235
də özü madalı olan Artaşes yiyələnmişdi. Moisey Xorenli hər halda Artaşesi açıq-
aşkar "madalı" adlandırır.
223-cü ildə Selevki dövlətində çarlığa III Antiox (223-187) keçdi. Selevkilərin
bəzi ötəri müvəffəqiyyətləri və e.ə. III əsrlə II əsrin ayrıcında Aralıq dənizinin
şərqində meydana gəlmiş Roma kimi yeni bir siyasi qüvvə ilə Selevkilərin ilk faciəli
toqquşması III Antioxun adı ilə bağlıdır.
Antiox öz hakimiyyətinin ilk illərindəcə çox böyük bir təhlükə ilə qarşılaşdı:
Mada satrapı Molon öz qardaşı Parsa satrapı Aleksandrla birlikdə Selevkilərin
hakimiyyətinə qarşı üsyan qaldırdı və dövlətin şərq vilayətlərinin demək olar
hamısını, o cümlədən Mesopotamiyanı tutdu. Yalnız çox böyük səylər bahasına
Antiox öz düşmənlərinin öhdəsindən gələ bildi. İntihar etmiş Molonun cəsədi çarmıxa
çəkildi və həqarətə məruz qoyulmaq üçün açıq nümayiş etdirildi. III Antioxun bundan
sonra sürətlə Atropatenaya soxulması Molonun tədbirində atropatenalıların fəal
iştirakına dəlalət edir. Antioxun Artabazanla müharibəsi sülhlə qurtardı. Atropatena
müəyyən müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur oldu.
III Antiox 212-205-ci illərdə Selevkilərin əldən çıxmış vilayətlər üzərində
hakimiyyətini bərpa etmək məqsədilə Şərqə möhtəşəm yürüşünə başladı. Bu
məqsədlə Ekbatanada Anahita məbədi qarət edildi və oradan böyük bir məbləğ - 4000
talant ələ keçirildi. Parfiyalılar darmadağın edildilər və Selevkilərin ali hakimiyyətini
tanıdılar. Yunan-Baktriya çarlığının hökmdarı da Selevkilərin hakimiyyətini formal
da olsa tanıdı. Sonra Hindistana və İran körfəzinin Ərəbistan sahillərinə yürüş edildi.
III Antiox zəngin hədiyyələr və bac topladıqdan sonra Dəclə sahilindəki
Selevkiyaya qayıtdı. Şərqə yürüş Selevkilər dövlətinin parçalanmasını, şübhəsiz,
yavaşıtdı, lakin parçalanmanın səbəblərini aradan qaldırmadı.
E.ə. III əsrin sonu Selevkilər dövlətinin qüdrətli dövrü idi. "Böyük" titulu
qəbul edən III Antiox Asiyanın çox geniş ərazilərində hökmdar kimi tanındı. Lakin
bu, çox çəkmədi.
190-cı ilə yaxın, Maqnessiya ətrafında romalılarla döyüşdə Antiox məğlub
olduqdan sonra, Selevkilər dövlətinin parçalanması prosesi yenidən başlandı.
II əsrin 60-cı illərində, bəlkə də ondan əvvəl Atropatena yenidən tamamilə
müstəqil bir dövlətə çevrilir.
Maqnessiya ətrafındakı məğlubiyyətdən sonra Asiyada Selevkilər hakimiyyəti
xeyli zəiflədi, hərçənd o zaman Selevki çarları bəzən qələbələr qazanır, hətta şəhərlər
də salırdılar.
Bu ərəfədə Qərbi İranın və Ermənistan yaylasının vilayətlərində bir neçə
müstəqil dövlət - Elimaida, Xarakena, Persida, I Artaşesin (yunanca Artaksi)
Ermənistan çarlığı, Sofenada Zariadrinin (Zariatr, Zareh, Zarehr) Ermənistan çarlığı
meydana gəlir. Ozünü padşah elan edən Mada satrapı Timarx Selevkilərdən ayrıldı və
hətta öz sikkəsini buraxmağa başladı. Parfiya da asılılığın daşını atdı. Beləliklə, e.ə.
236
160-cı ilə yaxın Selevkilər şərq satraplıqlarının demək olar ki, hamısını itirmiş
oldular.
Meydana gələn erməni çarlıqları, xüsusilə Artaşesin çarlığı lap əvvəldən
özlərini çox təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər.
Strabon yazır: "...Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə olmuş
Ermənistanı böyütdü... Onlar birlikdə qonşu xalqların torpaqlarının bir hissəsini
qoparıb mənimsədilər. Onlar midiyalılardan (atropatenalılardan - məsul red.)
Kaspiananı, Favnitidanı və Basoropedanı, iberlərden Pariadr dağlarının ətəklərini,
Xorzenanı və Qoqarenanı... xaliblərdən və mossiniklərdən Karenitidanı və
Kseroksenanı..., kataonlardan Akilisenanı və Antitavrboyu vilayəti, suriyalılardan
Taronitidanı... tutub aldılar".
Selevkilərlə çoxdan mübarizə aparan parfiyalılar e.ə. II əsrin 50-ci illərinin
ortalarına yaxın geniş istila yoluna çıxıb, sanballı siyasi qüvvəyə çevrilirlər. Tezliklə
(ehtimal ki, 148-147-ci illərdə) Parfiya çarı I Mitridat Selevkilərin basqınlarından
müsibətlər çəkmiş Madanı işğal edir. Madanın işğalı o dərəcədə mühüm bir hadisə idi
ki, bundan sonra I Mitridat "Böyük çar" titulunu qəbul etdi.
Madanın işğalı parfiyalıların üzünə Mesopotamiyanın yolunu açdı və e.ə. 141-
ci ildə Mesopotamiya fəth edildi. Sonra varlı Elimaida da işğal olundu.
Bəzi tədqiqatçılar belə güman edirlər ki, parfiyalılar Aşağı Madadan sonra
Mada-Atropatenanı da işğal etmişdilər, lakin mənbələrdə buna sübut-dəlil yoxdur.
Selevkilərə düşmən olan, Hellinizm naminə nə varsa hamısına qarşı, Şərq xalqlarını
Selevkilərin, yunan-makedoniyalıların hədsiz zülmündən xilas etmək uğrunda
mübarizə aparan "vətənpərvər" qüvvə kimi parfiyalıların Atropatenada mövqeyi, ola
bilsin, artıq möhkəmlənmişdi. Bir mühüm cəhət də ondan ibarətdir ki, parfiyalılar
etnodil (görünür, həm də mədəni) cəhətdən madalılara çox yaxın idilər. Buna görə də
Atropatenada parfiyalılara "özgələrdən", yəni yunan-makedoniyalılardan fərqli olaraq
"öz adamları" kimi baxırdılar və o zaman yunan-makedoniyalılara qarşı vahid cəbhə
yaranırdı.
Lakin bütün bunlara baxmayaraq, atropatenalılar öz dövlətlərinin suverenliyini
saxlaya bilmişdilər. Atropatilər çarlığının parfiyalılar tərəfindən zəbt olunduğunu
güman etməyə əlimizdə əsas yoxdur, çünki hələ öz "Coğrafiya" əsərini e.ə. lap son
illərdə başa çatdırmış Strabon yazırdı: "onun (yəni Atropatın - məsul red.) ailəsində
varislik hələ indi də davam edir" (seyrəltmə bizimdir - məsul red.).
E.ə. II əsrin 40-cı illərinə yaxın Parfiya dövləti demək olar bütün İranı və
bütün Mesopotamiyanı əhatə edirdi. Tezliklə Parfiya dünya dövlətinə, parfiyalılar isə
uzun illər boyu başlıca qüvvəyə çevrilirlər, özü də təkcə regionda yox. Bu ərəfədə
İran ərazisində yunan-makedoniyalıların siyasi hökmranlığına həmişəlik son
qoyulmuşdu. Doğrudur, 130-cü ilə yaxın Selevkilər İranda öz hökmranlıqlarını bərpa
etmək üçün son dəfə daha bir cəhd göstərirlər. Lakin cana doydurulmuş, Makedoniya