– hamilə qadın Günəş və Ay tutulanda bədənini qaşımaz, yoxsa uşağın sifətində və bədənində ləkə
olar.
Bu məsələni araşdırarkən qarşıma maraqlı bir mətn çıxdı:
“Uşax dünyaya gələndə oğlan uşağının böyrünə pucax qoyallar, xəncər qoyallar ki, iyid olsun, vuran-
tutan olsun, qoçu olsun. Qızın da böyrünə qayçı, iynə, sap qoyallar ki, evdar olsun, götürən-qoyan
olsun”.
Şəkidə də hamilələrin, eynən digər türk xalqlarında, eləcə də dünyanın bir çox tayfa və millətlərində
olduğu kimi, bədnəzərli və nəfsli adamlardan, sonsuz qadınlardan, yas yerlərindən, qəbiristanlıqdan
uzaq saxlandığı məlumdur. Hamiləlik faktını mümkün qədər gizlədirlər. Bu tabu o zamankı inanclara
görə hamiləlik və zahılıq dövründə qadının bəd ruhlara və şər qüvvələrə qarşı həssas olmasından,
onların təsirinə daha çox məruz qalmasından irəli gəlir.
Uşağın doğuşu və sonrakı mərhələ ilə bağlı bir çox inanclar qeydə alınmışdır.
Uşağı ilk dəfə yalnız cümə axşamı təmiz havaya çıxartmaq olar.
Uşağın ili tamam olmamış onun dırnaqlarını tutmaq olmaz.
Uşağın üzərindən hər hansı bir əşyanı ötürmək, eləcə də ona özünü güzgüdə göstərmək yasaqdır.
Boş nənnini yelləmək də olmaz.
Əsrlər boyu hamilələr üzərində aparılan müşahidələr doğulacaq uşağın cinsini öncədən müəyyən
etmək üçün maraqlı sınamaların yaranmasına səbəb olmuşdur.
– hamilə qadın kökəlməyə başlasa – qız, arıqlamağa başlasa – oğlan;
– hamilə qadın qaralmağa başlasa – qız, ağarmağa başlasa – oğlan;
– göbəyi yuxarı qalxarsa – oğlan, aşağı düşərsə – qız;
– kürəyində ağrı hiss etsə – oğlan, böyründə ağrı hiss etsə qız olacağına inanırlar.
– hamilə qadının xəbəri olmadan başına un səpəndə əlini saçına çəksə – qız, üzünə uzatsa oğlan
olacaq.
Doğuş zamanı ər evdən getməli və arvad “natəmiz” qaldıqca evə dönməməli idi. Qadın doğuşdan
sonra “natəmiz” hesab edilirdi, təmizlənmə zahı tam sağaldıqdan sonra dua və yuyunmaqla (qüsl
almaqla) gerçəkləşirdi.
Zahı “natəmiz” olduğu üçün çörək bişirmək, yemək hazırlamaq, su dalınca getmək və inəyi sağmaq
kimi ev işlərindən uzaqlaşdırılırdı. Əgər o bu və ya digər səbəbdən adı çəkilən işləri görməyə
məcbur olardısa, bundan öncə mütləq yuyunmalı və üzərində bıçaq və ya hər hansı bir metal əşya
(sancaq, iynə və s.) gəzdirməli idi. Bu zaman mamaça da müəyyən qaydalara əməl etməli idi. O da
“natəmiz” hesab edildiyindən 10 gün müddətində yeni doğuş qəbul edə bilməzdi.
Qadının sancıları tutar-tutmaz evdəki un kisəsinin ağzını açaraq gəlinin əlini una basırlar. Doğuş başa
çatdıqdan sonra həmin unu ya mamaçaya, ya da ehtiyacı olan kimsəyə verirdilər.
Yetkinlik yaşına çatmış qızlarda ilk aybaşı zamanı unu yerə ələyərək qızı üstündən tullandırırlar,
sonra mamaça əlini una batıraraq qızın belinə vurur. Bütün bu mərasimlər təqlidi sehrin təzahürüdür.
Bunun mənası qız üçün bütün düyünlərin, qıfılların, bağlı qapıların açılması demək idi.
Şəkidə yeni doğulmuş uşaqla bağlı aşağıdakı inanclar da, fikrimcə, sizin üçün maraqlı olacaq.
Əgər körpə uşaq gözəgəlimli olarsa, onun üstünə xam iynə, xam sap ilə xam mavi rəngli ipək parça və
göy muncuq tikmək lazımdır ki, gözdəymədən uzaq olsun.
Əkiz doğulmuş uşaqları anadan olan kimi bir-birinə göstərsələr, uşaqlardan biri ölər.
Uşaq doğulan kimi yuyub, bədəninə duz səpərlər ki, uşaq duzsuz olmasın.
Ailədə oğul doğularsa, uşağın atası ağac əkib basdırar ki, uşağın ömrü uzun olsun, camaat onun mer-
meyvəsindən yesin, kölgəsində dincəlib sərinləsin.
Uşaq diş çıxaranda evdə diş hədiyi bişirilib yeddi qapıya pay verilir ki, uşağın dişi möhkəm olsun.
Uşaq altıaylıq olana kimi dırnağı tutulmaz. Uşağın dırnağı tutulanda yetim-yesirə pul, nəzir verilər.
Anadan olmuş körpə uşağı görməyə gələn qohum-əqrəba onun yüyrüyünə və ya bələyinə pul qoyub
deyirlər: “Atalı-analı böyüsün”.
Yeni doğulmuş uşağı anaya göstərməzlər ki, ağlı az, gözü çaş olar.
Uşaq anadan olandan sonra onun bələyinin, yüyrüyünün, yorğanının üzünə sarı parça örtərlər ki,
sarılıq xəstəliyinə tutulmasın.
Körpə uşağın əlini un – buğda çuvalına salırlar ki, bolluq olsun, taxıl, çörək bərəkətli olsun.
Boş beşiyi tərpətmək pisdir. Uşaq ölər və ya ömürlük xəstə olar.
Ana uşağını əmizdirərkən döşünü görən olsa, südü quruyar.
Hamiləlik dövründə çoxlu heyva yeyən ananın dünyaya gətirdiyi uşaq qənirsiz, gözəl-göyçək olar.
Hamilə qadın qovurğa yeyərsə, dünyaya gətirdiyi uşaq davakar, dəcəl olar.
Hamiləlik dövründə ana çoxlu balıq yeyərsə, dünyaya gətirdiyi uşaq dəcəl olar.
Qadın hamilə vaxtı günəbaxan tumu çırtlayarsa, dünyaya gətirdiyi uşaq çoxdanışan və nadinc olar.
Qadın hamilə olarkən toyuğun ödünü ocağa atırlar. Əgər güclü partlarsa, o zaman qadının oğlu, yox
əgər partlaması eşidilməzsə, qızı olar.
Ana hamilə olarkən uşaq ana bətnində çox tez-tez çapalayarsa, oğlan, sakit olarsa, qızı olar.
Maraqlıdır ki, o dövrdən bu günə qədər yaşayan bir sıra adət və qaydalarda süpürgənin sakral
qüvvəyə malik olması qeyd edilir və onunla bağlı bir sıra inanclar əsrlərin süzgəcindən keçərək hələ
də qalmaqdadır:
“– Süpürgəni başı yuxarı qoymax olmaz. Belə eləsən, evə ölü düşər;
– Ər evində ilk dəfə süpürgəynən işə başdıyan gəlini bədbəxtlik gözdüyür;
– Əvi süpürəndə üsdüvə süpürgə dəysə, gərəh süpürgədən bir çöp çıxarıp atasan, yoxsa şərə
düşərsən;
– Üstüvə süpürgə dəyərsə, gərək süpürgəyə tüpürəsən”.
Əslində təmizləmək, süpürmək kimi mahiyyəti etibarilə müsbət funksiyaları icra edən bu nəsnədən
ehtiyata, bəd əməllərə, şər qüvvələrə qarşı icra edilən aktların (tüpürmək) süpürgəyə münasibətdə
həyata keçirilməsinə bir izah tapmaq mümkündür. Belə ki, xalq arasında “zir-zibilin” “ruhlar yığnağı”
olması inamının mövcudluğu məlum faktlardandır. Süpürgə isə zir-zibillə birbaşa təmasda
olduğundan insanlar ondan da ehtiyat etmiş, ruhları hirsləndirməmək üçün bir qisim aktlar icra
etmişlər. Çünki insanlar inanmışlar ki, narahat edilmiş ruhlar hirslənərək onlara xətər toxundura
bilərlər.
Dostları ilə paylaş: |