162
vardır. Bu dəbilqənin formasında e.ə. VII əsrin ortalarına aid Aşşur relyefındə təsvir
edilən Elam döyüşçüsünün başından yerə düşmüş dəbilqəyə oxşarlıq tapırlar.
Döyüşçünün geyiminə dəriyə və parçaya bənd etmək üçün deşikləri olan tunc
çiyinliklər də daxil idi.
Metal məmulat parçalara sancılan xeyli miqdarda müxtəlif qabarıq bəzək
şeyləri ilə, həmçinin düymələr, pərçimlər, sancaqlar və s. ilə təmsil olunmuşdur.
Qızıl və gümüş məmulat da sənətkarların yüksək məharətinə gözəl misaldır.
Yuxarıda adını çəkdiyimiz qızıl cam, bir də gümüş qədəh xüsusilə maraqlıdır. Qızıl
camın üzərində allahlara qurbanvermə mərasimi, miflərdən və görünür, əhali arasında
geniş yayılmış dastandan ayrı-ayrı səhnələr təsvir edilmişdir. Gümüş qədəhin
üzərindəki təsvirlər, ehtimal ki, qələbə səhnəsini əks etdirir. Cəng arabasının ardınca
məğlublar gedirlər, hər iki məmulatdakı təsvirlərdə eyni kompozisiya üsulundan
istifadə edilmişdir.
Üzərində qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri olan Marlik qızıl
qabları maraqlıdır. Birinin üzərində dirilik ağacının yanlarında qanadları olan dörd
öküzün təsviri vardır; onların 2 santimetr qabağa çıxan relyefli başları, qabın gövdəsi
ilə birlikdə, döymə üsulu ilə bütöv bir əşya kimi düzəldilmişdir.
Eyni bir əşyanı bir neçə metaldan hazırlamaq metodu məharətlə tətbiq edilirdi.
Marlikdə gövdəsi gümüş, lüləsi qızıl qab tapılmışdır. Ziviyə dəfinəsinin əşyaları
arasında qızıl inkrustasiyalı gümüş boşqab vardır. Həsənlidə qoç başı formasında bir
mis riton tapılmışdır. Qoçun gözləri, qaşları və burun pərələrinin üzərindəki zolaqlar
mavi pasta ilə inkrustasiya edilmiş, buynuzları gümüş folqa ilə örtülmüşdür. Ritonun
çənbəri heyvan təsvirlərindən ibarət olan gümüş frizlə bitir.
Zərgərlik məmulatından mis, tunc, gümüş və qızıl boyunbağılar, sırğalar,
bilərziklər, kəmərlər, qızıldan, serdolikdən (əqiqdən), balıqqulağından düzəldilmiş
çoxlu muncuq vardır. Bu bəzək şeyləri müxtəlif üsullarla: ştamplama, yivaçma,
tökmə, deşmə üsulları ilə hazırlanır, həmçinin burulmuş tunc və qızıl məftildən
istifadə olunurdu.
Həm qəbirlərdən, həm də yaşayış yerlərindən tapılmış keramika sayca çox,
forma və keyfiyyətcə rəngarəngdir. Həsənlidə qazıntı zamanı aşkar edilmiş "Sənətkar
evi" adlandırılan tikilidə metal məmulat hazırlamaq üçün lazım olan alətlərdən başqa,
həyətdə keramika bişirmək üçün soba da tapılmışdır. Hazır məmulat həmin evin
damında qurudulurmuş.
Bu dövrdə qapalı sobalarda, azaldılmış atmosfer təzyiqi altında qara-boz
keramika bişirmək ənənəsi davam etdirilirdi.
Sadə həndəsi rəsmlərlə bəzədilmiş, ilgəkvari qulpu olan uzun lüləli
pardaqlanmış qara rəngli "çaydanlar", badələr, piyalələr və kuzələr o dövr üçün
səciyyəvidir.
163
Oxşar çaydanlar qazıntı zamanı Həsənlidən, Göytəpədən, habelə Naxçıvan
MR-də Qızılvəngdən, Muncuqlu təpədən də tapılmışdır.
E.ə. I minilliyin əvvəlindən Urmiya hövzəsi vilayətlərinin Aşşur ilə qarşılıqlı
münasibətlərinin intensiv vaxtında şirli keramikadan hazırlanan əşyalar da meydana
gəlir. Məlum olduğu kimi, aşşurlular bu növ keramika hazırlamaqda hələ orta Aşşur
dövründən kamilləşmişdilər.
Daşişləmə sənəti üçayaqlı dövrə, mərmərdən hazırlanmış əsa başı, gözəl
alebastr qabla təmsil olunmuşdur. Daşdan yonulmuş silindrşəkilli möhürlər incəliyi
ilə fərqlənir; bunların bir qismində ov səhnələri, diz çökmüş oxatanların və müxtəlif
heyvanların fiqurları təsvir olunmuşdur. Həmin möhürləri son Aşşur dövrünə aid
edirlər. Dirilik ağacı və yanlarında keçilər təsvir edilən başqa tip möhürləri e.ə. II
minilliyin ortalarından I minilliyin əvvəlinədək Yaxın Şərqin əksər hissəsində
yayılmış Mitanni üslubu deyilən üslubla əlaqələndirirlər.
Gil kimi ağac və sümük də təsərrüfatda istifadə edilən əsas materiallardan idi.
Qalıqların tədqiqi göstərir ki, burada qovaq, sərv, qarağac, yemişan, alma və armud
ağaclarından istifadə edilirmiş. Bərk oduncaq növlərindən yaşayış evləri tikintisində
tir kimi istifadə olunur, nizə, toppuz və ox sapları hazırlanırdı. Müxtəlif əşyaların
gövdəsi ağacdan yonulur, sonra üstünə metaldan üz çəkilirdi.
Ağacdan yonulmuş atlı heykəlciyi Həsənlidə ağac oymaçılığı sənətinin
nümunəsidir. Ağacdan düzəldilmiş adam başı da qalmışdır; uzun ensiz sifəti, çox
qabağa çıxan burnu vardır, qaş-gözü inkrustasiyalıdır.
Həsənlidən həmçinin bir neçə müxtəlif parça qırığı, o cümlədən zərif və cod
parça qırıqları tapılmışdır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, bu parçalar
qoyun və ya keçi yunundandır. Parça əriş və arğac saplarını bir-birinə keçirmə metodu
ilə toxunurdu. Parçaların bir qismi xovlu idi - saçaqlısı da olurdu, saçaqsızı da. Bəzən
xovun uzunluğu üç santimetrə çatırdı. Parça nümunələrindən birinin saçağı ilməkvari
düzəldilmişdir.
Marlikdə də kiçik parça kəsikləri, adi və eşmə kəndir qalıqları tapılmışdır.
Həsənlidə və Marlikdə aşkar edilmiş parça qalıqları öz vaxtına və yaxşı
qalmasına görə Ön Asiya parçaları arasında nadir tapıntılardır. Yazılı qaynaqlardan
bilirik ki, e.ə. IX əsrdə II Aşşurnasirapal Zamuadan bac olaraq yun və yun parçadan
tikilmiş əlvan paltar alırdı. Belə şeylərin bac olaraq alınmasına çox nadir hallarda
təsadüf edilir və yalnız II Sarqon Musasirdə "Urartu və Xabxi ölkəsinin ala-bəzək
kətan geyimlərini, tünd-bənövşəyi rəngdə boyanmış yun, al-qırmızı paltar üçün
yununu" ələ keçirməyindən danışırdı.
Həsənli sakinlərinin geyimi bizə bəzək şeylərində təsvir edilmiş şəkillərdən
tanışdır. Görünür, məşğuliyyət növündən və sosial vəziyyətdən asılı olaraq adamların
geyimi də müxtəlif idi. Adətən ətəyi topuğa çatan qısaqol paltar geyirdilər; paltarın
ətəyi və qolları saçaqlı olurdu. Üstdən bellerinə enli kəmər bağlayırdılar.