289
Qaratəpədə eramızdan əvvəl I minilliyin sonuna aid keramika əşyalarında buğda və
darının qabarıq təsvirləri vardır. Kür çayının solsahil qəsəbələrində arpa dəninin
qalıqları aşkar edilmişdir. Mingəçevirdə buğda və arpa qalıqları, Xınıslıda isə
kömürləşmiş buğda və arpa dənləri aşkar olunmuşdur. Buğda yumşaq və bərk sortlara
mənsubdur, arpa altıcərgəlidir. Həm yumşaq, həm də bərk buğdanın ayrı-ayrı növləri
Azərbaycanın müxtəlif yerlərində indiyədək yetişdirilməkdədir. Küp qəbirlərdə buğda
və arpa qalıqları, həmçinin gümüşü rəngli kəpək şəklində darı tapılmışdır. Gətirilən
faktlar göstərir ki, Azərbaycan ərazisində hələ ilk vaxtlardan buğda və arpa yetişdirilmiş,
darı isə güman ki, nisbətən sonralar əkilməyə başlanmışdır.
Daha erkən arxeoloji material və etnoqrafik məlumat belə güman etməyə əsas verir
ki, alban əkinçiləri kənd təsərrüfatı işləri zamanı taxıl döyümünün hər üç üsulundan,
habelə sovuruq ata-ata dən təmizləmək üsulundan istifadə etmişlər. Taxılın
çoxaldılması anbarlar yaradılmasını tələb edirdi. Ən qədim zamanlardan Azərbaycanda
taxılı saxlamaq üçün quyulardan və küplərdən istifadə olunurdu. Hələ Roma yazıçıları
aqronomiyaya dair risalələrində göstərirdilər ki, taxılı saxlamağın yayılmış üsullarından
biri onun quyularda saxlanılması idi. Məsələn, Luki Kolumella (I əsr) yazırdı ki, "heç bir
anbar olmayanda bəzi dənizaşırı əyalətlərdə edildiyi kimi, taxılı torpaqda saxlamaq
[lazımdır]...". Taxıl saxlanılan xüsusi quyular haqqında başqa məlumat da var. Məsələn,
Plini göstərir ki, "taxılı quyularda saxlamaq daha münasibdir... hər şeydən əvvəl quyular
quru torpaqda qazılsın, sonra dibinə saman döşənsin; daha sonra oraya taxıl doldurulur...".
Arxeoloji materialın öyrənilməsi göstərir ki, əkinçi əhali taxıl ehtiyatını iri gil küplərdə də
saxlayırdı. Mingəçevirin qədim xarabalığında yerə basdırılmış iri təsərrüfat küpləri,
quyularda darı, arpa və buğda qalıqları ilə yanaşı, emal edilmiş kənd təsərrüfatı
məhsulları da var idi. Maraqlıdır ki, quyuların birindən təqribən 15 kiloqram un tapılmışdır.
Qabların birində buğda unundan yoğrulmuş xəmir aşkar edilmişdir. Dəfn adətləri ilə bağlı
adi iri küplərdə şərab, taxıl və başqa əkinçilik məhsulları saxlanılırdı. Xınıslıda yerə
basdırılmış bir təsərrüfat küpü, habelə bir neçə quyu aşkar olunmuşdur. Albaniyaya
qismən daxil olan qonşu Dağıstanda da taxıl və şərab saxlanılan iri gil qablar tapılmışdır.
Kənd təsərrüfatı məhsullarının emalında işlədilən alətlər taxıl istehlakının
səviyyəsini göstərir. Əhali dən daşlarından geniş istifadə edirdi. Dən daşlarından əlavə, əl
dəyirmanları da aşkar olunmuşdur. Yaloylutəpədə qazıntı sahələrinin birində iki əl
dəyirmanı daşı tapılmışdır. Görünür, əl dəyirmanı eramızdan əvvəl I minilliyin son
əsrlərinə aiddir. Eramızın I əsrinə aid olan əl dəyirmanı Xınıslı kəndində tapılmışdır.
Maraqlıdır ki, Yaloylutəpədə və Xınıslıda aşkar edilmiş əl dəyirmanı daşlarının diametri və
qalınlığı eynidir. O zaman Azərbaycan ərazisində təkcə əl dəyirmanları deyil, su
dəyirmanları da vardı.
Bağçılığa dair qaynaqlar nisbətən məhduddur. Strabon məlumat verir ki, Albaniya
torpağında ağaclar becərilir; həmişəyaşıl bitkilər haqqında da məlumat verilir.
290
Strabon, məsələn, Araz vadisindən, habelə Sakasena və Qoqarenadan danışanda
göstərir ki, "bütün bu ölkə cır meyvələrlə və insan tərəfindən yetişdirilən ağacların
[meyvələri] və həmişəyaşıl [bitkilər] ilə doludur. Burada hətta zeytun bitir...". Bu
məlumata əsasən güman etmək olar ki, həm Araz vadisində və Qoqarenada, həm də
Sakasenada iki növ ağac vardır. Birinci növ ağaclar cır meyvə ağacları, ikinci növ
ağaclar isə yerli əhali tərəfindən yetişdirilən meyvə ağaclarıdır. Bu ərazidə sonralar da
məlum olmuş zeytun ağacları diqqəti cəlb edir. Kursi Ruf (I əsr) çox ehtimal ki, Cənubi (bəlkə
həm də cənub-şərqi) Qafqazı nəzərdə tutaraq göstərirdi ki, başqa ehtiyatları bol olan bu
ölkədə həm də çoxlu alma yetişdirirlər və onun torpağı üzüm hasilə gətirmək üçün
olduqca əlverişlidir.
Qəbiristanlıqlarda aparılan qazıntı işləri antik Albaniyada bağçılıq haqqında
müəyyən material verir. Küp qəbrindəki qabların birindən qoz və nar qalıqları, başqa
birindən şaftalı çərdəkləri tapılmışdır. Çiy kərpic qəbrində gilas tumları aşkar edilmişdir.
Mingəçevirdə tapılan taxta qəbirlərdə də meyvə qalıqları vardır.
Üzümçülük haqqında da məlumat qalmışdır. Qazıntı zamanı aşkara çıxarılmış
paleobotanik material antik müəlliflərin üzümçülük haqqında məlumatını təsdiqləyir.
Ağdam yaxınlığındakı Üzərliktəpədə eramızdan əvvəl III-I əsrlərə aid küp qəbirlərin
birindən dibində üzüm tumları olan bir qab tapılmışdır. Qonşu ölkələrdə olduğu kimi,
Azərbaycanda da lap qədimlərdən üzüm yetişdirilirdi. Başqa bitkiləri yetişdirmək mümkün
olmayan torpaqlarda da üzüm çox gözəl yetişir. Strabon Albaniya üzümçülüyündən
danışarkən göstərir ki, "tənəklər (hətta qulluq edilməyəndə də) uzun ömür sürür. [Hər]
beş ildən bir tənəyin dibi bellənəndə [artıq zoğlar] kəsilir. Cavan tənək iki [yaşında] bar
verir, yetişmiş tənək isə o qədər [üzüm] verir ki, salxımlar dərilməmiş qalır". "Dionisi
Perieketin coğrafiyasına dair şərhlər"də Evstafi yazır ki, kaspilərin torpağında tənəklər bol
üzüm verir. Strabon tənəklərə qulluq edilməsinin ayrı-ayrı mərhələləri üzərində dayanır,
Evstafi isə kaspilərin torpağında üzümün bərəkətli olduğunu qeyd edir. Üzümçülüklə
əlaqədar olaraq qazıntı zamanı tapılmış bəzi əşyaların da adını çəkmək lazımdır: həmin
əşyalar hər şeydən əvvəl tənəkləri budamaq üçün işlədilən bıçaqlar və qayçılardır.
Dediklərimiz göstərir ki, qədim Qafqaz Albaniyasının ərazisində bol üzüm yetişdirilirdi.
Mingəçevir küp qəbirlərinin birindən üzüm tumları tapılmışdır.
Məlum olduğu kimi, üzümdən müxtəlif məhsullar hazırlanması təsərrüfat həyatında
böyük əhəmiyyətə malikdir. Qədim Albaniyada üzüm şirəsini çıxarmaq üçün bilavasitə
istifadə olunmuş əşyalar böyük maraq doğurur. Belə əşyalardan biri də şirə almaq üçün
düzəldilmiş daş vannadır. Bu cür üzümsıxma vannalarından biri Xınıslıda aşkar
edilmişdir; vannanın dibi girintili-çıxıntılıdır və orada hazır üzüm şirəsinin axması üçün
nov vardır. Hazır üzüm şirəsini qıcqırmağa qoyurdular. Arxeoloji qazıntılar zamanı aşkara
çıxarılmış materialın araşdırılması göstərir ki, öyrənilən dövrdə üzümçülüklə yanaşı,
şərabçılıq da olmuşdur. İri küplər həm üzümü emal etmək, həm də şərab saxlamaq üçün idi.