Şəkidə qadınlar şər qüvvələrin xüsusilə fəal olduğu axşam vaxtı ev süpürərkən “Toy evi süpürürəm”,
yaxud “Zibil çöldə,Bərəkət öydə” ovsunlarını söyləməklə, fikrimcə, narahat etdiyi ruhların
hirslənməyinin qarşısını almağa çalışırlar.
Doğum mərasiminin mühüm komponentlərindən biri də məxsusi yemək növləridir. Bu xörəklərə
qeyri-adi əlamətlər – məhsuldarlıq, şəfaverici keyfiyyətlər aşılanır. Qadının azad olması xəbəri çıxan
kimi onun üçün quymaq bişirirlər. Quymaq yüksək kalorili, isti təbiətli, qızdırıcı xüsusiyyətlərə
malikdir. Doğum mərasimində xüsusi xörəklə qeyd edilən bir adət də var. Uşağın dişi çıxmağa
başlayanda ona hədik bişirirlər. Hədiyə yeddi növ paxlalı və dənli bitki tökürlər: buğda, mərci, lərgə,
lobya, qaragöz lobya, qarğıdalı, noxud. Hədiyin bişirilməsi imitativ magiyanın – təqlidi sehrin
təzahürüdür. Bişirilməzdən bir gün əvvəl bütün bu ərzaqlar suda isladılır. İslanmış dənlər çırtlamağa
başlayır və insanlar inanırlar ki, bu dənlər çırtladığı kimi, uşağın dişinin yeri də çırtlayacaq və diş
uşağa əziyyət vermədən çıxacaq. Bu hədikdən birinci pay quşlara atılır.
Doğum mərasimlərinin ən önəmli tərkib hissələrindən biri xalq arasında “Qırxlıq”, “Qırx gün”,
“Qırxçıxma”, “çillə” adları ilə tanınan mərhələdir ki, bu mərhələ ilə bağlı bir çox inamlar
mövcuddur. Çillə doğuşdan, toydan sonra keçən 40 günlük müddətdir. Çillə sözünün mənası əzab-
əziyyət anlamı verir. Ümumən, çilləyə düşmək müəyyən sıxıntı çəkmək, ağırlığa düçar olmaq
deməkdir.
Uşağı qırxdan çıxaran şəkililər uşağın başından qırx dənə arpa, yaxud buğda tökürlər.
Əgər qadınlar qırxa düşmənin ölü səbəbindən baş verməsindən şübhələnirlərsə, onda bu mərasimin
fərqli vasitələri meydana çıxır.
“Gedillər həmən yası olan ölünün qəbrinnən birəz torpax gətirip töküllər uşağın başına. Onda uşağın
çilləsi kəsilir”.
Uşağın və zahının qırxı çıxınca müəyyən qadağalar var idi.
– 40 gün zahı tək buraxılmaz;
– Zahı və uşaq olan evdə 40 gecə çıraq yandırmaq lazımdır;
– Uşağın paltarı bayıra asılmaz, suyu ayaq altına tökülməz. Bu suyu barlı ağacın dibinə tökmək
lazımdır;
– Yağışlı gündə paltarları çölə sərmək olmaz, əks halda uşağın üzü çilli olar;
– Uşaq güzgüyə göstərilməz, yoxsa üzü balaca qalar;
– Dırnaqları kəsilməz. Yoxsa ömrü qısalar;
– Qırxlı uşaq olan evə yad adamlar girməz, əks halda uşaq basılar. Bunun baş verməməsi üçün uşaq
başqa otağa aparılır, qonaq girdikdən sonra onun üstünə gətirilir.
– Uşaq olan otağa isti çörək, çiy ət də gətirmək olmaz. Onda uşağın başı böyük, bədəni balaca olar.
– Qırxlı qadın hüzr yerlərinə, qəbiristanlığa getməməlidir. Qırxlı qadın digər zahı ilə, yaxud təzə
gəlinlə görüşə bilməz, əks halda hər ikisi qırxa düşə bilər. Qırxlı qadın barlı ağacın üstünə getməz,
barlı ağac bardan kəsilə bilər.
– Uşağın qırxı çıxandan sonra körpəni oğlandırsa ən uzunömürlü, ağıllı-pirani qoca kişinin, qızdırsa
ən ağbirçək, imanlı qarının qucağına qoyurlar ki, uzunömürlü və ağıllı olsun.
– Qırxı çıxmamış uşağın və ananın başı altına qırx gün bıçaq, dəmir qoyur, yaxasına iynə sancırlar ki,
hal anası həm anaya, həm də doğulan uşağa toxunmasın.
– Evin astanasına dəmir, zəncir, dəhrə, balta qoyularsa, hal anası zahı qadına toxunmaz.
Əslində doğum öncəsində və sonrasında tətbiq edilən bu qadağaları qadın zəif olduğu üçün, sağalana
və möhkəmlənənə qədər çətinliklərdən qorunması üçün görülən tədbirlər kimi dəyərləndirərək, bunu
“bir növ karantin” adlandırardım. Bu “karantin dövrü” ana və körpəsinin maraqlarına xidmət edir,
onları şər qüvvələrin təsirindən və bədnəzərdən qoruyurdu.
Uşağı yaman gözlərdən mühafizə etmək üçün alnına və yanaqlarına ağacın külündən, yaxud
yandırılmış üzərliyin qarasından sürtürlər. Uşağı gözdəymədən qorumaq üçün xüsusi ovsun oxuyaraq
onun alnına kül sürtürlər.
Bu magik-simvolik ayin və mərasimlər, rəngarəng tabu-yasaqlar yalnız ilkin ibtidai təsəvvür və
inamların yaşadıcısı kimi deyil, həm də ana və uşağın çətin, qorxulu bir məqamda təhlükəsizliyini
təmin etmək, onları qorumaq cəhdi kimi də qiymətləndirilməlidir. Məhz bu cür nəcib, humanist
məqsədə yönəldiyindəndir ki, yaradılışından uzun zaman keçdikdən sonra belə bu ayin və mərasimlər,
tabu və yasaqlar aktuallığını itirməyərək Şəki qadınları tərəfindən qəbul edilib, gündəlik məişətdə
tətbiq edilərək yaşamaq hüququ qazanıblar.
Hər bir şəkilinin həyatının ayrılmaz bir hissəsi olan xalça bütün ona xas əsas funksiyası ilə bərabər
həm də evin, ailənin, şəxsin qoruyucusu olmuşdur. Bu qoruyucular xalçaya gözəllik verən naxışlar və
rənglərdir. Bununla bağlı Azərbaycanda “Xalça pirdir”, “Xalça qoruyandır” və s. kimi saysız-
hesabsız deyimlər, məsəllər yaranmışdır... Bu inanclara görə, xalçanı kəsmək günah sayılır. Çünki
xalça üçün sağlam qoyundan qırxılan yundan ip əyrilir və hesab olunur ki, bu iplərin lifləri ölü deyil,
canlıdır. Qoyun özü bərəkət simvoludur, yəni onun südündən, ətindən, yunundan bəhrələnirlər. Eyni
zamanda, xalçaya həkk edilən “qoruyucu”lar ailəni, evi bədbəxtliklərdən mühafizə edirdi. Bəzən
alaçıqların, evlərin ətrafına, qapılara at quyruğundan tel sancırlar. Bu həm bədnəzərdən,
uğursuzluqdan qoruyur, həm də zəhərli həşəratların alaçığa daxil olmasının qarşısını alır. Eyni
xarakterli başqa bir məmulat keçi tükündən hazırlanmış “ləmə qabağı”lardır. İnanclara görə, ilan keçi
tükündən gələn spesifik iydən qorxur. Ona görə də ağartı məhsulları (süd, qatıq, ayran və s.) saxlanan
yerlərin önünə asılardı. Başqa bir adətə görə, evdə bir bədbəxtlik, ağırlıq, xəstəlik üz verərsə, ondan
xilas olmaq üçün hana qurub xüsusi qırmızı rəngli xalça – “Çillə Şəddəsi” toxuyurlar. “Çillə
Şəddəsində” qırmızı rəngə üstünlük verilməsi türk xalqlarının, o cümlədən şəkililərin inancında xe-
yirxah ruhların rəmzi hesab edilməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: |