105
Antropoloji materiallar müasir azərbaycanlıların fiziki tipinin təşəkkülündə
hələ çox qədim dövrdə bizi maraqlandıran ərazidə yayılmış, avropoid irqinin iki
tipinin iştirak etdiyini söyləməyi imkan verir. Güman etməyə əsas vardır ki,
antropoloji baxımdan azərbaycanlıların müxtəlifliyi çoxəsrlik etnogenetik proseslərin
inikasıdır. Tunc dövründə Azərbaycan vilayətlərində məskunlaşmış tayfaların və tayfa
birliklərinin əksəriyyəti əvvəllər də burada mövcud olmuş həmin iki antropoloji
elementdən törəmişdir.
Həmin tiplərdən biri ("Kavkasion" adlanan tip) əsasən Mərkəzi Qafqaz
ərazisində mövcuddur. Tədqiqatçılar bu tipin Qafqazda yerli olduğunu təsdiq edərək,
onun hələ son paleolit dövründə Baş Qafqaz sıra dağlarının yüksək dağ ətəklərini
məskunlaşdırmış etnik qruplardan törədiyini iddia edirlər. Bəzi alimlər Qafqazdakı
"Kavkasion" tipin qədimliyini inkar etməyib, bu tipə aid olan qrupların əcdadlarının
şimaldan gəlməsinin mümkünlüyü haqqında fikirlər söyləyirlər. Lakin "Kavkasion"
tipin yerliliyi haqqında fikir son illərdə elmi cəhətdən bir daha əsaslandırılmışdır. Hər
halda təsdiq etmək olar ki, Qafqazda "Kavkasion" tipi kompleksi ən azı 3 min il,
bəlkə də daha uzun müddət ərzində mövcuddur.
Mövcud olan bütün dəlillər "Kavkasion" tipin Qafqaz Albaniyasının əhalisi
arasında geniş yayıldığını söyləməyə imkan verir. Hazırda "Kavkasion" antropoloji
tipi Gürcüstanın dağ-etnoqrafik qrupları, Dağlıq Osetiyada, Çeçenistanda,
İnquşetiyada, Dağıstanda balkarlar, çərkəzlər, kabardinlər, Azərbaycanda Şahdağ
qrupu xalqları arasında yayılmışdır.
Azərbaycanlıların etnogenezində iştirak etmiş ikinci antropoloji tipi ümumi
şəkildə "Aralıq dənizi tipi" kimi müəyyən edirlər. Antropoloqların güman etdiyi kimi,
bütövlükdə Qafqazın başqa xalqları kimi azərbaycanlılar da böyük Avropa irqinin
Hind-Aralıq dənizi qolunun nümayəndələrilə oxşardır. Lakin tədqiqatçıların bəziləri
bu antropoloji elementi "Qərbi Kaspi tipi" adlandırır, onu Hind-Pamir (Hind-Əfqan)
irqi nümayəndələri - Əfqanıstanın, Şimali Hindistanın və Cənubi Orta Asiyanın
əhalisinin bir hissəsilə əlaqələndirirlər. Digər alimlər isə bu elementin Ön Asiya
irqindən olan fərdlərlə yaxınlığını qeyd edərək, güman edirlər ki, ona oxşar və
"Xorasan irqi", ya "İran yaylası tipi" adlandırılan antropoloji tip İranın, xüsusilə
Cənubi Azərbaycanın müasir əhalisinin müxtəlif qrupları arasında mövcuddur.
Azərbaycanlıların ikinci antropoloji tipinin onların indi yerləşdiyi ərazidə
məskunlaşmasının qədimliyinə şübhə etməyə əsas yoxdur. Bu antropoloji tipin yerli
mənşəli olması şübhəsizdir. Həmin tip Azərbaycan vilayətlərində hələ qədim
zamanlarda geniş yayılmışdı. Buna görə də belə zənn edirlər ki, Azərbaycan xalqının
qədim əcdadlarından birini qədim Ön Asiya xalqları arasında axtarmaq lazımdır.
Dağlıq Zaqros vilayətlərində qədim dövrlərdə aşşurlulara bənzər (assirioid)
antropoloji tip mövcud olmuşdur.
106
Mövcud olan cüzi materiallar Azərbaycanın və ətraf ərazilərin qədim
sakinlərinin nəinki yalnız xarici görkəmi - antropoloji əlamətləri, habelə bu tayfaların
bəzi etnoqrafik xüsusiyyətləri - onların geyimi və s. haqqında müəyyən təsəvvürə
malik olmaq imkanı verir.
Naramsinin stelası və Anubanininin qaya üzərindəki relyefinə əsasən demək
olar ki, lullubilər qısa saç və saqqal saxlayırdılar. Onların geyimi köynəkdən (tunika),
qurşaqdan ibarət olurdu, onların üzərindən isə çiyninin bir tərəfinə dəri atılırdı. Bu,
e.ə. I minillikdə də Cənubi Azərbaycan sakinlərinin, həmçinin kaspilərin geyimi
olmuşdur. Baş geyimindən biri Şumer-Akkad mənşəli idi. Digəri isə ("tac" - tiara)
daha sonrakı dövrlərdə (e.ə. I minillikdə) madalılar və farslar üçün səciyyəvi
olmuşdur.
Materiallar sübut edir ki, Azərbaycanın yerli əhalisi uzun əsrlər ərzində özünün
antropoloji tipini və etnoqrafik xüsusiyyətlərini saxlaya bilmişdi. Bu isə etnik
əlamətlərin və qədim ənənələrin əsasən sabitliyinə dəlalət edir.
Beləliklə, təxminən e.ə. III minilliyin ikinci yarısında Cənubi Azərbaycanda və
ona qonşu vilayətlərdə ilk böyük tayfa ittifaqları - etnososial səciyyə daşıyan etnik
birləşmələr meydana gəldi. Bu birləşmələrdən hər biri qohum tayfalardan - qonşu
ərazilərdə yaşayan, bir dilin müxtəlif ləhcələrində danışan və ümumi mədəniyyətin bir
çox xüsusiyyətlərinə yiyələnmiş əhali qruplarından ibarət idi.
Azərbaycanın tarixi sivilizasiyası, şübhəsiz, yerli tayfalar, tayfa ittifaqları
tərəfindən yaradılmışdır. Lakin qeyd etmək lazımdır ki, müasir azərbaycanlılar
qədimdən Azərbaycanda və ona qonşu vilayətlərdə yaşamış qədim, yerli etnik
birləşmələrin varisi olmaqla yanaşı, yalnız yerli etnik dil qrupları əsasında
formalaşmamışdı. Burada baş vermiş etnik proseslərdə kütləvi köçmələrin də rolu
böyük olmuşdur.
Bəlkə də qədim dövrlərdə Azərbaycan ərazisində on azı iki Avropayi
(avropoid) antropoloji tipin mövcudluğunun (alimlərin əksəriyyəti onları yerli hesab
edirlər, lakin yerliliyi də şərti surətdə başa düşmək lazımdır), yazılı mənbələrdə isə bir
neçə dildə danışmış tayfaların burada məskunlaşmasının səbəblərini müəyyən
dərəcədə miqrasiyalarla izah etmək lazımdır.
Əsrlər və minilliklər ərzində Azərbaycanda yaşamış nəsillər tərəfindən
"azadlıq refleksinin", yeniliyə marağın toplanması ölkə sakinlərinin mədəniyyətinə
xüsusi dinamiklik və çeviklik vermişdir. Ən qədim zamanlardan antik dövrə qədər
Azərbaycanda mövcud olmuş bir sıra parlaq mədəniyyət bu həqiqəti isbat edir.
Miqrasiyalar ən qədim dövrlərdə də baş verirdi. Lakin miqrasiyaların rolunu və
əhəmiyyətini mütləqləşdirmək lazım deyildir. Bununla belə, miqrasiyaların bəşər
tarixində çox mühüm rol oynamasını qeyd etməmək olmaz.
Qədim dövrlərdə xalqların və hətta qohum xalq qruplarının köçü baş verirdi.
Məsələn, e.ə. III-II minilliklərin qovuşuğunda hett tayfaları Kiçik Asiyaya köçmüşlər.