323
Akilisenada Anait məbədində adlı-sanlı adamlar "da öz qızlarını hələ qızlıq çağında ilahəyə
həsr edirdilər" [Strabon]. Strabona əsasən, Pont Komanasının hiyerodulları arasında "öz
bədəni ilə" alver edən qadınlar çox idi; "onların əksəriyyəti ilahəyə həsr edilmişdi".
Strabonun yazdığına görə, alban hiyerodullarının bir hissəsi qurban verilirdi.
Hiyerodulların digər hissəsi gələcəyi xəbər verən fanatiklər qrupundan ibarət idi.
Albaniya hiyerodulları vahid kütlə deyildi və cəmiyyətin məhsuldar qüvvələrinə
təsir göstərə bilməzdilər. Onlar köləlik institutu ilə bağlı sosial kateqoriya deyil, ilahiyyat
qulları, yəni ibadətgahın qulluqçuları idilər, buraya sıravi kahinlər də daxil idilər.
Qədim Qafqaz Albaniyasının məbəd icmalarının torpaq sahibliyi haqqında
məlumat azdır. Strabona görə, Selena məbədinin Alban hiyerevsinə əhalisi çox olan geniş
müqəddəs torpaq tabe idi, yəni Alban məbədlərinin ixtiyarında yunandilli müəlliflər
tərəfindən "hiyera xora" adlandırılan xüsusi məbədyanı ərazilər vardı. Materialın
azlığı üzündən məbəd torpaqlarının istismar edilməsi haqqında biliyimiz çox səthidir.
Bu barədə yalnız qonşu hiyera xoralar haqqında Strabonun məlumatı vardır. Güman
etmək olar ki, ölkədə məbədyanı torpaqlar Selena, Helios və ya Zevs allahlarına məxsus
hesab edilsə də, əslində baş kahinin - hiyerevsin, ola bilsin, məbəd iyerarxiyasının ən
nüfuzlu üzvlərinin ixtiyarında idi.
Beləliklə, məbəd torpaqlarında cəmləşmiş əhali ayrı-ayrı qruplara bölünmüşdü və
onların arasında (1) hiyerevs və onun əhatəsi, (2) icmaçılar - teoforetlər və ya hiyera
xora kəndliləri və nəhayət, alban cəmiyyətinin məhsuldar qüvvələrinə o qədər də təsir
göstərməyən (3) hiyerodullar xüsusilə nəzərə çarpırdı. Albaniya basilevs və ya
hegemonların qəbirləri hələ aşkar edilməmişdir. Sıravi qəbirlərə gəldikdə, Yaloylutəpə
tipli torpaq qəbirlər arasında qoşa qəbirlər yoxdur. Bir çox küp qəbirlərdə ikişər skelet
aşkara çıxarılmışdır. Dəfn zamanı adam öldürülməsi, iki adamın bir qəbirdə basdırılması
bəlkə də ictimai münasibətlərdən irəli gəlirdi. Küp qəbirlərdə sosial-iqtisadi xüsusiyyətlər
barəsində başqa məlumat da vardır. Mingəçevir qəbiristanında küp qəbirdə iki qoşqu
heyvanının skeletləri və mərkəzi qəbrin yaxınlığında qəribə bir vəziyyətdə insan
skeleti aşkar edilmişdir: o demək olar, küpün üzərində idi, üzüqoylu, döş qəfəsi
üstündə uzanmış, qolları bükülmüşdü. Görünür, eramızdan əvvəl son əsrlərdə və
eramızın ilk əsrlərində dəfn zamanı asılı adamlar və ya əsir alınmış qullar zorakılıqla
öldürülürmüş. Bir yerdə çiy kərpicdən tikilmiş qoşa qəbirə rast gəlinir (bir quyuda iki
qəbir). Qoşa çiy kərpic qəbirlər sosial münasibət baxımından küp qəbirlərdə olmuş
mənzərəni verir. Qoşa türbələrdən əlavə, ikiadamlıq çiy kərpic qəbirlərə də təsadüf
edilir (bir türbədə iki skelet). Məsələn, çiy kərpic türbələrin birində əsas skeletin ayaq
tərəfində ikinci skelet də aşkar olunmuşdur. Çiy kərpic türbədə arxası üstə uzadılmış
meyitin ayaq tərəfində bükülü vəziyyətdə olan ikinci skelet, ola bilsin ki, oturan yerdə
öldürülmüş bir adamın skeletidir. Demək, dəfn zamanı qulu və ya kənizi qurban verirdilər.
Beləliklə, alban cəmiyyətində bir qütbdə basilevs, hegemonlar, yaxud prefektlər və
hiyerevslər dururdu. Hegemonlar və prefektlər yerli əyanları təmsil edirdilər. Hiyeron
324
və hiyera xoranın başında duran hiyerevs basilevsə tabe idi. Digər qütbdə isə icmaçılar,
əkinçi-maldar əhalinin əsas kütləsi və sənətkarlar təmsil edilirdi. Əsasən hiyeronların
qulluqçuları olan hiyerodullar, habelə məbəd təsərrüfatı ilə bağlı olan hiyerodullar və
nəhayət, qullar da əməkçi əhali kateqoriyasına daxil idilər. İcmaçı kəndlilər, sıravi maldar
əhali və sənətkarlar cəmiyyətin məhsuldar qüvvələrini inkişaf etdirən özəyi təşkil
edirdilər: qul əməyi üstün rol oynamırdı.
Oturaq əkinçi əhali ilə daha mütəhərrik maldar əhalinin qarşılıqlı surətdə bir-
birinə nüfuz etməsi qədim Qafqaz Albaniyasının məhsuldar qüvvələrinə güclü təsir
göstərirdi.
QoĢun və hərbi iĢ. Strabon yazırdı ki, albanlar "...həm piyada, həm at belində,
həm yüngül silahlanmış (zirehsiz), həm də zirehlənmiş halda vuruşurdular".
Strabonun məlumatında albanların qoşun növlərindən danışılır: görünür, albanlar
bu cəhətdən qonşularından heç də fərqlənmirdilər, ya da çox cüzi fərqlənirdilər. Beləliklə,
qədim coğrafiyaşünasın dediyinə görə, alban qoşunu piyadalara və süvarilərə bölünürdü.
Strabonu belə də başa düşmək olar: albanlar at qoşulmuş döyüş arabasında
vuruşurdular, çünki "hippos" həm at, həm də döyüş arabası deməkdir, yəni albanlar həm
piyada qoşunundan, həm də süvarilərdən istifadə edirdi, həm yüngül silahlanmış
döyüşçülər - psiletlər, həm də zirehli döyüşçülər - katafraktlar vardı. Zirehli atlar qədim
xalqların hərb sənətində xüsusi yer tutur. Strabon yazır ki, "belə süvari qoşun
həvəskarı yalnız midiyalılar və ermənilər deyil, həm də albanlardır, çünki müharibədə
zirehli atlardan istifadə edirlər". Antik müəllif hücum və müdafiə silahları haqqında
məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun
dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı; albanlar iberlər kimi başlarına
heyvan dərisindən hazırlanmış papaqlar qoyurdular. Plutarx romalılar ilə albanların
toqquşmasını təsvir edərək bildirir ki, Albaniya basilevsinin qardaşı Kosis Pompeyə
"nizə ilə zərbə" endirmişdi.
Akontistlər - nizəçilər və toksotlar - oxatanlar vardısa, deməli, nizələr və oxlar da
olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu
silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər
mədəniyyətinin daşıyıcılarına məxsusdur. Mingəçevir küp qəbirlərindən çıxarılmış nizə
ucluqları məlumdur. Bunlar dəmirdəndir, oymaqlıdır, uzunsov üçbucaq formasındadır,
bəzilərində tiyə boyunca qabarıq damar uzanır, ucluqların uzunluğu 11 santimetrdən
40 santimetrə qədərdir. Silahın hazır olması üçün həmin ucluğa ağac sap keçirmək
kifayətdir. Albaniya nizəçi döyüşçüləri məhz bu cür nizələrdən istifadə edirdilər.
Ölçülərini müəyyən etmək üçün başqa xalqların nizələri ilə tutuşdurmaq əsasında
güman etmək olar ki, Albaniya döyüşçülərinin nizələri iki metr məsafəyə və daha
uzağa çata bilərdi. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc
ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan
oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla