307
aşkar edilir. Bunlar çox uzun bir müddət ərzində Albaniyanın pul tədavülündə
qüvvədə olmuşdur. Məsələn, Əli-Bayramlı rayonunun Xersonovka kəndində tapılmış
109 Arşaki sikkəsindən ibarət dəfinə eramızın II əsrinin sonlarında basdırılmış olsa da,
Qotars draxmaları bu dəfinədə böyük əksəriyyət təşkil edir. Qəbələdə aşkar edilmiş bir
dəfinənin tərkibində Otonun (eramızın 69-cu ili), Vespasianın (69-79-cu illər), Trayanın
(98-117-ci illər) və Hadrianın (117-138-ci illər) Roma denariləri ilə birlikdə Qotars
draxması tapılmışdır. Bu dəfinə III əsrin sonlarında basdırılmışdır, çünki onun
sikkələrinin böyük əksəriyyəti Sasani çarı II Varaxranın (276-293-cü illər)
draxmalarından ibarətdir.
224-cü ildə Parfiya dövləti süqut etdi, lakin onun xarabalıqları üzərində
Sasanilər imperiyası bərqərar olub möhkəmləndi. Beləliklə, Albaniya bazarlarına
Arşaki sikkələrinin axını kəsildi. Albaniya tədricən Sasanilər imperiyasının təsiri altına
düşdü. III əsrin ortalarından Albaniya bazarlarına güclü axınla gələn Sasani sikkələri
Arşaki və Roma sikkələrini əvəz etdi.
ġəhərlər və baĢqa məskənlər. Antik dövr Albaniyasının ərazisi çoxsaylı
məskənlərlə sıx-sıx örtülmüşdü. Qədim müəlliflərdən bizə otuzdan artıq nisbətən iri və
məşhur şəhərin, habelə başqa məskənlərin adları gəlib çatmışdır.
Antik Albaniyada şəhərlərin meydana gəlməsi ölkənin çoxəsrlik sosial-iqtisadi,
siyasi və mədəni inkişafının nəticəsi idi. Bu mürəkkəb proses alban cəmiyyətinin ümumi
inkişafı ilə sıx bağlı idi və onun əmlak və sosial cəhətdən parçalanmasından, cəmiyyətdə
gedən sinfi təbəqələşmədən, dövlət institutlarının təşəkkülündən irəli gəlirdi. Eramızdan
əvvəl birinci minilliyin ikinci yarısında və eramızın ilk əsrlərində Albaniya oturaq
əkinçilik-maldarlıq təsərrüfatının kifayət dərəcədə inkişaf etdiyi bir ölkə idi. Sənətkarlıq
da yüksək inkişaf səviyyəsinə çatmışdı; burada artıq geniş bir əmək bölgüsü, dar
ixtisaslaşma və standartlaşdırma, yəni əmtəə istehsalının əlamətləri vardı.
Qəbələdə tapılan, üstündə möhür izləri və qaytan qırıqları olan onlarla bullalar
hellinizm zamanından başlayaraq Albaniyanın iqtisadi həyatının yüksək səviyyəsinə çox
mühüm bir sübutdur. Qəbələdə bullalar düzəltmək üçün hazırlanmış xammalın aşkar
edilməsi böyük əhəmiyyət kəsb edir.
Albaniyanın iqtisadi inkişafının arxeoloji materiallarla əsaslandırılan kifayət qədər
yüksək səviyyəsi yazılı mənbələrlə də təsdiq olunur.
Bizə məlumdur ki, hellinizm dövrünün Albaniyasında azad əhali, yoxsullar və
əyanlar, Kiçik Asiyanın və Ermənistanın məbəd birliklərinə çox bənzəyən məbəd vilayəti,
habelə məbəd qulları və kahinləri olmuşdur. Albaniyanın öz çarları, qoşunu, zərbxanası var
idi. Bütün bunlar Albaniyada şəhərlərin və şəhər həyatının meydana gəlməsinə və
inkişafına səbəb olmuşdu.
Göstərilən proses üçün müqəddəm şərtlər əsrlər boyu, hələ ibtidai icma
quruluşunun bətnində yaranmışdı. Şəhərlərin meydana gəlməsi isə ibtidai icma
quruluşunun tamamilə parçalanması və dağılması demək idi. Şəhərlər dövlətin yaranması
308
ilə bir vaxtda meydana gəlir. Şəhərin kənddən ayrılması barbarlıqdan sivilizasiyaya, tayfa
quruluşundan dövlətə keçid ilə birlikdə başlanır. Şəhərlə birlikdə hakimiyyət orqanları,
polis, vergilər və i.a. meydana gəlir. Əhalinin iki böyük sinfə bölünməsi - bilavasitə əmək
bölgüsünə və istehsal alətlərinə əsaslanan bölgü özünü ilk dəfə burada göstərmişdir.
Ticarət yollarının üstündə yerləşən, sosial-iqtisadi cəhətdən inkişaf etmiş alban
məskənlərinin tədricən şəhərlərə çevrilməsi prosesi eramızdan əvvəl I minilliyin
ikinci yarısının əvvəlinə aid edilməlidir.
Qədim dövrün başqa şəhərləri kimi, Qafqaz Albaniyasının şəhərləri də onları
əhatə edən əkinçi icmaları ilə ən sıx şəkildə bağlı idilər.
Azərbaycan və Dağıstan ərazisində arxeoloji qazıntılar zamanı antik dövrdə,
mövcud olmuş şəhər tipli məskənlər aşkara çıxarılmışdır. Bunlar Qəbələ (Çuxur-
Qəbələ, Çaqqallı, Seyidtala, Uzuntala), İsmayıllı (Mollaisaqlı, Şıxdərə Kəlləsi,
Qalagah), Ağsu (Nüydü düzü), Qax (Torpaqqala), Qazax (Sarıtəpə), Şamaxı,
Beyləqan (Təzəkənd, Qaratəpə) rayonlarında, Mingəçevir zonasında, Dağıstanda
(Turpaqqala, Urseki, Tarki, Dərbənd) və başqa yerlərdə qazıntı nəticəsində aşkar
edilmiş məskənlərdir.
Ptolemey antik dövr Albaniyasının şəhərlərindən və digər məskənlərindən
danışarkən bildirir: "Soana çayı mənsəbinin arxasında Telayba şəhəridir; Gerr çayının
mənsəbi Gelda şəhəridir: Kaysiya çayının mənsəbi Albana şəhəridir; Albana çayının
mənsəbi Qaytara şəhəridir; onun ardınca Kir çayının mənsəbidir.
Qafqazdan [axıb gələn] və Kirə tökülən, - o Kirə ki, bütün İberiyadan və
Albaniyadan keçərək Ermənistanı onlardan ayırdı, çay ilə İberiya arasındakı Albaniya
şəhərləri və kəndləri: Taqoda, Bakxiya, Sanua, Deqlana, Niqa.
Adı çəkilən, Qafqazdan axıb gələn çayla Albana çayı arasında: Moseqa,
Samunis, İobula, İuna, Embolayon, Albana, Mamexiya, Osika, Sioda, Baruka...
Albana çayı ilə Kaysi çayı arasında: Xabala, Xabota, Boziata, Misiya, Xadaka,
Alam.
Kaysi çayı ilə Kerr çayı arasında: Tiauna, Tabilaka.
Gerr çayı ilə Soana çayı arasında isə: Tilbis".
Söz yox ki, yuxarıda verilən siyahıda toponimlərin yazılışında xətalar və ya
hətta səhvlər olmamış deyildir. Bunların bəziləri, şübhəsiz, Ptolemey məxəzindən
gəlir və ya onun əlində olan əsərdə coğrafiyaşünas tərəfindən düz oxunmamasının
nəticəsidir.
Ptolemeyin siyahısında dəqiq müəyyənləşdirilmiş, şəkk-şübhə doğurmayan
yeganə şəhər Xabaladır. Ptolemeydən bir neçə onillik əvvəl Böyük Plini antik
ədəbiyyatda ilk dəfə olaraq özünün "Təbii tarix" əsərində onun adını çəkmiş və şəhəri
Kabalaka adlandırmışdı. Görünür, Plini bu ada eramızdan əvvəl II-I əsrlərdə yaşayan
Roma müəllifi Varronda rast gəlmişdi.