268
yazılı mətninin mövcudluğuna işarəni görürlər. Nəhayət, "Avesta"nın, ən azı onun
ayrı-ayrı hissələrinin yazılı mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə
mövcud olduğunu məntiqi səciyyəli bir hal da təsdiqləməlidir. Zənn edirik ki, yazıda
maddiləşmiş "Avesta" olmasaydı, qədim yunan fəlsəfəsinə və iudaizm dininə o, çətin
ki, təsir edə bilərdi.
Beləliklə, yunan müəlliflərinin hesab etdikləri kimi 2 milyon misranı özündə
ehtiva edən və yaxud zərdüştilik ənənəsinin və sonralar ərəb və farsdilli müəlliflərin
iddia etdikləri kimi, 12 min öküz (inək) dərisi üzərində qızıl hərflərlə yazılmış
"Avesta"nın (və yaxud onun ayrı-ayrı hissələrinin) yazılı mətni Makedoniyalı
Aleksandrın yaşayıb fəaliyyət göstərdiyi dövrdən xeyli əvvəl mövcud olmuşdur.
Yunan-Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha
çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, kitablardan ayrı-ayrı
fraqmentlər də qalmışdı) məhz bu "Avesta"nı Parfiya hökmdarı Arşaki Vologez
(görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi.
Lakin alimlərin hesab etdikləri kimi, ilkin "Avesta"dan yaddaşda heç də hər
şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 min sözdən artıq ola
bilməzdi), hər halda "Avesta"nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı
kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu.
İlk Sasani hökmdarı Ərdəşir Papağanın dövründə (225-240-cı illər) "Avesta"nı
çox fəal surətdə toplamağa və bərpa etməyə başladılar. Güman etmək olar ki, Avesta
IV əsrdə hələ göstərilmiş zamanadək imperiyanın dövlət əhəmiyyətli müqəddəs
məkanına çevrilmiş Atropatenada ali kahin Äturpät Mahrspandan tərəfindən
kanonlaşdırılmışdı.
"Avesta" sonralar da redaktələrə məruz qalmışdır.
Axırıncı redaktədən sonra güclü surətdə seyrəlmiş "Avesta" 21 naskdan
(kitabdan) ibarət idi. Lakin "Avesta"nın bu mətni də bizə tam şəkildə gəlib
çatmamışdır. Artıq ərəblərin hakimiyyəti dövründə zərdüştiliyin müqəddəs kitabları
yenidən təqiblərə məruz qaldı. Bizə məlumdur ki, ərəb işğalı dövründə digər qeyri
islam ədəbiyyatı kimi, "Avesta"nın əlyazmaları da amansızcasına yandırılırdı.
Bu barədə Biruni məlumat vermişdir. Belə ki, Parfiya dövründən Sasanilərin
hakimiyyəti zamanınadək olan ən azı 6-7 əsr ərzində bir çox ilahiyyətçi alimlər,
kahinlər, adı məlum olmayan xeyli əməkçi nəsilləri tərəfindən bərpa olunan "Avesta"
kitablarının bir qismi qayıtmaz şəkildə məhv oldu.
Hazırda Arşakilərin və Sasanilərin hakimiyyətləri dövründə bərpa olunmuş
zərdüşti kitablardan bizim "Avesta" adlandırmağa adət etdiyimiz əsərdən aşağıdakılar
qalmışdır: Yaştlardan, Yasnadan, Vispratdan ibarət olan üç natamam kitab (nask),
nisbətən tam olan Videvdat, habelə Kiçik Avesta (Xurd Avesta, orta farsca Xurtak
Apastak). Kiçik Avesta əsasən bizə məlum olan Böyük Avestadan seçilmiş,
zərdüştiliyə sitayiş edən şəxs üçün gündəlik həyatda zəruri olan duaların minimum
269
məcmuəsidir. Kiçik Avestaya bəzən ənənə üzrə Yaştları da daxil edirlər. Kiçik
məcmuələr və s. şəklində ayrı-ayrı "Avesta" fraqmentləri (bizə qədər gəlib çatmamış
Avesta kitablarından) də qalmışdır. Mütəxəssislərin hesab etdikləri kimi, bütün bunlar
Sasanilər dövründə bərpa olunmuş "Avesta"nın yalnız dörddə bir qismidir.
Sasanilər dövründə bərpa olunmuş 20 kitabın (21 kitabdan) adları və qısa
məzmunu bizə IX əsrin zərdüştilik əsəri Denkartdan məlumdur. Özü də qeyd etmək
lazımdır ki, bu kitabların qısa icmalı "Avesta"nın öz mətni üzrə deyil, "Avesta"nın
pəhləvi dilinə tərcüməsi əsasında hazırlanmışdır. Müxtəlif "Avesta" nasklarının
məzmunu başqa pəhləvi kitablarında da izah edilmişdir. Göstərmək lazımdır ki,
pəhləvi kitabları mahiyyətcə bizə "Avesta"nın itirilmiş hissələri haqqında bəzi
təsəvvürlər yaratmaq imkanı verən yeganə mənbədir.
Hindistan parsları, onlarda zərdüştilik dininin müqəddəs kitablarının
mövcudluğu haqqında erkən məlumatlar Avropaya yalnız XVII əsrdə çatmışdır.
Tezliklə Oksford kollecinin kitabxanasında (İngiltərə) "Avesta"nın Hindistandan
gətirilmiş ilk əlyazmaları meydana çıxdı.
Lakin bir çox onilliklər ərzində "Avesta"nı oxumaq heç kimə müyəssər
olmurdu. "Avesta" Avropada ilk dəfə uzun müddət Hindistanda yaşamış, pars
kahinlərinin yardımı ilə müqəddəs kitabları öyrənmiş fransız Anketil Düperron
(1731-1805) tərəfindən 1771-ci ildə nəşr edilmişdir. Şübhəsizdir ki, bu, böyük
şücaət tələb edən epoxal kəşf idi. Lakin Avropada "Avesta" ətrafında qızışmış
mübahisənin getdiyi 50 ildən də artıq bir müddət ərzində fransız aliminin elmi şücaəti
layiqincə qiymətləndirilmədi. Əksinə, Anketil Düketil Düperronun ölümündən sonra,
artıq XIX əsrin 20-ci illərində alimə bəraət qazandırıldı və o, sonralar "avestologiya"
adı ilə məlum olan yeni elmin banisi kimi tanındı.
Avropa mədəniyyətinə zərdüştilik haqqında təsəvvürü nəşr etdiyi "Avesta"
vasitəsilə daxil etmiş şəxs məhz Anketil Düperron olmuşdur. Hegelin, Getenin və
XIX əsrin başqa mütəfəkkir və alimlərinin mülahizələri məhz onun zərdüştilik dininin
təfsirinə əsaslanırdı. Tezliklə "Avesta" parlaq alimlərin bir çox nəsillərinin tədqiqat
obyektinə çevrildi. Bu estafet nəsildən-nəslə ötürülür və "Avesta"nın problemləri
hazırda da müxtəlif ölkələrdə tədqiqatçıların fikrini həyəcanlandırır.
Yuxarıda qeyd edildiyi kimi, bizə qədər gəlib çatmış "Avesta" Yasnadan,
Yaştlardan, Vispratdan, Videvdatdan və Kiçik Avestadan ibarətdir.
Yasna ("ehtiram", "pərəstiş", "qurban vermə") "Avesta"nın 72 fəsildən ibarət
olan, ibadət, müxtəlif adətlər, mərasimlər və qurban verilməsi zamanı oxunan ayrı-
ayrı duaları özündə ehtiva edən ən həcmli hissəsidir. Metrik formada tərtib olunmuş
və xarakterinə görə Bibliya peyğəmbərlərinin nitqlərini xatırladan "Qat"lar
("himnlər", nəğmələr") onun ən mühüm qismidir (17 fəsildən ibarətdir).
Alimlər "Qat"ların məzmununun çox emosional və "insani" ruhda olduğunu
qeyd edirlər. Güman edirlər ki, Qatlarda insanın səsi eşidilir və hərdənbir "müəllifin