276
başında Ahura Məzda (sonralar Ahuramazda, Ormuzd), şər qüvvələrinin başında
Anhra Maynyu (sonralar Ahriman) durur. Zərdüştə görə, Şər düşərgəsinə düşmüş
qədim naturalist tanrılara-dayvalara (dev, div) qarşı ali hakimiyyətə malik olan
tanrılar-ahurlar durmaqdadırlar. Zərdüştün təlimində bütün dünya ikiləşmiş, ikiyə
bölünmüş sferalar kimi nəzərdən keçirilir: gerçək, dünyəvi, maddi aləm və ruhani, o
biri dünyaya məxsus olan və xəyali sferalar. Əsas diqqət dünyəvi aləmə yetirilir.
Zərdüştün dualizmi onun ictimai və təsərrüfat idealının təsdiqinə xidmət edir. Yerdəki
həyat haqqındakı təsəvvürlər bütün Kainata şamil edilir. Səmalardakı dualizm yerdəki
dualizmin, yerdəki antaqonizmlərin yalnız proyeksiyasıdır (inikasıdır). Zərdüştiliyin
nikbin təliminə əsasən həqiqi inam tərəfdarlarının birgə səyləri nəticəsində sonluqda
xeyir qələbə çalır. Xeyir qüvvələrinin zəfərini ifadə edən yeni dünya gəlir. Bu
mübarizədə seçkisində azad olan insan mühüm yer tutur (İnsan bu mübarizədə istədiyi
tərəfdə mövqe tuta bilər). İnsan Xeyirin, Həqiqətin və İşığın Şər, Yalan və Zülmət
üzərində qələbəsinə fəal surətdə yardım etməlidir. "Xeyirli fikir", "xeyirli söz" və
"xeyirli əməl" bu mübarizədə insanın başlıca silahlarıdır. Təlimin ruhundan aydın
olduğu kimi, insan Zülmət üzərində qələbəyə mərasim və dualarla deyil, daha çox
həyat tərzi ilə - kənd təsərrüfatında səylə məşğul olmaqla, maddi nemətlərin
artırılması, torpağın çalışqanlıqla becərilməsi, mal-qaraya qayğılı münasibətlə yardım
etməlidir. Avestaya görə, taxılın becərilməsi şər başlanğıca zərər gətirir və xeyirin
işini 10000 duanın oxunuşu qədər irəliyə aparır. Adi xeyirli əməllər - əliaçıqlıq,
düzlük, müqaviləyə sədaqət də nəzərdə tutulurdu. Asketizm zərdüştilik üçün həmişə
yad olmuşdur. Nikahda olmamaq, evlənməmək ən ağır günah hesab edilirdi.
Qatlarda insan konsepsiyasını nəzərdən keçirərkən tam müəyyənliklə
göstərmək lazımdır ki, Qatlardakı insan-əkinçi və köçəri bədii təxəyyülün mərkəzində
duran, fəaliyyət göstərən subyekt deyildir: o, Qatların tərtibçisinin diqqət mərkəzində
duran tanrıların yalnız təsir obyekti kimi mövcuddur. İnsanlar arasında Qatların
tərtibçisini yalnız hökmdarlar, rəhbərlərin, hakimlərin və kahinlərin "fövqəlinsan"
Surətləri cəlb edir. Əgər "zəif insan" fəallığa cəlb olunursa, bu halda həmin insan
yalnız tanrıların xidmətçisi, səma və dünyəvi qüvvələrin iradəsinin icraçısı rolunda
olur. İnsana xeyirli, habelə tanrılara xidmət edən və onlar tərəfindən himayə olunan
mal-qaradan bir qədər yuxarıda yer verilir.
Beləliklə, Qatlarda insan konsepsiyası özünün bütün ibtidai sadəlövhlüyü ilə
artıq insanı bu dünyanın və səmanın güclülərinə xidmət üçün yaranmış varlıq kimi
qiymətləndirən dini traktovkadır. Buradakı insan öz mənafeyi naminə fəaliyyət
göstərən varlıq deyil, (mal-qara kimi) onun üzərində durmuş dünyəvi və yüksək
hakimiyyət tərəfindən himayə olunan gerçəklikdir [ İ . S . B r a g i n s k i ] .
"Avesta"da dövlətçiliyin təşəkkülü dövründə yaranmış xeyirxah hökmdar
haqqındakı xalq arzusu da xeyli dərəcədə əks olunmuşdur. Qatlarda borcu əkinçilik
277
vilayətlərinə basqın edən düşmənləri qovmaqdan və "sevincli məskənlər üçün dinclik
gətirməkdən" (Yasna, 48,5 və b.) ibarət olan xeyirxah hökmdarlardan danışılır.
"Avesta"nın panteonundan danışarkən qeyd etmək lazımdır ki, ari tayfalarda,
görünür, hələ çox qədim zamanlarda tanrıların iki tipi - devlər və asuralar (iranlılarda
"ahura") mövcud idi. Zərdüştiliyin səma iyerarxiyasında Ahura Mazdadan sonra ali
pilləni Ameşa Spentlər (Ölməz müqəddəslər) adlandırılan və ali tanrının ruhları -
köməkçiləri olan tanrıların altılığı və yaxud yeddiliyi (sonralar onların sayı artıb-
azalır) tutur. Burada mahiyyətcə yeddi tanrılı panteonun qədim hind-İran sxemi
təkrarlanır. Ameşa Spentlərdən beşinin hind (veda) mifologiyasında bənzəri vardır.
Hər bir Ameşa Spent fərqləndirici rəmz kimi öz çiçəyinə - müşklü qızılgülə,
yasəmənə, zanbağa və s. malik idi.
Ameşa Spentlərdən sonra qalan tanrılar - yazatlar (ibadət olunanlar, pərəstiş
olunanlar) gəlirdi. Mitra (hərfən: "müqavilə", "razılıq" deməkdir) qədim hind-İran
müqavilə tanrısıdır və yazatlar arasında ən çox pərəstiş olunandır. O, Günəş tanrısı
kimi də çıxış edirdi. Sonralar Mitraya pərəstiş fövqəladə dərəcədə geniş şəkildə, hətta
Qərbdə yayıldı.
Ardvisura Anahita ("Güclü, qüsursuz Ardvi"), Veretraqna, Mah və başqa
tanrılar çox məşhur idilər.
Su və məhsuldarlıq ilahəsi olan Ardvisura Anahita "Avesta"da torpağa bərəkət,
mal-qaraya və insanlara məhsuldarlıq verən güclü, gözəl, cavan qadın kimi təsvir
edilir. Müharibə və qələbə tanrısı olan Veretraqna (pəhləvicə Varhran, farsca Bəhram)
mənşəcə hind-İran ümumiliyi dövrünə gedib çıxır.
Mah Ay tanrısı idi.
İdrak, Dünya, zərdüştilikdəki İnam ("dayna", yəni "din", "inam" sözü də bu
anlayışdan törəmişdir) tanrı görkəmində təqdim olunur.
Zərdüştilikdə xeyli qədimlərdən gələn Oda sitayiş mühüm yer tuturdu. Od
(Atar, sonralar Azər) ilahi ədalətin-Artanın ("Avesta"da Aşa) ifadəsi və yaxud rəmzi
kimi nəzərdən keçirilir.
Zərdüştün təlimi haqqında mülahizələrimizə yekun vuraraq tam qətiyyətlə
göstərmək lazımdır ki, İran yaylasının qərb vilayətlərində və xüsusilə Cənubi
Azərbaycanda yayılan qədim mazdaist təlimlərdən nəşət edən, bütün Avesta üzrə
qırmızı xətlə keçərək, zərdüştinin bütün dünya duyumuna nüfuz edən dualizm artıq
e.ə. I minilliyin lap başlanğıcında Zərdüştün islah etdiyi (öz inikasını qatlarda tapan)
dini sistemdə monoteizmə (yəni həqiqi mənada ali tanrı Ahura Məzdaya olan inama)
meyllə uyuşur. Ola bilər ki, buna görə də Zərdüştü bəşəriyyət tarixində təkallahlılıq
ideyasının ilk təbliğçilərindən biri, Qatlarda izhar olunmuş zərdüştiliyi isə monoteist
dinin yaradılmasının ilkin cəhdlərindən hesab etmək lazımdır.
Zərdüştiliyin təşəkkülündə əski mazdaist dinlərindən başqa zurvanizm,
"maqların təlimi" və bəzi başqa təlimlər müəyyən rol oynamışdır. İran yaylasının qərb