164
Döyüşçülərin də geyimi uzun idi, ətəyə doğru genəlirdi, parçadan və ya dəridən
olurdu, üzərinə kiçik metal lövhəciklər tikilirdi. Başqa bir növü ətəyi dizdən olan qısa
xirqə idi. Döyüşçülərin kürəyini sol çiyinə bənd edilən heyvan dərisi örtürdü.
Marlik sakinlərinin geyimi haqqında gümüş qədəh üzərində çəkilmiş rəsmlərə
görə mühakimə yürütmək olar: onlar ətəyi dizə qədər olan qısaqol xirqə geyir,
üstündən enli kəmər bağlayırdılar. Qəbirdən tapılmış paltarın ön hissəsinə tikilmiş
uzun bir cərgə qızıl düymələrə əsasən belə bir nəticə çıxarmaq olar ki, Marlik
sakinləri uzun paltar geyirmişlər.
Mannanın Ģəhərləri və Ģəhər həyatı. Mənbələr Manna dövlətinin müxtəlif
yaşayış yerləri haqqında məlumat verir. Bu yaşayış yerlərini iki qrupa bölmək olar:
möhkəmləndirilmiş şəhər-qalalar və onların ətrafında yerləşən məskənlər.
Sinfi təbəqələşmə, maddi sərvətlər toplanması və bununla əlaqədar tez-tez baş
verən düşmən basqınları əhalini öz təhlükəsizliyini qorumaq üçün yollar və vasitələr
axtarmağa məcbur edirdi. E.ə. II minilliyin sonuna məxsus abidələr göstərir ki,
mannalılar öz məskənlərini düşmənin əli çatmayan, eyni zamanda asan müdafiə
edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə salmağa
başlayırlar. E.ə. I minilliyin əvvəlinə yaxın bu məskənlər tədricən qalın divarlar
arasına alınır və əsil qalalara çevrilir.
Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Onların bəzisi
yalnız mühüm strateji mövqelərdə qərar tutan və daha vacib yaşayış mərkəzlərinin
yollarını qoruyan müdafiə qurğuları imiş. Düşməndən müdafiə üçün bu qala-
şəhərlərdə müəyyən qədər qoşun saxlanılırdı. Habelə mühasirə təhlükəsi yarandıqda
mal-qara buraya sürülür, yaxın kəndlərin sakinləri burada daldalanırdılar. Həmin
qalalar təpənin başında divarla dövrələnmiş kiçik bir sahədə yerləşirdi. Görünür,
Zibda (Uzbia, İzzibiya) da qədimdə bu cür qalalardan idi. Onun xarabaları hündürlüyü
90 metr olan təpədədir. Təpənin yuxarı hissəsində çox məhdud bir sahəni tutan,
ətrafına çiy kərpicdən hasar çəkilmiş tikililərin qalıqları vardır.
Belə qalalardan biri də Zibia ilə birlikdə Armait (Urmeyate) idi. Aşşur
mənbələrinə görə, Mannanın paytaxtı İzirtu bu qalaların bilavasitə yaxınlığındaymış.
Onların adları həmişə birgə çəkilirdi və aşşurlular İzirtuya Zibia və Armait qalaları
dağıdıldıqdan sonra yaxınlaşırdılar.
Həsənli yaxınlığındakı Əqrəbtəpədə də qazıntı zamanı eynilə bu tipdən olan
kiçik bir qala aşkar edilmişdir. Bu qalanın da ətrafına qabarıq bürcləri olan hasar
çəkilmişdi. Qala iki dəfə yandırılmış, lakin dağıdıldıqdan sonra ilkin plan əsasında
bərpa edilmişdir. Ola bilsin, Əqrəbtəpədə qurulmuş bu istehkam Həsənli təpəsində
yerləşmiş şəhərin giriş yollarında bir maneə imiş.
Düşmənin yaxınlaşdığını xəbər verən xüsusi bürclər də müdafiə məqsədlərinə
xidmət edirdi. Əldə olan məlumata görə, Mannanın Sanqibutu vilayətində belə bürclər
varmış: "Dağ zirvələrində bürclər ucaldılmışdı, tonqal yandırılıb-yandırılmadığına
165
gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı düşmən yaxınlaşdıqda xəbər
verirdilər".
Şəhər-qalalar çox böyük bir ərazini əhatə edən və ən əlverişli mövqe tutan
məskənlər idi. Bunlar daha ciddi möhkəmləndirilirdi, içqalaları, sarayları, məbədləri
və digər memarlıq qurğuları vardı. Şəhər-qalaların bəzisi "çar şəhəri" adlanırdı və
çarın, əyanların, vilayət rəislərinin yaşayış yeri idi. Bu şəhərlər mədəniyyət, din və
sənət mərkəzləri idi. Kiçik qalalar və onların ətrafından yalnız mal-qara zəbt
edilirdisə, iri şəhərlərdən mal-qara sürülür, anbarlardan taxıl, ehtiyatda olan gümüş,
mis, qızıl, sənətkar əməyinin məhsulları aparılırdı.
Aşşur relyeflərindəki təsvirlər bu cür qalaların zahiri görkəmini təsəvvürdə
canlandırmağa kömək edir. Mannanın Uşkaya qalasını II Sarqon belə təsvir edir:
"Mən güclü silahımın hünərinə bu qalaya qalxdım, onun bol əmlakını qarət edib
düşərgəmə daşıtdırdım. Bünövrəsi səkkiz qulac qalınlığında olmuş və qayaya dirənən
möhkəm qala divarını, onun diş-diş olan üst hissəsindən ta hündür özülünədək
birnəfəsə söküb yerlə yeksan etdim. Qalanın içində olan evlərə od vurdum, onların
uzun tirlərini yandırdım".
Ən mühüm qalaların müdafiəsini möhkəmləndirmək üçün onların ətrafında
dövrələmə xəndəklər qazır, torpaq bəndlər qururdular. Tarui və Tarmakisa belə
qalalardan idi.
Həsənli təpəsini əhatə edən divarın salamat qalmış özülünün qalınlığı 3 m 20
sm, yəni təqribən 8 qulacdır ki, bu da II Sarqonun kitabəsində deyilənə uyğun gəlir.
Divarların özülü iri daş tavalardan hörülmüşdür. Divarın tamamilə salamat qalmış
özülünün hündürlüyü 2 m 60 sm-ə yaxındır. Qala divarının qalan hissəsi isə
kvadratşəkilli çiy kərpicdən tikilmişdir. Güman edilir ki, divarların hündürlüyü 10
metrə yaxın ola bilərdi. Qalanın bütün çevrəsi boyunca bir-birindən 30-35 metr aralı,
hərəsi 10 kv.m olan on bir ədəd kvadratşəkilli, qabarıq bürc tikilmişdi. Bürclər
arasındakı divar 3x0,5 metr ölçülü iki kontrforsla möhkəmləndirilmişdi. Qalanın
mərkəzində onun qalan hissəsindən hündür olan içqala vardı. Binaların arasından
yerinə iri-iri tavalar döşənmiş küçə keçirdi. Binalar iki və ya üç mərtəbəli idi. Yuxarı
mərtəbələrə pilləkən vardı. Binaların kərpic divarları daş bünövrənin üstündə
hörülürdü. Yaşayış binalarının dəhlizi, ona bitişik kiçik yan otaqları, daş özüllər
üzərində duran, diametri yarım metr olan ağac sütunlar vardı. Divarların qalığına görə
güman edirlər ki, sütunların hündürlüyü 6 metrdən çox imiş. Zalın divarları boyunca
gillə suvanmış çiy kərpicdən kürsülər, zalın ortasında isə ocaq vardı. Saray
kompleksinin ayrı-ayrı otaqlarında divarlara şirələnmiş kərpicdən üz çəkilmişdi. Yerə
daş tavalar döşənmişdi. Qapılar taxta dabanlıqlara söykənən mehvər ətrafında
fırlanırdı. Biz II Sarqonun məlumatından bilirik ki, çar saraylarının üstü sərv
ağacından yonulmuş tirlərlə örtülür və bunların xoş ətri otaqları bürüyürdü.