317
Bu arxeoloji materiallar Mingəçevir zonası sakinlərinin şəhər həyatının
səviyyəsindən, onların geniş ticarət-iqtisadiyyat əlaqələrindən xəbər verir.
Böyük Qafqaz silsiləsi cənub yamaclarının şərq hissəsi - İsmayıllı, Ağsu və
Şamaxı rayonları boyunca respublikanın ərazisi antik dövr abidələri ilə çox zəngindir. Bu,
ehtimal ki, Ptolemeyin Albaniya xəritəsində dördüncü və beşinci zonalarıdır. İsmayıllı
rayonunun ərazisində eramızdan əvvəl son əsrlərə - eramızın ilk əsrlərinə aid olan bir
neçə məskən və qəbiristan üzə çıxarılmışdır. Qəbiristanların ərazisi çox böyükdür.
Mollaisaqlı, Qalagah, Şıxdərə Kəlləsi, Şəkili (Vəng), Hacıhətəmli, Gənzə Tircan,
Pirəbilqasım, Talıstan və başqa kəndlərin yaxınlığında aşkar edilmiş abidələr bu
baxımdan xüsusi yer tutur.
Mollaisaqlı zonasında antik dövrün zəngin abidələri çoxdur. Məsələn, kəndin
qərb ucqarında antik məskənin qalıqları vardır, döşəməsi bir lay gillə örtülmüş
dördkünc otaqların çaydaşından hörülmüş bünövrələri, çiy kərpiclər, içərisində hörmə
çubuqlar olaq suvaq parçaları, ağac şalbanların izləri, Yaloylutəpə məmulatına yaxın
olan qab-qacaq, antropomorf heykəlciklər, zoomorf fiqurlar üzə çıxarılmışdır.
Təsərrüfat quyusu aşkar edilmişdir, kül layı, kömür xəkələri, heyvan sümükləri
tapılmışdır. Bu məskəni eramızdan əvvəl IV əsrə - eramızın I əsrinə aid etmək olar.
Məskəndən cənub-şərqdə, qəbiristanlıqda torpaq və küp qəbirlərdən başqa, təknə
qəbirlər (gil sarkofaqlar) üzə çıxarılmışdır. Maraqlıdır ki, təknə qəbirlər
mədəniyyətinin daşıyıcılarına aid olan bəzək şeyləri arasında gil qolbaqlar və
muncuqlar tapılmışdır. Yüksək keyfiyyətli keramik məmulat, antropomorf
heykəlciklər xüsusilə cazibədardır. Mollaisaqlı kəndinin 4-5 kilometrliyində, Şıxdərə
Kəlləsi adlanan yerdə də maraqlı materiallar aşkar edilmişdir.
Məskənin ərazisində ən müxtəlif keramik məmulatdan ibarət çoxlu material
toplanmışdır. Bunların arasında qırmızı-sarı, boz və qara rəngli ayaqlı vazalar, qapaqlı
iri küplər, qab-qacaq, qövsvari çənbəri olan səhənglər üstünlük təşkil edir. Əmək
alətləri - çoxlu dən daşları, dəstəciklər və s. də vardır.
Damüstü kirəmit parçaları, içərisində hörmə çubuqlar olan suvaq parçalar,
keramik məmulat, təsərrüfat küpləri, dən daşlarının qırıqları, heyvan fiqurları
tapılmışdır. Bəzək-düzəyi yaxşı nəzərə çarpan yəhərlənmiş at fiqurunu xüsusi qeyd
etmək lazımdır. Şıxdərə Kəlləsindəki bu məskənin erkən təbəqələrini eramızdan əvvəl
I əsr - eramızın I əsrinə aid etmək olar.
Mollaisaqlı kəndindən 7 kilometr şimal-şərqdə olan Qalagah kəndinin
ucqarında aşkar edilmiş məskən üç tərəfdən dərin dərələrlə əhatə olunan, şimaldan isə
süni xəndəklə qorunan uca yaylada yerləşir. Burada yaşayış evlərinin qalıqları, gil
məmulat parçaları, dən daşları, əl dəyirmanlarının daşları, heyvan fiqurları,
antropomorf heykəlciklər, təsərrüfat küpləri, şərab çəkmək prosesi ilə bağlı daş qablar
qalmışdır. Yaşayış evləri tikintisində çaydaşlarından, çiy kərpicdən, ağacdan və
qamışdan geniş istifadə olunmuşdur. Qalagah kəndindən 3 kilometr cənubda, böyük
318
təbii təpələrin ətəyində, Qışlaq adlanan yerdə daha bir məskən aşkar edilmişdir.
Burada gil qabların parçaları, əmək alətləri, çay daşından hörülmüş divar
bünövrələrinin qalıqları, planda dördkünc olan yaşayış evlərinin salamat qalmış
hissələri, çoxlu məişət qalıqları tapılmışdır.
Bu yaxınlarda İsmayıllı rayonunda daha bir neçə məskən üzə çıxarılmışdır.
Bunlar Şəkili məskəni (Qalagahın 10-12 kilometrliyində, Vəng kəndi yaxınlığında),
Gəncə
yaxınlığında (Girdimançayın sol sahilində), Tircan yaxınlığında
(Girdimançayın sağ sahilində) olan və s. məskənlərdir.
Ağsu rayonunun ərazisində də antik dövrün bir çox abidələri üzə çıxarılmışdır.
Nüydü kəndi rayonu xüsusi maraq doğurur. Kəndin qərb qurtaracağında
Nüydü düzündə çoxlu qəbirdən və zəngin məişət avadalığından əlavə, antik dövr
məskəninin qalıqları da aşkar edilmişdir. Məskən uca yaylada qərar tutmuş, dərin
dərələrlə və sıx meşəli təpələrlə dövrələnmişdir. Burada çoxlu bulaqlar, xüsusən
mineral su qaynaqları vardır. Mədəni təbəqə eramızın lap başlanğıcına aid edilə bilər.
Çay daşından tikilmiş binaların bünövrələri salamat qalmışdır; bu binaların
arakəsmələri hörmə çubuqlardan düzəldilib gil ilə suvanmışdır. Təsərrüfat və məişət
qabları, dən daşlarının, daş və gil qabların qırıqları, əmək alətləri, silah, tunc dəbilqə,
nizələr, bəzək şeyləri, metal əşyalar aşkar olunmuşdur. Bir çox zəngin qəbirlər
açılmışdır.
1972-ci ildə, görünür, zəngin bir şəhərli qadına məxsus olan qəbir kəşf
edilmişdir. Qəbirlərdən 30-dan artıq müxtəlif qab, çoxlu bəzək şeyləri, yerli ustalar
tərəfindən zərb edilən, Makedoniyalı Aleksandrın və Selevkilərin sikkələrinə
bənzədilən 36 gümüş draxmadan ibarət sikkə dəfinəsi tapılmışdır.
Qazıntı materiallarından göründüyü kimi, Nüydü yaxınlığındakı antik məskən
şəhər tipli, öz zamanına görə iri ticarət-sənət və hərbi-siyasi mərkəz idi.
İsmayıllı-Ağsu zonasında əldə olunmuş arxeoloji materiallar eramızdan əvvəl I
minilliyin son sülsündə və eramızın ilk əsrlərində Qafqaz Albaniyası ərazisinin bu
hissəsini oturaq əkinçi-maldar təsərrüfatı, sənətkarlığı kifayət qədər inkişaf etdirmiş,
qızğın ticarət edən, kənd və şəhər tipli məskənləri olan bir vilayət kimi təqdim edir.
Burada sənətlərin, o cümlədən dəmirişləmə sənətinin, xüsusilə onun silahqayırma
kimi bir sahəsinin yüksək inkişaf səviyyəsi gözə çarpır. Qəbiristanlarda çoxlu
miqdarda müxtəlif silah növləri - qılınclar, xəncərlər, ox ucluqları, xüsusilə nizə ucluqları
üzə çıxarılmışdır.
Bu zonanın ustaları tikinti keramikası da hazırlayırdılar, böyük miqdarda aşkar
edilmiş damüstü kirəmit göstərir ki, bu istehsal antik Albaniyada şəhər sənətlərinin ən
mühüm sahələrindən biri idi.
Bədii keramika məmulatından Mollaisaqlı və Qalagah kəndləri yaxınlığında
qəbirlərdə və məskənlərdə tapılmış antropomorf və zoomorf fiqurları xüsusilə qeyd
etmək lazımdır.