99
Kutilərin Mesopotamiyada təxminən bir əsrlik ağalığı onlar arasında nəsil-
tayfa münasibətlərinin dağılması prosesini sürətləndirməli idi.
Mesopotamiyadan qovulmuş kutilər vətənlərinə - Kürdüstana və Cənubi
Azərbaycan vilayətlərinə qayıtdılar. Ehtimal etmək olar ki, onların buradan tədricən
digər tayfa ittifaqı lullubilər tərəfindən sıxışdırılması başlandı. Kutilər əvvəllər
yaşadıqları vilayətlərdə mövqelərini itirirdilər. Onların adına e.ə. II və hətta I
minilliyin Akkad və Aşşur (Assuriya) mənbələrində təsadüf olunur. Lakin bu etnonim
o dövrdə (hər halda e.ə. I minillikdə) artıq gerçək əhəmiyyətə malik deyildi. "Kuti"
etnonimi Mesopotamiyadan şimalda və şərqdə yaşamış müxtəlif xalqlara şamil
edilirdi.
Təbiidir ki, kuti elementi Zaqros ərazisindəki etnik proseslərdə müəyyən rol
oynamışdır.
Böyük etnik və siyasi birliklərdən biri də lullubi tayfa ittifaqı idi.
Lullubilər haqqında ilk məlumat Akkad hökmdarı Naramsinin kitabələrindən
birində mövcuddur. Hökmdar "Lullubum dağlılarını öz ətrafında toplamış Sidur[ri]"
üzərindəki qələbəsilə öyünürdü.
Lullubi hakimlərinin özlərinin ilkin yazılı abidələri e.ə. XXIII əsrə aiddir.
Onların içərisində ilk növbədə Sarıpulda (Zöhab şəhəri yaxınlığında) qayada həkk
olunmuş "çar" Anubaniniyə məxsus olan relyefli kitabəni qeyd etmək lazımdır.
Anubanininin kitabəsinə istinadən göstərmək olar ki, ona tabe olan ərazi çox
geniş idi. Ehtimal etmək olar ki, bu ərazi Urmiya gölündən İran körfəzinə qədər
uzanırdı. Vaxtilə kutilərə məxsus olmuş ərazinin xeyli hissəsi sonralar lullubilərin
əlinə keçmişdi.
Artıq e.ə. III minilliyin II yarısında lullubilər nəinki Azərbaycan və İranın,
habelə Mesopotamiyanın tarixində əhəmiyyətli rol oynayırdılar. Güman etmək olar ki,
lullubilər ən qədim dövrlərdən etibarən Mesopotamiya ilə sıx əlaqədə olmuşlar. Onlar
Azərbaycan və ona qonşu olan vilayətlərin tarixində mühüm mövqelərini əsrlərlə (e.ə.
I minilliyin əvvəllərinə qədər) saxlaya bilmişlər.
Ən iri tayfa ittifaqlarından biri də hurrilər idi. Bəzi faktlar iddia etməyə imkan
verir ki, lullubilərin (habelə kutilərin də) hurrilərlə münasibəti e.ə. III minilliyin
sonunda düşmənçilik xarakteri daşıyırdı. Bunu hurrilərin dilində "barbar" mənasında
işlənən nullatum (lullu-[lullubilərin etnonimidir]-nullu sözündən alınmışdır) ifadəsi də
təsdiq edir. Urartu dilindəki lullu - "düşmən" sözü də buradandır.
Urmiya gölü rayonlarında kaşşu (kassit) etnosunun da bir qismi yaşamışdır.
Lakin onlar haqqında ilkin yazılı məlumatlar e.ə. II minilliyə aiddir.
E.ə. III minilliyin sonu - II minilliyin əvvəllərində Azərbaycan əhalisinin etno-
dil mənsubiyyəti məsələsi mürəkkəbdir. Bu, yalnız ümumi şəkildə izah oluna bilər.
Vaxtilə bizim biliklərimizin yeganə mənbəyi arxeoloji materiallar idi. Lakin onlar
böyük dəyərə malik olmasına baxmayaraq, tayfalar, tayfa birləşmələri, onların adı və
100
dili haqqında bizə heç bir məlumat vermirdi. Bu dövrdə vəziyyət əsaslı şəkildə
dəyişdi.
E.ə. III minilliyin son rübündə Azərbaycan ərazisinin bir hissəsi (Urmiya
gölündən qərbdə və cənubda yerləşən vilayətlər) əhalisilə birlikdə Şumer-Akkad
yazılı mənbələri orbitinə düşür. Həmin dövrdə yaşamış tayfaların bəzilərinin adları
bizə məlumdur. Onomastik materiallar əsasında həmin ərazidə yaşamış əhalinin
dilləri haqqında müəyyən müddəa irəli sürmək mümkündür. Yazılı mənbələr müxtəlif
tayfalar, tayfa birlikləri ilə bağlı olmuş siyasi həyatın konkret hadisələrinə dair
məlumatlar verir.
Cənubi Azərbaycanın və ona qonşu vilayətlərin o dövrkü əhalisinin (hurrilər
istisna olunmaqla) dil mənsubiyyəti haqqında bizim məlumatımız cüzidir. Müxtəlif
mənbələrdə kuti, lullubi və kaşşı dillərindən bizə yalnız bir qədər ad və söz gəlib
çatmışdır.
Əvvəllər bu dilləri Zaqr-Elam, Zaqros, Kasin və s. adlanan böyük dillər
ailəsində birləşdirirdilər.
Belə müddəaların irəli sürülməsi zamanı müqayisəli material kimi əsasən
qədim yazılı elam dilinin materiallarından istifadə edilirdi. İran yaylasında və ətraf
vilayətlərin ərazisində elam elementinin geniş yayılmasını söyləmək üçün xeyli
əsasımız vardır. Elam dili, şübhəsiz, dravid dillərilə qohumdur. Lakin kuti, lullubi,
kaşşı dillərini, bu dillərin daxil olduğu fərziyyə olunan dil ailələrini bütünlüklə digər
dil ailələrilə (xüsusilə Qafqaz, Dravid, Ural-Altay və başqaları ilə) əlaqələndirmək
üçün əsas yoxdur. Son tədqiqatlar kaşşu dilinin elam dili ilə qohum olduğunu təsdiq
etməyə imkan vermir.
Güman etmək olar ki, lullubi dili elam dilinə qohumdur. Lakiı bu gümana qəti
inam yoxdur. Kuti dilinin Qafqaz dilləri ailəsinə aid olduğunu istisna etmək olmaz.
Zaqros dağlarının qərb ətəklərində, Urmiyanın qərb vilayətlərində və b.
yerlərdə yayılmış ən mühüm elementlərdən biri də hurrilər idi. Bu ərazilər hurrilərin
dravid dili daşıyıcıları ilə kontak zonası olmuşdur. Hər iki dil qrupları arasında aşkar
edilmiş müəyyən uyğunluqlar bunu isbat edir. Dravid dillərinin hurrilər vasitəsilə
Qafqaz dillərinə təsirini də ehtimal etmək olar. İran yaylası ərazisində dravid
elementinin mövcud olması şübhəsizdir. Antik müəlliflər bu tayfaların qalıqlarını
"efioplar" adlandırırdılar.
Hurrilərin - bu "dağ xalqlarının" Qədim Şərq tarixində rolu olduqca böyük idi.
Onlar şumerlərlə, akkadlılarla və elamlılarla yanaşı, qədim Ön Asiyanın dördüncü
böyük mədəni xalqı hesab oluna bilər. Hələ e.ə. III minilliyin son rübündə hurrilərin
yazısı olmuşdur.
Hurrilərin vətəninin Cənubi Qafqaz, Erməni yaylası və Dağlıq Kürdüstan
ərazisi olduğunu güman etmək olar. Şimali Zaqros bölgəsində hurrilərin qədim
dövrlərdən etibarən yaşamasını Şumer sənədləri də təsdiq edir. Hurrilər daha sonralar