262
Lakin göstərmək lazımdır ki, birincisi, Kerefto yazıları kimi yazılar yalnız
yaşayış binalarında tətbiq edilmirdi. Bu cür formullar məqbərələrdə, qəbirüstü daş
lövhələrdə, ictimai binalarda, habelə dini mahiyyətli memarlıqda da məlumdur.
İkincisi, kompleksin bu cür funksional təyinatlı halında sərhəd məntəqəsini
"təcrid olunmuş yerdə, böyük yollardan kənarda" yerləşdirmiş rəhbərliyin məntiqi
tamamilə anlaşılmazdır. Çünki düşmən müdaxilələrini yalnız böyük yolların mövcud
olduğu yerlərdə gözləmək olardı.
Ətrafda yaşayan əhalinin bayramlar keçirmək və qurban vermək üçün toplaşa
biləcəyi Kerefto kimi bir yerdə sitayiş obyektinin əsasının qoyulması fikrinin həqiqətə
daha yaxın olduğunu güman etmək olar. Müxtəlif tanrılara həsr edilmiş mağara tipli,
sitayiş təyinatlı tikililər nəinki Şərqdə, habelə Yunanıstanda da geniş yayılmışdı. Özü
də onların hamısı Pavsaninin təsvirinə [X, XXXII, 5] görə, şəhərlərdən və başqa
yaşayış məntəqələrindən çox uzaq məsafədə (30-dan 150 stadiyə qədər; stadi =
184,97 metr) yerləşirdi və çox zaman "mağara" tikililəri adlanırdı.
Kompleksin binalarından birində su mənbəyinin olması həmin yerin müəyyən
qədər "müqəddəs" olduğu haqqındakı fikrə də sövq edir. Artıq bu cəhətə diqqət
yetirilmişdir. Həmin cəhət belə fərziyyə irəli sürməyə imkan verir ki, burada "Şərq
Heraklı"na sitayişdən başqa "səma suyu" ilahəsi hesab edilmiş Anahitə də sitayiş
vardı. Maraqlıdır ki, Strabon [XI, 7, 5] Knidli Evdoksa istinad edərək Hirkaniya
olmuş mağaralar haqqında məlumat verir. Onun məlumatına görə, bu mağaradakı
çaylar birbaşa dənizə axır və yerli sakinlər qurbanlar verilməsi üçün mağaralara
gəlirlər.
Qeyd etmək lazımdır ki, Herakla bənzər tanrılara sitayiş Şərqdə geniş
yayılmışdı. İran Veretraqnası, Babil Nerqalı, erməni Vaxaqnı və b. bu qəbildəndir.
Antik Ermənistanda (Taron vilayətindəki Aştaşatda) hətta yüksək təpədəki mağarada
yerləşmiş Herakl-Vaxaqn məbədi məlumdur.
Heraklın özünə sitayişə gəldikdə isə o, Makedoniyalı Aleksandrın
yürüşlərindən sonra bütün Şərqdə geniş yayılmışdı.
Biz bu qəhrəman təsvirlərinə hellinizm və Parfiya dövrünün sikkələrində də
təsadüf edirik. Onun surəti təsviri incəsənətdə və heykəltəraşlıqda geniş yayılmışdı.
Bəzi müəlliflər Kereftodakı məbədi Tasitin xatırlatdığı [Annallar, XII, 13]
Sanbulos dağında yerləşən səcdəgahla eyniləşdirirlər. Bu fikir şübhə doğurur.
Görünür, Sanbulos dağı Behistun (Bisütun) dağıdır. Bu dağda "dincələn Heraklın"
təsviri, Qotarzın Meherdat üzərindəki qələbəsini təsvir edən relyef (Tasitdə məhz bu
iki rəqibin mübarizəsindən danışılır), Herakl Kallinikə həsr olunmuş yazı vardır.
Kereftodakı yazının mətni, habelə qədim dünyanın müxtəlif bölgələrində
bənzərləri olan memarlıq kompleksinin planı belə bir fikir yaradır ki, burada Herakla
və yaxud Mada Atropatenada sinkretik (Herakl-Veretraqna?) yunan-İran tanrısına
sitayişin kifayət qədər erkən təzahürləri mövcud olmuşdur.
263
Başlıca olaraq yazının paleoqrafiyası əsasında, habelə memarlıq üsullarına
görə kompleksi e.ə. IV əsrin sonuna - III əsrin əvvəlinə aid etmək, yəni onun Mada-
Atropatena dövlətinin mövcudluğunun başlanğıc dövrünə aid olduğunu göstərmək
olar.
Qədim Atropatena ərazisində aşkar olunmuş ayrı-ayrı memarlıq detalları
içərisində sütunların daş altlıqları daha çoxsaylı qrupu təşkil edir. Onların bütöv bir
qrupu (17 ədəd) Leylan kəndindəki 3 müasir məscidin qurğularında ikinci dəfə
istifadə olunarkən qeydə alınmışdır. Bütün bu sütun altlıqlarında (qismən kobud
şəkildə hazırlanmış, qismən isə çox yaxşı emal edilmiş) tipik İran formaları nəzərə
çarpır, onların 3-ü isə şübhəsiz, Parfiya dövrünə aiddir. Həmin sütun altlıqları mənşəcə
Əhəmənilər dövrünün pilləli sütun altlıqlarına gedib çıxır və Sultanabadla Qum arasındakı
Hürra adlı yerdən aşkar olunmuş sütun altlıqlarına tamamilə oxşayır.
Sütun altlıqlarının tək-tək nümunələri Qaleoğlu, Qaleye-Zöhhak, Xoy
yaxınlığındakı Biləvar, Təzəkənd qədim şəhər yerlərində və bir sıra başqa məntəqələrdə
tapılmışdır.
Memarlıq bəzəklərinin çoxsaylı parçaları Qaleye-Zöhhakda Parfiya dövrünə aid
olan sarayın mövcudluğu güman edilən yerdə qeydə alınmışdır.
Kirəmit dam örtüyünün (solenin) qırıntısı da burada tapılmışdır. Bu tapıntı Qaleye-
Zöhhakda mövcud olmuş binaların bu cür örtüklərlə örtülməsini güman etməyə imkan verir,
görünür, kirəmit örtmə üsulu Hellinist inşaat təcrübəsindən əxz edilmişdir.
Qeyd olunmuş memarlıq qalıqları və inşaat materialları Qaleye-Zöhhak şəhər
yerinin şimal təpəsində olan arxeoloji kompleksin saray xarakteri haqqındakı nöqteyi-
nəzəri təsdiqləyir.
Keramika. Tədqiqatçılar tərəfindən yaşayış məskənlərindən və qəbirlərdən
əldə olunmuş zəngin və rəngarəng saxsı materialı Atropatenada keramika istehsalının
geniş şəkildə inkişaf etdiyini və yerli sənətkarların-dulusçuların yüksək səviyyəli
ustalığını təsdiq edir. Keramika həm formaların müxtəlifliyi (kuzələr [çox hallarda
burunlu], güldanlar, nimçələr, bardaqlar, möhtərlər və b.), həm də məmulatın yüksək
keyfiyyəti ilə seçilir. Qabların əksəriyyəti yaxşı çökdürülmüş gildən hazırlanmış, bərabər
yandırılmışdır. Qablar qırmızı, sarıya çalan açıq-qəhvəyi və yaxud boz-qara rənglidir.
Anqob və cilalama geniş surətdə tətbiq edilirdi. Qırmızı boya ilə zəncir, həndəsi fiqur,
çiçək motivləri və s. şəklində naxışlanmış qabların (əsasən kuzələrin) çoxsaylı qrupu
mövcuddur. Boyalı keramika ilə yanaşı, ştampla naxışlanmış keramik formalara da
təsadüf olunur. Minalanmış qablar ayrıca qrupu təşkil edir.
Keramika materialının artımı ilə əlaqədar olaraq keramikanın bu və ya digər
qrupunun mövcudluğunda müəyyən dövrlərin, mərhələlərin ayrılması imkanı yarandı ki, bu
da, şübhəsiz, sonralar Atropatenanın keramika məktəbinin yaranmasına gətirib çıxarmalı
idi.