260
olmuş memarlıq prinsiplərinin az və ya çox dərəcədə tam mənzərəsini verir: mülki
xarakterli yaşayış yerinin nümunəsi kimi Qaleye-Zöhhak və məbəd qurğusu olduğu
güman edilən, Təkab yaxınlığında yerləşən Kerefto (Karafto, Karaftu) qaya
kompleksi.
İki təpədən və onların arasındakı çökəkdən ibarət olan Qaleye-Zöhhak qədim
şəhər yeri şimaldan cənuba təqribən bir kilometrlik ümumi uzunluğa malikdir və
Əhəmənilərə qədərki dövrdən islam zamanınadək müxtəlif vaxtlarda tikilmiş
qurğuları özündə ehtiva edir. Şimaldakı təpə qədim şəhər yeri həyatının Parfiya
dövrünə aiddir. Bu təpə e.ə. II-I minilliklərə aid olan məskən izlərini saxlamış
çökəkdən ayrılmışdır. İkinci təpədə Sasanilərin hakimiyyəti dövründə tikilmiş qala
qurğuları vardır. Bu qala qurğuları yonulmamış daşlardan bərkidici məhlul olmadan
hörülmüşdür, diizbucaqlı qüllələrə malikdir. Bu divarın qərb qurtaracağında, Keranku
çayı tərəfdəki yerdə qala qapılarının izləri nəzərə çarpır. Görünür bütün təpənin
müdafiəsi üçün təqribən tam şəkildə qalmış, daha erkən zamanlarda tikilmiş qala
divarından istifadə edilirdi. Divarın xarici tərəfindən, düz qala qapılarının qarşısında
yonulmamış daşlardan tikilmiş ayrı-ayrı binalar görünməkdədir. Divarın daxili
tərəfindəki binalar kompleksi böyük ərazidə yerləşmişdir ki, bu da tədqiqatçının
fikrincə, kompleksin saray xarakteri daşıdığını təsdiqləyir.
Qaleye-Zöhhak qədim şəhər yerinin daha mühüm və yaxşı hifz edilmiş
qurğusu pavilyondur. Pavilyon saray kompleksindən cənub-qərbdə yerləşir və həmin
kompleksdən terrasla ayrılmışdır. Plan baxımından kvadrat təşkil edən (daxili ölçüləri
5,90x5,80 metr) pavilyon yonulmamış daşlardan olan özül üzərində yanı üstə
qoyulmuş kərpiclərdən (32x32x6-33x33x6 santimetr) tikilmişdir. Tağları olan daxili
binanın hündürlüyü 9,40 metrə (çəlləyin zirvəsinədək), pavilyonun ümumi
hündürlüyü isə 12 metrə, eni 8,90 metrə çatır. Pavilyona girişin eni 2,50 metrdir və bu
giriş şimal-şərq tərəfdə yerləşir. Cənub-qərb və şimal-qərb tərəflərdən pavilyon 4
metrdən artıq eni olan yarımdairəvi tağlarla çay vadisinə açılır. Cənub-şərq tərəfdən
isə pavilyon bağlıdır və belə hesab edirlər ki, bu cəhət pavilyonun atəşpərəstlik
məbədi və yaxud çahartaq kimi ibadət obyekti olduğu fikrini təkzib edir. Eyni
zamanda pavilyonun çayın sıldırımlı sahilində, dərin dərənin qarşısındakı uca
qayalığın üzərində yerləşməsi onun saray strukturunda görkəmli funksiyaya malik
olduğunu göstərir.
Daxili və xarici tərəflərdən divarların üzərində, divar oyuqlarında, habelə
tağların daxili səthində bəzi yerlərdə boya təsvirlərinin izləri olan suvaq qalmışdır.
Həmin təsvirlər qadın başcıqlarının əks olunduğu kesson, meandr ornamenti, relyef
şəklində verilmiş qıvrımşəkilli bəzək rəsmlərindən və s. ibarətdir. Pavilyon İranın,
xüsusilə Əhəmənilər dövrünün tikinti ənənəsinə uyğun gələn üçpilləli merlonlara
malik olan dişli məhəccərlə başa çatır.
261
Pavilyonun həm Ön Asiyanın, həm də Romanın memarlığı ilə bənzərliklərə
malik olan memarlıq xüsusiyyətləri (Aşşurdakı və Kuhi-Xocadakı saraylar, binaların
daxilindəki memarlıq detallarının profilləri, dekor və s.), habelə keramika
fraqmentləri onu Parfiya dövrünə, daha dəqiqi eramızın I əsrinə aid etməyə imkan
verir.
Müasir İranın Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin sərhədində,
Kerefto dağlarında həm özünün memarlığı, həm də otaqlardan birinə girişin üzərində
həkk olunmuş yunan apotropeik yazısı ilə nəzəri cəlb edən qaya kompleksi yerləşir.
Yazının mətnində deyilir: "Burada Herakl yaşayır, hər cür pislikdən uzaq olsun".
Qayalıqda oyulmuş otaqlar bir-birilə birləşən iki səviyyədə yerləşir.
Kompleksin hazırda qayalığın dibindən təqribən 9 metr hündürlükdə olan girişi
ümumi uzunluğu 18,60 metr olan, suvanmış tağlı tavanlara malik bir neçə otaqlı,
apsidalı otaqla başa çatan aşağı mərtəbəyə aparır. Aşağıdakı ansambl yuxarı mərtəbə
ilə dəhliz vasitəsilə birləşir. Həmin dəhliz daha sonrakı, islam dövründə inşa edildiyi
güman olunan 3 aralıq otaqdan keçir. Geniş dəhliz, divar oyuqlarında hər iki tərəfdən
suflar əlavə edilmiş və arxasında bir-birinə düz yolu olan üç yanaşı otaq birinci
mərtəbəni təşkil edir. Geniş dəhlizdən qapı ilə (1,80x1,10 metr) ayrılmış otaqlardan
birinin üzərində yuxarıda adı çəkilmiş yazı vardır. Görünür, bu və ondan sonrakı otaq
daxildən ağır siyirmə vasitəsilə bağlanırdı. Həmin otaqlarda qapılardan solda
düzbucaqlı oyuqların olması bunu təsdiq edir. Yazının olduğu otaqda yuxarı
fassiyasında dişciklər və dairələr şəklində olan friz yerləşmiş pəncərələr qalmışdır.
Kereftodakı bu mağara tipli tikilinin funksional təyinatına dair ədəbiyyatda iki
nöqteyi-nəzər irəli sürülmüşdür. Tədqiqatçıların bir qismi onun sitayiş təyinatlı tikinti
olduğunu iddia edir. Digər tədqiqatçılar isə əksinə, qayalıqlarda oyulmuş otaqlar
kompleksinin mülki səciyyə daşıdığını söyləyirlər. Onlar belə hesab edirlər ki, bu
kompleks yunan hərbi hissəsinin yerləşdiyi obyekt olmuşdur və Böyük Madanın
şimal sərhədlərinin onu əhatə edən "barbar" xalqlardan müdafiəsi həmin hərbi
hissənin vəzifəsi olmuşdur.
Kereftonun yaşayış kompleksi olduğunu iddia edən alimlər qeyd edirlər ki,
Heraklın adı olan apotropeik formul həmişə şəxsi evə girişin üzərində yerləşir və bir
növ tanrının himayəsi altında olan yaşayış yeri ilə əlaqələndirilmiş xeyir-duadır.
Bu nöqteyi-nəzərin tərəfdarları habelə Kerefto kompleksinin təcrid halında
olduğunu, kompleksin böyük yollardan kənarda yerləşdiyini, yalnız otlaq yeri kimi
istifadə oluna biləcək, kasıb bitki örtüyünə malik olan ərazidə qərarlaşdığını qeyd
etmişlər.
Deyilənlərdən
belə
nəticə
çıxarılır ki, burada sitayiş obyektinin
əsasının qoyulması qeyri-mümkün idi və Kereftodakı tikili mülki xarakter daşıyırdı.