239
kifayət qədər fəal idi. Madalılar çox mürəkkəb şəraitdə, yunan-makedoniyalıları bir o
qədər yaxına qoymayan müstəqil dövlət yaratdılar, öz istiqlaliyyətlərini qoruyub
saxlamaq uğrunda selevkilərə qarşı inadlı mübarizə aparırdılar, Atropatena madalıları
Mada etnik birliyinə mənsub olduqlarını dərk edir, öz mədəni ənənələrinin, dininin,
dövlət quruluşunun üstünlüyünü qoruyub saxlamağa və möhkəmləndirməyə
çalışırdılar; bütün bunlar parfiyalıların məqsədlərinə uyğun gəlirdi.
Parfiyalıları Atropatenaya tərəf çəkən bir amil də, əlbəttə, dövlətin ərazisini
genişləndirmək və strateji cəhətdən mühüm əməliyyat meydanı ələ keçirmək
niyyətindən, ən əvvəl atropatenalılarla parfiyalıların ümumi məqsədindən, hellinliyə
qarşı mübarizədən ibarət idi. Parfiyalılar və atropatenalılar Atropatenada kökləri I
minilliyin əvvəllərinə gedən "öz" mədəniyyət və dinini dirçəltmək işində də müttəfiq
idilər. Hələ o zaman Qərbi İran vilayətlərində, o cümlədən Cənubi Azərbaycanda
müxtəlif mazdaizm təlimləri, Kiçik Avesta etiqadları mövcud idi. Mada hökmranlığı
dövründə, maqlar bu təlimləri təbliğ etməyə başlayanda gələcək Atropatena zonasında
mazdaizm - Avesta təlimlərinin mövqeləri daha da möhkəmlənməkdə idi. Atropatilərin
və Atropatena madalılarının rəsmi dini mazdaizm-zərdüştilik - Avesta dini idi.
Atropatena dövlətinin banisi Atropatın özünün adı da zərdüşti adıdır. Parfiya
padşahlığı dövründə də Zərdüşt kahinləri - maqlar İranın qərb vilayətlərinin dini
həyatında çox mühüm rol oynayır, Kiçik Asiya və Zaqafqaziya ölkələrinin dininə və
ideologiyasına çox güclü təsir göstərirdilər.
Dini sinkretizmin hökmranlığı dövründə Atropatenada zərdüştilik təliminin
mövqeləri laxladı, bu təlim təbəddülata uğradı. Arşakilər köhnə dini dirçəltdilər və bu din
özünütəsdiq uğrunda yadellilərə məxsus nə varsa hamısına qarşı mübarizədə onlara
bayraq oldu. Doğrudan da "Avesta" kitablarını toplamaq yolunda ilk təşəbbüs Parfiya
Arşakiləri zamanında göstərilmişdi. E.ə. I əsrdə Parfiyada "Avesta"nın, hər halda onun
ayrı-ayrı hissələrinin yazılı mətni mövcud idi.
Parfiyalıların və Atropatena madalılarının mənafelərinin ümumiliyi, onların
mədəniyyət cəhətdən yaxınlığı və dil cəhətdən qohumluğu Mada-Atropatena ünsürləri
ilə Parfiya ünsürlərinin Atropatena zəminində etno-mədəni baxımdan xeyli
yaxınlaşmasına və hətta qovuşmasına səbəb olurdu. Bu, zahirən öz əksini, məsələn,
"parfiyalılar" termini əvəzinə tez-tez "madalılar" termininin işlədilməsində tapırdı. Elə
bu zaman parfiyalıların təsiri altında Atropatenada yeni Avesta zərdüştiliyi ocağı
meydana gəlir.
E.ə. I əsr Atropatenasında Avesta zərdüştiliyinin yeni mərkəzinin mövcud
olduğunu fərz etmədən Atropatenanın sonrakı tarixində Zərdüşt kahinlərinin-maqların çox
böyük rolunun səbəbini başa düşmək çətindir.
Güman etmək olar ki, "Avesta"nın kitablarından biri - "Videvdat" qəti şəkildə
Atropatenada formalaşmağa başlamışdır və madalıların dini təsəvvürləri "Videvdat"da
əks etdirilmiş təsəvvürlərə uyğundur.
240
Güman ki, e.ə. I əsrin ikinci rübündə Atropatena çarları ilə erməni çarları
arasında nikah əlaqələri yarananadək Atropatena prinsipcə parfiyapərəst siyasət
yeridirdi. Atropatena çarı Mitridat erməni çarının qızı ilə evlənəndən sonra isə
Atropatena tacidarının siyasəti antiparfiya siyasəti olmasa da, hər halda, şübhəsiz,
ermənipərəst və antiroma siyasəti idi.
Bu zaman Romaya qarşı ümumi mübarizə zəminində atropatenalılarla ermənilərin
əlaqələri çulğalaşır, ittifaq, dostluq, ən sıx siyasi və mədəni-iqtisadi təmas məcrasında
inkişaf edirdi.
Parfiya ilə Ermənistan arasında gedən müharibələr nəticəsində Ermənistan II
Mitridata tabe oldu. Parfiya çarı Ermənistan şahzadəsi Tiqranı girov götürdü və Tiqran
uzun müddət Arşakilər sarayında saxlanıldı.
E.ə. 95-ci ildə parfiyalılar Tiqranı Ermənistan taxtına əyləşdirir və Tiqran bir
məlumata görə, Ermənistanda, digər məlumata görə isə Atropatenada yerləşən 70
vadini təşəkkür əlaməti olaraq Parfiyaya verir. Bu vadilər üstündə dövlətlər arasında
mübahisə gedirdi. Hələ Strabon yazmışdı: "Atropatilərin... qüdrətli qonşuları vardır və
bu qonşular - ermənilər və parfiyalılar onların ölkəsini viran qoyurlar. Lakin atropatilər
müqavimət göstərir və işğal edilmiş torpaqları geri alırlar".
Bəzi alimlərin güman etdiklərinə görə, II Tiqranın azad olunması müqabilində
parfiyalılara verdiyi "70 vadi" məhz o vadilər idi ki, guya hələ I Artaşes onları
atropatenalılardan almışdı. Əgər doğrudan da belədirsə, onda göstərilən fakt hələ
Ermənistan dövlətinin meydana gəlməsinin lap ilk dövründə iki çar arasında
düşmənçilik münasibətlərinə və təxminən e.ə. II əsrin birinci rübünün sonunda, yaxud
ikinci rübünün əvvəlində erməni qəsbkarlığına sübut olardı. II Tiqran (95-55-ci illər)
artıq öz hakimiyyətinin ilk illərində öz qonşularına - ilk növbədə Sofenadakı erməni
çarlığına qarşı təcavüzkarlıq göstərir və e.ə. 94-cü ildə onu istila edir. Elə həmin il II
Tiqran Pont dövlətinin qüdrətli çarı VI Mitridat Yevpator ilə saziş bağlayır və onun
qızı Kleopatra ilə evlənir. Ermənistan çarı Atropatilərlə də qohum idi - Atropatena
çarı Mitridat II Tiqranın qızını almışdı.
Pont-Ermənistan ittifaqının başlıca məqsədi Romaya müqavimət göstərmək
idi. Lakin Roma ilə müharibədən əvvəl II Tiqran hələ Parfiya ilə mübarizə aparmalı
idi.
Parfiyalıların Fərat sahillərinə gəlib çatması bu ərəfədə Kiçik Asiyada geniş
əraziyə yiyələnmiş romalıları bərk narahat edirdi.
II Tiqran Sofenanı tutduqdan sonra fəal qəsbkarlıq əməliyyatlarını davam
etdirirdi. O, Kappadokiyada öz mövqelərini möhkəmləndirdi ki, bu da 93-92-ci illərdə
Roma ilə qısamüddətli müharibəyə gətirib çıxartdı. Tiqran darmadağın edilib böyük
tələfata uğradısa da, Ermənistan çarının əvvəlki müvəffəqiyyətləri romalıları
parfiyalılarla təmasa girmək üçün yollar axtarmağa vadar etdi. E.ə. 92-ci ildə Roma
sərkərdəsi Sulla Fərat sahilində Parfiya səfiri Orobazla görüşdü. Bu görüş parfiyalı II