160
çoxlu qab-qacaqla birlikdə at skeletlərinə də rast gəlinir. Marlik və Kaluraz
mədəniyyəti daşıyıcılarının dəfn adətlərində də ata xüsusi münasibət bəslənildiyini,
ona hətta sitayiş edildiyini görmək olar. Döyüşçülərin məzarları ilə yanaşı, atlar üçün
ayrı-ayrı dəfn kameraları qurulurdu. Bu kameralardan at dişləri və tunc gəmlər
tapılmışdır. Kalurazda da ayrı-ayrı at qəbirləri aşkar edilmişdir. Hər bir qəbirdən
bütün ləvazimat və bəzək şeyləri ilə birlikdə üç at skeleti çıxmışdır.
Sənətkarlıq. Təsərrüfatçılığın əsas növlərinin mükəmməl mənimsənilməsi
müxtəlif sənət sahələrini inkişaf etdirməyə imkan verirdi. Əhali metal hasil etməyi və
ondan əşyalar qayırmağı çox yaxşı öyrənmişdi. Tunc məmulat həm təsərrüfatda, həm
də hərbi işdə geniş tətbiq olunurdu. Misdən tunc xəlitəsi almaq üçün aşqar kimi
cürbəcür metallardan istifadə edilirdi. Əsas aşqar kimi qalay işlədilirdi. Bu ərazidə
qalayın olmaması və görünür, onun fasilələrlə gətirilməsi sənətkarları xəlitələrin
alınması üçün qurğuşun, sürmə, arsen kimi əvəzedicilər işlətməyə məcbur edirdi.
E.ə. II minilliyin sonunda mis-arsen ərintilərindən hazırlanan əşyalar
Kültəpədə (Naxçıvan MR) aşkara çıxarılmışdır. Mingəçevirdə çoxlu mis-sürmə
xəlitələri tapılmışdır. Həsənlidə az miqdar kalsium və maqnezium qarışığı olan
tunclar aşkar edilmişdir.
Qalayın idxalı məsələsinə dair tədqiqatlar güman etməyə əsas verir ki, qədim
tunc metallurgiyası üçün qalay mənbəyi, ehtimal ki, Malay arxipelaqının və
həmsərhəd ölkələrin zəngin qalay yataqları imiş. Regionun ərazisində xalis qalaydan
olan əşyalar çox az tapılmışdır və tapılanlar da ancaq bəzək şeyləridir.
Aşşur çarları metallarla birlikdə metal məmulat da zəbt edir və bac olaraq
alırdılar. II Aşşurnasirapal məlumat verir ki, zamualı Amekanın "çoxlu mis əşyasını,
mis güyümlərini, mis camlarını, mis məcməyilərini, onun sarayının xəzinəsini, onun
var-dövlətini" zəbt etmişdi. III Salmanasar bac olaraq Gilzandan gümüş, qızıl,
qurğuşun və mis qab-qacaq alırdı. Şamşi-Adad isə Gizilbundada gümüş qab-qacaq,
əla qızıl və mis ələ keçirmişdi.
Həsənlidə, Marlikdə, Ziviyədə, Naxçıvan zonasında qazıntı zamanı tapılan e.ə.
I minilliyin əvvəlinə aid olan sənətkarlıq məmulatı bu ərazinin əhalisi arasında
sənətkarlığın yüksək səviyyədə olması haqqında mixi yazılara əsasən yaranmış rəyi
təsdiq edir. Üstəlik, aşkarlanmış məmulatın bir qismi son dərəcə nəfis və zərifdir ki,
bu da sənətkarların incə bədii zövqündən xəbər verir.
Hələ II Aşşurnasirapal məlumat verirdi ki, öz paytaxtı Kalxuya bu
vilayətlərdən sənətkarlar aparırmış. Tapıntılar göstərir ki, sənətkarlar əl çatan bütün
material növlərindən istifadə edir, metal, ağac, sümük, gil və daşdan məmulat
hazırlayırdılar. Buradan tapılan əşyaların bəzisində Aşşur, Urartu və ya skif
sənətlərinin təsiri nəzərə çarpır, ayrı-ayrı məmulatlar isə naşı təqliddən başqa bir şey
deyildir. Yaxın Şərqin böyük bir hissəsində yayılmış təsvirlərin ümumi mürəkkəb
süjetləri var idi.
161
Oxşarlıq əlamətləri və təqlid ünsürləri müxtəlif vilayətlər və dövlətlər arasında
qədimdən mövcud olan qarşılıqlı əlaqənin qanunauyğun nəticəsi idi. Mövcud quru
yollarından başqa, Diala və Xabur çayları kimi su yolları da Aşşur ilə əmtəə
mübadiləsinə, şübhəsiz, çox kömək edirdi. Yaxın Şərqi Egey sahilləri ilə birləşdirən
yollar arasında Azərbaycandan Trabzona, oradan da Qara dənizlə qərbə gedən yollar
böyük əhəmiyyətə malik idi. Azərbaycandan Kiçik Asiyanın qərb sahillərinə gedən
yol münasib, asan yoldur və bu yolda mədəni mübadilə üçün, hətta təkərli nəqliyyat
üçün də elə bir maneə yoxdur.
Sənətkarlıq məmulatının əsas qismi mükəmməlliyi və forma rəngarəngliyi
etibarilə ən qədim vaxtlardan burada inkişaf edən yerli sənətin özünəməxsusluğunu
göstərir.
Həsənlidəki qədim qalanın ərazisində sənətkar emalatxanası, emalatxanada isə
tökmə üsulu ilə tunc dirəkciklər, baltalar hazırlamaq üçün qəliblərin qırıqları, habelə
bəzək şeyləri hazırlamaq üçü qəliblər tapılmışdır.
Mannanın metal üzrə sənətkarlarının iş texnikasına birtaylı və ikitaylı açıq
qəliblərdə tökmə işləri, döymə, naxışvurma, ştamplama və həkkaklıq daxil idi.
Kənd təsərrüfatında həm tunc, həm də dəmir toxalardan, dəmir tiyəli
oraqlardan istifadə edilirdi.
Qəbirlərdə və Həsənli qalasında silahlar tunc və dəmirdəndir, bəzisi qızıl və
gümüşlə zəngin bəzədilmiş, habelə inkrustasiya edilmişdir.
Tuncdan və dəmirdən hazırlanmış yarpaqvari ox ucları bu dövr üçün
səciyyəvidir. Tiyəsinin yuxarı hissəsində qabarıq aypara təsviri verilmiş xəncərlər
Həsənli qızıl camının üzərində təsvir edilmiş xəncərlərə bənzəyir. Döymə üsulu ilə
dəmirdən hazırlanan "açıq aypara" tipli iri xəncərlər və qılınclar da geniş yayılmışdı.
Bəzi xəncərlərin dəstəkləri məharətlə bəzədilmiş sümük və ağacla naxışlanmış, metal
məftillə köbələnmişdir.
Həsənli xarabalıqlarında iki tip - sivri və şırımlı döyüşçü dəbilqələri
tapılmışdır. Sivri, konusvari dəbilqələr Aşşur və Urartu üçün səciyyəvi idi.
Güman etmək olar ki, şırımlı dəbilqəni yerli əhalinin döyüşçüləri qoyurmuşlar.
Bunu ondan da yəqin etmək mümkündür ki, III Salmanasarın Balavat darvazasındakı
təsvirdə şırımlı dəbilqəli dağ camaatı ilə vuruşan sivri dəbilqəli aşşurlular
göstərilmişdir.
Marlikdə nadir bir dəbilqə tapılmışdır. Güman edilir ki, bu dəbilqə hansısa bir
çara məxsus ola bilərdi və cah-calallı dekorativ görkəminə baxmayaraq ondan əməli
surətdə istifadə olunurdu. Dəbilqə özü tuncdan idi, onun üstünə çəkilmiş qızıl və
gümüş quramada şərab nəziri vermək ayinini icra edən saqqallı allah, əllərini qaldırıb
ibadət edən ilahələr və onların başı üzərində qanadlarını açmış quş təsvir edilmişdir.
Dəbilqənin arxa tərəfində lələkləri və ya tükdən olan daraqları sancmaq üçün lüləcik