233
saxlanılırdı. Həmin Mada torpaqları yunan-makedoniyalıların bilavasitə hakimiyyəti
altına düşür və burada onlar hərbçilər yaşayan çoxlu qəsəbə salırlar. Antik
müəlliflərin əsərlərində bu barədə məlumat qalmışdır. Polibi bildirir ki, Aleksandrın
təşəbbüsü ilə "Midiya qonşu barbar xalqlardan qorunmaq üçün hər tərəfdən Hellin
şəhərləri ilə əhatə edilmişdir". Sonralar Ammian Merselin yazırdı: "Midiyada varlı
şəhərlər də, qala tipində tikilmiş məskənlər də, əhali də eyni dərəcədə çoxdur".
Hellinizm Aşağı Madanın məişətinə, mədəniyyətinə, siyasi həyatına dərindən
nüfuz etmiş, ölkə ayrı-ayrı hissələrə parçalanaraq əvvəlki siyasi birliyindən məhrum
olmuş, onun əhalisi olan madalılar isə etnik simalarını itirib digər tayfalara və xalqlara
qarışmışdılar.
Kiçik Madaya gəlincə, o, getdikcə daha artıq dərəcədə əsil Madaya, əhalisi isə
madalılara çevrilirdi.
Görünür, Atropatın varisləri də çarlığın banisinin ənənəsini davam etdirərək,
yunan-makedoniyalıların ölkəyə soxulmasına "yol vermirdilər", hər halda mane
olurdular. Yeri gəlmişkən, deyək ki, bu, Atropatenanın tarixinə dair yazılı qaynaqların
yox dərəcəsində olmasının əsas səbəblərindəndir.
Lakin heç bir şeyə baxmayaraq, Hellinizm hər halda Kiçik Madaya da nüfuz
edirdi. Burada Hellinizm ayinləri aşılanır, sinkretik allahların (yunan-İran
allahlarının), xüsusən Herakl-Veretraqnanın (?) ibadətgahları tikilirdi. Kerefto
dağlarından bir yunan kitabəsi tapılmışdır ki, o kitabə hardasa Beotiyada da,
Arkadiyada da, yaxud hər hansı başqa bir yunan vilayətində də ola bilərdi. Aşkara
çıxarılmış məşhur avroman perqamentləri yunan dilinin, yazısının və hüquq
normalarının Mada-Atropatenaya, hətta onun kənd rayonlarına da çox dərin nüfuz
etdiyini göstərir. Bu dövr Yeni Mada çarlığının möhkəmlənməsi və onun
sərhədlərinin
genişlənməsi ilə səciyyələnir. Qonşu vilayətlərdəki yunan-
makedoniyalılar kimi, Atropatilər də geniş şəhərsalma işlərinə başlamışdılar.
Atropatenanın antik ənənə ilə salınan bir neçə şəhəri haqqında məlumatımız vardır.
Bunlar Qazaka, Fanaspa, Fraaspa, Aqanzana şəhərləri və Atropatena ərazisində
tapılmış bir neçə qədim yaşayış yeri, o cümlədən Mil düzündəki Təzəkənd yaşayış
yeridir. Qədim adlarını bilmədiyimiz, lakin ümumən antik dövrə aid olan bir neçə
başqa abidə də məlumdur.
Atropatena çarları özlərinin siyasi və iqtisadi mövqelərini möhkəmləndirərək
Suriya, erməni və Parfiya padşahları ilə qohum olurdular. Onların müttəfiqlik və
dostluq əlaqələri, çox güman ki, uzaq şimala - albanlara, sakesinlərə və müasir
Azərbaycan Respublikası ərazisində yaşamış digər tayfalara qədər gedib çatırdı.
Yeni Mada çarlığının hökmdarları, çox güman ki, o cümlədən Atropat özü
artıq IV əsrin lap sonunda İran satraplıqlarına yiyələnmiş Selevkin (302-281)
qəsdlərindən ölkəni nə yolla olursa-olsun qorumaq məcburiyyətində qalmışdılar.
234
Lakin Selevkin və hakimiyyətə onunla şərik olan Antioxun bütün ciddi-
cəhdlərinə baxmayaraq, e.ə. III əsrin ortalarına yaxın Selevkilər dövləti fəlakət
həddinə çatdı. Baktriya, Soqdiana və Parfiya əldən çıxdı. Tezliklə müstəqil Parfiya
dövləti meydana gəldi və ona Asiya tarixində mühüm rol oynamaq nəsib oldu.
Kaspi dənizini öyrənmək məqsədilə Heraklid (hələ Aleksandrın sağlığında) və
Patrokl (e.ə. təqribən 285-280-ci illərdə) tərəfindən təşkil edilmiş ekspedisiyaların
Mada-Atropatenaya necə təsir göstərdiyi barədə heç nə bilmirik. Demək lazımdır ki,
bu iki ekspedisiyadan heç birinin əməli əhəmiyyəti olmamışdı və Selevkilərin başı
digər işlərə elə qarışmışdı ki, Kaspiyə ekspedisiyalar göndərmək onların gözünə
görünmürdü.
Aleksandrın parçalanmış monarxiyasını yenidən bölmək uğrunda mübarizə e.ə.
bütün III əsr ərzində ara vermədi. Diadoxları (hərfən: varislər) epiqonlar (hərfən:
sonra doğulmuşlar, törəmələr) əvəz etdi. Aleksandrın sərkərdələrinin - Ptolemeyin,
Selevkin və b. varisləri Kiçik Asiyada, Suriyada, Finikiyada, Yunanıstanda,
Makedoniyada rəqabəti davam etdirirdilər.
Atropatdan və onun zamanındakı hadisələrdən sonra yazılı qaynaqda
Atropatenanın adı ilk dəfə e.ə. III əsrin iyirminci illərində çəkilir. Söhbət Polibinin
əsərinin bir parçasından gedir.
E.ə. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz Arazın yalnız
cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan "ən qüdrətli və ən müdrik
hökmdarı", "atropatilər və onlarla həmsərhəd xalqlar üzərində" [Polibi] hökmranlıq
edən Artabazanı görürük. Polibinin dediyinə görə, Artabazanın dövləti Kaspi
dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı; beləliklə, Ermənistanı və İberiyanı
da, hər halda onların müəyyən bir hissəsini əhatə edirdi. Bu vilayət, yunan müəllifinin
(Polibinin) təsdiq etdiyinə görə, "...Midiya ilə yanaşı olub ondan dar silsiləsi ilə
ayrılır, onun bəzi hissələri Fasisdən (Rionidən - məsul red.) yuxarıdakı yerlərdə
Pontun (Qara dənizin - məsul red.) üzərində yüksəlir; digər tərəfdən o, Hirkan (Kaspi
- məsul red.) dənizinə qədər çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə
üçün daha nə lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır".
Gürcü mənbələrinə görə, e.ə. III əsr Kartli (İber) çarlığı tarixində "fars" elementlərinin
(bu adın altında Atropatena midiyalılarını düşünmək lazımdır) üstünlüyü dövrü
olmuşdur. Məhz bu zaman Atropatena ilə Ermənistan arasında sıx siyasi, mədəni və
digər əlaqələr yaranır. Bu dövrün erməni əyanları arasında anadangəlmə
atropatenalılar az deyildi. Atropatena və erməni kübarları arasında nikah əlaqələri isə
adi hal idi. Ermənistanla münasibətlər heç də həmişə rəvan olmurdu. Dostluq, nikah
əlaqələrini, ənənəvi mədəni-iqtisadi təmasları bir çox hallarda açıq düşmənçilik,
bəzən hərbi toqquşmalar dərəcəsinə çatan düşmənçilik əvəz edirdi. E.ə. III əsrin sonu
II əsrin əvvəlində məhz belə olmuşdu. O zaman şiddətli çarpışmalar nəticəsində
Ermənistan taxt-tacına nəinki Atropatena dairələri ilə sıx əlaqə saxlayan, hətta bəlkə