241
Mitridatın romalılara yaxınlaşmasına kömək edirdi, lakin sonrakı hadisələrin
göstərdiyi kimi, parfiyalılar Romanın onları, eləcə də bütün Şərqi necə böyük
təhlükəyə məruz qoyduğunu o zaman hələ dərk etmirdilər.
Parfiya daxili çəkişmələr nəticəsində zəifləyir, Romada da vətəndaş
müharibəsi qızışır, bunlar II Tiqranın əl-qolunu tamamilə açır. O, ən əvvəl təqribən
90-cı illə 88-ci il arasında parfiyalılara basqın edir və ilk növbədə, özünün azad
edilməsi müqabilində hədiyyə verdiyi yetmiş vadini onlardan alır.
Strabonun əsərindən göründüyü kimi, II Tiqran atropatenalıların o vilayətini də
işğal etmişdi ki, coğrafiyaçı onu Simbaka adlandırır, lakin bu ad təshih edilib
"Albaka" yazılmalıdır (həmin yer indiki Beşqala ətrafında yerləşən müasir Böyük
Axbaq vilayətidir). Biz bilmirik ki, Tiqran o vaxt Atropatena çarı ilə artıq qohum
olmuşdumu, ya yox. Bizə burası da məlum deyil ki, o zaman Atropatena dövlətini çar
Mitridatmı idarə edirdi?
Biz bilmirik ki, Atropatena doğrudan da tabe edilmişdimi və vassal çarlığa
çevrilmişdimi, atropatenalı Mitridat sonralar II Tiqranın "sədaqətli vassalı"
olmuşdumu, ona bac verirdimi və bəzi tədqiqatçıların hesab etdikləri kimi, müharibə
zamanı ona köməkçi qoşunlar göndərməyi öhdəsinə almışdımı? Yalnız burası
məlumdur ki, Atropatena padşahı Mitridat, yuxarıda qeyd edildiyi kimi, erməni
padşahının qızı ilə evlənmişdi. İki tacidarın qarşılıqlı münasibətlərində çox şey
bununla müəyyən edilirdi və ola bilsin ki, onlar sadəcə müttəfiq idilər.
II Tiqran öz qəsbkarlıq siyasətini davam etdirirdi. Adiabenanı işğal edib orada
bütöv rayonları "viran qoymuşdu".
Qeyd etmək yersiz olmaz ki, Qərbdən Atropatenaya bitişik olan Adiabenanın
üç iri xalqından biri Atropatenanın əsas əhalisi olan madalılar idi. Strabon
Adiabenadan bəhs edərək yazırdı: "Burada ən çoxsaylı xalqlar olan midiyalılar,
ermənilər və babillilər lap əvvəldən öz aralarında elə münasibətlər yaratmışdılar ki,
münasib olduqda hamısı bir-birinə hücum edir və sonra yenidən barışırdılar...".
Çar Adiabenadan cənub-şərqə hücumu davam etdirərək, Parfiya
hökmdarlarının yay iqamətgahı olan Ekbatanaya çatdı və onların oradakı qəsrini
yandırdı.
Parfiya ilə e.ə. 85-ci ildə başa çatan uğurlu müharibə nəticəsində II Tiqran Ön
Asiyanın çox geniş rayonlarına yiyələndi və "çarlar çarı" titulunu qəbul etdi. 83-cü
ildə erməni padşahı Suriyanı və Finikiyanı tutdu.
Beləliklə, Yaxın Şərqdə siyasi vəziyyət xeyli dəyişdi - Parfiya iyirmi il
müddətinə ikinci dərəcəli dövlət səviyyəsinə endi, II Tiqranın səltənəti isə qüdrətli və
böyük dövlətə çevrildi. Söz yox ki, II Tiqranın böyük istilaları o zamanın digər iki iri
dövlətinin zəifliyi nəticəsində mümkün olmuşdu.
242
Şübhə yoxdur ki, Ermənistan dövlətinin təqribən on beş illik cah-cəlal və şan-
şöhrət dövrü onunla Atropatilər dövləti arasında ittifaq, dostluq və həmrəylik dövrü
idi.
Heç nədən xəbəri olmayan II Tiqran Roma ilə müharibəyə nəinki
hazırlaşmırdı, hətta, əksinə, sakit-sakit öz paytaxtı Tiqranakertin inşasını başa
çatdırırdı. E.ə. 70-ci ildə II Tiqranın qayınatası Pontlu Mitridat Roma sərkərdəsi
Lukull tərəfindən darmadağın edildi və Ermənistana qaçıb bir müddət "çarlar çarının"
məşvərətçisi oldu. Gizlincə müharibəyə hazırlaşan Lukull e.ə. 69-cu ildə Ermənistana
soxuldu və həmin ilin yazında Tiqranakerti mühasirəyə aldı. O ərəfədə II Tiqran çox
böyük bir ordu toplamışdı. Plutarxın verdiyi məlumata görə, "ermənilər və korduenlər
yığma qoşun kimi hamılıqla tökülüşüb onun köməyinə gəldilər, çarlar gəldilər, özləri
ilə bütün medləri (atropatenalıları - məsul red.) və adiabenliləri yığma qoşun kimi
gətirdilər, Babildə olan dənizin sahillərindən çoxlu ərəb gəldi, Kaspi [sahillərindən]
çoxlu alban gəldi, albanlarla qonşu olan çoxlu iber gəldi, çarları olmayan, Araz
[sahillərində] sürülər otaran bir çox tayfalar gəldi, [bəziləri] yardım göstərmək,
[başqaları] ənam almaq arzusu ilə gəldilər".
Plutarxın verdiyi məlumata görə, fəlakətli döyüşdən qabaq II Tiqran qoşunun
orta hissəsinin komandanlığını öz öhdəsinə götürmüş, sol cinahı Adiabena padşahına,
zirehli süvarilərin əksər hissəsinin ön sıralarda olduğu sağ cinahı isə Mada (Atropatena -
məsul red.) padşahına etibar etmişdi.
Süvari qoşunun bu zirehlənmiş və nizələrlə silahlanmış hissəsi on yeddi min
süvaridən ibarət idi və Plutarxın dediyinə görə, II Tiqran ona "xüsusi ümidlər
bəsləyirdi". Plutarx bu barədə məlumat verərkən ayrıca qeyd edir ki, "bu, Lukullun
senata raportunda göstərilmişdir". Müttəfiq qoşunun məhz bu hissəsinə komandanlıq
etmək II Tiqranın kürəkəni Atropatena çarı Mitridata tapşırılmışdı. Müttəfiq qoşunun
madalılardan ibarət olması və Atropatenadan gətirilməsi demək olar heç bir şübhə
doğurmur [atropatenalılarda 10.000 süvari olması haqqında Strabonun verdiyi məlumatı,
yaxud Plutarxın yuxarıda sitat gətirdiyimiz sözlərini xatırlayaq: "padşahlar gəldilər, özləri
ilə bütün medləri (atropatenalıları - məsul red.) və adiabenliləri yığma qoşun kimi
gətirdilər" və i.a.
Müttəfiq qoşunun sayca böyük üstünlüklərinə baxmayaraq, çarın səhvləri
nəticəsində e.ə. 69-cu ilin payızında Tiqranakert yaxınlığındakı döyüşdə Lukull
düşmənlərini darmadağın edərək qələbə çaldı. Romalıların əlinə saya-hesaba gəlməyən
var-dövlət keçdi - onlar II Tiqranın səkkiz min talantdan ibarət xəzinəsinə, otuz
milyon medimn taxıla və çoxlu miqdarda başqa sərvətlərinə yiyələndilər. II Tiqran istila
etdiyi torpaqların demək olar hamısını itirdi. Məğlubiyyət çox ağır nəticələr verdi. Bu,
silah zoruna yaradılmış "Böyük Ermənistan" dövləti süqutunun başlanğıcı idi.
Lakin müttəfiqlər məğlubiyyətdən sonra da Roma əleyhinə cəbhəni
gücləndirməyə çalışırdılar. Onlar erməniləri parfiyalılarla barışdırmaq və ümumi