287
Albaniyada Sakasena (erməni mənbələrinə görə - Şakaşen) vilayəti vardı.
Vilayətin adı buraya gəlmiş irandilli sakların adındandır. Onların qohumları olan
kambocilər və yaxud onların hansısa qrupları Sakasena yaxınlığında məskunlaşmışdılar.
Həmin vilayət onların adı ilə Kambüsena (gürcü mənbələrində Kambeçovani, erməni
mənbələrində Kambeçan adlanır) adlanmağa başlandı. Eramızın ilk əsrlərində Kaspisahili
zolaqda Maskut çarlığı və b. meydana gəldi.
Görünür ki, Qafqaz Albaniyasının tarixində Parfiya elementinin əhəmiyyəti burada
I əsrdən etibarən hakim olmuş Arşakilər sülaləsinin Parfiya mənşəli olması ilə heç də
məhdudlaşmır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Albaniyadakı Parfiya Arşakiləri
tezliklə əsil alban Arşakilərinə çevrilmişdilər.
Lakin bütün hallarda tam müəyyənliklə demək lazımdır ki, bir çox əsrlər ərzində
Cənubi Qafqazın cənub-şərq vilayətlərinə gəlmiş irandilli tayfalar Qafqaz Albaniyası
zəminində etnik fasiləsizliyi qıra, ölkənin avtoxton əhalisini assimilyasiyaya uğrada
bilmədilər. Antik və erkən orta əsrlər dövründə alban etnosunun və onun mədəniyyətinin
mövcudluğu bunun mübahisəsiz sübutudur.
Ola bilər ki, eramızdan əvvəlki son 2-3 əsrdə Albaniyaya yunan əhalisinin hansısa
qrupları daxil olmuşdular.
III-IV əsrlərdə erkən türkdilli tayfalar Albaniyaya daxil olmağa başladılar.
Sonralar bu tayfalar başqa türkdilli tayfalarla birlikdə ölkə sakinlərinin dil görkəminin
dəyişməsində həlledici rol oynadılar.
Albaniya və albanlar haqqında bütün bildiklərimiz bizə deməyə əsas verir ki,
albanlar ola bilsin, artıq e.ə. V əsrə doğru, hər halda e.ə. IV əsrdən gec olmayaraq,
Qavqamela döyüşündə farsların tərəfində iştirak etdikləri zaman tarix səhnəsinə qədəm
qoymuşlar.
Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş dəlillər bütövlükdə eramızdan
əvvəl I minilliyin II yarısının və eramızın ilk əsrlərinin Albaniyasını kifayət dərəcədə
inkişaf etmiş oturaq maldarlıq-əkinçilik təsərrüfatına, sənətkarlıq istehsalına və ticarətə
malik olmuş vilayət kimi təsvir edir. Lakin Albaniyanın ayrı-ayrı bölgələrində köçəri
əhali qrupları da yaşayırdılar.
Əkinçilik. Bağçılıq. Üzümçülük. Antik müəlliflər Albaniya kənd təsərrüfatının
mənzərəsi haqqında müəyyən məlumat verir.
Məsələn, Strabon əkinçilik barəsində yazır ki, albanlar "həm cürbəcür (yabanı)
meyvələr, həm də insanın yetişdirdiyi [meyvələr] verən torpaqdan da lazımi dərəcədə
istifadə etmirlər. Burada həmçinin həmişəyaşıl [bitkilər] yetişir... bir dəfə toxum səpilən
torpaq bəzən iki və ya üç dəfə məhsul verir. Birinci dəfə hətta əlli qat məhsul yığırlar.
(Bu zaman torpaq [herikə] qoyulmur) və hər hansı dəmir (kənd təsərrüfatı) alət(i) ilə
deyil, adi ağacdan düzəldilmiş xış ilə şumlanır. Çayların suları və başqa sular bütün
düzənliyi Babil və Misirdən xeyli yaxşı suvarır, belə ki, [düzənlik] daim zəngin otlaq
288
görkəmində olur, buna görə də bərəkətlidir. Üstəlik, burada hava da oradakından
yaxşıdır".
Qədim coğrafiyaşünas başqa bir yerdə qeyd edir ki, albanlar və iberlər "münbit
torpağa malikdirlər və təsərrüfatı yaxşı inkişaf etdirə bilirlər". Biz Strabonda əkinçilik
üçün yararsız ərazi haqqında da işarələrə rast gəlirik. Məsələn, o yazır ki, İberiyadan
Albaniyaya gedən yol "Kambüsenadan suyu qıt olan dərə-təpəlik ərazidən keçir". Bu
"dərə-təpəlik", eyni zamanda suyu qıt olan ərazidə, əlbəttə, əkinçilik inkişaf edə bilməzdi.
Strabonun yuxarıda gətirilən məlumatı ilə əlaqədar olaraq, ağac xışın xatırladılması
maraq doğurur, ədəbiyyatda onu ağac kotan da adlandırırlar. Məlum olduğu kimi, ağac xış
qədim Şərqin hər yerində geniş yayılmışdı və Albaniya bu baxımdan heç də istisna
deyildi.
Ağac kotan əsasən elə bir dəyişikliyə uğramamış, ilkin formasını bizim günlərə
qədər saxlamışdır. Ağac xış əkinçilərin əməyini yüngülləşdirir və əmək məhsuldarlığını
artırırdı. Torpaq təkcə təsvir edilən üsulla deyil, həm də qəbirlərdə arxeoloqlar
tərəfindən izləri qeydə alınmış müxtəlif çeşidli alətlərlə şumlanırdı. Məsələn,
katakombalar qazılanda torpaq işləri, yəqin ki, kürəklə görülürdü. Spesifik formalı
Azərbaycan kürəyini xatırladan başqa bir alət - bel haqqında da məlumat vardır. Bu cür alət
Albaniyanın hüdudlarından kənarda da aşkar edilmişdir.
İrriqasiya haqqında da bizə bəzi məlumatlar gəlib çatmışdır. Məsələn, "çayların
suları və başqa sular ilə" Albaniya ərazisinin suvarılması haqqında Strabonun məlumatı
maraq doğurur. Tədqiqatçıların haqlı olaraq qeyd etdikləri kimi, Strabon "başqa sular"
deyəndə, ehtimal ki, irriqasiya sistemini - kəhrizləri və kanalları nəzərdə tutmuşdur.
Azərbaycan ərazisində hələ qədim zamanlarda tikilmiş irriqasiya qurğularının mövcud
olması çoxdan məlum idi. Yerli əhali bu kanalların bir hissəsindən indi də istifadə edir.
Qədim Qafqaz Albaniyasında Gəncə yaxınlığında Şəmkir çayının subasarında kəhriz
sisteminin mövcud olması qeydə alınmışdır. Hazırda Azərbaycan kəndlərində kəhrizlərdən
istifadə olunur, yaxın keçmişdə Bakıda, Gəncədə, Şəmkirdə, Naxçıvanda və başqa
şəhərlərdə əhali kəhrizlərdən istifadə edirdi. Strabonun dediklərinə, habelə arxeoloji və
etnoqrafik məlumata əsaslanaraq belə bir fərziyyə söyləmək olar ki, qədim
Azərbaycanın əhalisi becərilən torpaqlarda irriqasiya məqsədləri üçün kanallardan və
kəhrizlərdən istifadə etmişdir, bu isə əkinçilik təsərrüfatı səviyyəsinin nisbətən yüksək
olması şəraitində mümkündür.
Kənd təsərrüfatında tərəqqi yeni əmək alətləri və yeni əmək vərdişləri ilə bağlı
idi. Qazıntı zamanı çoxlu biçin aləti tapılmışdır. Torpaq və küp qəbirlərdə, habelə çiy kərpic
türbələrdə dəmir oraqlar və biçində işlədilən oraq şəkilli bıçaqlar aşkar edilmişdir. Arxeoloji
ədəbiyyatda küp və katakomba qəbirlərindən, habelə Mingəçevirin ilk və orta əsrlərə aid
məskənlərindən tapılmış dəmir oraqlar məlumdur.
Məlumdur ki, Azərbaycanda həm bərk, həm də yumşaq buğda əkilirdi. Bərk
buğda dəninin və ununun Mingəçevirdə aşkar edilmiş qalıqları həmin vaxtlara aiddir.