293
xüsusilə cəlb edir. Sabirabad yaxınlığında küp qəbirlərdən tapılan keramika qatışığı az
olan gildən hazırlanmışdır. Həm qara, həm açıq rəngli keramikanın gil kütləsinin
keyfiyyəti eynidir, hər ikisinin tərkibində silisium, alüminium, dəmir, kalsium,
maqnezium, oksigen, kükürd və başqa elementlər vardır; qara keramikanın gil kütləsində
alüminium daha çoxdur. Küp qəbirlər keramikasının yayıldığı zona üçün tərkibində
xırdadənəli və iridənəli qumdan ibarət az miqdar yağsızlaşdırıcı olan açıq rəngli gil
səciyyəvidir.
Həm təsərrüfat, həm də qəbir küpləri istehsalında istifadə edilən iri ölçülü
məmulat üçün çoxlu yağsızlaşdırıcı işlədilirdi. Kiçik ölçülü keramika məmulatına isə,
əksinə, yağsızlaşdırıcı az tətbiq edilirdi. Böyük küplər hazırlananda gil kütləsinə yalnız
iridənəli qum deyil, həm də şamot-döyülmüş saxsı qatırdılar. Çiy kərpic qəbirlərin
zonasına gil Gəncəçay vadisindən gətirilirdi. Bu gildən hazırlanan məmulatın rəngi tünd
boza çalırdı, çox vaxt qabın üstü başdan-başa tünd xallarla örtülürdü. Keramikanın
texnoloji xüsusiyyətlərinin öyrənilməsi göstərir ki, dəfn mərasiminin hər növü üçün
özünəməxsus hazırlanma texnikası olan gil qab səciyyəvidir ki, bu da qədim Qafqaz
Albaniyasının mədəniyyətlərini bir-birindən fərqləndirməyə imkan verir.
Kirəmitçilik saxsı qab istehsalı ilə sıx bağlıdır. Çaqqallıda (Qəbələ zonası)
qazıntı zamanı çoxlu bütöv kirəmit və külli miqdarda kirəmit qırıntıları tapılmışdır.
Bunlar yastı solenlərdir (təqribən 64/66x40/46x3 santimetr). Habelə ikienişli (təqribən
70/74x44/42x2 santimetr) və novlu (təqribən 55x26/30x2 santimetr) kalipterdir. İstehsal
prosesində hazır gil kütləsindən arzu olunan kirəmit alınır, qurudulur və keramika
sobasına qoyulurdu. Açıq boz və açıq qırmızı rəngli kirəmitlər yaxşı duruldulmuş açıq
rəngli gil ilə cüzi miqdarda yağsızlaşdırıcının qatışığından hazırlanırdı. Dulusçular
çəkisi çox ağır gələn (təqribən 12-15 kiloqram), lakin əla dam örtüyü olan kirəmit
bişirirdilər. Xınıslıda kirəmit qırıqları aşkar edilmişdir. Seyidtala qədim şəhər
xarabalığında da bu cür kirəmit (62x43x2,5) tapılmışdır. Belə solenlər və novlu
kalipterlər Mollaisaqlıda və Şıxdərə Kəlləsində də aşkara çıxarılmışdır.
Bişirmə sobalarında daha kiçik gil əşyalar: iy, qursa, ayin əhəmiyyəti olan kiçik
gil heykəlciklər də bişirilirdi. Qədim Albaniya qəbiristanlarında və məskənlərində tapılan
keramika məmulatının, habelə dulus sobalarının kütləvi xarakter daşıması qədim
Qafqaz Albaniyasında keramika istehsalının geniş miqyas aldığını göstərir.
Mis filizi çıxarılan qədim mədənlərin mövcud olması, arxeoloji qazıntılar zamanı
çoxlu metal məmulat tapılması göstərir ki, qədim Qafqaz Albaniyasında əmək alətləri,
silahlar və bəzək şeyləri istehsalı yüksək sənətkarlıq səviyyəsində aparılırmış.
Qəbirlərdə aşkara çıxarılan əşyalar ölkədə dəmir, tunc, qızıl və gümüş məmulatı
istehsalının inkişaf etdiyini təsdiqləməyə, albanların metalişləmə üsulları haqqında
mühakimə yeritməyə imkan verir.
Qədim Albaniyada metaldöymə, metalda naxışaçma və qəliblərə metaltökmə geniş
yayılmışdı. Metal iki üsulla-qızdırılaraq və ya soyuq-soyuq döyülürdü. Birinci üsulla
294
işləyəndə metalı kürədə qızdırıb zindanda bir və ya bir neçə çəkiclə döyürdülər-qədim
albanlar və qonşuları dəmiri əsasən bu cür emal edirdilər. İstidöymə üsulu bir çox
əmək alətləri və silahlar istehsalında tətbiq edilirdi. Albanlar qəbirə çox zaman ölü ilə
birlikdə oraqlar və oraqşəkilli bıçaqlar, habelə xəncərlər, qılınclar, yabalar, ox, nizə və
mizraq ucları da qoyurdular. Albaniya qəbirlərindən tapılmış çoxlu üzüklərdə, sırğalarda,
qolbaqlarda, toqqalarda, tökmə, döymə və digər proseslərin birgə tətbiqi ilə hazırlanmış
digər bəzək əşyalarında isti emalın izləri vardır. Bəzək şeylərinin ayrı-ayrı hissələri çivi
və ya lehim ilə birləşdirilirdi. Bəzək şeylərinin xeyli hissəsi - sırğalar, üzüklər, qolbaqlar,
boyunbağılar, zınqırovlar - soyuq emal üsulu ilə hazırlanırdı. Emalın başqa bir üsulu
metalda naxışaçma idi. Hazır metal məmulatın naxışlarını rəsm əsasında üst və ya alt
üzündəki alətə zərbə vura-vura həkk edirdilər. Metalda naxış açmaq texnikası haqqında
müxtəlif qəbirlərdə aşkar edilmiş azsaylı əşyalara - sikkələrə, yüksək əyarlı qızıldan
düzəldilmiş nazik lövhəciklərə görə mühakimə yürütmək olar. Metal emalının ən çox
zəhmət tələb edən üsullarından biri açıq və ya açılıb-örtülən qəliblərə metal
tökülməsidir.
Tunc, gümüş və qızıl əşyalar qədim alban ustalarının zərgərlik sənətinin
texnologiyasını ətraflı izləməyə imkan verir.
Antik Albaniyada sənətlərin digər növləri də inkişaf etmişdi. Arxeoloji material
sümükişləmə və ağacişləmə sənətinin səviyyəsi haqqında mühakimə yürütməyə imkan
verir. Daşişləmə sənətinin inkişaf etməsi də şəksizdir.
Təəssüf ki, antik Albaniyada toxuculuq haqqında məlumatımız kasaddır. Şübhə
yoxdur ki, burada qoyun və dəvə yunundan istifadə olunurdu. Qazıntılar zamanı çoxlu
qırxılıq tapılmışdır. Bu cür dəmir qırxılıqlar Azərbaycanda indi də tətbiq olunur. Elian
Kaspiana ərazisində yun və yun paltar istehsalı haqqında məlumat verir: "[onlarda] dəvə
olduqca çoxdur... gözəl yunu vardır; dəvə yunu çox zərifdir, belə ki, yumşaqlıq cəhətdən
hətta Milet yunundan da geri qalmır. [Bu yundan] tikilmiş paltarı hiyerevslər və ən varlı
kaspilər geyirlər...". Görünür ki, dəvə yunundan olan paltar yüksək qiymətləndirilirdi və
yəqin ki, alver malı idi.
İplik istehsalının başqa bir mənbəyi kətan idi. Qabığı o qədər bərk olmayan bu
biçimli, elastik, gövdəsi kövrək bitkiyə insan çoxdan diqqət yetirmişdi. İstehsal
prosesində kətanı əvvəlcə əlləri ilə didir, sonra lifindən sap eşir və yalnız bundan sonra
iyə sarıyırdılar.
Kətan parçalardan qədim Qafqaz Albaniyasında geniş istifadə olunurdu. Küp və
çiy kərpic qəbirlərdən tapılmış əl və ayaq bilərziklərində oksidləşmə nəticəsində
parçanın aydın izləri qalmışdır. Mingəçevirdə qoşa küp qəbirlərin birində sap qalıqları
ilə birlikdə piləklər aşkar edilmişdir. Tədqiqat göstərmişdir ki, Mingəçevirdə tapılan
parça qırığı nazik kətan parçanın kəsiyidir. Başqa bir qəbirdə gümüş toqqa üzərində kətan
parçanın qalıqları aşkar edilmişdir. Xınıslıda dəmir toqqada parça qırıqları qalmışdır.
Mingəçevir küp qəbirlərindən tapılan kətan parça hər sırada arğacı bir ərişin üstündən