bükülməsini “kəfənləmə”, yəni kəfənə bürümə adlandırırdılar. Bəzi tayfalar
isə göbəyi kisəciyə qoyaraq körpənin boynundan asar, bunun göz dəyməkdən qoruduğuna inanardılar.
Göbək qurudularaq sandıqda saxlanılardı. Eyni zamanda, ondan sonsuzluğu müalicə etməkdə də
istifadə edilirdi. Bunun üçün mamaça qurudulmuş göbəyi suya salar və həmin suyu hamilə qala
bilməyən qadına içirdərdi.
Doğuşun ardınca körpənin cəmiyyətə uyumlu daxil ola bilməsi üçün mərasimlər kompleksi gəlir.
Məsələn, zahı və körpə üçün hamamı qızdırır və onlar üç gün dalbadal təmizlənmə mərasimindən
keçirdilər. Onları bilavasitə mamaçanın özü çimizdirərdi. Adətə görə, mamaça təmizlənmənin uğurlu
olması üçün hamama duz və qızıl və ya gümüş sikkə, və ya da üzük qoyardı. Bu əşyalar zənginlik
əlaməti idi və onların vasitəsilə uşağın gələcəkdə ehtiyac hissi keçirmədən yaşamasına yardım
edildiyinə inanardılar. Mamaça uşağı yaxalayarkən onun başını sığallayaraq ona girdə forma verməyə
çalışardı. Eyni zamanda, burnunun nazik olması üçün onu üç dəfə yüngülcə sıxardı. Bir sözlə,
mamaça körpəyə xalq arasında mövcud olan estetik tələblərə uyğun bir şəkil verməyə çalışardı.
Nəsil artırma tarixən evlənən tərəflər üçün mühüm əhəmiyyət daşıyırdı. Nəslin davam etdirilməsi
ailədə əsas məsələ hesab olunurdu. Xüsusən ərə gedən qız üçün bu özünü yeni ailədə müəyyən qədər
təsdiq xarakteri daşıyırdı. Çünki bu həm də qadının ailədəki mövqeyi ilə bağlı məsələyə çevrilirdi.
Belə ki, övladı olmayan qadının həmin evin tamhüquqlu bir üzvü kimi gələcəkdə yaşaya bilməsi sual
altında qalırdı. Onu bu səbəbdən ya boşaya, ya da üzərinə bir başqa qız ala bilərdilər. Təsadüfi
deyildir ki, gəlin köçən qıza eldə bu cür xeyir-dua edilərdi ki,
Anam-bacım, qız gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin.
Beləliklə, o zamanlarda doğumun hazırlanması və doğuş prosesi 3 mərhələdə keçirilərdi:
“I mərhələ – doğumqabağı və doğumdan sonra 40 gün ərzində aparılan mərasimlər – Bunların mühüm
xüsusiyyəti əvvəl hamiləni, sonra zahını yad nəzərdən və təhlükələrdən uzaq saxlamaq istəyi;
II mərhələ – yeni doğulmuş uşağın nəslə və yaxud ailəyə qəbul edilməsi;
III mərhələ – zahının paklanması (qüsl vermə)”.
Hələ doğuşdan çox qabaq gəlinin hamiləliyi bəlli olunca onu qorumağa çalışırlar. Bu məqsədlə əsrlər
boyu mürəkkəb tabu-qadağalar sistemi yaradılmışdır (formalaşmışdır).
– hamilə qadın altı ay eybəcər heyvanlara baxmaz;
– hamilə qadın qarğış etməz, söyüş söyməz;
– hamilə qadın gicitkən, böyürtkən yeməz, əks təqdirdə uşaq nadinc olar;
Dostları ilə paylaş: |